BİR QƏLBİN İŞIĞI TDPİ-nin Azərbaycan bölməsi, Msxeta 21 Mayıs …Əslində, bu yazı ötən ilin dekabrında – Cambul Məmmədlinin 50 illik yubileyi ərəfəsində yazılmalıydı… Amma o məqamda işlərimin çoxluğundan macal tapa bilmədim, bu səbəbdən yubilyarı uzaqdan-uzağa təbrik eləməklə kifayətləndim… Bu yazının gec-tez araya-ərsəyə gələcəyinəsə əmin idim; çünki Cambul Məmmədli öz insani cizgiləri, daxili dünyası, həyat haqqında düşüncələrilə mənə çox yaxındı, həmişə onu görüşmək, ünsiyyətdə olmaq istədiyim, amma uzaqda olduqlarından darıxdığım dostlarımın arasında saymışam…Bunda yəqin ki, Cambulun insan kimi bütövlüyü də böyük rol oynayıb. O, tanıdığım illər ərzində yetkinləşib, həyat təcrübəsi qazanıb, amma gözəl xüsusiyyətlərini zərrə qədər də itirməyib… Rafiq Hümmət ona həsr elədiyi şeirində elə bundan söz açıb: Dağ suyu tək duru adam,Yaradanın nuru adam,Qanadını qoru, adam,Ucaldığını bildirmə… Cambul Məmmədli indiyəcən ucalıb və qanadlarını qoruyub, yəqin bundan sonra da elə belə olacaq… ***Cambul Məmmədlini 30 il əvvəldən – 80-ci ilin ortalarından tanıyıram. Onda A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti) oxuyan, ədəbi mühitdə ilk addımları atan Rafiq Hümmətlə yeni ünsiyyət bağlamışdıq, tez-tez onun tələbə dostları İlyas Məmmədov, Murtuz Fərhadoğlu, Zakir İsmayılovla, eləcə də İlyasın aşağı kurslarda oxuyan qardaşları Cambul və Rüstəmlə tanış olub isinişmişdik… Günlərin birində də İlyas məni evlərinə – Msxeta rayonunun Muxran çökəyində yerləşən Sixidziri kəndinə apardı. Həmin səfərdə ailənin başçısı, o tərəflərdə tanışmış el şairi Əli Cömbərli və böyük qardaşı Novruzla tanış oldum. Məndən ötrü ən təsirlisi də bu idi ki, kənddə doğma dillərində məktəb olmasa, gürcü dilində təhsil almaq məcburiyyətində qalsa da ailə ruhumuza, dilimizə, adətənənələrimizə, sazımıza-sözümüzə bağlılığını qoruyub saxlamışdı… Onda bildim ki, bölgədə Sixisdziri (Qala-altı), Sakadaqiano (Tatuşağı), Xidiskuri (Körpü qulağı), Çanqilari (Qarabağlılar), Ferma, Hasanalılar (rəsmən Ağayani kimi gedir) kimi soydaşlarımızın yaşadığı bu cür kəndlər var. 250-yə yaxın ailənin, 1000 nəfərdən artıq əhalinin məskunlaşdığı Sixidziri kəndinin adı, əslində, İlyasgilin mənsub olduqları nəsildən qalmış Cömbərlidi (Qarahasanlı, Qarasanlı deyimləri də var), Qara Hasanın dörd oğulundan ən böyüyü Cömbər Məmməd XIX əsrin əvvəllərində Muxranın knyazı ilə dostlaşıb, onun vəziri mənsəbinə qədər yüksəlib. Onda ailənin ağsaqqalı Əli kişinin bu bölgənin vətənpərvər, el qeyrəti çəkən, millətcanlı ağsaqqallarından biri sayıldığını gördüm. O, orta və ali təhsilini gürcücə almışdı, amma dilinə, dininə, adət-ənənələrinə bağlılöğını qoruyub saxlamış, üstəlik, bu mirası övladlarına da, doğmalarına da ötürə