BARMAKSIZ (ZALQA) RAYONU: Gürcüstan » Zalqa 23 Nisan BARMAKSIZ - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində kənd, inzibati rayon və rayon mərkəzinin adı olub. Gürcüstanın cənub-şərqində, Tbilisidən 94 km aralıda yerləşən Barmaksız (indiki Zalqa) 1929-cu ildə rayon statusu alana qədər Borçalı qəzasının tərkibinə daxil olub. Bu kənd 1932-ci ildə Zalqa adlandırılıb və beləliklə də, Zalqa həm də inzibati rayon və rayon mərkəzinin adını bildirir. Bu oykonim türk mənəşli «parmak» (təpə) və «sis» (yarıq, yarğan) sözlərinin birləşməsindən yaranıb. Qədim Borçalının Dağ bölgəsinin bir hissəsini təşkil edən Barmaksız (indiki Zalqa) rayonunun hazırda təxminən 21000 nəfər əhalisi var ki, bunun da təxminən 10%-indən çoxu - 2200 nəfəri Azərbaycan türkləridir. Barmaksız (indiki Zalqa) rayonunda həm Azərbaycan türkləri, həm də qədim türk köklü «urum» tayfasının bir qolu məskunlaşıbdır. Məhz buna görə də, Barmaksız (Zalqa) rayonu türk köklü oykonim, oronim və hidronimlərlə zəngindir. Burada isə, biz yalnız türkköklü oykonimlərdən bəhs edəcəyik. Hal-hazırda sabiq Barmaksız (indiki Zalqa) rayonunun Ərçivan Sarvanı (Dağ Sarvanı), Qızıl Hacılı-Çölyan (Novruzalılar), Culuxlu (Tecis), Gödəklər, Nəbilər və Minasazkənd kəndlərində elliklə Azərbaycan türkləri yaşayırlar. El arasında bu bölgəyə Dağ-Sarvan da deyirlər.Rayonun bir çox kəndlərində isə qeyd etdiyimiz kimi, türk köklü «Urumlar» yaşayırlar.AŞAĞI CİNİS - Qədim Borçalının Dağ bölgəsinin Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oykonim «aşağı» sözü ilə «cin» (-is) türk tayfa adının birləşməsindən yaranıb. Bax: CİNİS.AŞQALA - Dağ Borçalısının sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oykonim «aş» (-maq) və «qala» sözlərinin birləşməsindən yaranıb. AYAZMA - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində - sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır.BAŞKÖY - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oyoknim türk köklü «baş» sözü ilə peçeneqlərin «kov» tayfa adının birləşməsindən yaranıb. Ümumi mənası «Başkov» deməkdir. Şifahi danışıqda «Başköy» adlanır. Kənd camaatı həm də bu toponimin «baş» və «köy» (kənd) sözlərinin birləşməsi kimi də söyləyir. BEŞDAŞ - Tiflis quber¬niyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adı¬dır. Bu oykonim türk köklü «beş» və «daş» sözlərinin birləşməsindən yaranıb. CİNS - Qədim Borçalının Dağ bölgəsində - sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oykonim türk köklü «cinli» tayfa adı əsasında yaranıb. Bu kənddə türk köklü «urumlar» (tayfa adıdır) yaşayırlar. Həmçinin, bu rayonda Aşağı Cins və Yuxarı Cins adlı kəndlər də vardır. CULUXLU (TECİS) - Qədim Borçalının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oykonim etnonimiyada tayfa - nəsil adı kimi göstərilir. Deməli, «Culuxlu» kəndinin adı eyni adlı nəsil adı əsasında yaranıb. Ərcivan silsiləsinin güneyində, rayon mərkəzindən 23 km aralıda, dəniz səviyyəsindən 1740 m yüksəklikdə yerləşən bu kənd indi «Tecisi» adlanır. Əhalisi 700 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1912-ci ildən fəaliyyət göstərir. Qori Seminariyasının ilk məzunlarından olan Ziyad bəy Şərifov, şair Məcid Borçalı (Məmmədov), tanınmış iş adamı, məşhur xeyriyyəçi Hidbor - Hidayət Məmmədov, el ağsaqqalı Müsəllim Haqverdiev və b. bu kəndin yetirmələridir. ÇÖLƏMƏN (ÇOLMAN) - Qədim Borçalının Dağ bölgəsində sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. CÜTKİLSƏ - Qədim Borçalının Dağ bölgəsində - sabiq Bar¬maksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oykonim «cüt» və «kilsə» sözlərinin birləşməsindən yaranıb.DAŞBAŞI - Qədim Borçalının Dağ bölgəsinin - sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oykonim türk mənəşli «daş» və «başı» sözlərinin birləşməsindən ya¬ra¬nıb. Qərbi Azərbaycan (indiki Ermənistanın) Sisiyan rayonunda da eyni adlı kənd olub.