“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - III MƏQALƏ

“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - III MƏQALƏ “Türkləşmək, müasirləşmək, islamlaşmaq”
üçlü düsturu kimindir? - III məqalə

TÜRK - TÜRKLÜK - TÜRKÇÜLÜK - TÜRKLƏŞMƏK

Bədirxan ƏHMƏDOV,
filologiya elmləri doktoru, professor


Triadanın üç təməl prinsipindən biri türkləşmək yuxarıdakı inkişaf yolunu keçib; deməliyik ki, geridə qalan iki prinsipə görə haqqında ən çox danışılan və onun formalaşmasında haqqı olan fikir və ideya adamlarımız çoxdur.

XX yüzilin əvvəllərinə, yəni Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” məşhur tədqiqatına qədər təxminən yarım əsrlik bir inkişaf yolu keçmişdir. Özü də bu təməl prinsip böyük bir coğrafiyanı əhatə etmişdir. Böyük mədəniyyətə sahib bir çox imperatorluqlar quran, fatehlər yetirən türklərin XIX yüzilin sonları XX yüzilin əvvəllərində milliyyət arayışlarında iştirak edən faktorlar arasında bu prinsip başlıca yer tutmuşdur. Biz bunun tarixinə getmədən yalnız onu deyə bilərik ki, millət, dil, soy-kök, vətən bu dövrdən başlayaraq siyasi cəhətdən yenidən şəkillənməyə başlamışdır. Xalqın, millətin keçmişini etnik özəlliklərilə qorumaq, yaşatmaq və gələcəyini qurmaq üçün milliyyətçilik ortaya girmiş, rasional, siyasi əsaslara dayanan məfkurə oluşdurmağa çalışılmışdır. Burada dünyada gedən prosesləri də unutmaq olmaz; Avropa mədəniyyətinə XIX yüzildə daxil olan millətçilik fikri Fransa inqilabından sonra bir qədər də genişlənir, Avropa xalqlarının (əsasən alman, italyan, fransız) formalaşması prosesi baş verir. Bu prosesdə hər bir millətin özünün dövlətini formalaşdırması məsələsi ortaya çıxırdı. XIX yüzilin ikinci yarısından başlayaraq türk xalqlarının yaşadığı ərazilərdə ümmətçilikdən millətçiliyə keçid prosesində türk adının işlənməsi və türklüyün türk xalqlarının vahid ideologiyasına çevrilməsi prosesi də buradan qaynaqlanırdı. İslamı qəbul etdikdən sonra milli kimliklərini kənara qoyaraq ümmət prinsipi içində yaşayan türklər yenidən islami kimlikdən türk kimliyinə dönüşməyə başlayır. Bütün bunlar türk-türklük fikrinin milliyyət fikrilə eyni prosesdə ortaya çıxmasına imkan verir.

Türkləşmək də digər təməl prinsiplər kimi birdən-birə yaranmamış, müəyyən inkişaf yolu keçmişdir. Şübhəsiz, burada elmi yanaşmanı ilkin mərhələ olaraq götürmək mümkündür. M.Kaşğarlının “Divani lüğətit-it-türk” əsəri bu cəhətdən elmi-nəzəri baza kimi diqqəti çəkir. Eyni zamanda, türk dilində yazılan əsərlər, yazışmalar, filoloji və arxeoloji qazıntılar türk adının gündəmə gəlməsi və yeni şəkil almasında nəzəri baza rolunu oynayır. Lakin bütün bunlar epizodik xarakter daşıdığından, türk, türklük və türkçülük adları, məfkurələri Avropadakı milliyyət fikrindən sonra ortaya çıxır. Bu dövrü ilkin mərhələ də adlandırmaq olar. Triadanın mülliflərindən biri hesab edilən Z.Göyalp türkçülüyün Avropadan start götürdüyünə işarə edərək yazır: “Türkçülüyün ölkəmizdə ortaya çıxmasından öncə Avropada türklüklə bağlı axım-hərəkat özünü göstərdi. Bunlardan birincisi fransızca “türkeri” deyilən “Türksevərlik”dir...Avropada ortaya çıxan ikinci axıma-hərəkata isə “Türkologiya” adı verilir. Rusiyada, Almaniyada, Macarıstanda, Danimarkada, Fransada və İngiltərədə bir çox elm adamları əski türklərə, hunlara, monqollara dair tarixi və arxeoloji araşdırmalar aparmağa başladılar” (Z.Göyalp. Türkçülüyün əsasları. B., 1991, s. 25).

