Azərbaycan multikulturalizmi və etnopsixologiya amili Yeni nəşrlər, Humanitar elmlər 7 Nisan N.Cəfərov, M.Çobanov, Q.Paşayevanın həmmüəlliflikləri ilə yazılmış «Azərbaycanşünaslığın əsasları» (Bakı, AzAtaM, 2013) adlı dərs vəsaitində oxuyuruq: «Tarixi mənbələrin verdiyi məlumatlardan məlum olur ki, türklər Azərbaycanda və həmhüdud bölgələrdə nə qədər böyük ictimai-siyasi nüfuza malik olsalar da, İran, Qafqaz və başqa mənşəli etnosları bilavasitə sıxışdırmadılar (onlarla əsasən əmin-amanlıq şəraitində yaşadılar), onlarla düşmənçilik etmədilər. Buna baxmayaraq, qeyri-türk mənşəli bəzi etnoslar özlərini nəinki türklərdən, hətta həmtayfalarından belə təcrid etməyə meyl göstərdilər. (Qafqazlılardan udilər, buduqlar, xınalıqlar; iran etnoslarından talışlar, tatlar). Lakin Azərbaycan türklərinin birləşdiricilik yönümlü münasibətinə uyğunlaşaraq onlarla yaxından ünsiyyətə girdilər və beləliklə də Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü oldular...» (səh.255). Burada çox incə, həssas məqamlar ifadə olunub: Böyük ictimai-siyasi nüfuz sahibi olan azərbaycanlıların (Azərbaycan Türklərinin) ərazidə məskunlaşmış yad etnoslara qarşı birləşdiricilik yönümlü münasibəti tarixən onların Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvləri kimi yaşamasına səbəb olub. Bəs bu «birləşdiricilik yönümlü münasibət» özünü tarixən nədə təcəssüm etdirib ki, Azərbaycan ərazisi dünya xalqlarının həmrəylik məskəninə dönübdür? Məncə, bu suala bir qədər poetik fonda cavabı XX əsrin əvvəlində xalqımızın dahi mütəfəkkiri Hüseyn Cavid çox sərrast bir aforizmdə ifadə etmişdir:Turana qılıncdan daha kəskin, ulu qüvvətMədəniyyət, mədəniyyət, mədəniyyət! Qədim türklər Turan imperiyasını qurarkən zor vasitəsi olan silahdan-o dövrün ənənəvi silahı olan qılıncdan daha çox mədəniyyətə əsaslandılar. Qılınc zor edə bilmədiyini əmin-amanlıq vasitəsi olan söz öz missiyasını əməli-praktik yaşam tərzi forması olaraq mədəni davranış timsalında həyata keçirdə bildi. Beləcə, mədəniyyət faktoru Türk dünyasına - Turan məmləkətinə qılıncdan da kəsərli-yetərli bir qüvvət oldu. Bəşər nəsli mədəni sivilizasiyaya tabe oldu. Qədim Şərq - qədim Türk elləri bütün dünyaya, bəşəriyyətə mədəniyyət yayıcıları kimi özünü, sözünü, gücünü diqtə etdirdi. Türk öz quluna da - əsirinə də insanlıq nümayiş etdirirdi, böyük mədəniyyət nümunəsi göstərirdi. Buna görə də xalqımızın filosof-şairi Hüseyn Cavid Turana qılıncdan daha kəskin, ulu qüvvətin məhz onun mədəniyyəti olduğunu bəyan edirdi. Bəli, türklər mədəni dəyərlərə tapınmaqla mədəniyyəti əldə bayraq etməklə bütün dünyaya öz iradəsini yeridə bildi.Qədim türklərin mənəvi varisləri olan Azərbaycan dünyası da - Azərbaycan türkləri də yuxarıdakı sitatda göstərildiyi kimi, «Nə qədər böyük ictimai-siyasi nüfuz yiyələri olsalar da, digər xalqlarla qılınc davasına qalxıb düşmənçilik etmədilər». Çünki «Azərbaycan türklərinin birləşdiricilik yönümlü münasibətləri» - yəni zəngin mənəvi mədəniyyəti var idi ki, bu mədəni