ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM

ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Professor Mədəd Namaz oğlu Çobanov 70 il öncə Darvaz kəndində anadan olub.
Lakin Mədəd müəllimin ünvanı-sorağı doğulduğu kəndin, mahalın yox, hətta respublikanın sərhədlərini aşıb, doğma vətənimizdə, keçmiş İttifaq miqyasında və uzaq xaricdə özünəməxsus imic qazanmış şəxsiyyətdir.


Şair-tərcüməçi, filologiya elmləri doktoru, professor Əflatun Saraclının "Yeni Azərbaycan" qəzetinin 2007-ci il may buraxılışında Mədəd müəllimin 70 illik yubileyi münasibətilə yazdığı "Təvazökar və məhsuldar alim, pedaqoq" yazısında onun bu zirvəyə elə-belə, asanlıqla nail olmadığının bir şahidin dilindən eşidirik. Hələ "Azərbaycan dilində Bolnisi rayon şivələrinin leksikası" mövzusunda 1970-ci illərdə yazdığı namizədlik dissertasiyasını müdafiə edərkən qarşısına neçə səd çəkildiyini, 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstittutunda müdafiə etməsini fakt kimi göstərən Əflatun müəllimin fikirlərindən hər şey bizə əl içi kimi aydın görünür.

Demək, elm aləmində bu gün hamımızın məşhurlar sırasında tanıdığımız professor Mədəd Çobanov hazırki mövqeyinə gəlib çıxmaqdan ötrü çox böyük əziyyətlərlə qarşılaşıb, məşəqqətlərə dözüb, nəhayət ki, öz sözünü deyib, öz üzünü göstərə bilib, nəticədə öz izini elmdə qoya bilib.

Professor Əzizxan Tanrıverdiyev "Şərqin səsi" qəzetinin 2007-ci il fevral sayında "Mədəd Çobanov və onomalogiya məsələləri" sərlövhəli məqaləsində alimin elmi irsi ilə bağlı yazır:
"Azərbaycan antroponimlərinin inkişaf tarixinə müxtəlif prizmalardan yanaşıldığını, antroponimlərin inkişaf mərhələsinə dair bir neçə fikrin irəli sürüldüyünü əsas götürən müəllif özünə qədərki araşdırmaları ümumiləşdirib aşağıdakı sistemi təqdim edir:
Antroponimlərin inkişaf tarixi: qədim antroponimlər, antroponimlər orta əsrlərdə (XIII-XIX əsr), müasir antroponimlər (antroponimlər 1920-ci illərdə).
Mədəd Çobanov... şəxsin ata adı ilə tanınmasından bəhs edərkən fikri təsdiq etmək üçün "Kitabi-Dədə Qorqud"a müraciət edib (Qamğan oğlu Bayandur, Dirsə xan oğlu Buğac)...
...Mədəd Çobanov ləqəblərin köməkçi ad kateqoriyaları sistemindəki yerini dəqiqləşdirməklə bərabər, onların fərdi-şəxsi, ailəvi-nəsli və məhəlli-kollektiv kimi növlərini də araşdırıb".

Beləcə, professor Əzizxan Tanrıverdi bizlərə Mədəd Çobanov fenomeninin sirrini açıqlayır, onun onomalogiya sahəsindəki tədqiqatlarının dəyərini çatdırır.
AMEA Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin müdiri, professor Qəzənfər Kazımov isə Mədəd Çobanovun 70 illik yubileyi işığında qələmə aldığı yazısında ("Təhsil" qəzeti, oktyabr 2007-ci il) professorun elm aləmindəki yerinə aydınlıq gətirib yazır ki, "O, elmə dialektoloq kimi gəlsə də, sonralar dilçiliyimizdə yenicə yaranmaqda olan onomalogiya sahəsində boşluqları duymuş və bu boşluqları doldurmaq məqsədilə "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda geniş araşdırmalar aparmış və bu mövzunu doktorluq dissertasiyası kimi müdafiə etmiş və bu sahədə bir neçə kitab və məqalələr çap etdirmişdir. Məhz buna görə də Mədəd Çobanov daha çox onomoloq kimi tanınır"....

Bu fikirlərdən, eləcə də yuxarıda sadalanan görkəmli alimlərin cümlələrindən sonra bizdə professor Mədəd Çobanovun həyatı və yaradıcılıq yolu barədə əyani tanışlıq formalaşır. Tarixən Azərbaycan ərazisi olan Borçalı mahalı Sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR-in tabeçiliyinə verilmiş, bir çox soydaşlarımız kimi Mədəd müəllim də öz doğma ata yurdunda -Darvaz kəndində qərib kimi dünyaya göz açmış, yad ölkənin vətəndaşı kimi orta və ali təhsil almışdır. Amma bütün bu mənəvi üzüntülərin içərisindən o, dəyanəti, təpərliliyi sayəsində qalibiyyətlə çıxmışdır. Orta və ali təhsilini yüksək qiymətlərlə başa vurmuş, doğma vətən deyə Azərbaycanımıza yön tutmuşdur. Amma burada da ona birmənalı münasibət olmamışdır. Professor Əflatun Saraclının şahidçiliyi ilə desək, o, burada da stereotiplərlə qarşılaşmış, həvəslə, gözü ilə od götürə-götürə, ürəyinin yağı ilə, zəkasının nuru ilə işlədiyi namizədlik dissertasiyasının qarşısına səd çəkənlər olduğundan, buradan da yenə qürbət ölkəyə - qardaş Özbəkistan Respublikasına ümid bağlamış və ora yollanmışdır. Mövzunun adına fikir verək: "Azərbaycan dilinin Bolnisi rayon şivələrinin leksikası".