Bəs milliyyət və türk fikrinin türk xalqları arasında hansında ilk dəfə olaraq ortaya çıxıb? Milliyyət fikrinin və hərəkatının Avropadan qaynaqlandığını qeyd etmişik, deməli ki, bu fikir avropalılarla daha çox təmasda olan türklər arasında yayılmışdır: “Bu şərtlərə sahib türk qövmləri, əskidən Osmanlı türkləri deyilən Batı türkləri ilə Krım türkləri və quzey türklərinin İdil hövzəsində yaşayan qisimləriylə Kafkasiyada oturan Azərbaycan türkləridir” (Y.Akçura. Türkçülüyün tarixi. B., 2010, s. 22). Fikrimizcə, milliyyət fikrinə türk xalqlarından ilk sahib olan elə avropalılarla sıx təmasda olanlar olmuşdur. Avropada milliyyətin formalaşdırılması ilə bağlı gedən hüquqi, tarixi, ədəbi söhbətlər türklərə də öz təsirini göstərmişdir. Məlumdur ki, alman, italyan, slavyan xalqları arasında həm milli birlik, həm də məfkurə (sosialistlik, xalqçılıq, hürriyyətçilik) söhbətləri gedirdi. Osmanlının Avropa ilə sıx siyasi, iqtisadi, mədəni əlaqələrini nəzərə almış olsaq, milliyyət fikrinin ilk mərhələsində Tənzimat və Yeni Osmanlıların ortaya çıxması tamamilə təbiidir. Hələ Osmanlının əvvəlki dönəmlərində də dövlətin idarəedilməsində və bir çox məsələlərdə xarici faktor yaxından iştirak etmişdir. Osmanlının Avropaya bütün parametrlərdə (elm, texnika, siyasət və s.) uduzduğu və torpaq itkilərilə rastlaşdığı bir vaxtda isə Tənzimatçılar Avropa siyasi düşüncəsini Osmanlıya gətirməyə çalışdılar. “Yeni Osmanlılar” cəmiyyətinin yaranması da məhz bu zərurətdən doğurdu. “Vətən”, “millət”, “hüquq”, “azadlıq” sözləri Avropadan transfer olunaraq həm Tənzimatçıların, həm Yeni Osmanlıların (Gənc Türklərin) əsərlərində geniş şəkildə işlənirdi.

Milliyyətçiliyin yeni bir mərhələsi olaraq milli dildə bədii əsərlərin yazılması da əsas amillərdən biri hesab olunur. Türkçülüyün tarixini araşdıran Y.Akçuraya görə, milliyyət fikrini oluşduran “kültürəl olayların ən önəmlisi dildir”. Görünür, elə buna görə də Y.Akçura türklərdən Əhməd Vefik Paşa, Mustafa Cəlaləddin Paşa və Şinasi Əfəndini ilk türkçülərdən hesab edir. Ə.Vefik Paşanın “Şəcəreyi-türki”ni (Türklərin soykötüyü”) Şərq türkcəsindən Osmanlı türkcəsinə çevirməsi və M.C.Paşanın “Əski və yeni türklər” (1869) kitabını yazması isə artıq dil faktorundan çıxaraq elmi, tarixi şəkildə araşdırmanın ilk nümunəsi kimi diqqəti çəkir. Z.Göyalpın yazdığına görə Ə.Vefik Paşanın elmi türkçülüyündən (Darülfünunda tarix fəlsəfəsi müdərrisi olması) başqa, sənətdə də türkçülüyü vardır; evinin bütün mebeli, özünün, hətta ailə üzvlərinin geyimləri bütünlüklə türk malından ibarət idi. Ə.Vefik Paşa hətta Molyerin komediyalarını türk dilinə çevirərkən şəxslərin adlarını da türkcələşdirmiş, türk gələnəklərinə uyğun təsvir edərək səhnədə oynatmışdır. Süleyman Paşa (1838-1892) da türklük və türkçülük anlayışlarının yayılmasında qızğın fəaliyyət göstərib. İslamdan əvvəlki türk tarixinə və təmiz türk dilinə maraq göstərən Süleyman Paşa onların məktəblərdə öyrədilməsi üçün bir sıra əsərlər yazmışdır. O, türklərin dilinin Osmanlı deyil, türk olduğunu müdafiə edənlərdən olmuşdur.