davranış, yüksək əxlaq tipi yad etnosları da özləri ilə mehriban ünsiyyətə çəkərək, onları Azərbaycan cəmiyyətinin könüllü, bərabərhüquqlu üzvləri olmağa vadar etdi.Bəs bu mədəni davranışın əsasında dayanan mədəniyyət özünü hansı formalarda təzahür etdirirdi? Hər şeydən əvvəl, bunu xalqın milli-mənəvi dəyərlərində axtarıb tapmaq, görmək lazımdır. Bu milli-mənəvi dəyərlərin bariz ifadəsi isə xalqın folklor dünyasında öz əksini tapır! Folklorumuzun ən kiçik ölçülü, lakin böyük hikmətlər, dərin mənalar ifadə edən janrlarından olan Atalar sözlərimiz birbaşa xalqımızın etnik psixologiyasının ifadəçisi olmaqla yaşam dünyamıza - həyat amalımıza güzgü tutur. Bu baxımdan səciyyəvi bir nümunə üstündə dayanmaqla fikirlərimizin davamını (şərhini) verək. Söymə nökər dədəmi, söyməyim bəy dədəni. Yaxud: özünə qıymadığını özgəsinə qıyma (özünə rəva görmədiyini başqasına rəva bilmə).Bu, xalqımızın - azərbaycanlıların həyata baxış tərzinin ifadəsidir. Söymə nökər dədəmi deməklə özündən aşağıda olana münasibətdə onun dilindən cəmiyyətə səslənir, mesaj verir ki, əks təqdirdə cavabını da danışığına - rəftarına müqabil tərzdə alacaqsan. Yəni burada başqa sözlə, cəmiyyətin sosial ierarxiyası arasında tarazlıq prinsipini qoruması məsələsi var. Aşağı təbəqə ilə (nökərlə) yuxarı təbəqə (bəy) nümayəndəsi arasında sosial harmoniyanın gözlənilməsi tələbi irəli sürülür. Bu, azərbaycanlıların əxlaq kodeksidir, təbəqələr, insanlar, ayrı-ayrı irqlər, millətlər arasındakı birləşdiricilik yönümlü münasibətidir, barışdırıcılıq, geniş mənada xalqlar arasında həmrəylik duyğularının etnopsixoloji ifadəsidir, xalqlararası sülh siyasətidir. Məhz belə bir müdrik xalq düşüncəsi tarixən vətənimizdə multikultural bir məkanın olmasına münbit zəmin yaratmış oldu və ona görədir ki, doğma respublikamızın ərazisi müxtəlif çeşnilərdən toxunmuş əsrarəngiz ilmələrlə bəzədilmiş nəhəg xalını xatırladan ayrı-ayrı etnos və millətlərin həmrəylik və qardaşlıq ittifaqında birləşən ümumi vətənə dönübdür. «Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır» deyən xalqımızın ümummilli lideri Heydər Əliyev də məhz bu məqamı beləcə aforizm şəklində ifadə etmişdir. Bu birliyə, bu qardaşlığa dünyanın sivil ölkələri həsəd aparırlar. Bu cür multikulturallığın Azərbaycançılıq modelinin sirlərinə bəlkə də heyran qalırlar. Bunun sirrini öyrənmək üçünsə öncə gərəkdir ki, Azərbaycan türklərinin mental dəyərlərinə, zəngin mənəvi dünyasına bələd ola bilsinlər. Bunsuz heç nəyə nail ola bilməzlər. Bəli, Azərbaycan diyarının multikulturallığın orijinal ünvanına dönməsinin ilkin sosial-psixoloji əsasları məhz hər şeydən öncə xalqımızın etnopsixologiyasından, zəngin mənəviyyatından, mili-mədəni dəyərlərindən rişələnir. «Söymə nökər dədəmi» deyən xalqımız bölgədəki, regiondakı böyük ictimai-siyasi nüfuzlarından sui-istifadə etmədi, öz nökərinə, öz təbəəsinə, öz müttəfiqinə, köləsinə həqarətedici nəzərlərlə baxmadı, hörmətlə yanaşdı ki, ona da - onun bəy dədəsinə də eyni qaydada hörmətlə yanaşılsın