Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimatı keçirilib Elm » Humanitar elmlər 21 Ekim AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimatı və müzakirəsi keçirilib. Təqdimatda Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyinin əməkdaşları, Milli Məclisin komitə sədri Eldar İbrahimov və digər ziyalılar iştirak ediblər.Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Bildirib ki, “Azərbaycan elminin, ədəbiyyatının öyrənilməsində təzkirələrin böyük rolu vardır. Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” təzkirəsi təkcə Azərbaycanı yox, bütün türk dünyasını əhatə edən bir təzkirə kimi hazırlanmışdır. Bu gün biz türk dünyasında təzkirəşünaslığın zirvəsini fəth etmiş Dövlətşah Səmərqəndinin Azərbaycanda çap olunan “Təzkirətüş-şüəra” kitabını böyük ictimaiyyətlə bir yerdə təqdim edirik.Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin apardığı böyük iş türk dünyasında və dünyada Azərbaycanın və Özbəkistanın dostluğunun və əməkdaşlığının bir nümunəsidir. Dövlətşah Səmərqəndinin kitabının Bakıda çap olunması, akademiyada onun təqdimatının bərabər səviyyədə keçirilməsi də ölkələrimizdə gedən indiki proseslərin daha da dərinləşməsinə özünün böyük töhfəsini verir. Hesab edirəm ki, bugünki tədbir Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövründə daha da inkişaf etdirilməsi istiqamətində möhkəm körpülərdən biridir.Bu təzkirə Özbəkistandan Anadoluya qədər böyük bir coğrafiyada türk dünyasının və ümumiyyətlə, şərşünaslığın ədəbi-tarixi mənbəyidir. Təzkirə klassik poemaların başlanğıcının prinsiplərinə uyğun olaraq yazılıb. Təzkirə elmi əsərdir, burada isə dibaçə, padşahın, peyğəmbərin, müəllifin tərifi də vardır. Sonda xatimə də verilib. Əslində bu təzkirənin sədlərini aşan mükəmməl bir ədəbiyyat ensiklopediyasıdır. Dövlətşah Səmərqəndinin Nizami Gəncəvi haqqında yazdıqlarını xüsusi qiymətləndirirəm. İndiki tədqiqatlarda bu təzkirəyə istinad olunur və artıq daha rahatlıqla istinad olunacaq. Hazırladığımız “Nizami Gəncəvi ensiklopediyası” üçün ən mötəbər mənbələrdən biri olacaq. Əsəri nəşrə hazırlayanların zəhmətini qeyd etmək istəyirəm. Əhmədağa Əhmədov tərcümə edib, uzun illər üzərində çalışıb, çapa hazırlayıb. Müxtəlif səbəblərdən çap edilə bilməyib. Bu tədbirdə bacıları və ailə üzvləri iştirak edirlər. Lalə Sultanova bu əsərə yeni həyat gətirib”.Sonra Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Bəhramcan Qayıbov çıxış edərək Azərbaycan-Özbəkistan əlaqələrinin son dövrlər yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Kitabın çapı üçün əməyi keçən hər bir kəsə Özbəkistan adından təşəkkürünü bildirib. Əlavə edib ki, “Bu kitab Azərbaycan və Özbəkistandan başqa türk və müsəlman dövlətlərinin ədəbiyyatşünasları üçün qiymətli mənbədir. Kitab fars dilindən Azərbaycan dilinə tərcümə olunub. Hələ özbək dilinə tərcümə edilməyib, orada çap olunmayıb. Yaxın illərdə yəqin ki, Azərbaycan dilindən özbək dilinə tərcümə olunar”.Milli Məclisin komitə sədri, Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov çıxışında vurğulayıb ki, “belə bir dəyərli kitabın ərsəyə gəlməsi və təqdimatının keçirilməsi Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının yeni mərhələsidir. Mən Azərbaycan-Özbəkistan Parlamentlərarası Dostluq Cəmiyyətinin sədri və Ağsaqqallar Şurasının sədr müavini kimi də belə tədbirlərə tez-tez qatılıram”.Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında əlavə edib ki, “mənə elə gəlir ki, təzkirəçilik türk təfəkkürünün məhsulusdur. Qədim dünyada təzkirələr olmayıb. İlk dəfə XIII əsrdə türk alimin təzkirəsi ilə başlayıb. Dövlətşah Səmərqəndi də bir türk alimidir”. Təqdimatda filologiya elmləri doktorları, professorlar Tərlan Quliyev və İmamverdi Həmidov nəşr barəsində fikirlərini bölüşüblər. Özbəkistanlı alimlər, filologiya elmləri doktorları, professorlar Diloram Salahi və Nurbay Cabbarov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Əhmədağa Əhmədovun ailə üzvü, əsəri çapa hazırlayan, ön söz və bəzi qeydlərin müəllifi Lalə Sultanova çıxışında bildirib ki, əsəri farscadan tərcümə edən, müqəddimə, qeyd və şərhlərin müəllifi Əhmədağa Əhmədov, nəşrin elmi redaktoru Tərlan Qiliyevdir.Gülnar SəmaAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuİctimaiyyətlə əlaqələr şöbəsiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.