Həm Z.Göyalp, həm də Y.Akçura M.F.Axundzadəni də dilinə görə ilk türkçülərdən hesab edir. Y.Akçura M.F.Axundzadənin ana dilində altı komediya yazmasını nəzərdə tutaraq “Bu vəziyyətdə Axundzadə Mirzə Fətəli dildə felən türkçülük etmiş olur. Fəqət Mirzənin milliyyətçiliyi ilə bağlı düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi məlumatlar yoxdur” (Y.Akçura. Türkçülüyün tarixi. B., 2010, s.60). Y.Akçuradan fərqli olaraq bizim əlimizdə olan faktlar M.F.Axundzadənin birbaşa türkçülüyünü təsdiq etmir. Çünki bu dövrdə hələ ümmətçilikdən millətçiliyə keçid prosesi baş verməmişdi. Doğrudur, M.F.Axundzadə bəzi məktublarında “xalqım” sözünü işlətmişdir, ancaq bu söz altında türk və türklüyü nəzərdə tutmamışdır. “İslam milləti” ifadəsi altında isə İranda yaşayan xalqları nəzərdə tutmuşdu.

Türkçülüyün siyasi çalarlarının formalaşması, hərəkata, cərəyana və üç təməl prinsipdən birinə çevrilməsi üçün onun yeni bir mərhələyə keçməsi lazım gəlirdi. Türkçülük bir siyasi düşüncə olaraq Türkiyədə XIX yüzilin 70-ci illərində yeni bir mərhələyə qədəm qoyur. Ötən məqaləmizdə Tənzimat aydınlarının dil və əlifba məsələsilə bağlı fəaliyyətlərini qeyd etmişdik. Artıq osmanlı sözü yerinə “türki”, “lisani türki” sözləri sıx-sıx işlənməkdəydi. Şübhəsiz bu dövrdə türklüyün, türkçülüyün bir fikir sistemi halında işlənilməsi və yerinin müəyyənləşməsində Əli Süavinin böyük payı vardır. Dövrün bir çox aydınlarının türk, türkcə, türklük ilə bağlı çalışmaları və fikirləri olsa da, bu fikri sistemli şəkildə irəli sürən və müdafiə edən Ə.Süavi olur. O, “...əksərən islami bir zehniyyətlə təbdil və tərcümə əsərləri yazmış, bəzən şüurlu bir Osmanlı vətənpərvəri kimi düşünmüş, bəzən də türkçü və bir türkoloji araşdırıcısı kimi düşünmüş və çalışmışdır” (Banarlı N.S. Resimli türk edebiyyatı II. İ., 1989). Nədənsə Ə.Süavini son illərə qədər araşdıranlar onun islamçılığını daha çox qabartmış, tükçülüyünü ikinci planda qeyd etmişlər. Halbuki, o, bütün sahələrdə radikal və yenilikçi kimi çıxış etmişdir. O, islamı yaxşı bildiyi kimi, Qərb mənbələrinini də onun qədər bilir və bu dəyərlərə sahib çıxırdı. 1870-ci illərdə xilafətin dində yeri olmadığı, Peyğəmbərin belə şəklinin çəkilə biləcəyi fikirlərini irəli sürmüş, kitabına şəkil qoyduğu üçün toplum tərəfindən “zındıq” adlandırılmışdır. O, türkçülüyü Osmanlaşmaq ideologiyasının ən qızğın vaxtında ortaya atmağa müvəffəq olmuşdur. Osmanlaşmaq isə XIX yüzilin 20-ci illərində ortaya atılmış Panslavizmə qarşı Osmanlıda tədricən formalaşan ideologiyalardan idi. Osmanlaşmaq tərəfdarları bununla Osmanlıda yaşayan bütün xalqların (türklər, yunanlar, yəhudilər, ərəblər, ermənilər, xorvatlar, serblər, rumınlar, macarlar və b.) “Osmanlı milləti” adı altında birləşdirməyə hesablanmışdı. Osmanlı imperiyasının dağılmamasına yönəlmiş bu yeni məfkurə bir çoxlarını heç cür razı salmırdı. Ona görə də Ə.Süavinin türkçülük fikri çox böyük təpki ilə qarşılanır. Türkçülüyün Osmanlaşmağa qarşı qoyulması Süavinin saray tərəfindən təqib olunmasına nədən olur. 1878-ci il mayın 20-də II Əbdülhəmidə qarşı V Muradı yenidən taxta çıxarmaq məqsədilə Çırağan sarayına basqın zamanı öldürülür.