və nəticədə səmimi, istiqanlı münasibətlər formalaşsın. Bəli, bu, dünyanın lider dövlətlərinin, həmin dövləti təmsil edən və özlərini ali irq sayan millətlərinin əxz etməli olduğu həyat dərsi, insanlıq fəlsəfəsidir. Yoxsa ki, əks təqdirdə dünyadakı öz hegemon mövqelərindən sui-istifadə etmək bəşəriyyəti məhvə-fəlakətə doğru sürükləyər. Necə ki, elə bunu elə xalqımızın dahi mütəfəkkiri H.Cavid başqa bir məqamda elə ifadə etmişdir: Təməddünün (mədəniyyətin) sonu vəhşətmidir (vəhşilikdirmi), nədir, əcəba (görəsən)? Bax bu cür ittiham edirdi bəşəriyyəti dahi filosof. Görürdü, anlayırdı ki, mədəniyyət adı altında antimədəniyyət tüğyan edərək, insanlıq dünyası mənəvi iflas həddinə yetişəcəkdir. Nüvə silahları, reaktiv bombalar və s. alimlər tərəfindən bəşəriyyətə xeyirxah məqsədlərlə xidmət etmək üçün icad edildiyi halda, bundan antihumanist zorakılıq əməlləri törədilirsə, bu, bəşər mədəniyyətinin sonucda vəhşiliyə doğru yuvarlanması deyilmi? Məhz dahi filosofumuz, xalqımızın böyük övladı H.Cavid bu kimi mənəvi fəsadlara işarə ilə yuxarıdakı misrasını işlətmişdir.Bəli, insan ağlı, insan zəkası insanlığa xidmət etməlidir. İnsan isə sosial varlıq olmaqla mənəvi varlıqdır, belə olduqda isə insanlıq anlayışı altında mənəvi varlıq - mənəviyyat məfhumu dayanır. Mənəviyyat isə öz həyati ifadəsini, real görüntüsünü mədəniyyət hadisəsində tapır. «Qızım, sənə deyirəm, gəlinim, sən eşit»-deyən xalqımız mədəniyyəti özündən başlayıb, tənbehi əvvəlcə özününkünə edib, bundan da başqasının - yadın ibrət götürməsini istəyib. Bax budur azərbaycanlı milli mentalitetinin özünəməxsus ifadə forması və başqalarına öz əməllərindən nümunə göstərmək mədəniyyəti!Biz azərbaycanlılar təbiət etibarilə qədim Şərq mədəniyyəti, qədim Türk təfəkkürü və müasir İslamın şəriət və ehkamlarını sintez edib, birləşdirməklə bu gün sivil dünyaya multikulturalizmin Azərbaycan modelini açıq-aşkar şəkildə (və hətta dövlət səviyyəsində) göstəririk. Qafqaz regionunda və ölkəmizdə etnoslararası münasibətlərdə Azərbaycan xalqının milli-mental dəyərlərinin dominantlığı da bu baxımdan təbii qarşılanmalıdır.Azərbaycanlıların ailə-məişət mədəniyyəti özü bütün dünyaya ta əzəl çağlardan bir örnəkdir. Azərbaycanlı ailəsi bütöv sarsılmaz bir dünyanın ictimai formadakı özək qatıdır. Ta qədimdən azərbaycanlılarda monoqam ailə tipi mövcud olub. Bu, nə deməkdir? Bu, qadına olan hörmətin, verilən dəyərin yüksək təzahür forması olub, təkarvadlı ailə tipi deməkdir. Yəni ta qədimdən azərbaycanlılarda təkarvadlılıq prinsipi hökmran olub. Hətta 13 əsrdir ki, islam dinini qəbul etmiş olsaq belə, islam şəriətinin buyurduğu halal yolla siğə eləmək və bir neçə arvad almağın mümkünlüyü məsələsi bir qədim türk etnosu olaraq azərbaycanlılara təsir etməyib. Azərbaycan xalqı monoqam ailə tipinə sadiqliyini qoruyub saxlayıb. Hətta son zamanlar bu məsələ Milli Məclisdə müzakirə olundusa da, Azərbaycanda bir neçə arvad almaq məsələsi xalqımızın milli-mental dəyərlərinə uyğun olaraq qanuniləşmədi. Çünki 13 əsrdir ki, islam amili təkarvadlılıq sindromunu Azərbaycan xalqının təbiətindən sındırıb-çıxarda bilməyib. Ona görə ki, Azərbaycanlı etnosunun düşüncəsinə görə qadın-qız ailənin, nəslin, tayfanın namusu-şərəfidir, qadın-ana müqəddəsdir və Ana haqqı-Tanrı haqqı deyə ana əziz, müqəddəs tutulub dəyərləndirilmiş, Tanrı (Allah) göydə tək olduğu kimi, qadın (arvad) - uşaqların anası olan ana da tək olmalıdır prinsipi güdülmüşdür. Beləcə, qız-gəlin, qadın, ana ucuz tutulmamış, anaya yüksək dəyər verilmiş və nəticədə təkarvadlı sarsılmaz ailə tipinə üstünlük verilmişdir. Ailə isə cəmiyyətin, dövlətin əsası deməkdir. Bir yerdə ki, anaya, ailəyə - kiçik dövlət olan ailəyə hörmət var, o yerdə dövlət də möhkəm əllərdə olar, dövlətçilik də inkişaf, tərəqqi edər. Eyni zamanda orada - ailədaxilində də mehribanlıq hökm sürər, bu mehribanlıq telləri isə qonşuya, qonşudan da ətraflara - yad etnoslara da münasibətdə bərqərar olub, möhkəmlənər. Bax budur Azərbaycanlı ailə -məişət mədəniyyəti və o mədəniyyətdən multikultural dəyərlərə çıxış nöqtəsi!Bu kimi incə məqamlara nəzərən qətiyyətlə onu da iddia edə bilərik ki, Azərbaycan ölkəsi bir poliqon kimi əcnəbi millətlərin, xarici ölkələrin gözü ilə Azərbaycana kənardan seyrçi nəzərlə baxılsa, həm də interkultural bir məkandır. Tədqiqatçı Niyaz Niftiyevin bu məqamla bağlı söylədiklərinə diqqət etsək, bir daha dediyimizin təsdiqini görərik:«İnterkulturalizm həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif, çeşidli və fərqli mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və anlaşmanı təşviq edən fəaliyyətlər deməkdir. Azərbaycanın bu məsələlərdə unikallığı ondan ibarətdir ki, xalqımız əsrlərdir ki, həm milli, dini multikultural tərkibə, həm də Qərb və Şərq ənənələrinin müsbət təmayüllərinin daşıyıcısı kimi islam və xristian dünyasının malik olduğu beynəlxalq təsisatların üzvü olmaqla interkultural fəaliyyət imkanlarına sahibdir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər və layihələr bu səbəblərdən qaynaqlanır.Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun qənaətinə görə, multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır: «Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar da dəstəkləyirlər» (səh. 32-33).Azərbaycan xalqının ailə-məisət mədəniyyəti öz tipinə görə elə dominant nüfuza malikdir ki, bu mədəni amil nəinki təkcə ölkəmizin dinbir, məzhəb bir vətəndaşları olan – islam dininin daşıyıcıları olan qeyri-etnik xalqlarının nümayəndələrinə, eləcə də dinayrı, məzhəb ayrı olan digər din daşıyıcılarına da müsbət mənada öz hegemon təsirini yeritmişdir. Məsələn, deyək ki, talışlar, ləzgilər və s. bu qəbildən olan müsəlman etnosların bizim ailə-məişət mədəniyyətimizi mənimsəmələri ilk baxışda bir islam dininin, müsəlman mədəniyyətinin daşıyıcısı olmaqla təbii görünəndir. Bəs xristian dininin daşıyıcıları olan slavyandilli rusların, malakanların, qonşu gürcülərin, yaxud elə bizim qan düşmənlərimiz olan ermənilərin bizim etnik mədəniyyətimizə uyğunlaşmalarını hansı amillə izah etmək olar?Yenə də bunun cavabını xalqımızın əski çağlardan-özü ilə yaşıd olan yüksək mədəni səviyyə etalonu ilə bağlamaq lazımdır. Konkret həyati misallara müraciət yolu ilə dediklərimizi əsaslandıraq. AMEA-da laboratoriya müdiri vəzifəsində çalışan əmimiz qızı ilə bir yerdə bir gənc rus qızı da işləyirdi. O qızı mən də görmüşəm. Bəzən elə olurmuş ki, laboratoriyada aparılan işlər uzandığından, iş vaxtından bir qədər gec işdən çıxmalı olurmuşlar. Bu vaxtlar həmin rus qızının atası (qızın anası rəhmətə gedibmiş) zəng edib qızının evə niyə gec gəlməsindən narahat olduğunu bildirirmiş. Şöbə müdiri olan əmimiz qızı ona narahat olmaması üçün təskinedici sözlər deyib, işin çox olması ilə bağlı gecikməsini səbəb gətirsə də, yenə də kişi qızının evə vaxtında gəlib – çıxmamasından narahat bir hal alarmış. Düzü, mən bu məlumatı ilk dəfə eşidəndə, təəccüblənərdim ki, axı ruslar üçün evə gec gəlməyə nə qoruq-qaytaq?.. Yəni ruslar da qızlarının evlərinə bir qədər gec gəlməsindən narahat olarlarmı? – deyə düşünüb, xəyala dalardım.Digər bir fakt. Yenə Bakıda doğulub-yaşayan bir rus ailəsində ailə qurub-boşanmış bir rus qızı səhhəti ilə bağlı həkimə müraciət edir. Müayinənin nəticəsi olaraq həkim rus qızına xəstəliyinin ötüb-keçməsi üçün bir kişi ilə ailə həyatı yaşamasını məsləhət görür. Lakin həmin rus qızı yenə həkimin bu müalicə üsulu kimi etdiyi təklifi qəbul etmir və bildirir ki, qanuni yolla ər-arvad kimi yaşamayacağı heç bir kişi ilə yaxınlıq etməyəcəkdir.Bu epizodları niyə misal gətirirəm? Ona görə ki, bir etnos-xalq olaraq rus milli düşüncəsi üçün, bir din daşıyıcısı olaraq xristian bir kəs üçün xüsusilə təəccüblüdür. Axə bakirəlik anlayışı, namus-ismət məsələsi bizim xalq üçün mühümdür, müqəddəsdir.Yeri gəlmişkən elə buradaca bir məqamı da qeyd edim ki, Azərbaycandan köçüb gedən bir çox erməni ailələri də Yerevanda, Ermənistanda yerli ermənilərin ermənisayağı, xristiansayağı əməlləri ilə uyğunlaşmadıqlarından, oradan başqa xarici ölkələrə mühacirət etdilər. Belə ki, Ermənistanda yaşayan ermənilər Bakıdan, Azərbaycandan köçüb gedən öz soydaşlarının – Azərbaycan ermənilərinin qız-gəlinlərinə həyasız münasibət göstərib, namussuzluq etdiklərindən, onlar da bu cür rəftarı qəbul etməyib, tamamilə yad məmləkətlərə – Rusiyaya və s. yerlərə köçmək məcburiyyətində qalmışdılar. Bunu ermənilər özləri etiraf edib danışırmışlar.Bütün bunlar nəyin göstəricisidir? Azərbaycan ərazisində uzun müddət qalıb məskunlaşan, yaşayan Azərbaycan vətəndaşları dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının milli mədəniyyətinin təsiri altına düşüb, yaxşı mənada assimilyasiya olunurlar. Bunun da səbəbi Azərbaycanın milli-mental dəyərlərinin yüksək əxlaqi dəyərlərə, humanizmə, uca mənəviyyata bağlı olmasından irəli gəlir. Çünki Azərbaycan xalqı qıza-qadına namus-şərəf məsələsi, ləyaqət simvolu kimi dəyər verib. Azərbaycan qadınının adı çəkiləndə o zaman mənəvi dəyərlərimizin daşıyıcısı və qoruyucusu olan bir müqəddəs sima gözlərimizin qarşısında canlanıb. Deməli, qan düşmənlərimiz olan ermənilər də, yerli azərbaycanlı ruslar da digər etnoslar kimi Azərbaycan ərazisində yaşaya-yaşaya Azərbaycan milli-mənəvi dəyərlərini görüb-götürüblər, Azərbaycanın milli adət-ənənələrinin uca olduğunu görüb ona yiyələniblər. Azərbaycandan qaçqın düşən ermənilərlə İrəvanda və xaricdə yaşayan ermənilərin qıza-gəlinə yanaşma məsələsində yaranan təzadlı cəhətlər də məhz buradan - azərbaycanlılıq ənənəsindən qidalanır. Elə bizim dövlət siyasətimiz olan Azərbaycançılıq ideologiyasının da mahiyyəti bu kimi yüksək mənəvi prinsiplərə söykənir.Bir əyani misal da çəkməklə fikirlərimi daha aydın şəkildə təsəvvürlərdə canlandıracağam. 1993-cü ildə doğma Qarabağdan qaçqın düşən soydaşlarımız çadır düşərgələrində kompakt halda məskunlaşanda, xarici ölkələrdən onlara ərzaq, geyim və s. yardım payları verilirdi. Həmin ərəfədə hansısa ölkədən verilən yardım avadanlıqları içərisində qoruyucu vasitə kimi prezervativ qondomlar da olmuşdu. Yazıq Azərbaycanlılar, məzlum qaçqınlar nə bilərdilər ki, qoruyucu vasitə nədir. Uşaqlar həmin qondomları hava şarı bilib, əllərində tutub, içərisinə hava üfürüb şişirtmək istəmişdilər. Çünki Azərbaycanın milli düşüncəsində qız-qadın müqəddəsdir, bakirəlik anlayışı uca tutulub, bir kişinin halal-hümmət yolla bir qadını – bir ailəsi olar düşüncəsi hakim olan mühitdə kimin ağlına oğraşlıq etmək gələr?!. «Qazan qarası gedər, namus qarası getməz» düşüncəsilə həyat sürən Azərbaycan xalqının bu həyat amalı Azərbaycan ərazisində yaşayan bütün Azərbaycan vətəndaşları üçün dini-irqi mənsubiyyətindən asılı olmayaraq yaşam tərzinə çevrilib. Bu cür yüksək əxlaqi dəyərlərin daşıyıcısı olan xalqımızın digər etnosların mədəniyyəti üstünə dominantlıq etməsinin səbəbi də məhz bu amillə ölçülməlidir.1 Dekabr – QİDS (QİÇS) – AİDS – SPİD əleyhinə ümumdünya mübarizə günü kimi qeyd olunur. Məncə, Azərbaycan xalqının qıza-qadına qarşı olan münasibətinin dünya ölkələri tərəfindən öyrənilib – mənimsənilməsi bu problemi avtomatik olaraq öz yoluna qoyar. Onsuz da Qərb, Avropa Şərq mədəniyyətini öyrənməklə, mənimsəməklə məşğuldur, qoy Azərbaycan xalqının etnik təfəkkür dünyasında yaşayan qadın-ana müqəddəsliyi fenomeninin də sirlərini öyrənib, özləri üçün, bütün dünya üçün əxz etsinlər. Onda nə qoruyucu şarlara (qondomlara) ehtiyac qalar, nə də ki, artıq qlobal problem – xəstəlik olan SPİD-ə (AİDS-QİDS) yoluxma halları baş verər. Bəşəriyyət də özünü belə bir xəstəlik təhlükəsinə salmaz. Bax özünün yüksək mədəniyyəti ilə Azərbaycan xalqı irqi-dini ayrı-seçkiliyi aradan qaldırır, islam və xristian dinlərinin mənsublarını bir mədəni arenada birləşdirir. İnterkulturallığın ünvanı olan Azərbaycan dünyasında onun vətəndaşlarının bir mehriban ailə şəklində yaşamalarının sirri Azərbaycan xalqının yüksək mədəni dəyərlərinin inteqrasiya olunması ilə bağlıdır. Bu inteqrasiya prosesi beynəlmiləlçilik əhval-ruhiyyəsi ilə müşayiət olunur; ölkə vətəndaşlarını həmrəylik, qardaşlıq duyğuları altında bir-birlərinə yaxınlaşdırır, səmimi, doğma münasibətlər formalaşdırır.Bizim Mifologiya şöbəsinin elmi əməkdaşı İlhamə Qəsəbovanın milliyyətcə gürcü olan şair-publisist Giya Paçxataşvilinin həyat yoldaşının vaxtsız ölümü ilə bağlı qəzetdəki çıxışı da məni heyrətə gətirmişdi. Yazıda gürcü Giyanın həyat yoldaşına olan sonsuz sevgisi bədii-publisistik bir dillə elə təsirli verilmişdi ki, deyərdin ki, bəs əfsanəvi Əsli-Kərəm, Qərib-Şahsənəm, Leyli-Məcnun məhəbbətindən söz açılır. Daha doğrusu, bir azərbaycanlı etnosunda olan ailə sevgisi, ər-arvad sədaqəti necə güclüdürsə, İlhamə Qəsəbova da yazısında Giya Paçxataşvilinin həyat yoldaşına olan sədaqətini beləcə ideallaşdırmışdı. Düzü, Giyanın yerində bir sevgisində fədakar aşiq olan azərbaycanlı oğlunun simasını görürdüm. Düzü, içimdə bir həsəd hissi baş qaldırırdı ki, kaş bu yazı hansısa bir azərbaycanlı ailəsi ilə bağlı yazılaydı. Sonra isə düşüncələrimə bir qədər aydınlıq gətirirəm ki, bu yazının müəllifi bir azərbaycanlı qızıdır və təbii ki, məqalədə bir azərbaycanlı əhval-ruhiyyəsi, azərbaycanlı ailəsinə xas əlamətlərin əks olunması təbiidir. İkincisi də odur ki, Giya milliyyətcə gürcü, dininə görə xristian olsa da, o da atası-babası Azərbaycan torpağında yaşamış olan azərbaycanlı gürcüdür və bütün Azərbaycan vətəndaşları kimi, o da Azərbaycan xalqına xas olan milli-mənəvi keyfiyyətləri öz təbiətində yaşadıb. Məhz Azərbaycan milli mədəniyyətinin daşıyıcısı olan bir gürcü kimi onun ailə sevgisində də bu dərəcədə sədaqətli olması və bunun ona həsr olunmuş yazıda əksini təpması da məntiqi baxımdan qəbul olunandır.Bax budur qədim Azərbaycan torpağının yerli sakinlərini birləşdirən əsrarəngiz qüvvənin sirri – qədim Azərbaycan mədəniyyətinin bayrağı altında birləşən millətlər, etnoslar qədim türk mədəniyyətini özlərinə yelkən edib şad-şalayın dövran sürüb, yaşayırlar.Azərbaycan dilinin şirinliyi ilə üç dildə – Azərbaycan, erməni və gürcü dillərində söz qoşan, şeir deyən, mahnı oxuyan aşıqlar özü bir daha Azərbaycan mədəniyyətinin Qafqaz regionunda dominant təsirə malik olduğunu nümayiş etdiriblər. Azərbaycan mədəniyyəti xalqlar, millətlər, dinlər arasında interkultural fəaliyyət imkanları yaradıbdır. Hər bir etnos, xalq, millət, din daşıyıcısı bu qədim və zəngin mədəniyyətlə təmasda olub ondan bəhrələnməyə real imkan qazanır. Azərbaycan mədəni dəyərləri öz siqləti etibarilə beynəlmiləlçilik əhval-ruhiyyəsi formalaşdırır. Azərbaycan mədəniyyətinə inteqrasiya olunanlar bu mədəni mühitdə əriyib-itmir, əksinə, öz mədəniyyətlərinin miqyaslarını bir qədər də genişləndirir, öz mədəni irslərini bununla daha da zənginləşdirirlər."Azərbaycan türkləri ilə yanaşı bu gün Azərbaycan xalqının və ya millətinin tərkibinə ləzgilər, ruslar, talışlar, Ahıska türkləri, avarlar, kürdlər, saxurlar, tatlar, yəhudilər, udilər, ingiloylar, və b. daxildir. Bu etnoslar milli özünəməxsusluqlarını qorumaqla yanaşı bütövlükdə Azərbaycanı təmsil edirlər. Azərbaycan xalqının ümümmilli ideallarının həm mənbəyi, yaradıcısı, həm də daşıyıcısı bütövlükdə Azərbaycan xalqıdır. Harada (istər Azərbaycan Respublikasında, istər tarixi Azərbaycanda, istərsə də vətəndən xaricdə) yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan Respublikasına – azərbaycanlıların müstəqil dövlətinə milli idealların əsas müdafiəçisi kimi baxmaqda tamamilə haqlıdır" (Bax: Nizami Cəfərov, Vüqar Sərdarov, Altay Cəfərov, «Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları», «Bakı, AzAtaM», 2016, səh.32).Lakin bir təəssüfləndirici məqamın da üstündən sükutla keçmək olmaz. Xainlərin, satqınların milliyyəti olmur. Azərbaycan adlı cənnətməkan diyarda həmişə rahat yaşayıb, firavan gəzib-dolaşan nankor qonşularımız ermənilər isə hər məsələdə olduğu kimi, Azərbaycan etnomədəniyyətinin bəxş etdiyi interkultural iqlimdən öz mənafeləri naminə sui-istifadə etdilər. Mədəni dəyərlərimizi əxz edib mənimsədilər və bu milli dəyərlərimizi özlərinin adlarına çıxmağa başladılar. Məsələn, Azərbaycan musiqilərinin, «Sarı gəlin» və başqa milli mahnılarımızın ermənilər tərəfindən ifa olunması mənimsənilməsi özü multikultural yaşamın bir inikasıdır; lakin bu milli-mənəvi dəyərləri, etno mədəniyyəti sonradan birbaşa öz adına çıxmaqla onu özəlləşdirməyə edilən cəhdlər isə həm də bir daha ermənilərin multikulturallıq amilindən də sui şəkildə bəhrələnmə hallarını açıq-aşkar göstərir. Plagiatlıqda səriştəli olan ermənilər Azərbaycan ölkəsindəki multikultural mühitdən geninə-boluna yararlanıb bu mədəni-mənəvi mirası mənimsədikdən sonra onu öz xalqlarının adına bağlamağa canfəşanlıq göstərdilər və hazırda da bu istiqamətdəki oyunbazlıqlarını davam etdirməkdədirlər.Azərbaycan türkünün qapısı hər kəsin üzünə açıqdır, bu qapıdan gəlib-gedən qonaqlar özləri üçün hər şey götürüb-apara bilərlər. Amma bizimi bir yaxşı məsəlimiz də var: «Məscidin qapısı açıqdı, ancaq itdə də bir həya gərəkdir». İndi ermənilərə də deyən gərəkdir ki, Azərbaycan mədəniyyəti hər kəsin üzünə açıq olub, amma girib ordan it kimi oğurluq etmək yox, bu mədəni irsdən bəhrələnmək lazımdır. Mədəni miraslar bütün bəşəriyyət üçündür, siz də bu bəşəri irsdən qaydasınca faydalana bilərsiniz, əgər siz də bəşər övladısınızsa...Bəli, Azərbaycan torpağı çoxmillətli bir diyardır. Zəngin florası, faunası olan vətənimiz ta əski dövrlərdən üzü bəri qonaqlı-qaralı olmuş, qapısını hər kəsin üzünə geniş açmışdır. Buraya gələn qonaqlar gördükləri xoş üzdən, isti münasibətdən, mehribanlıqdan xoşhal olmuş, «qonaq üz görən yerə» məsəlimizdə vurğuladığı kimi, burada üz gördükdə isə əbədi məskən salıb qalmışlar da. Ona görə də Azərbaycanımız tarixən müxtəlif etnik qrupların, milli azlıqların birgə, səmimi, mehriban yaşadığı bir cənnətməkana dönmüşdür. Müasir istilahla desək, bu səbəbdən də ölkəmiz multikulturallığın və tolerantlığın hökm sürdüyü bir məmləkət kimi dünyada seçilib-tanınır.Şakir Albalıyev, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.