EMİL ƏLIYEV: "Ana dilimiz – varlığımızdır!.." Fond, Məktəblər, Müsabiqə, Tiflis 25 апреля 2025 235 0 1 2 3 4 5 Akademik Mədəd Çobanovunəziz xatirəsinə həsr olunmuşII İnşa müsabiqəsi üçün "Bir milləti məhv etmək istəyirsənsə, onun yalnız dilini əlindən almağın kifayətdir." Bəli, bu doğrudan da belədir. Bir xalq üçün oluna biləcək ən böyük pislik nədir sizcə? İşgəncə vermək? Təhsil almaqdan məhrum etmək? Öz doğma yurd-yuvasından didərgin salmaq? Yoxsa, öz doğma dilində, öz ana dilində danışmağı, yazıb-oxumağı qadağan etmək? Onu öz ana dilində bircə kəlmə danışmağa, öz ana dilində bircə kəlmə oxumağa həsrət qalaraq, ölməyə məcbur etmək...Hər bir insan üçün ən əsas 3 ünsür vətən, dil və dindir. Bu üçündən hər hansı birini insanın əlindən alsalar, onu mənəvi cəhətdən öldürmüş olarlar. Mənim fikrimcə, bu üçündən ən vacibi olmaqla yanaşı, insanı insan edən, heyvandan fərqləndirən ən birincisi onun özünü ifadə etmək üçün, hisslərini, duyğularını, sevincini, kədərini, düşüncələrini qarşısındakına çatdırmaq üçün istifadə etdiyi dildir - onun ana dili. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil bir-birimizlə əhdi-peymanımızdır. (Bəxtiyar Vahabzadə) Bəli, doğrudan da biz həyatdakı hər şeyi dil vasitəsilə dərk edirik. Dil olmasa, vətən, din də olmaz. Dil açandan, həyatımızın sonunadək istifadə etdiyimiz ana dilimizin həyatımızı nə qədər maraqlı, mənalı etdiyini heç düşünmüsünüzmü? Biz öz ana dilimizə dəyər verməli, başqa dillərdən kobud sözlər qataraq onu çirkinləşdirməməli, onu göz bəbəyimiz kimi qorumalıyıq. Ana dili - millətin canıdır, onun birinci dərəcəli zahiri əlamətidir. Xalqın milli psixologiyası, xarakteri, təfəkkür tərzi, bədii yaradıcılıq, dini və mənəvi durumu kimi mühüm xüsusiyyətləri, əlamətləri dildə və dil vasitəsilə meydana çıxır. Biz bu dili ilk dəfə anamızın bizə dediyi laylalardan eşidirik, məhz buna görə də bu dil “ana dili” adlanır. Dil millətin milli varlığıdır. Dünyada 15 dil ailəsi və 6 minə yaxın müxtəlif dil var və bu dillərin arasında öz unikallığı, gözəlliyi ilə seçilən dilimizin - Azərbaycan dilinin xüsusi yeri var. Azərbaycan dili - xarici millətlərə musiqi kimi səslənən, bütün dünyada bizi biz kimi tanıdan Azərbaycan dili türk dilləri ailəsindəndir. Azərbaycan dili zəngin dildir. Azərbaycan dili uzun bir müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi” və s. adlanıb. Azərbaycan dilinə aid çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. Buna misal olaraq “Ana dili” (Bəxtiyar Vahabzadə), “Sağol, ana dilim” (Sabir Rüstəmxanlı), “Ana dilim” (Xəlil Rza Ulutürk), “Ana dilimə dəymə”(Süleyman Rüstəm) kimi şeirləri və “Şirin dil”, “Ana dilim” kimi mahnıları göstərmək olar. Azərbaycan dilinin lüğət tərkibinin əsası türk dillərinə mənsub ümumi mənşəli sözlərdir. Müasir Azərbaycan dilində alınma sözlər də var. Əsasən, dilimizə müxtəlif tarixi dövr və hadisələrlə əlaqədar olaraq ərəb, fars, rus və Avropa dillərindən keçmişdir. Azərbaycan dilinin lüğət tərkibi zəngindir. Azərbaycan ədəbi dilinin lüğət tərkibində 100 minədək söz var. Azərbaycan dili çox musiqili və incə dildir. Hətta, ölkəmizə gələn turistlər də bunu etiraf edirlər. Eşitdiyimə görə bir dəfə bir azərbaycanlı