Türkologiyanın Avropada formalaşmağa başladığı bir vaxtda Qərb qarşısındakı aşağılıq duyğusundan xilas olaraq bu mənbələri öyrənmiş və türkülüyün tarixi, bugünü, türk irqi və türk dilinin üstünlüyü ilə bağlı məqalələr yazmış, araşdırmalar aparmışdır. Yaradıcılığı hələ tam tədqiq olunmamış fikir adamının “Xivə tarixi” və “Lisani xətti-türki”, “Türk” əsərləri Türkiyə tədqiqatçıları tərəfindən son zamanlar araşdırılmışdır. Bu əsərlərdən də görünür ki, Ə.Süavinin Avropadakı türkçülük cərəyanından nəinki xəbəri olmuş, özü də türkçülüyü elmi və ideoloji şəkildə yaymağa çalışmışdır: “Fəqət əsl önəmli olan nöqtə onun bir türkoloq olması deyil, Osmanlılıq şüuru yerinə Türklük şüurunu oyandırmaq istəməsidir” (Ülken H.Z. Türkiyede çağdaş düşünce tarihi. İ., 2005, s.80).

Yeni Osmanlılar Cəmiyyətinin üzvü, qəzetçi, fikir və siyasi mücadilə adamı Ə.Süavi türklərin qədim tarixə malik olduğunu, onların çox geniş bir coğrafiyaya yayılaraq dünya mədəniyyətinin inkişafında müəyyən rol oynadığını, türklərin və tatarların eyni kökdən olduğunu irəli sürməklə qalmamış, tarixi və bugününə aid araşdırmalar aparmışdır. O, türkcənin digər dillərdən üstün olduğu fikrindədir və bu düşüncədə olan Qərb elm adamlarını da dəstəkləyir: “Türkcə lisan pək mənadır, pək dadlı, ədası pək ahəngli və tahsili tekellümü pek kolaydır” (“Lisani Hatti-türki”). Eyni zamanda türkcənin fonetik, morfoloji və etimoloji və sintaksis özəlliklərini fars və ərəb dili ilə qarşılaşdırır. Ə.Süavi “Türk” adlı məqaləsində Türk irqinin tarix səhnəsində İskitlər, Hunlar, Tukyular, Xəzərlər, Uyğurlular və Osmanlılar adıyla çox önəmli rol oynadığını önə sürən Ə.Süavi Türk irqini əskəri, mədəni və siyasi rolları baxımından bütün irqlərdən üstün tutmuş və qədim olduğunu göstərmişdir: “Əli Süavinin elmi yazılarında Türklükdən, tarix və coğrafiya sahəsi olaraq da Osmanlıdan kənarda yaşayan türklərdən bəhs edilməsi onun Türkçülük hərəkatının başlanğıcına oturdulmasına gərəkçə oluşdurur (Okay O. Batılaşma dövrü Türk edebiyyatı. İ., 2005, s. 45).

Ümumiyyətlə, Ə.Süavinin türklər, türklüklə bağlı bu fikirlərini Türkçülük hərəkatının ilk başlanğıcı hesab etmək olar. M.F.Köprülüzadə, O.Akay, Banarlı, Sevgi Özgən və başqalarının tədqiqatlarında da Ə.Süavi türklük şüurunu oyandıran, onu nəzəri və tarixi cəhətdən işləyən milliyyətçi zehniyyətli bir fikir adamı kimi göstərilir. Bununla belə, türkçülük onun əsərlərinin mahiyyətindən irəli gəlirdi, “ittihadi-islam” sözünü işlətməsinə rəğmən, hələ türkçülük, türkləşmək terminlərini işlətmirdi. Türkiyə tədqiqatçısı Şerif Mardinə görə “Süavinin “türk” kəlməsini sıx kullanması və Orta Asiya məsələsinə önəm verməsi nədəniylə ilk “Türkçü” olaraq vermək yanlışdır” (Mardin Ş. Yeni Osmanlı düşüncəsinin doğuşu. İ., 1996, s. 410). Lakin əsas məsələ heç də onun “ilk türkçü” olmasında deyil, türk adının tarixi, bugünü, gələcəyilə bağlı fikirlərinin elmi, siyasi mahiyyətli olmasındadır.

