MƏNSUR XANLU Elmi Məqalələr, Cənubi Azərbaycan 29 Mart O taylı-bu taylı Azərbaycan! Sənin tale payına ayrılıq nəğməsi düşdü. Sənin yollarında sinəsini sipər edən oğulların qanından çiçəklənən al lalələrin bu həsrətdən ləçək-ləçəkdir. Əsən yellər bu ləçəklərin ətrini bu taya yaydıqca Vətən həsrəti ürəkləri sızladır.Bu günlərdə qəli sızladan bir xəbər bu taylı Azərbaycana çatdı. Cənubi Azərbaycanın tanınmış satiristi Mənsur Xanlu fevral ayının 17-ci günündə Təbriz şəhərində dünyasını dəyişdi. Bu dünyadan köç edən Mənsurun sözü-söhbəti, ana dilimdə yazmış olduğu əsərləri onu hələ zaman-zaman tanıdacaq. Haqqında yazılacaq əsərlər Mənsurun Azərbaycan nisgilindən danışacaq. Kimdir Mənsur Xanlu?Mənsur Xanlu öz dəyərli ömrünün böyük qismini Tərbiyət kitabxanasında keçirmiş, kitab yazma və oxuma eşqilə həyatdan zövq almışdır. Mənsur ulu babaları Həştəri (Sərəskənd) mahalından olan bu şair və yazıçı, 1327-ci şəmsi ilində (1948) Marağa şəhərində anadan olmuş və incəsənət sahəsində təhsil almışdır. Uzun müddət İngilis dili müəllimi kimi çalışmışdır. 1350-ci şəmsi ilində (1971) Təbrizin Tərbiyət kitabxanasında işə başlamış və oradan da təqaüdə çıxmışdır. O bir insan ömrünü əsl vətəndaş kimi yaşadı. İran və Azərbaycan ədəbiyyatı müasir əsrdə bu cür güclü qələmə sahib olan birisini çox az görüb desək, yanılmarıq. Mənsur Xanlu qələminə heç bir zaman etibarsız olmadı, onu yad məsləkə satmadı, qələminə yüksək qiymət verməyi bacardı. Mənsur yazıçı ömrünü şərəflə başa vurdu.Əhl-əyalın palazın sat, qələmi satmaginan,Çün qələm mərzidir insanilə heyvanə oğul! Hə, bir ömür boyu qələmini silah etməyi bacardı Mənsur. El arasında mərd kişi adını sözdə yox, əməlində qazandı. Söz sənətkarı sözə dəyər verib qələmilə ucaldı.Mənsur Xanlının yaradıcılığı çoxşaxəli və zəngindir. Tanınmış yazıçı Səməd Behrəngindən tərcümə etdiyi “24 saat yuxu və ayrılıq arasında” əsəri yazıçının geniş maraq dairəsini əks edir.Zəngin xalq yaradıcılığından bəhrələnən Mənsur yaradıcılığında xalq deyimlərinə həssaslıqla yanaşılaraq gen-bol istifadə olunub. “Söz sözü gətirər, arşın bezi” əsəri bu nümunələrdəndir. Bu gün Mənsur Xanlunun 400 beytdən çox Azərbaycan və fars dilində şeir yadigarı qalıbdır. Mənsur Xanlının yaradıcılığında “Qədim Təbrizin tarixi”, “Ağ qartal”, “Gözəllik aynası”, “Acı gülüşlər”, “Ağlamaqdan sovuşub əhavalatım gülməliyəm”, “Bəhlul Danəndə gülür”, “Unudulmuş mahnılar”, “Bu günün bayatıları” və neçə belə kitabları işıq üzü görüb, oxucu sevgisi qazanıb. Ümid edirik ki, bu sevgi hələ zaman-zaman öz oxucularını Mənsur Xanlu yaradıcılığına daha çox cəlb edəcəkdir.Naibə Eldar qızı Rzayeva,f.ü.f.d., dosent ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.