Moskvanın ticarət mərkəzlərindən birində oğlu ilə gəzərkən ata və balanın danışıqlarına diqqət yetirən rus mənsubiyyətli bir şəxs gözlənilmədən onlara yaxınlaşıb demişdi: «Mən bilmirəm ki, siz oxuyursunuz, yoxsa danışırsınız. Danışığınızın musiqi ahəngi məni məəttəl qoymuşdur. Doğrudanmı, siz bir-birinizi başa düşürsünüz?» Dünya dilləri arasında öz incəliyi, hərtərəfliliyi, kamilliyi, möhtəşəmliyi ilə seçilən Azərbaycan dili ulu Tanrımızın xalqımıza böyük hədiyyəsidir və biz öz ana dilimizlə haqlı olaraq fəxr edirik. Biz heç kimə imkan verməməliyik ki dilimizi əlimizdən alsın, bizim öz doğma dilimizdə danışmağa həsrət qoysun! Bizim dilimiz o qədər gözəldir ki, hər gün-hər gün istifadə edəndə bunu başa düşmürük, lakin həqiqətən bircə gün belə azərbaycan dilində danışmayan kimi insan öz dilini həqiqətən daha çox sevir, öz dilini həqiqətən necə gözəl, necə şirin olduğunu anlayır. Məsələn, mən burada o qədər gürcülərin içində oluram, o qədər gürcülərlə ünsiyyətdə oluram ki, hərdən öz ana dilimdə danışmaq üçün darıxıram. Bəzən azərbaycanlı bir kəslə rastlaşanda, onunla öz gözəl azərbaycan dilində danışanda elə rahatlayıram, elə sevinirəm ki. Düzdür, həmin insan mənim heç kimim olsa belə, özümü onunla doğma hiss edirəm. Niyə bilirsinizmi? Çünki hər ikimiz öz doğma dilimizdə danışırıq. Mən nə qədər çox dil bilsəm də, heç birini öz ana dilimə - Azərbaycan dilinə dəyişmərəm. Mən elə adamlar tanıyıram ki, azərbaycanlı olduğunu bildirmək istəmir, evində Azərbaycan dilində danışmır, hətta övladı Azərbaycan dilini bilməyən azərbaycanlı da tanıyıram. Amma mən heç zaman azərbaycanlı olduğuma görə utanmamışam, utanmayacağam da. Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam! Özü-özünə hörmət qoymayana, heç kim hörmət qoymur. Mən baş verən prosesləri şiddətlə qınayıram. Biz öz dilimizə hörmət qoymalıyıq ki, başqa millətlər də hörmət qoysun. Yoxsa biz öz dilimizi zibil edib başqa dillərdən olan müasir “dəbli” sözləri istifadə etməklə daha gözəl görünmürük, əksinə daha da alçalırıq. Mən belə şeylərin çox şahidi olmuşam. Məsələn, ata-bala bir yerə gedəndə daha müasir, daha intelligent görünmək üçün bir-birləri ilə rusca danışırlar, elə ailələr var ki evlərindəki bütün cihazların dilini rus dilinə qoyurlar, deyirlər ki, rus dilini azərbaycan dilindən daha yaxşı başa düşürük. Azərbaycanlılar övladlarını rus sektoruna qoyurlar; Televizorda rus kanallarına baxırlar. Axı niyə? Bir insan nəyə görə öz ana dilini unudub başqa millətlərin dilini yaşatmalıdır? İnsan əlində olan hər şeyin dəyərini onu itirəndən sonra bilir. Kimilərinə görə azərbaycan dili "kasıb dil", kimilərinə görə lazımsız dil ola bilər. Hətta məhz buna görə bir çox insan öz uşağını ingilis bölməsinə, gürcü bölməsinə, rus bölməsinə qoyur ki, uşaqları xarici dilləri, daha "lazımlı" dilləri yaxşı öyrənsinlər. Amma düşünmürlər ki, onların uşaqları gələcəkdə böyüyüb bir şəxsiyyət olacaq. Necə şəxsiyyət olacaq? Ingilisi, rusu, gürcüyü, bütün elmləri mükəmməl bilən, amma öz ana dilində erməni kimi danışan bir şəxsiyyət olacaq. Öz övladı ona sual verəndə o sualı övladına doğru-dürüst izah edə bilməyən, evdə övladı ilə öz ana dilində ünsiyyət qurmağın