Ə.Süavidən Ə.Hüseynzadəyə qədər olan dövrdə türk və türklüklə bağlı siyasi düşüncəyə malik olanlar içərisində C.Əfqani, H.Zərdabi və onun “Əkinçi” İ.Qaspıralı və onun “Tərcüman” qəzetləri, eləcə də Y.Akçura öndə gəlir. C.Əfqaninin türklük, türkçülüklə bağlı əsərləri olmasa da, onun ümumən fikirləri, dünyada gedən ictimai-siyasi proseslərlə bağlı düşüncələri türkçülük dünyagörüşünün formalaşmasına öz təsirini göstərirdi. Y.Akçuranın C.Əfqanini türkçü hesab etməsinin əsasında da məhz bu amillər dayanır. “Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti” adlı məqaləsində həyatda insanlar arasındakı birliyin formalarını və mahiyyətini araşdıraraq belə bir qənaətə gəlir ki: “Millətdən kənarda səadət yoxdur, dilsiz də millət ola bilməz. ...Heç şübhə yoxdur ki, dil birliyi, yəni milli birlik dini birlikdən daha möhkəm və sabitdir” (Ş.Qurbanov. C.Əfqani və türk dünyası. B., 1997, s. 186-187). Özünü türk hesab edən C.Əfqaninin həyatının bir hissəsinin İstanbulda keçməsi və sonrakı mərhələdə türkçülərin dünyagörüşündə böyük dəyişiklik etməsi də bunu deməyə əsas verir. Bədii düşüncədə və elmi fikirdə Məmməd Əmin Yurdaqul, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Cavad, C.Cabbarlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə yaradıcılığının C.Əfqani fikirlərindən qidalandığını nəzərə almış olsaq, türkçülüyün gəlişməsində onun rolu aydın olar.

Mahiyyət etibarilə millətçi olan İ.Qaspıralı da yazılarında Rusiya müsəlmanlarının keçmişi və bugünü ilə bağlı problemlər qaldırır, Krım tatarlarını “türk-tatar” adlandıraraq çox yerdə türklərin problemlərini ümumiləşdirməyə çalışırdı. “Dildə, fikirdə, işdə birlik!” formulunun əsasında da məhz türklərin birliyi ideyası dayanırdı. Y.Akçuranın yazdığı kimi: “Tərcüman”a görə Kazan tatarı, Orta Asiya sartları, turançılar filan yoxdur; bir dinə inanan, bir dildə danışan türklər vardır”,- deyir və onu “Bütün türkçülük axımının mərkəzi siması saymanın doğru olduğuna” inanır (Y.Akçura. Türkçülüyün tarixi. B., 2010, s. 104). Bununla belə, üç təməl prinsipin formalaşmasında Y.Akçuranın özünün də rolunu xüsusi göstərmək lazımdır. Sonralar “Türk ocağı”nın qurucularından olan Y.Akçura ilk dəfə olaraq əsərlərində triadanın iki prinsipini (əslində üç prinsip, lakin Osmançılıq sonralar təməl prinsipə çevrilmir!) məfkurə şəklində irəli sürmüşdür. O, türkçülük savaşına gec qatılsa da (XX yüzilin başlanğıcında) tez bir zamanda onun ətrafında ictimai məfkurə yaratmağa cəhd etmiş və buna nail olmuşdur. Varlı ailədən olması və İ.Qaspıralının qohumu olması onu məfkurə savaşına qatılmağa imkan vermişdir. Onun araşdırmaları bütünlüklə, demək olar ki, türk tarixi və türkçülük məfkurəsinə, Osmanlı tarixinə və çağdaş Avropada baş verən hadisələrin siyasi, iqtisadi və sosial problemlərinə həsr olunub. Onun 1904-cü ildə Misirdə Əbdülhəmid istibdadına qarşı çarpışan “Türk” qəzetinin 23, 24-cü saylarında dərc olunan 32 səhifəlik “Üç tərzi siyasət” əsərində ilk dəfə olaraq türklərin yüzilliyin başlanğıcında siyasətinin üç prinsipi müəyyən edilir. Y.Akçura yeni siyasətdə irəli sürdüyü üç prinsipi bundan ibarət idi: a) Osmanlı milləti meydana gətirmək; b) İslamçılığa dayanan bir dövlət yapısı qurmaq; c) irqə dayalı türk siyasi məfkurəsi formalaşdırmaq. Özü də Y.Akçuranın əsərində sələflərində olduğu kimi, bu fikirlər mahiyyətdən doğmurdu, Osmanlıçılıq, İslamçılıq, Türkçülük terminləri birbaşa işlədilməklə yanaşı, onun siyasi mahiyyəti də araşdırılırdı. Ona qədər isə türk, türk birliyi, islam birliyi kimi ifadələr işlənmişdisə türkçülük sözü işlədilməmişdi. Osmanlılıq dedikdə-yeni məzmunda bir Osmanlı milləti, dünyadakı müsəlmanların İslam birliyinə və Türklərin siyasi birliyinə nail olmağı düşünürdü. “Üç tərzi siyasət”in girişində yazır: “Hesab edirəm ki, Osmanlı ölkələrində Qərbdən feyz alaraq, qüvvət qazanmaq və tərəqqi arzuları uyanalı, bəlli başlı üç siyasi yol təsəvvür və təqib (ebauhcer) edildi: Birincisi, Osmanlı hökumətinə tabe müxtəlif millətləri təmsil edərək və birləşdirərək bir Osmanlı milləti vücudə gətirmək. İkincisi, xilafət haqqının Osmanlı dövləti hökmdarlarında olmasından faydalanaraq, bütün islamları sözü gedən hökumətin idarəsində siyasətən birləşdirmək (Frenklerin “Panislamizme” dedikləri). Üçüncüsü, irqə dayanan siyasi bir türk milləti (seçmələr Y.Akçuranındır-B.Ə.) təşkil etmək.