bilmişdi. Kənddə, demək olar, saza-sözə bağlı olmayan ailə tapmaq çətindi. O gün Əli kişinin, Novruzun, İlyasın, Cambulun, Rüstəmin sazı bir-birinə ötürə-ötürə insanın ruhunu tərpədən havalar çalmaları, az qala peşəkarcasına oxumaları məni çox duyğulandırmışdı… Sonralar Əli Cömbərlinin səmimi, kövrək, milli yaddaşımızdan boy verən, könül çırpıntıları duyulan şerlərindən ibarət Cambulun Nizami Məmmədzadəylə birgə topladığı “Bəxtim məni saldı səndən aralı…” adlı kitabı filologiya elmləri doktoru, professor Valeh Hacılar və filologiya elmləri namizədi Arif Əmrahoğlunun rəyi, Rafiq Hümmət redaktorluğuyla Bakıda, “Adiloğlu” nəşriyyatında işıq üzü gördü… O vaxtlar Cambulun şeir yazdığını sezməmişdim, amma mənə elə gəlirdi ki, saza-sözə bu qədər bağlı olan adam yazmaya bilməz… Amma Cambul da şairlik iddiasına düşüb mətbuata ayaq açmadı, yazdıqlarını ancaq ruhunun ehtiyacı kimi qəbul elədi… ***Səksəninci illərin axırlarından başlayan qarşısıalınmaz dəyişiklik dalğası hərəmizi bir yana atdı…Üstəlik, doxsanıncı illərin əvvəllərində Bütün Qafqazı bürüyən gərgin hadisələr çoxlarının həyatında sarsıntılara səbəb oldu…Həmin vaxtlar tanışmış ziyalılar, o cümlədən, Allahverdi Təhləli, Tapdıq Yolçu, Mirzə Məmmədoğlu, Rafiq Hümmət, Afiq Muxtaroğlu… kimi, İlyas, Cambul və Rüstəm də soydaşlarımıza arxa-kömək oldular, camaatın fitnələrə uymaması, təmkinini qoruyub saxlaması üçün əllərindən gələni elədilər…Cambul Məmmədli doğma kəndindəki orta məktəbdə dərs deyə-deyə atasından miras aldığı Vətən, torpaq, yurd, dil sevgisini, yaddaşa bağlılığı o illərin od-alovu içindən şərəflə keçirdi, həyat qayğılarıyla döyüşə-döyüşə təkcə kəndin və regionun deyil, Gürcüstanda yaşayan bütün soydaşlarımızın problemlərinin həlli yönümündə də addımlar atmağa başladı. Əlbəttə ki, ən böyük dərd doğma dilimizdə tədrisin olmaması idi. Cambul uzun illər yorulmadan, usanmadam mübarizə aparandan sonra – 2008-ci ildə kənd məktəbinin nəzdində Azərbaycan dili və ədəbiyyatı kursları açdı, iki il ərzində orada dərs dedi.Əlbəttə, bu yükü çiyinlərinə təmənnasız götürmüşdü, amma şagirdlərin dərsliklə təminatı təkcə fədakarlıq hesabına ödənilə bilməzdi. O illərdə hər dəfə yönüm Gürcüstana düşəndə Cambulun qarşılaşdığı çətinliklərin şahidi olurdum. Bir tərəfdən yerli hakimiyyət orqanları təzyiq göstərirdilər, digər tərəfdən və Azərbaycanın təhsilə və xaricdəki soydaşlarımızla əlaqələrə məsul olan adamların biganəliyi sayəsində həmin kurslar 2011-ci ildə dayandırıldı.Cambul Məmmədlisə mübarizəsindən bu gün də əl çəkməyib, ruhumuzun və dilimizin yaşadılması, nəsildən-nəslə ötürülməsi onun başlıca qayğılarından biridi, tez-tez yazılarında bu problemi qaldırır…Xüsusilə Rafiq Hümmətin təsis elədiyi “Varlıq” Mədəniyyət Mərkəzində və eyniadlı qəzetdə çalışanda Cambulun toxunduğu ümdə problemlərdən biri mənəviyyatımız və təhsilimizlə bağlı oldu… ***Rafiq Hümmət Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri kimi fəaliyyətə başlayanda, “Varlıq” Mədəniyyət Mərkəzini və eyniadlı qəzeti təsis eləyəndə, əlbəttə ki, arxalandığı ziyalılardan biri də gürcü dilini gözəl bilən, Gürcüstan tarixinə, mədəniyyətinə və ədəbiyyatına bələd olan Cambul Məmmədli idi. Qəzetin müntəzəm nəşr olunduğu illərdə Cambul qələm dostları İbrahimxəlil, Tapdıq Yolçu və Afiq Muxtaroğlu, eləcə də gənc nəslə mənsub olan Coşğun Cəfər, Anar Rafiqoğlu və Afayət Afiqlə yanaşı mənəvi problemlərimizə işıq tutdu.O, məqalələrinin birində yazır: “Ümumi əhalisinin sayı, təxminən 10.000 nəfəri keçən bu bölgə, elm-təhsil sistemindən, demək olar ki, təcrid olunmuş durumdadır. Elə kəndlər var ki, əhalisinin sayının 1.000-1.500 nəfər olmasına rəğmən, yenə də özlərinin məktəbi yoxdur, I sinfin şagirdi qışın sazağına, yayın sıcağına baxmayaraq, hər gün qonşu kəndin məktəbinə üç kilometr və bəzən də daha artıq yolu piyada etmək zorunda qalır. Bu kəndlərdə əhali Azərbaycan dilini çox zəif, məişət səviyyəsində ancaq bilir, söhbət edəndə fikirlərini tam ifadə etmək üçün, ana dili ilə yanaşı gürcü-rus sözlərinə də müraciət etməli, nəticədə ,,əcəb-sandal” bir dildə danışmalı olurlar…” Bu problem onu bu gün də narahat eləyir, yəqin ki, həllini tapanacan da dinclik tapmayacaq…Ali təhsilini Azərbaycan dili və ədəbiyyatı ilə yanaşı gürcü dili və ədəbiyyatı İxtisası üzrə almış, hər iki dilə gözəl bələd olan Cambul Məmmədli neçə illərdi ki, qarşılıqlı tərcüməylə də məşğul olur. O, erməni şovinistlərini gürcü mənəviyyatına və mədəniyyətinə vurduğu zərbələrdən, Gürcüstan tarixilə bağlı müntəzəm həyata keçirdikləri təxribatlardan bəhs edən monoqrafiyalarla (təəsüf ki, o monoqrafiyalar hələ işıq üzü görməyib) yanaşı, Tsira Quraşvili, Qoça Qvasalia, Naira Gelaşvili, Kote Candierinin (sonuncunu R.Hümmətlə birgə) dilimizə çevirib.Cambul Məmmədlinin tərcüməsində gürcü tarixi şəxsiyyətlərinin portretləri də qardaş xalqın tarixinə və mənəviyyatına bələd olmaq baxımından çox dəyərlidir.Amma təəssüf ki, hələ onun bu potensialını səmərəli şəkildə gerçəkləşdirmək imkanı yoxdu… ***Cambul Məmmədli məndən ötrü təkcə bir ailənin və regionun yox, bütövlükdə Gürcüstanda yaşayan ruhumuzun təmsilçisidi…Gec-gec görüşsək də onun əsl ziyalı kimi göstərdiyi fəaliyyətdən, gördüyü işlərdən xəbər tuturam…Hər dəfə Gürcüstana yolum düşəndə bəzən görüşə bilməsək də, bilirəm ki, qayğıları da, yaradıcılıq yanğısı da olduğu kimi qalır…Bir də qəlbindəki işığın heç vaxt dəyişməyəcəyinə əminəm… Nəriman ƏBDÜLRƏHMANLI,18 may 2017ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.