ƏRCİVAN SARVANI - Qədim Borçalı qəzasının Dağ bölgə¬sinin - sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Başqa adı Dağ Sarvanıdır*. Tarixi mənbələrin verdiyi məlumatlara görə, Ərcivan Sarvanı kəndi 1721-1728-ci illərdə Sarvan kəndindən köçmüş əhali tərəfindən salınmışdır. Sonralar isə, bu kənd rəsmi sənədlərdə Ərcivan Sarvanı adlandırılmışdır. İndi də Ərcivan Sarvanı oykoniminin etimologiyasını araşdıraq. Göründüyü kimi, Ərcivan Sarvanı oykonimi iki komponentin bir¬ləşməsindən əmələ gəlmişdir. Bu oykonimin birinci komponenti Ərcivan, ikinci komponenti isə Sarvan etnonimindən ibarətdir. Bəs, araşdıracağımız oykonimin birinci komponenti Ərcivan nə deməkdir? Ərcivan sözü də öz növbəsində quruluşca iki hissədən ibarətdir. Birinci hissə «dəyirman» mənasını ifadə edən «ərci», ikinci hissə isə «məskən, ev, yaşanma yeri» mənalarını bildirən «-van» toponimik formatından ibarətdir. Deməli, Ərcivan sözü ümumilikdə «dəyirman yeri» mənasını bildirir. Azərbaycanın Astara rayonunda da Ərcivan adlı kənd və eyniadlı çay vardır. Azərbaycan toponimiyasında geniş yayılmış olan Ərkivan (qala yeri), Şirvan (şir sürüsü yeri) toponimləri də bu qəbilədəndir. Ərcivan Sarvanı oykoniminin ikinci komponenti Sarvan isə peşə, sənət mənasını bildirən söz əsasında düzələn etnooykonimdir.Sarvan tayfası qədim zamanlardan köçəri həyat sürmüş və dəvəçiliklə məşğul olmuşdur. Buradan da, yəni tayfa üzvlərinin əsas məşğuliyyəti - dəvəçiliklə əlaqədar olaraq hə¬min tayfanın adı Sarvan etnonimi və həmin etnonimin sonrakı inkişafı prosesində Sarvan etnotoponimi təşəkkül tapmışdır. Müasir dili¬mizdə Sarvan «ovlar yolu», «dəvə yolu», «dəvəçi» mənalarında da işlənməkdədir. Azərbaycanın Dəvəçi, Salyan, Ağcabədi rayonlarında da Sarvan adlı kənd¬lər, Naxçıvan şəhərində isə Sarvanlar adlı məhəllə vardır. Bütün bu toponimlər Sarvan etnonimi ilə əlaqədardır. Ağsu rayonundakı Ərəbsarvan kəndinin adı da «ərəb» və «sarvan» etnonimləri, yəni «qəbilə, tayfa və xalq adları» ilə bağlı olaraq yaranmışdır. (Ətraflı bax: Borçalı (indiki Marneuli) rayonunun Sar¬van kəndi…Bütün yuxarıda dediklərimizdən aydın olur ki, Ərcivan Sarvanının mənası ümumilikdə «dəyirman yeri» yaxınlığında məskən salmış sarvanlılar deməkdir. Sarvanının əhalisi hazırda 1000 nəfərdən çoxdur. Aşıq Eyyub, Dəllək Paşa, Əhməd Daşdəmiroğlu, şairlər Murtuz Ərcivanlı, Ələddin Danaçıyev, Mustafa Bədirov, polkovnik Mehdi Təhmurazov və b. bu kəndin yetirmələridir. ƏVRƏNLİ - XIX əsrdə Tiflis quberniyasının Borçalı qə¬zasının Dağ bölgəsinin - sabiq Barmaksız (indiki Zalqa) rayonu ərazisinə «urum» tayfalarının bir qolu köçürülmüş və burada kənd salmışlar. Kəndin əhalisi türk köklü urumlardan ibarətdir. «Əvrənli» antroponimi - şəxs adı xalqımızın məş¬hur «Kitabi-Dədə Qorqud» dastanlarının qəhrəmanlarından biri olan Əvrən şəxs adı ilə səsləşir. «Əvrənli» Tria¬leti kənd icmasına mənsub idi.GÖDƏKLƏR (GÖDƏKLİ) - Tiflis quberniiyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda, rayon mərkəzindən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1820 m yüksəklikdə yerləşən kənd adıdır. Gürcüstandakı soydaşlarımız yaşayan kəndlər arasında dəniz səviyyəsindən ən yüksəkdə yerləşən bu kəndin əhalisi XX əsrin əvvəllərində 200 nəfər, XXI əsrin əvvəllərində 100 nəfər olub. (?!).Bu oykonim Türk köklü oğuz soylu «Xələc» tayfasının bir qolu olan Gödəkli və Xəzərlərin bir qolu olan Gödəklər tayfalarının adı əsasında yaranıb. Azərbaycanın sabiq Gəncə quberniyasının Zəngəzur qəzasında, Beyləqan, Qubadlı və Xaçmaz rayonlarında da «Gödəklər» adlı kəndlər vardır. Həmçinin Qərbi Azərbaycanın (indi Ermənistanın) İrəvan quberniyasında da «Gödəklər» adlı kəndlər olub. GÜMBƏD - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində - sabiq Barmaksız nahiyəsində (indi Zalqa rayonunda) kənd adı olub. Bu oykonim Azərbaycan-türk dilində işlənən «günbəz» (qəbirüstü tikinti, movzoley) sözü əsasında yaranıb. (türk dillərində «z» və «d» səs əvəzlənməsi əsasında yaranıb). QARABULAQ - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində - Barmaksız - (indiki Zalqa) rayonunda kənd adıdır. Bax: Başkeçid (Dmanisi) rayonunun Qarabulaq kəndi. QARAQUŞ - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı olub.QIZIL-HACLI (Çölyan, Novruzalılar) - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsində - Barmaksız (indiki Zalqa) rayo-nunda, Ərcivan (Trialet) dağlarının güney ətəyində, rayon mərkəzindən 20 km aralıda yerləşən kəndin adıdır. El arasında həm də "Çölyan" və "Novruzalılar" adlanan bu kəndin əhalisi XIX əsrin əvvəllərində Aran Borçalısından - Aran Qızıl-hacılı kəndindən köçüb gəlib. Hazırda təxminən 400 nəfər sakini olan bu kəndin Azərbaycan məktəbi 1924-cü ildən fəaliyyət göstərir.(Bax: Marneuli rayonu Qızılhacılı kəndi, Başkeçid rayonu Qızılkilsə kəndi…)QIZILKİLSƏ - Borçalının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) və sabiq Başkeçid (indiki Dmanisi) rayonlarında kənd adıdır. QUŞ (QUŞÇU) - Borçalının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Sabiq Borçalı (indiki Marneuli) rayonunda Quşçu kəndi mövcuddur. Bax: Borçalı (Marneuli) rayonunun Quşçu kəndi. MİNASAZKƏND - Borçalının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Barmaksız (indiki Zalqa) hövzəsində, rayon mərkəzindən 24 km şimal-qərbdə, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşən bu kəndin əhalisi XIX əsrin əvvəllərində Aran Sarvanındakı Minasazlı kəndindən köçüb gəlmiş və burada yurd salmışdır. Bu oykonim «Minasaz» antroponimi - şəxs adı ilə «kənd» sözünün birləşməsindən yaranıb. Məşhur publisist-jurnalist Hüseyn Minasazovun dünyaya göz açdığı bu kənd təəssüflər olsun ki, XX əsrin sonlarında tamamilə boşalmışdır. TECİS - Dağ Borçalısının Barmaksız bölgəsində (indiki Zalqa rayonunda) kənd adıdır. Bu oykonim türk dillərində təpə mənasında işlənən «tey» sözü əsasında yaranıb. (Bax: Culuxlu).TƏKKİLSƏ - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indi Zalqa) rayonunda kənd adıdır. Bu oykonim türk köklü «tək» və «kil¬sə» sözlərinin birləşməsindən yaranıb. «Təkkilsə» ayrı-ayrı vaxtlarda «Təkdükan» da adlandırılıb. Əhalisi türk köklü «urumlar»dan ibarətdir. TƏZƏ XARABA - Dağ Borçalısının Barmaksız bölgəsində (indiki Zalqa rayonunda) kənd adıdır. YEDDİKİLSƏ - Tiflis quberniyasının Borçalı qəzasının Dağ bölgəsinin sabiq Barmaksız (indiki Zalqa) rayonunda kənd adıdır. Bu oyoknim türk köklü «yeddi» sayı ilə «kil¬sə» sözünün birləşməsindən yaranıb. Bu kəndin əhalisi türkköklü «urumlar»dan ibarətdir. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:M-Borcali@mail.ruvə ya:info@zim.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.