Bu yollardan ilk ikisinin bir zamanların Osmanlı dövləti ümumi siyasətinə mühüm təsiri oldu. Sonrakı isə ancaq bəzi mühərrirlərin yazılarında görüldü” (Y.Akçura. Üç tərzi siyasət. A., 1976, s.19). Y.Akçuranın bir formul şəklində irəli sürdüyü bu prinsiplər ona qədər müxtəlif şəkildə işlənsə də bir yerdə işlənməmişdi. Lakin Y.Akçuranın bu formulu çağdaşları tərəfindən etirazla qarşılanır; Əli Kamal “Cavabımız”, Əhməd Fərid “Bir məktub” məqalələrilə həmin qəzetdə çıxış edirlər. Daha maraqlısı burasındadır ki, formulun şəriksiz müəllifli hesab edilən Ə.Hüseynzadə elə həmin qəzetin 1904-cü il 56-cı sayında “Məktubi məxsusi” məqaləsilə çıxış edir. O.Bayramlının yazdığına görə məqalə Y.Akçuraoğlunun “Üç tərzi siyasət” adlı məqaləsində “osmanlılaşmaqmı, islamlaşmaqmı, türkləşməkmi” (əsərdə osmanlıçılıq, islamçılıq, türkçülük” kimi getmişdir-B.Ə.) sualları ilə açdığı müzakirəyə cavab olaraq yazılmışdır. Ə.Hüseynzadə bu məqalədə islamçılıq və türkçülük görüşlərindən bəhs edərək, özünün nəinki türkçülük, hətta turançılıq məfkurəsinin tərəfdarı olduğunu bildirmişdir” (Ə.Hüseynzadə. Seçilmiş əsərləri. 2 cilddə, I c., B., 2008, s. 145). Məqalədə Y.Akçuranın “Üç tərzi siyasət” əsərinin adı çəkilsə də, bir neçə cümlə redaksiya tərəfindən çıxarıldığından müəllifin bu əsərə münasibətini aydın etmək olmur. Ancaq məqalənin başlığındakı “Möhtərəm qəzetənizin bilmiyorum hanki nüsxələrinin bir-iki bəndində türklüyün nədən ibarət olduğuna tamamilə vüquf göstərilməmiş və tatarlara, əlalxüsus türklüyün madari-iftixarı bulunan Çingizlər, Teymurlar kibi hərb dahilərinə həqarətamiz bəzi sözlər işlədilmişdir” fikrindən aydın olur ki, məqalədə siyasətin üç tərzindən bəhs edilmir. Məqalənin sonunda isə M.F.Axundzadə, Ə.Nəvai və Vamberidən bəhs edir və “Sizlərsiniz ey qövmi macar bizlərə ixvan” misrası ilə başlayan şeiri verilir. Bir il sonra “Həyat” qəzetini türkcə cəridə adlandıraraq onun cəmiyyət və millət üçün əhəmiyyətindən danışır. Həmin il qəzetin 67-ci sayında “Türk dilini öyrənməyin rəvaidi” məqaləsini dərc etdirir. Məqalədə “Zi Qrezend”-”dhe-Qresent”, yaxud “Əl-hilal” qəzetinin 30 avqust tarixli məqaləsinə münasibət bildirilir.

