Daşlaşmış tariximiz Gürcüstan, Borçalı, Bolus 7 Nisan Azərbaycan türklərinin Borçalıda, ümumən Gürcüstanda məskunlaşması tarixinə nəzər yetirərkən məlum olur ki, qədim tarixi mənbələrin verdiyi məlumata görə, bu tarix quldarlıq ictimai-iqtisadi formasiyasının son əsrlərinə, erkən orta əsrlərə təsadüf edir. Belə ki, türkdilli tayfaların Gürcüstanın cənub-şərq ərazisinə, o cümlədən Borçalıya eramızdan çox-çox əvvəl və erkən orta əsrlərdən köçüb (V-X əsrlər) məskunlaşması tarixi sənədlərdə qeydə alınmışdır. Tarixdən məlumdur ki, XI əsrdə oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa vaxtda demək olar ki, Zaqafqaziya ərazisində, o cümlədən Kartlidə (Şərqi Gürcüstanda) məskunlaşırlar. Həmin dövrün gürcü mənbələrində, xüsusilə “Davitis istorikosi” də (çar IV Davidin tarixi) Gürcüstanın iki yerə bölündüyü qeyd olunur: Türklərin məskunlaşdığı ərazi Didi Türkoba (Böyük türklük), gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır. Borçalının tarixi Azərbaycan ərazilərinə aid olmasına ən önəmli sübut Osmanlı sənədli qaynaqları təhrir (vergi – maliyyə) dəftərləridir. Ümumən VI əsr ömür sürmüş Osmanlı imperiyasının öz dövründə ən güclü mərkəziyyətçi (sentralizm) üsul – idarə sistemi mövcuddur. “Osmanlı fəth üsulları” adlanan ənənəyə görə türklər yeni ilhaq etdikləri torpaqlarda əlvəhəl vergi toplama qanununu həyata keçirirdilər. Onlar 1723 – 1728 – ci illərdə Qafqaziyanı yenidən zəbt edərkən “Tiflis əyalətinin (Borçalı və Qazax) müfəssəl dəftərini” yaratmışdılar. Həmin “Dəftər”in 413 – 423 – cü bəndlərində Borçalının bir çox bölgələrinin, o cümlədən, Faxralının da adı çəkilir. Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna rəğmən kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək mümkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır. Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir. XVII əsrin sonlarından başlayaraq kəndin əhalisi Azərbaycanın xüsusilə Qazax – Gəncə və Qarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına xeyli artmışdır. 11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi "Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar" külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasına daxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir. Qədim Borçalı mahalının ağır eli olan Faxralı tarixi ilə maraqlananda məlum olur ki, XV əsrin ikinci yarısında, daha dəqiq olaraq 1474-cü ildə Türklər Gürcüstanı işğal etdikdən sonra Mahmud bəyi Faxralıya vali təyin edirlər. Bundan başqa gürcü-tarixçi alimlərin hazırladıqları XVII əsrin siyasi xəritəsinə diqqət çəkərkən bəlli olur ki, Türkiyə ərazisində Parxali adlı yaşayış məntəqəsi qeyd olunub. Əgər bu kənd xəritəyə düşübsə deməli xırda deyilmiş. Digər tərəfdən gürcü qramatikasını mənimsəyənlər yaxşı bilir ki, bu dildə “f” səsi “p” səsi kimi, “i” səsi “ı” səsi kimi tələffüz olunur və yazılır. Kəndin mövcudluğu XVII əsrə aid xəritə ilə təsdiqlənirsə, onda onun əzəli tarixi XIV-XVI əsrlərlə səsləşməlidir. Deməli həmin əsrlərdə Türkiyənin ərazisində Faxralı - Farxali adlı yaşayış məntəqəsi olub. Bu eynilik və bənzərlik isə ancaq miqrasiya ilə bağlı olur. Faxralı ərazisindəki qəbirüstü abidələrin təsvirini verərkən isə əvvəlcə onu qeyd etməliyik ki, bu yazılar son dərəcə böyük sənətkarlıqla sığallanıb hazırlanmış boz rəngli daş üzərində həkk olunmuşdur. Dünya yazı tarixindən məlumdur ki, yazılar istiqamətinə görə çox müxtəlif forma və quruluşda olurlar. Belə ki, bəzi yazılar sağdan sola, bəziləri soldan sağa tərəf üfiqi formada yazılmışdır. Üfiqi yazının dolama-dolama forması da olmuşdur. Bundan başqa sağdan sola – yuxarıdan aşağı və soldan sağa – yuxarıdan aşağı şaquli istiqamətində də yazılar mövcuddur. Ümumdünya yazı tarixi prinsipləri baxımından Faxralı yazılı abidələrinin aşağıdakı cəhətləri diqqəti cəlb edir:• Bu abidələr yazının soldan sağa – üfiqi formasında yazılmışdır. Yazının bu istiqamətdə forması dünya xalqlarının təcrübəsində geniş yayılaraq daha mədəni və münasib hesab edilir. • Abidələrdəki sözlər arasında məsafə hiss edilmir. Demək olar ki, bu növ qrafik qaydaya heç əməl olunmamışdır.• Sözlərlə hərflər bir-birinə bitişdirilmir, hər bir hərf işarə ayrı-ayrılıqda göstərilir. Halbuki əksər yazı sistemində əlyazma şəklində hərflər bir-biri ilə bağlanır, əlaqələnir. Bu xüsusiyyət də abidənin çox qədimliyinə dəlalət edir.• Mətnlərdə heç bir durğu işarəsindən istifadə edilməmişdir. Yazıda durğu işarələri işlətməmək, sözləri bir-birindən ayırmaq da qədim yazılara aid olan xüsusiyyətdir.• Abidələrdəki mətnin həcmi 8 və 12 sətirdən ibarətdir. Burada 164 işarə işlədilmişdir.• Mətndəki hərflərin tərkibində iki növ məlum işarədən – xətt formasından istifadə olunmuşdur. Bunlardan biri düz xətt, ikincisi ovaldır. Hərflərin əksəriyyətində düz xətdən üfiqi və şaquli vəziyyətdə istifadə edilmişdir. Bir qrup hərfdə isə oval və ovalvari xəttə müraciət olunduğu görünür.• Mətndə 37 işarə - hərf var.• Hərflərin əksəriyyəti xüsusi formaya malikdir. Lakin bəzi hərflər digərindən əlavə edilmiş müəyyən işarə ilə fərqlənir.• Hərflərin bir qrupu quruluşca sadə, digəri isə mürəkkəbdir.• Mətndəki bu sirli işarələrin bəzisi tamamilə hərf kimi göründüyü halda, bəzisi isə bir neçə ünsürdən ibarət olan heroqlifi xatırladır. Ümumiyyətlə, xalqımızın qədim soykökünü və ya təşəkkülü tarixini araşdırarkən, yazılı abidələr və arxiv sənədləri ilə yanaşı, cəmiyyət tarixinin müşahidəçisi, cəmiyyəti aramsız qəbul edib növbə - növbə, nəsil – nəsil yola salan, müşayiət edən, uzaq keçmişimizin bu günkü şahidləri olan yer – yurd adlarının – toponimlərin də böyük rolu vardır. Toponimlər bu və digər regionda yaşayan əhalinin tarixini, milli mənsubiyyətini, mədəniyyətini, məişətini öyrənmək üçün ən qiymətli tarixi mənbələr sırasında özünəməxsus yer tutur. Məhz buna görə də, müasir toponimlərin, o cümlədən, oykonimlərin (yaşayış məntəqələrinin adları) tarixi nöqteyi – nəzərdən öyrənilməsi böyük əhəmiyyət daşıyır. Bu mənada, yer – yurd adları, toponimlər xalqın ümumi təfəkkürünün məhsulu olduğu kimi, onun tarixinə də bu və ya digər cəhətdən xidmət edir. Məhz buna görə də, hər bir toponimə və oykonimə ümumxalq təfəkkürünün məhsulu kimi yanaşılmalı, tarixin dərinliklərindən bu günə gəlib çıxan toponimlər qorunub saxlanılmalıdır, zay edilməməlidir. Toponimlər xalqın mənəvi varlığıdır, onları heç bir yerdə, heç bir vaxt təhrif etmək, zay etmək və dəyişdirmək olmaz. Çünki toponimlər hər bir xalqın tarixən formalaşmış, təşəkkül tapmış tarixi ünvanıdır. Bu ünvanlara isə, müqəddəscəsinə yanaşılmalıdır. Ünvanları təhrif etmək və dəyişmək gələcək nəsli çaşdırar, elmi dolaşıqlığa gətirib çıxarar. Bu nöqteyi – nəzərdən xalqımızın qədim zamanlardan yaşadığı bütün regionlarda, o cümlədən də Borçalı mahalında orta əsrlərdən yayılmış zəngin və rəngarəng xüsusiyyətlərə malik olan türk köklü toponimlərin toplanması və öyrənilməsi böyuk elmi əhəmiyyətə malikdir. Tarixçilərin, xüsusilə Faxralı tarixi haqqında kitablar, elmi tədqiqatlar və araşdırmalar, məqalələr yazanların nəzərinə çatdırmaq istəyirəm ki, kəndin əsl adının təhrif edilməsi yolverilməzdir. Belə ki, məlum məsələdir ki, Faxralı toponiminin şəriksiz yozumu Alı ilə bağlıdır. Ağsaqqalların, kəndin tarixi ilə maraqlanan tarixçilərin mülahizələrinə görə Faxralı ərazisində ilk dəfə XVII əsrin əvvələrində Qarabağdan gəlmiş Alı və Hüseyn qardaşları məskən salıb. Araşdırmaçı tarixçilərin fikrinə görə bu nəslin ağsaqqalı “fağır” bir adam olan Alı imiş. O dövrlərdə bu və ya digər nəsil, sonralar böyüyüb el – elat olanda da nəslin ağsaqqalının adı ilə tanınıb. Lakin onların bu fikirləri ilə mən heç bir halda razı deyiləm. Belə ki, kənd bu günkü günə kimi Borçalı mahalında Qanlı Faxralı kimi tanınıb. Bu ad onun bədxahlarının gözünün odunu alıb, adına, qeyrətinə, mərdliyinə küsənənlərə arxa – dayaq olub. Əgər bu belədirsə, onda kəndin adının “fağır”lıqla nə əlaqəsi ola bilər?. Bundan başqa Qara Namaz, Qaçaq Rusdam, Çərçi oğlu Hümbət, Zuravoğlu Mustafa, Dəli Eyyub, Qara Əhməd, Osmannı Süleyman, Təhməzqulu Mirzəli oğlu, Nəbi Əlləz oğlu, Xəmməd Alı, Dıqqıl Bayram, Səməd Süleyman oğlu və. s. kimi qaçaq – qoçaqları olan kənd necə “fağır” adlandırıla bilər?. Tarixçilər və tarix yazanlar məndən inciməsin, zənnimcə bu cür fəxr olunası qəhrəmanları olan kəndin soykökünü Fağır – Alı ilə yox, Fəxr – Alı ilə bağlasalar daha düzgün olar. Bundan başqa hamımıza yaxşı məlumdur ki, daima qaçaq – qoçağın məskəni dağlıq ərazilər və meşələr olub. Bu da eyni zamanda mənim fikrimin daha dəqiq və düzgün olmasını özündə əks etdirir. Toponimik mülahizələrdən məlumdur ki, bu və ya digər toponimin yaranmasında və tarixən yaşamasında, ilk növbədə, həmin regionda yaşayan qəbilə, tayfa və xalqın varlığı, həmçinin, həmin yerin təbii görünüşü və relyefi özünü əks etdirir. Belə olan halda hər tərəfi dağlarla – meşələrlə əhatə olunmuş Faxralı toponiminin yaranmasında da bu xüsusiyyət öz əksini tamamilə tapmışdır. Toponimlərin yaranması isə bu və ya digər ərazilərdə hər hansı qəbilə, tayfa və xalqın məskən salması tarixi ilə bağlıdır. Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. Ona görə də tariximizin əks – sədası olan abidələrimizi öyrənmək və qorumaq hər kəsin vətəndaşlıq amalına çevrilməlidir. Bu baxımdan Faxralı kəndi qədim abidələrinin çoxlugu baxımdan daha zəngindir. Faxralı ərazisindəki Səkkizayaq adlandırılan tikili bir alban atəşpərəstlik məbədidir. Erkən orta əsrlər Qafqaz Albaniyası memarlığında gümbəz formalı məbədlər, həmçinin günbəzli zal və bazilikalar əsasında inkişaf etdirilmişdir. Bu üslublar memarlıq tarixində xüsusi əlamətdar əhəmiyyətə malikdirlər. Belə ki, Səkkizayaq məbədi çoxyaruslu mərkəzi günbəzli kompazisiyaya malikdir. Məbədin divarlarının kvadrat əsasında inşa edilməsi, günbəzin isə tetrakonxun mərkəzində səkkizguşəli özül üzərində ucaldılması alban memerlığının əsas üslubudur. Göründüyü kimi, Faxralı kəndinin yazılı abidələrinin nədən bəhs etdiyi hələ hər birimiz üçün sirr olaraq qalır. Faxralı yazılı abidələrində türk ruhu, qədim türk əlamətləri hiss olunur. Zənnimcə bu yazıların sirrinin açılması təkcə türk dünyası, onun qədim tarixinin işıqlandırılması üçün deyil, həm də ümumdünya yazı mədəniyyəti tarixi üçün də olduqca qiymətlidir. Bunun üçün hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar. Çingiz QasımovZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.