çətinliyindən dolayı övladıyla öz ana dilində deyil, xarici dildə danışan, və hətta ən betəri bunun düz hərəkət olduğunu, övladının xarici dili ondan da yaxşı öyrənməsini düşünən və özündən sonraya daha bərbad nəsil buraxan bir şəxs kimi, millətin üz qarası kimi. Onlar üçün burada pis heç nə yoxdur: xaricdə yaşayandan, şöhrət, hörmət və zənginliyə sahib olandan sonra öz ana dillərini belə biabırçı şəkildə bilmələrindən nə heç kimin xəbəri olacaq, nə də bu onlar üçün bir problem törədəcək. Amma bilmirlər ki əvvəl-axır azərbaycanlı olduqları bilinəndə, öz ana dillərini belə bərbad şəkildə bildikləri üzə çıxanda bu onları necə gözdən, nüfuzdan salacaq... Mən qorxuram ki, bu məsələnin qarşısı vaxtında alınmasa bu öz fəsadlarını göstərəcək. Bəli, əlbəttə bir millət üçün oluna biləcək ən böyük pislik onun dilini əlindən almaq, onu öz doğma dilinə həsrət qoymaqdır. Bu prosesdə isə əsasən həmin millətə mənsub olan insanlar böyük rol oynayır. Bizim özümüz öz dilimizlə fəxr etsək, həqiqətən dilimiz varlığımız olduğunu dərindən başa düşsək və özümüz öz gözəl dilimizi gündən-günə ucaltsaq, heç kim onu alçaltmağa, kobudlaşdırmağa cürət edə bilməz. Hər kəs danışarkən məsuliyyət hiss etməlidir ki, azərbaycan dilində danışır. Ağzından çıxan hər bir sözə görə dilimizi nə qədər alçalda bilər. Həqiqətən də dilimiz varlığımırdır! “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan məhv olar, ondan bir nişan qalmaz.” (Firidun bəy Köçərli) Son olaraq inşamı Sabir Rüstəmxanlının “Sağol, ana dilim” şeiri ilə bitirmək istəyirəm. Yollarım sınandı yad ölkələrdə, Neçə yad dodaqda səsləndi adım. Sağ ol, ana dilim, məni heç yerdəKöməksiz qoymadın, yalqız qoymadın. Barmağım altında düymə fırlanır, Londonla, Parislə yanaşı Bakı... Doğma sözlər üçün darıxan hanı? Deyin, qoy dinləsin: “Danışır Bakı!” Danışır, açılır ömrün baharı, Dünyaya mən onun qoynundan uçdum. Mənim ürəyimin antenaları Gözəl Azərbaycan dilinə tuşdu. Döyüşdə qılınctək sıyrıldı qından, Başımın üstündə bayrağım oldu. Torpağım ikiyə bölünən zaman Bu dil bölünməyən torpağım oldu. Utansın tarixə dəllallıq edən, Tarix qapısına açar sözlər var. Pərdəni qaldırsan beş-on kəlmədən Qondarma cildlər tar-mar olar. Bu dildə sevincim, qəmim, kədərim, Təzə ümidlərə açılan səhər. Bu dilin reaktiv təyyarələri – Araz sərhədini qıran kəlmələr. İpək nəğmələrim gülləbatmazdı, Qolunu qandalla bağlamaq olmaz. Bu taydan o taya arxayın keçən, O taydan bu taya arxayın keçən Dilin sənədini yoxlamaq olmaz! Sevginin yolunu saxlamaq olmaz! Sağ ol, ana dilim, ana öyüdüm, Füzuli eşqindən divanə dilim. Ürəyim başına nəfəs dərmədən Fırlanıb kül olan pərvanə dilim. Aladağ, Qaradağ... di seç, di ayır, Dağları basılmaz ordum sanmışam. Harda bircə kəlmə sözüm yaşayır, Oranı halalca yurdum sanmışam. Qapılar dalında qoydular səni, Haqq dedin, dabandan soydular səni, Ancaq məhv olmadın, anam, can dedim, Ordular sarsıdan qəhrəman dilim! Ömrüm qırılmazdı, yol qırılsa da, Səninlə həmişə mən üzüağam. Bədənim torpağa tapşırılsa da, Ruhumu mən sənə tapşıracağam. EMİL ƏLIYEV, Tbilisi şəhəri 64 saylı ictimai məktəbin X sinif şagirdi Fənn müəllimi: ABAYAT QURBANOVAZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.