Ümumiyyətlə, Ə.Hüseynzadənin üç təməl prinsipdən türkçülüklə bağlı araşdırmaları sistemli və ardıcıl xarakter daşıyır. Ə.Süavidən sonra Y.Akçura ilə birlikdə Ə.Hüseynzadənin də məqalələri və fikirləri türkçülüyün formalaşmasında önəmli rol oynayır. “Həyat” qəzetinin 4-cü sayından başlayaraq yazdığı və hissə-hissə çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir” əsəri türkçülük görüşlərini ifadə edən ən mükəmməl əsəridir. Məqalənin başlanğıcında müəllif yazır: “Qəzetəmizin türkcə bir cərideyi-islamiyyə olduğu hər nüsxənin başında zikr olunuyor: “Türkcə” və “islamiyə” ibarələri hər nə qədər surəti zahirdə qayət aydın və aşkar sözlərə bənzəyirlərsə də, həqiqət halda öylə degildir” (“Həyat”, 1905, N4). “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində Ə.Hüseynzadə türk sözünün mənşəyindən tutmuş bu dildə danışan xalqların tarixi keçmişi və bugünü ilə bağlı elmi, nəzəri, ideoloji fikirlər irəli sürür. Müəllif indiyədək türklər haqqında (moğol, tatar, türk, turok, tu-ku-ye və s.) olan elmi-nəzəri fikirlərə və son vaxtlarda bəzi qəzetlərdə gedən yanlış məlumatlara münasibətini bildirir, Vamberiyə, Şəmsəddin Sami bəyə, Nəcib Asim bəyə istinadlar edir. Ə.Hüseynzadə “türklərin səhvət tatar deyilən qismi”-azərilər haqqında da fikir yürüdərək bildirir ki, onların “dil və tarix cəhətindən moğollara bənzəyiş və münasibətləri” çox azdır, yox kimidir, dilləri” nisbətən qaba olmaqla bərabər Azərbaycan türki, osmanlı, hətta cığatay şivələrindən ziyadə türkcədir”. Türk kimliyini Azərbaycanda ilk dəfə elmi nəzəri şəkildə ortaya atan Ə.Hüseynzadə istər “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində, istərsə də ayrı-ayrı məqalələrində türkçülük, türkləşmək ifadələrini işlətmir.