Sovet dönəmində bir türk dili olaraq Azərbaycan dilinə, dilin daha mühafizəkar, özəl qatı olan şivələrin öyrənilməsinə cəhd eləmək özü bir hünər tələb edirdi, qaldı ki hazırda yad respublikanın ərazisi olan - vaxtilə bizdən qoparılmış Bolnisi rayon şivələrini bir türk-Azərbaycan dili kimi tədqiq edəsən, bu daha böyük hünər tələb edirdi. Bu tədqiqatın arxasında bir alim cəfakeşliyi ilə yanaşı həm də yüksək patriotluq dayanır. Bu vətənpərvərlik yanğısı ətrafa - qaranlıqlara işıq saçır öz məşəliylə: demək istəyir ki, coğrafi məkan olaraq Bolnisi və eləcə də, digər bölgələrimiz rəsmi şəkildə ilhaq oluna bilər, amma xalqımızın mənəviyyatına heç vəchlə yiyələnmək olmaz. Bu ərazidə yaşayan xalqımız öz dilini nəinki təkcə ədəbi dil - qəzet, radio dili səviyyəsində yaşada bilir, hələ desək, dilin incəliklərini özündə mühafizə edən şivə leksikonunda da çox uğurla qoruyub-saxlayıb. Elə Mədəd müəllimin namizədlik dissertasiyasında demək istədikləri bir alim hünərindən əlavə, həm də öz vətəndaşlıq missiyasından irəli gəlirdi. Və müxtəlif çətinliklərə, maneələrə baxmayaraq, Mədəd müəllim öz sözünü israrla dedi, dediyini yeritdi. Gürcüstanda, Azərbaycanda deyə bilməsə də, türkdilli respublika olan Özbəkistanın Başkəndində - Daşkənddə uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini aldı. Beləcə, professor Mədəd Çobanov elmdə öz dili (şivə leksikası) - öz kökü üstündə "bitən" alimlərimizdən olmaqla başqalarına da örnək oldu. Bəli, öz dilinin - soy kökünün araşdırıcısı və müdafiəçisi (burada müdafiə sözü həm də namizədlik və gələcəkdəki doktorluq müdafiəçisi kimi də başa düşülməlidir.) oldu Mədəd Çobanov. Bax elə bu özü alimlərimizin təkcə elmi ilə yox, həm də vətənpərvərliklə xidmət etmək yolunun layiqli göstəricisidir.

Elə bu özül üstündə qərar tutmağı da Mədəd Çobanovun gələcəkdə onomaloq alim kimi yetişməsində öz mühüm təsirini göstərdi. Dilimizin qədim yaddaşının özəl göstəricisi olan dialekt və şivələrimizin tədqiqi ilə elmdə özünəməxsus cığır açan Mədəd müəllim "o zamanlar dilçiliyimizdə yeni yaranmaqda olan onomalogiya sahəsindəki boşluqları doldurmaq üçün" (Qəzənfər Kazımov) öz tədqiqat dairəsini daha da genişləndirirdi. Antroponimlərimizi geniş və əhatəli, fundamental şəkildə doktorluq dissertasiyası səviyyəsində araşdıran alim öz sözünü mükəmməl bir alim kimi deməyə müvəffəq oldu.
O, təkcə öz sözünü adlarımızla bağlı yox, təxəllüslərimiz və ləqəblərimizlə bağlı da əhatəli şəkildə yeritdi.
Dərindən düşünsək, burada yenə də alimin vətənpərvərlik qayəsini hiss edərik: axı antroponimlər, bir sözlə, adlar özü də tarixdir, özü də hələmasanlıqla pozulmayan tarix. Yaddaş vasitəsilə özünü yaşadan tarix.
Mədəd müəllim yaddaş tariximizin bu qatına müraciət etməklə yenə də öz xalqımızın dərin mənəvi köklərə malik olduğunu sətirarxası- fikirarxası formasında izah və sübut etdi.

Bəli, professor Mədəd Çobanov elmdə öz dili və adı - soy kökü və tarixi üstündə "bitən", inkişaf edən və yaşayan alimdir.
Öz elmi ilə öz elini-xalqını yaşadan alim oğlunu xalqı da sevərək öz oğlu kimi yaşadır və yaşadacaqdır.
Auditoriyada dərs dediyi tələbələri tərəfindən sevilən Mədəd müəllim öz elmi irsi ilə də bütövlükdə xalqımız tərəfindən sevilir.
Sevilənlərə isə heç vaxt zaval yoxdur!


Şakir Albalıyev,
Filologiya elmləri namizədi,
AMEA-nın böyük elmi işçisi.
"Şərqin səs" qəzeti,


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: