Milli Ensiklopediyamız milli sərvətimizdir MEDİA » "Zirvə" 7 Haziran Azərbaycan Milli Ensiklopediyasının vəzifəsi mövcud ensiklopedik təcrübə əsasında, məzmunu və mündəricəsi ilə dünya əhəmiyyətli ensiklopedik nəşrlərə qoyulan bütün tələb və standartlara uyğun hazırlanan, xalqımızın tarixi keçmişi ilə yanaşı, onun müstəqil dövlət kimi inkişafını və yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirərək tanıdan, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan, eyni zamanda dünya xalqları, onların tarixi və mədəniyyətləri, müasir dövrdə dünya ölkələrinin inkişaf mənzərəsini olduğu kimi, ən son nailiyyətləri ilə təqdim edən, elm və elmi dərketmənin üsulları, onun anlayış və terminlər aparatı, həmçinin nüfuzlu beynəlxalq təsisatlar haqqında ətraflı məlumat verən dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi yaratmaqdır.Dünyanın inkişaf etmiş dövlətlərinin qabaqcıl təcrübəsinə əsaslanmaqla hazırlanacaq Azərbaycan Milli Ensiklopediyası ilk növbədə, Azərbaycanda milli dövlətçiliyin inkişafının rəhni olan milli birliyin möhkəmlənməsinə xidmət edən mühüm amilə – etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi nəzərdə tutulmuşdur. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, mədəniyyəti, iqtisadiyyatı, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə çalışan ayrı-ayrı nümayəndələrin, həmçinin görkəmli azərbaycanlı mühacirlərin, mesenatların, neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqiqatçıların əsərləri haqda məlumatlar öz əksini tapmalı idi. Yüksək məsuliyyət tələb edən bu mürəkkəb iş sürətlə, mümkün qədər tez həyata keçirilməli idi. Dövlətin bizə etibar etdiyi müstəsna əhəmiyyətə malik nəşr yalnız obyektivlik və qərəzsizlik prinsipiləri ilə, elmi faktlar və rəqəmlər əsasında hazırlanmaqla reallaşa bilərdi. Biz də işimizi məhz bu istiqamətdə qurduq.Bir qayda olaraq, ensiklopediyaya daxil edilən məqalələrin adları ensiklopediyanın tərtibinə yanaşma prinsiplərinin xarakterini göstərir. Xüsusi cilddə olduğu kimi, universal ensiklopediya məqalələrinin yazılmasında da əsas və başlıca prinsip etibarlı məlumat bazasının yaradılması, yeni anlayışların, materialların ölkəmizə və bütövlükdə dünyaya təsir etmiş radikal dəyişikliklər nəzərə alınmaqla toplanmasıdır. Eyni zamanda Azərbaycan haqqında, onun tarixi, elmi, incəsənəti, görkəmli nümayəndələri barədə mümkün qədər dolğun təsəvvür yaratmaq, materialın elmi cəhətdən əsaslandırılmış şəkildə təqdimatı ilə müxtəlif fəaliyyət sahələrində biliklərin artırılmasına və s. yardım etmək Azərbaycan Milli Ensiklopediyasının çoxfunksiyalı vəzifələrindəndir. Qeyd etmək istərdim ki, biz iş prinsipimizdə daxili imkanlardan istifadəyə daha çox üstünlük vermişik. Məlumdur ki, elmi məqalələr yazılarkən bir qayda olaraq, sifarişlər verilir və bu sifarişlərin yerinə yetirilməsinə görə müəlliflərə qonorar ödənilir. Bu, həmişə belə olub. Bizim qonorar fondumuz olmadığından indiyə qədər universal ensiklopediyaya daxil edilən məqalələrin yazılmasına görə müəlliflərə qonorar ödəmək imkanımız da olmayıb. Buna görə də, qazandığımız təcrübəyə əsaslanaraq, elmi məqalələrin yazılmasına redaksiyalarımızın elmi əməkdaşlarını cəlb etmişik. Bu məsələ həllini tapmış olsaydı, ildə bir deyil, iki cildin buraxılması, şübhəsiz ki, mümkün olardı. Oçerklərin yazılması və nəşrə hazırlanması sayəsində bizim redaktorların bilik səviyyəsi daim yüksəlir, peşəkarlıqları artır. Ensiklopediyanın elmi redaktorları adi redaktorlardan məhz bu cəhətlərinə görə fərqlənirlər.Ensiklopediya yaradılmasında mövzu sözlüyünün hazırlanması xüsusi əhəmiyyət kəsb edir, çünki sözlüyün tərkibi ilk növbədə nəşrin ideoloji istiqamətindən asılıdır. Mövzu sözlüyü redaksiya işinin istiqamətini səciyyələndirən müəyyən dünyagörüşün ifadəsidir. Layihə xarakteri daşıyan sözlük məqalələrin düzgün seçiminin əsasını təşkil edir, iş prosesində ona müəyyən əlavə və dəyişikliklər olunur. Məqalələrin seçiminə gəlincə, onların sayı müxtəlif bilik sahələri üzrə optimal bölüşdürülməli, həcmi düzgün müəyyənləşdirilməlidir. Universal ensiklopediyanın sözlüyü elmlərin təsnifatı ilə bağlı müasir təsəvvürləri özündə əks etdirməlidir. Elmi-sahə redaksiyalarının sözlükləri vahid əlifba sırasına düzülərək nəşrin ümumi sözlüyü hazırlanır, elmi mərkəzlərdə müzakirə olunduqdan sonra mövzu sözlüyünün layihəsi çap olunur.Xüsusi elmi nəşrlər olduğu üçün ensiklopediyaların öz standartı formalaşmışdır və nəşrlərin bu standartın tələblərinə uyğun şəkildə yazılması şərtdir. Bütün dünyada ensiklopediyaların nəşri məhz bu standartlar əsasında reallaşır. Azərbaycan Milli Ensiklopediyasının standartları müəlliflər və elmi redaktorlar üçün hazırlanmış “Metodik göstərişlər”lə müəyyənləşdirilir, onun konsepsiyası, ensiklopedik redaktənin müddəaları, məqalələrin salınma prinsipləri, həcmləri, kateqoriyaları, yazılma sxemləri və qaydaları, tərcümeyi-hal məqalələrinin ümumi müddəaları, həmçinin ixtisarların vahid forması “Metodik göstəriş”də əksini tapmışdır və buna ciddi əməl olunur.“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivi ilk növbədə Azərbaycana həsr olunmuş xüsusi cildin üzərində işə başladı. Bu cildin nəşri xüsusi əhəmiyyətə malik idi. Nəşrdə ölkə haqqında, onun inkişafının bütün mərhələləri barədə müfəssəl məlumat toplanmalı idi. Milli ensiklopediyanın xüsusi cildinin nəşrinin respublikamızda ilk dəfə həyata keçirildiyini nəzərə alsaq, bu işin, həmçinin prosesin nə qədər böyük məsuliyyət tələb etdiyi aydın olar. Bu cildə daxil edilmiş məqalələrdə xalqımızın qədim tarixi olduğu kimi, eyni zamanda bu qürurverici tarixi əks etdirən, lakin sovet dövründə gizlədilən xəritələrin müşayiəti ilə verilir, xalqımızın bəşər tarixinə bəxş etdiyi böyük töhfələr təkzibedilməz faktlarla təqdim edilir, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, etnoqrafiyaya dair və s. məqalələrin məzmunu obyektiv gerçəkliyi əks etdirir, Azərbaycan Xalq Cümhuriyyəti nümayəndələri daxil olmaqla, müstəqilliyimizə qədər adının çəkilməsi qadağan edilmiş görkəmli tarixi şəxsiyyətlərə geniş yer verilmişdir. Məqalələrin yazılmasına ölkənin tanınmış ziyalılarının, elm və sənət adamlarının, mütəxəssislərin cəlb edilməsi, həmçinin elmi mərkəz kollektivinin düzgün istiqamətləndirilməsi və qarşıya qoyulan məqsəd ətrafında səfərbər edilməsi öz səmərəsini verdi. Müəllif heyətinin səyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi kollektivinin gərgin əməyi sayəsində “Azərbaycan” xüsusi cildi qısa müddətdə hazırlanaraq 2007-ci ilin noyabr ayında Almaniyanın “Sigloch” nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edildi, 2008-ci ildə xüsusi cildin təqdimatı keçirildi. Biz həmin cildin kitabxana variantını da nəşr etdik və nəşrin 25 minlik tirajını son nüsxəsinədək respublikamızın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarına, bütün təhsil müəssisələrinə pulsuz payladıq. Universal ensiklopediyanın nəşr olunmuş cildlərinin də kitabxana variantını Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə respublikamızda eyni qayda ilə pulsuz paylamışıq. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin göstərişinə əsasən həyata keçirilir və maarifləndirmə, Azərbaycanı, milli dövlətçiliyimizi, milli ideologiyamız olan azərbaycançılığı təbliğ məqsədi daşıyırdı.Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Ensiklopediyasının ilk nəşri olan “Azərbaycan” xüsusi cildi yüksək keyfiyyəti, funksionallıq və dizayn səviyyəsi ilə seçildiyi kimi, strukturuna görə də adi ensiklopediyadan köklü şəkildə fərqlənir. İndi etibarlı mənbə kimi çoxlarının istifadəsində olan “Azərbaycan” xüsusi cildi Azərbaycan Milli Ensiklopediyasının milli koloritini tam şəkildə əks etdirir - kitab titul səhifəsindən dövlət himni, bayrağı, gerbi ilə başlayır. Nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı son dərəcə obyektiv əks olunmuş, onun başqa ölkələrlə əlaqələrinə böyük diqqət yetirilmişdir. Təbii və antropogen obyektlər tam olaraq işıqlandırılmışdır. Azərbaycanla, onun dövlətçiliyi, mədəniyyəti, bir sözlə, xalqımızla bağlı nə varsa, xüsusi cilddə əksini tapmışdır. Milli Ensiklopediyanın nəşrə başlaması Azərbaycan xalqının tarixində mühüm hadisə olduğu kimi, “Azərbaycan” xüsusi cildi və ümumiyyətlə, təbii və ictimai hadisələr, ölkənin coğrafiyası və ictimai həyatının bütün tərəfləri haqqında ilk dəfə olaraq əhatəli, dəqiq və dürüst məlumatlar verən bu fundamental çoxcildliyin işıq üzü görməsi maarifçilik baxımından tarixi əhəmiyyətinə görə Azərbaycan dilində ilk dövri mətbuat nümunəsi olan “Əkinçi” qəzetinin 1875-77-ci illərdə Həsən bəy Zərdabi tərəfindən çap olunmasına bərabər sayıla bilər.Bu kitabın dəyərini onu vərəqləyəndə belə anlamaq olar, inam və əminliklə deyə bilərik ki, “Azərbaycan” adlı xüsusi cild doğma Azərbaycan haqqında indiyə qədər analoqu olmayan yeni və bitkin bir kitab, cəmiyyətimizin mənəvi və mədəni inkişaf tarixinin bir səhifəsidir. Kollektiv elmi əməyin məhsulu olan bu ensiklopedik əsər bir neçə sivilizasiyanı özündə yaşadan xalqımızın dahilər, güclü zəka sahibləri yetişdirdiyinin sübutu olan dəyərli elmi nəşrdir. Xüsusi cild ayrı-ayrı şəxsiyyətlərin deyil, bütövlükdə Azərbaycanın portretidir və burada o, zəngin keçmişə malik, eyni zamanda özünün möhtəşəm gələcəyini qurmağa qadir bir dövlət kimi təqdim olunur, xalqımızın əsrlər boyu qazandığı nailiyyətləri faktların dili ilə, elmi əsaslandırılmış şəkildə əks etdirir. Əminliklə demək olar ki, “Azərbaycan” xüsusi cildi ana kitabımız olan Konstitusiyamızdan sonra ikinci mühüm nəşrdir.Bizi, xüsusilə gəncliyimizi tarixi inkişaf yolunda Azərbaycan izi qoyan görkəmli simalarla fəxr etməyə sövq edən bu nəşr, cəmiyyətimizin mənəvi və mədəni inkişaf tarixinin bir səhifəsi olmaqla yanaşı, mahiyyətinə görə milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən sanballı elmi əsərdir. Elmi əhəmiyyətinə görə, tezliklə nəşrin rus dilinə tərcüməsinə start verdik, kitabı qısa müddətdə nəşrə hazırladıq. “Azərbaycan” xüsusi cildi rus dilində 2012-ci ildə Almaniyada yüksək poliqrafik səviyyədə çap edildi.Nəşr olunmuş iki xüsusi cilddən başqa, universal ensiklopediyanın klassik ensiklopediya tələb və prinsipləri əsasında hazırlanaraq Almaniyada yüksək poliqrafik səviyyədə nəşr edilmiş altı cildi kitabsevərlərin ixtiyarındadır, hazırda növbəti yeddinci cildin üzərində işləyirik. Sözsüz ki, bu gün bizim beynəlxalq hüquqi normalar, müxtəlif xalqların ənənələri, mentaliteti və dini-mədəni əsasları, demokratiya və insan haqları prinsipləri, bir çox başqa şeylər haqqında kompleks bilgilərimiz olmalıdır. Bu funksiyanı müəyyən mənada universal ensiklopediya daşımalı, eyni zamanda xüsusi cild və universal ensiklopediyanın digər cildləri nəinki bir-birini tamamlamalı, həm də milli ideyanın və ideologiyanın əsasını təşkil etməlidir. Bütün fəaliyyətimiz məhz bu məqsədə yönəlmişdir. Bizim universal milli ensiklopediyamız Azərbaycan Sovet Ensiklopediyasından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, biz xalqımızın intellektual potensialını, Azərbaycan elminin inkişafını göstərmək məqsədilə elmlər doktorlarını da nəşrə daxil etməyə qərar verdik. Azərbaycanın tarixi etnik torpaqlarının toponimləri nəşrdə yer alır. İdman arenalarında dövlət bayrağımızı qaldırıb himnimizi səsləndirən Olimpiya, Dünya və Avropa çempionlarımız haqqında məqalələrlə Azərbaycanın idman salnaməsini təqdim etməyə çalışırıq. İstər iki dildə nəşr olunmuş xüsusi cildlərimiz, istərsə də buraxdığımız digər altı cild illüstrasiyaların zənginliyi, həmçinin materialların rəngarəngliyi ilə tamamilə fərqlənir.Azərbaycan Milli Ensiklopediyasının ilk 3 cildi, həmçinin “Azərbaycan” xüsusi cildinin Azərbaycan və rus dillərindəki nüsxələri 2013-cü ildə Moskvada “Bolşaya Rossiyskaya Ensiklopediya” elmi nəşriyyatının keçirdiyi “Müasir ensiklopediyaşünaslıq: təkliflər və perspektivlər” elmi-praktik konfransında beynəlxalq elmi ictimaiyyətə təqdim olunmuşdur. Biz bu ildən Azərbaycan Milli Ensiklopediyasını Beynəlxalq Kitab Sərgisində təqdim etməyi planlaşdırırıq.Qeyd edim ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində son on iki ildə görülən işlər ensiklopedik nəşrlərlə məhdudlaşmamışdır. Ensiklopediyada “Azərbaycan muğam ensiklopediyası” (redaksiya heyətinin sədri Mehriban xanım Əliyeva) kimi sanballı sahə ensiklopediyası rus dilində nəşrə hazırlanaraq 2012-ci ildə çap olunmuşdur. Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ prezidenti Barak Obamanın məsləhətçisi, Birləşmiş Ştatların Yaxın və Orta Şərqdə elm üzrə müşaviri, Kaliforniya Texnologiya İnstitutunun professoru Əhməd Həsən Zevaylın həyat və fəaliyyətindən bəhs edən “Zaman içrə səyahət” kitabı ingilis dilindən tərcümə edilərək 2012-ci ildə “Şərq-Qərb” nəşriyyatında azərbaycanca nəşr olunmuşdur. Bu illərdə izini qoyan sanballı nəşrlərdən biri də görkəmli kimyaçı alim, “resirkulyasiya nəzəriyyəsi”nin banisi akademik Murtuza Nağıyevin 100 illiyinə həsr edilmiş “Akademik Murtuza Nağıyev. Həyat yolu - “fəlsəfə daşı”nın axtarışında” kitabıdır. Bu kitab 2008-ci ildə Azərbaycan və rus dillərində buraxılmışdır.Prezident İlham Əliyev milli ensiklopediyamızın Elmi Mərkəzinin fəaliyyətini və yüksək səviyyəli nəşrini təmin etmək məqsədilə Mərkəz üçün yeni binanın tikilməsinə dair 25 iyul 2012-ci il tarixli sərəncam imzaladı. Ensiklopediyanın yüksək memarlıq nümunələri səviyyəsində yeni binasının tikintisi qısa müddətdə başa çatdırıldı, Prezident İlham Əliyevin 2014-cü ilin 5 mayında yeni binanın açılış mərasimində iştirak edərək qırmızı lenti kəsdi. Yeni binamızda maarifləndirmə işi aparmaq, kitaba marağı artırmaq məqsədi daşıyan, ən müasir və yeni poliqrafiya avadanlığı ilə təchiz edilmiş Ensiklopediya Kitab Mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin nəşrləri ilə yanaşı, ölkəmizdə və xaricdə nəşr olunmuş müxtəlif elm sahələrinə dair kitabları əldə etmək olar.Azərbaycan Respublikası Prezidenti Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsinə dair 24 noyabr 2015-ci il tarixli sərəncam imzalamışdır. Ötən ilin 23 dekabrında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar ensiklopediya əməkdaşlarının 3 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 14 nəfəri “Tərəqqi” medalı ilə təltif olunmuş, 2 nəfərə “Əməkdar jurnalist”, 9 nəfərə “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilmişdir. Bütün bunlar dövlət başçısının, eyni zamanda Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin sədri möhtərəm Prezident İlham Əliyevin kollektivə göstərdiyi böyük diqqət və qayğı kimi dəyərləndirilərək kollektivin işinə müsbət təsir etmiş, onların dövlətə olan inam və etibarını birə-iki artırmışdır.Onu qeyd etmək istəyirəm ki, biz gələcək üçün kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Ensiklopediyadakı gənc elmi redaktorların bu çətin, spesifik sahə üzrə yüksək səviyyəli mütəxəssis kimi yetişməsi məqsədilə gənclərimizin təhsillərini davam etdirməsinə qayğı və diqqət göstərməklə yanaşı, onlar üçün xüsusi rus dili kursu təşkil etmişik. Yeri gəlmişkən, ensiklopediya kollektivinin əməkhaqları ilə bağlı məsələlər daim ölkə başçısı, Redaksiya Heyətinin sədri möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olub, bir neçə il öncə kollektivin bütün üzvlərinin əməkhaqlarına əlavələr verilmişdir. AMEA RH-nin 16 fevral 2016-cı il tarixli qərarı ilə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsinə dair tədbirlər planı hazırlanmışdır. AMEA, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə yubiley tədbirlərinin ardıcıl və planauyğun şəkildə keçirilməsinə start verilmişdir. Ensiklopediyada yubileylə bağlı ciddi hazırlıq işləri davam edir. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində arxada qoyduğumuz 50 ili əks etdirən maraqlı tarixi eksponatlardan ibarət ensiklopediya muzeyi yaradılmışdır.Azərbaycanda ensiklopediya nəşri tarixinə gəlincə, ötən əsrin əvvəllərində ölkəmizdə bu sahədə müxtəlif təşəbbüslər olsa da, bunlar yalnız lüğətçilik səviyyəsində və qismən həyata keçirilmişdir.Burada maraqlı və mühüm bir faktı da qeyd etmək lazımdır, SSRİ-də Böyük Sovet Ensiklopediyasının nəşrinə başlamaq haqda qərar xalqımızın böyük oğullarından birinin – o zaman MİK-in sədri olan Nəriman Nərimanovun adı ilə bağlıdır. Həmin qərar SSRİ MİK Rəyasət Heyətinin N.Nərimanovun sədrliyi ilə keçirilən iclasında verilmişdir. Bu tarixi sənədin surəti muzeyimizin ən qiymətli eksponatlarındandır.Azərbaycanda ensiklopediya işinin əsası 1965-ci ildə qoyulmuşdur. “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərarla həmin ilin 30 dekabrında Azərb. SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası yaradılmış və xalq şairi Rəsul Rza baş redaktor təyin edilmışdi. Bu qərarda on cildlik Azərbaycan Sovet Ensiklopediyasının buraxılması nəzərdə tutulurdu. 1970-ci ildə universal ensiklopediyanın “A” və “B” hərfinin müəyyən hissəsini əhatə edən birinci cildi buraxıldı. Həmin cilddə Azərbaycanla bağlı məqalələrin məzmunu və təqdimatı Moskvada çoxcildlik “Bolşaya Sovetskaya Ensiklopediya”nın nəşr olunduğu “Sovetskaya ensiklopediya” nəşriyyatında narahatlıqla qarşılandı. Məsələ tezliklə dövlət rəhbərliyinə çatdırıldı və birinci cildin taleyi o dövrdə ən yüksək dairələrdə həll olundu. Siyasi Büronun qərarına əsasən, ensiklopedik nəşr mövzu və məzmununa görə sovet ideologiyasının tələblərinə cavab vermədiyindən kitabın tirajı satışdan yığışdırıldı, baş redaktor xalq şairi Rəsul Rza işdən çıxarıldı.Beş il sonra, Azərb. KP MK-nın 24 oktyabr 1975-ci il tarixli qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə yenidən başlanıldı. Akademik Cəmil Quliyevin baş redaktorluğu ilə 1976-1987-ci illərdə buraxılan çoxcildlik ensiklopediya “Azərbaycan SSR” adlı xüsusi cildsiz tamamlandı. Xüsusi cildin nəşri SSRİ məkanında başlayan ictimai-siyasi proseslərin sürətləndiyi, siyasi böhranın dərinləşdiyi dövrdə də baş tutmadı. Bu da nəşrdə özünü büruzə verdi, çünki universal ensiklopediyanın bütün cildlərindəki Azərbaycanla bağlı məqalələrdə yeri gəldikcə nəşr olunmamış həmin “Azərbaycan SSR” xüsusi cildinə isnadlar verilirdi. Onu da vurğulayım ki, Bakıda hazırlanaraq Rusiyanın Kalinin şəhər mətbəəsinə göndərilən bu nəşrin çap prosesində ortalığa çıxan bütün problemlərin həllində xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi rolu olmuşdur.Ümummilli lider Heydər Əliyev hələ 2000-ci ildə “Nəşriyyat işi haqqında” Qanunu imzalayarkən milli ensiklopediyamızı “Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir” ifadəsilə dəyərləndirmişdir. Milli ensiklopediyanın büdcədən maliyyələşən təşkilat kimi göstərilməsi də öndərimizin ensiklopediya nəşrinə xüsusi əhəmiyyət verməsinin ifadəsi idi.Biz Azərbaycanda ensiklopediya nəşri tarixini əks etdirən bütün qiymətli tarixi materialları toplamağa böyük səy göstərdik və düşünürəm ki, bunu bacardıq. Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan xalqının milli sərvəti olduğuna bir daha əmin olmaq üçün muzeyimizdəki tarixi eksponatlarla bir dəfə tanışlıq kifayətdir. Əminəm ki, Azərbaycan dövlətinin möhkəmlənməsi və hər gün daha da güclənməsi sayəsində ensiklopediya muzeyimiz də zənginləşəcək. Yeni tariximiz bizə müstəqil, suveren Azərbaycanın yeni salnaməsini əbədiləşdirməyə mühüm faktlar, reallıqlar verəcək - biz buna inanırıq.Tofiq Nağıyev, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı, akademik.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.