Türkçülük ideyasının yayılmasında türk arenasında Ə.Hüseynzadədən sonra M.Ə.Yurdaqul və Z.Göyalp ortaya çıxır. M.Ə.Yurdaqulun şeirlərində bədii, Z.Göyalpın şeirlərində və publisistikasında türkçülük ideyası elmi şəkildə geniş yayılır. Hər ikisinin XX yüzilin əvvəllərində Azərbaycan ədəbi, elmi mühitinə çox böyük təsiri olur. Z.Göyalp eyni zamanda şeirlərində Turançılıq ideyasının da ən çox yayanlardandır. Onun məqalələrini “Türk yurdu” dərgisində dərc etdirməsi, “İttihad və tərəqqi” partiyasına məxsus lisey yaradaraq orada sosiologiyadan dərs deməsi onda türküçülük düşüncəsini tam olaraq formalaşdırmışdır. Ona qədər ideya şəklində və elmi-tarixi cəhətdən ortaya atılmış türk, türklük Z.Göyalp və M.Ə.Rəsulzadə yaradıcılığında məfkurə halına salınmışdır. Belə demək mümkünsə, türkçülük 1908-ci ilə-Osmanlı inqilabına qədər elmi-tarixi, ondan sonra isə məfkurə, ideologiya şəklində yeni mərhələsini yaşayır. Y.Akçuranın “türkçülüyün təşkilatlanma dövrü” adlandırdığı bu mərhələdə Osmanlıçılıq ideologiyası nüfuzdan düşərək geri çəkilir və əvəzində türkçülük irəli çıxır. Bu mərhələ yalnız Z.Göyalp və M.Ə.Rəsulzadə ilə məhdudlaşmır, İ.Qaspıralı, Ə.Ağaoğlu, S.Hüseyn, füyuzatçıların sonrakı yaradıcılığı, M.Hadi, Y.Akçura, A.Şaiq və başqaları tərəfindən genişlənir. Yaranan “Türk dərnəyi”, “Türk bilgi dərnəyi”, “Türk yurdu”, “Türk ocağı”, “Gənc qələmlər” və s. dərnək və dərgiləri türkçülüyün bir ideologiya, proqram şəklinə salınmasında və yayılmasında böyük rol oynayır. Bu dövrdən başlayaraq bu təməl prinsiplərin hər biri ilə bağlı geniş müzakirələr gedir və bu məfkurənin başına Z.Göyalp keçir və bütün həyatını bu məfkurənin nəzəri və praktik (gerçəkləşməsi) məsələlərinə həsr edir. Türkçülüyün “İttihad və tərəqqi” partiyasının proqramında (1912) yer alması ilə təməl prinsip siyasət arenaya daxil olur. Z.Göyalp yaradıcılığında paralel olaraq Turançılıq ideyası da başlıca yer tutur, lakin zaman keçdikcə siyasi düşüncəsində dəyişiklik edərək yeni bir sistem irəli sürür. Onun “Türk yurdu” dərgisində 1913-cü ildən dərc etdirdiyi məqalələr “türkləşmək, müasirləşmək, islamlaşmaq” adlanırdı. 1918-ci ildə isə həmin adda kitab nəşr etdirir. Maraqlıdır ki, bu kitab (və ideoloji sistemi!) Y.Akçuranın “Üç tərzi siyasət” əsərindən sonra çox doğru olaraq “türkçülüyün nəzəri təməlinə qoyulan ikinci daş” (R.Muhammetdin. Türkçülüyün doğuşu və gəlişimi. İ., 1998, s. 91) kimi dəyərləndirilir.

M.Ə.Rəsulzadə də 1913-cü ildən başlayaraq müxtəlif məqalələrində millət və milliyyət anlayışlarının elmi izahını verməyə çalışmış, millət üçün dil, din, məfkurə birliyinin vacibliyini irəli sürmüş, azərbaycanlılardan bir millət olaraq bəhs etmişdir. Türkiyədə türkçülərin əhatəsində olan M.Ə.Rəsulzadə C.Əfqaninin “Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti” məqaləsini tərcümə edib “Türk yurdu” dərgisində çap etdirmişdir. O, Türkiyəçiliyi, Turançılığı deyil, məhz türkçülüyü müdafiə edirdi. 1915-ci ilə qədər onun dünyagörüşündə çoxdandır müzakirə obyekti olan formul artıq formalaşmalı idi ki, “Açıq söz” qəzetinin ilk sayında XX yüzili “milliyyət” əsri adlandıraraq “Tutacağımız yol” adlı baş məqaləsində xalqı “üç əsasa sarılmağa” çağırırdı: “Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor-mütləqa üç əsasa sarılmalıyız:

Türkləşmək, islamlaşmaq və müasirləşmək!”
(Seçmə M.Ə.Rəsulzadənindir-B.Ə.) (“Açıq söz”, 1915, N1).

M.Ə.Rəsulzadə bu illərdən başlayaraq partiya fəaliyyətində də türkçülüklə bağlı düşüncələrini formalaşdırmağa başlayır. Partiyanın ilk proqramından sonrakı dövrdə xətti-hərəkətində türkçülüyün önə çıxması da bunu deməyə əsas verir. Partiyanın mətbu orqanı “İstiqlal” qəzetinin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” devizi ilə nəşr olunması isə hakimiyyətə gəlişindən sonra formulun siyasi həyatına aydın bir yol açmış olur.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: