Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951)

Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951)
TƏBRİK EDİRİK!..

Əlixan Yəhyaoğlu (Məmmədov) -

1951-ci il martın 10-da
qədim Borçalı mahalında -
indiki Gürcüstanın
Bolnisi rayonundakı qədim
Dəllər kəndində doğulub.
(Borçalıda Dəllər adında
bir neçə kənd vardır.
Xalq onları bir-birindən
fərqləndirmək üçün
Bolnisi rayonundakı
Dəllər kəndini -
Aran Dəl­ləri,
Başkeçid (indiki Dmanisi)
rayonundakını isə
Dağ Dəlləri adlandırır;
Aran Dəlləri kəndinin adı
təəssüflər olsun ki, XX əsrin
sonlarında bir çox milli toponimlərimiz kimi dəyiş­dirilərək "gürcüləşdirilmiş" və Muşevani adlandırılmışdır.)

Əlixan Yəhyaoğlu 1958-ci ildə Dəllər (indiki Muşevani) ibtidai məktəbinin I sinfinə, 1959-cu ildə isə Marneuli internat məktəbinin II sinfinə qəbul olunub və 1968-ci ildə internat orta məktəbini bitirib.
1968-ci ilin sentyabrından Dəllər (indiki Muşevani) 8 illik məktəbində bədən tərbiyəsi müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb və hazırda da pedaqoji fəaliyyətini həmin məktəbdə davam etdirir.
1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) qiyabi şöbəsinin filologiya fakültəsinə qəbul olunub.
1970-ci ildən 1972-ci ilədək keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1972-ci ildən 1978-ci ilədək məktəb komsomol komitəsinə
rəhbərlik edib. 1977-ci ildə APİ-nin (indiki ADPU-nin) filologiya fakültəsini bitirib.
1978-ci ildən 1984-cü ilədək Dəllər (indiki Muşevani) orta məktəbində “Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri” üzrə direktor müavini (təşkilatçı), 1984-cü ildən 1999-cu ilədək Dəllər (indiki Muşevani) orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində işləyib.

Uzun illər təhsil sistemində çalışıb və bu sahədəki xidmətlərinə görə 2001-ci ildə Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.

O, pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda “Gürcüstan” qəzeti ilə əməkdaşlıq edib, 2003-cü ildən 2008-ci ilədək “Gürcüstan” qəzetinin Bolnisi rayonu üzrə və 2006-cı ildən 2008-ci ilədək “Region plus” jurnalının (Azərbaycan Respublikası) Gürcüstan üzrə müxbiri vəzifəsində çalışıb.
2008-ci ildən 2013-cü ilədək Azərbaycanlıların Mədəniyyət Mərkəzinin orqanı “Region press” qəzetinin müxbiri işləyib.

O, 2014-cü ilin dekabrında Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzini yaradanlardan biri olub.
Hazırda Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri"Ümid" qəzetinin Baş redaktorudur.
O, eyni zamanda, həm də doğma Muşevan məktəbində pedaqoji fəaliyyətini də davam etdirir, Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir.

Əlixan Yəhyaoğlu həm də istedadlı şair kimi tanınır. Bədii yaradıcılığa tələbəlik illərindən “Mənim” şeiri ilə başlayıb. Üç şeir kitabının müəllifidir.
“Ayrılığın dağ çəkibdi sinəmə” (179 gəraylı, 1998) və “Sinəm söz körüyüdü” (120 qoşma, 1999) şeirlər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Ə.Yəhyaoğlunun şeirləri 2007-ci və 2012-ci illərdə Tiflisdə nəşr edilən iki cildlik “Ədəbi Gürcüstan”
2017-2018-ci illərdə Bakıda nəşr olunan 5 cildlik "Zirvə" antologiyalarında da çap olunub.

Bir neçə şeirini mərhum şair-tərcüməçi Avtandil Çakadze gürcü dilinə çevirib.

Ailəlidir. Dörd qızı, bir oğlu və on üç nəvəsi var.

Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951)
Martın 10-da Əlixan Yəhyaoğlunun
68 yaşı tamam olur.

Biz də fürsətdən istifadə edərək, Borçalıda yaşayıb-yaradan
dəyərli ziyalımız,
istedadlı qələm dostumuz,
çox hörmətli Əlixan Yəhyaoğlunu
doğum günü münasibətilə
ürəkdən təbrik edirik!..
Ona uzun ömür, möhkəm cansağlığı,
ictimai fəaliyyətində və yaradıcılıq
işlərində yeni-yeni uğurlar
arzulamaqla yanaşı, həm də
aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az


YAZ GƏLİR

Təzə libas geyinibdi təbiət,
Yurdumuza bahar gəlir, yaz gəlir.
Başdan-başa bəzənibdi təbiət,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Günəş doğur, şölə saçır, nur saçır,
Qüssə-kədər ürəklərdən gen qaçır.
Quşlar ötür, nəğmə deyir, dil açır,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Bahar fəsli ömrün gənclik şağıdır,
Sevgi adlı bağçasıdır, bağıdır.
Əzəl gündən aranıdır, dağıdır,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Havasından müşki-ənbər qoxuyur,
Çaylar həzin nəğmə deyir, oxuyur.
Gül-çiçəkdən zili, xalı toxuyur,
Yurdumuza bahar gəlir, yaz gəlir.

Çox şirindir bu həyatın nəşəsi,
Artır eşqin, yaşamağın həvəsi.
Ərşə qalxır Əlixanın şən səsi,
Yurdumuza bahar gəlir, yaz gəlir.
10.03.2001.

KƏKLİK

Qanad saxla, dinlə məni,
Qayalardan enən kəklik.
Sevincindən mənə də böl,
Qaqqıldayıb dinən kəklik.

Tək başına dolanıbsan,
Varlığınla sınanıbsan.
Tora düşüb qınanıbsan,
Kol dibinə sinən kəklik.

Gül çiçəyi məst eylədin,
Dərdini şikəst eylədin,
Əlixana qəsd eylədin,
Oğrun-oğrun gülən kəklik.


VƏTƏNİMDİR

Gürcüstanın müstəqillik
günü münasibətilə


Hər ilimdə, fəsilimdə,
Güllü yazım Vətənimdir!
Könüllərdə yuva quran,
Şirin sözüm Vətənimdir!

Uca, qarlı dağlarından,
Bərəkətli bağlarından,
Ömrün gənclik çağlarından,
Yolum, izim Vətənimdir!

Bu dünyada eşqim, yarım,
Görən gözüm, parlaq nurum,
Ocağımda odum, qorum,
Yanan közüm Vətənimdir!

Varlığıma sirdaş olan,
Ürəyimdə yurddaş olan,
“Çonquri”ynən qardaş olan,
Telli sazım Vətənimdir!

Ümidimi bağladığım,
Ürəyimdə saxladığım,
Kədərinə ağladığım,
Görən gözüm Vətənimdir!

“Dost” dediyi gəlir kələk,
Şeytan, iblis olub mələk.
Sönən deyil arzu, dilək,
Səbrim, dözüm Vətənimdir!

Bülbül salıb meylin gülə,
Toy-bayramdır gündən-günə.
Kəl buynuzu tacdır ələ,
Xoş avazım Vətənimdir!

Torpağının sərvəti var,
Sefrələrdə neməti var.
Bu dünyanın cənnəti var,
İşvə, nazım Vətənimdir!

Yəhyaoğlu, güləcəksən,
Gözəl dövran sürəcəksən.
Vətəni xoş görəcəksən,
Qəlbim, özüm Vətənimdir
...Vətənimdir!
10.03.2001.


GÜRCÜ DOSTLARIM

Tiflisdə uğurlu əməliyyat olunmağım
və“ŞƏRƏF” ordeni ilə təltif edilməyim
münasibətilə gürcü DOSTLARIM
ziyafət verdilər


Gəzdim bu dünyanı, gəzdim elləri,
Qeyrətdə, vəfada birdi dostlarım.
Könül sarayımın bəri-bəzəyi,
İncidi, gövhərdi, zərdi dostlarım.

Ömrün baharını, yayını tapdım,
Tanrı Günəşini, Ayını tapdım.
Sevən ürəyimin tayını tapdım,
Müqəddəs ocaqdı, pirdi dostlarım.

Mərdləri namərdə qul etməyiblər,
Heç kəsi yandırıb kül etməyiblər.
Göz yaşı tökdürüb göl etməyiblər,
Meydanda aslandı, şirdi dostlarım.

Qartaltək zirvədən enən deyillər,
Günəşdən odludur, sönən deyillər.
Haqqa üz tutublar, dönən deyillər,
Hələ açılmamış, sirdi dostlarım.

Dostlar Əlixanda etibar görüb,
Saldığı ağçadan şirin bar dərib.
Can deyən kəslərə canını verib,
Bu dünya durduqca vardı dostlarım.
20.04.2001.


QAFQAZI QORUYAQ

“Qafqaz bizim ümumi evimizdir”
şüarından təsirlədim


Güneyli, quzeyli Qafqaz balası,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!
Bizimlə sağalar onun yarası,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Zirvələr qoynunda yerini qurub,
Boranda, tufanda ər kimi durub.
İgid meydanından yağılar qovub,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Ömür bulağının suyundan içib,
Dostunu tanıyıb, yadını seçib.
Zamanın amansız yolundan keçib,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Kişi sədaqətli, qadın vəfalı,
Torpaq bərəkətli, yeri səfalı.
Keçmişi cəfalı, ömrü cəfalı,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Halal duz-çörəyi ürəkdən kəsib,
Haramın əlini biləkdən kəsib.
Alçağı, namərdi diləkdən kəsib,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Güləndə göylərdən güllər tökülüb,
Dəli nərəsindən dağlar sökülüb.
Dostlar birləşəndə ellər tikilib,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Cənnət yaranıbdı bura əzəldən,
“Qara dəniz ilham alır Xəzərdən”.
Qoy Tanrı salmasın bizi nəzərdən,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!

Qoymayaq əlimiz qana bulansın,
Vətənin sərvəti çapıb talansın.
Kasıbla kimsəsiz birgə dolansın,
Qafqazı qoruyaq, Qafqaz bizimdir!
19.01.1994.

GÜRCÜ QIZI

Nə gözəl yaradıb Yaradan səni,
Nazlana-nazlana gəz, gürcü Qızı.
Qələm qaşlarına, Ay camalına,
Hər yandan dikilib göz, gürcü Qızı.

Gümüş kəmər qucub incə belini,
Qoxladım ətirli qızıl gülünü.
Yaxşı bilməsəm də şirin dilini,
Bağrıma basıbsan köz, gürcü Qızı.

Yerləri titrədir nazlı yerişin,
Eşqindən ölənə candı görüşün.
Ovsunlu baxışın, şaqraq gülüşün,
Qəlbimi oxlayıb düz, gürcü Qızı.

Lalətək allanır üzün, yanağın,
Baldean şirin dadır dilin, dodağın.
Müşk-ənbər qoxuyur bəyaz buxağın,
Qamətin qurulub düz, gürcü Qızı!

Sevən ürəyimə loğman olaydın,
Çarəsiz dərdimə dərman olaydın.
Ömürsüz ömrümə fərman olaydın,
Vəsfinə tapmıram söz, gürcü Qızı.

Keçir sınağından, sirdaşın olum,
Dərdini, qəmini canından alım.
Əhdə düz çıxmasam saralım, solum,
Onda məzarımı qaz, gürcü Qızı.

Kaş dilim açılıb dinə biləydim,
Qəlbin göz yaşını silə biləydim.
O cənnət qoynunda ölə biləydim,
Etmə Əlixana naz, gürcü Qızı.
16.10.2001.

TOXUNMAYIN VƏTƏNİMƏ

9 Aprel şəhidlərinin xatirəsinə


Ay nankorlar, ay namərdlər,
Toxunmayın Vətənimə
Çörəkbasan müxənnətlər,
Toxunmayın Vətənimə!

Ocaqsıza köz veribdi,
Görməyənə göz veribdi.
Yol azana iz veribdi,
Toxunmayın Vətənimə!

Dağlarından qar alanlar,
Bağlarından bar alanlar,
Hiyləliklə gor alanlar,
Toxunmayın Vətənimə!

Tanrı payından küsənlər,
Qapı-baca, ev pusanlar,
Ömrü boyu qan qusanlar,
Toxunmayın Vətənimə!

Gen sinəsi ocaq olub,
Yada isti qucaq olub.
Cənnət-məkan bucaq olub,
Toxunmayın Vətənimə!

Tanrı verib qismət, baxtı,
Müqəddəsdir tacı, taxtı.
Əyilməyib çətin vaxtı,
Toxunmayın Vətənimə!

Əsli bəlli şən diyardı,
Öz tarixi,dili vardı.
Oğlu, qızı bəxtiyardı,
Toxunmayın Vətənimə!

Yaradanın nemətidir,
Yerin, göyün sərvətidir.
Sevənlərin dövlətidir,
Toxunmayın Vətənimə!
9.04.2001.


ZEYNƏB ZİNƏTİ

İstəkdən, sevgidən doğuldu adı,
Sərvətim olubdu Zeynəb sərvəti.
Adəmlə yaranıb müqəddəs zatı,
İzzətim olubdu Zeynəb izzəti.

Peyğəmbər nəvəsi, balası gözəl,
Əhli-Beyt bacısı, anası gözəl,
Cənnət bağçasının sonası gözəl,
Hikmətim olubdu Zeynəb hikməti.

Ata ürəyində pirə dönərdi,
Kəlmələr dilində şerə dönərdi,
İgid meydanında şirə dönərdi,
Şöhrətim olubdu Zeynəb şöhrəti.

Yuxuda görmüşdü gələn günləri,
Kərbəla düzünü, qanlı çölləri,
İmamı öldürən cəllad əlləri,
Möhnətim olubdu Zeynəb möhnəti.

Müsibət üstündə müsibət görüb,
Köksündə kədərdən qalalar hörüb,
Qəm-qüssə içində ömrünü sürüb,
Şövkəti olubdu Zeynəb şövkəti.

Peyğəmbər busəsi, duası aldı,
İslamın kövhəri, incisi oldu,
Səhra döyüşündən intizar qaldı,
Qismətim olubdu Zeynəb qisməti.

Göylərə ucaldı fəryadı-ahı,
Sevib sevdiribdi Qadir Allahı,
Qəlbilə görərdi gələn sabahı,
Qüdrətim olubdu Zeynəb qüdrəti.

Şəhid oğullara göz yaşı töküb,
Ruhları önündə diz üstə çöküb,
Mömin bəndələrin qəhrini çəkib,
Qeyrətim olubdu Zeynəb qeyrəti.

Duyub müsibəti çöllərə qaçdı,
Başsız bədənləri bağrına basdı,
Əsli-nəcabəti təmizdi, xasdı,
İsməti olubdu Zeynəb isməti.

Tanrı yolçusunun çırağı olub,
Xanımlar sipəri, dayağı olub,
Susuz səhraların bulağı olub,
Şəfqətim olubdu Zeynəb şəfqəti.

Əlixan, Tanrının nurudu Zeynəb!
Tükənməz sərvəti, varıdı Zeynəb!
Gözəllər incisi, dürüdü Zeynəb!
Zinətim olubdu Zeynəb zinəti.


Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951) GƏL, AY ZƏLIMXAN

Karvanın səfərə çıxandan bəri,
Solubdu bağımda gül, ay Zəlimxan!
Sənin varlığınla gülərdi eşqim,
İndi lal olubdu dil, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Əbədi məkana, göylərə axdın,
Vaxtsız köçməyinlə yandırıb yaxdın.
Son günlər gülmədi üzünə baxtın,
Eynimiz açılmır, bil, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Tərsinə dönübdü dünyanın çarxı,
Dəyişib bazarın nizamı, nırxı.
Quruyub çayların dəhnəsi, arxı,
Düşüb könüllərə xal, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Gəl, babam Qorquddan, millətdən danış,
Sazımdan, sözümdən, sənətdən danış.
Müqəddəs sevgidən, ülfətdən danış,
Dönsün laləzara çöl, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Millətə qul oldun, Tanrıya bəndə,
Qoy göylər titrəsin şair dinəndə.
Qayıt gəl, meydan aç, sazın sinəndə,
"Dilqəmi", "Mansırı" çal, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Sərin yaylaqlarda izin göynəyir,
Ocağında qorun, közün göynəyir.
Amanat qoyduğun sazın göynəyir,
Qoyma pas atmağa tel, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Gəl, ata yurdunu, eli sevindir,
Namərdin suçunu boynuna mindir.
Sənsiz qan ağlayan sazını dındir,
Tellərə həsrətdi əl, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Əlixan, bəllidi nəsilin, zatın,
Dillərdən düşməyib müqəddəs adın.
Yurdunda nur saçır ocağın, odun,
Qayıt, qüssə-qəmi sil, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!
09.01.2018.


ZƏLİMXANSIZ QOYDUN, DÜNYA

Saz mülkünü, söz mülkünü,
Zəlimxansız qoydun, dünya!
El adını, el yükünü,
Zəlimxansız qoydun, dünya!

Əsən mehi, küləkləri,
Neçə yanan ürəkləri
Sonsuz arzu-diləkləri,
Zəlimxansız qoydun, dünya!

Zirvələri, ucaları,
Cavanları, qocaları,
Kəlmələri, hecaları,
Zəlimxansız qoydun, dünya!

Neçə qışı, neçə yazı,
Şirin səsi, xoş avazı,
Sinə üstə telli sazı,
Zəlimxansız qoydun, dünya!

Bərəkətli bağça-bağı,
Xatirəli aran-dağı,
Neçə tanış, dost ocağı,
Zəlimxansız qoydun, dünya!

Doğrultmadı əhdin bizi,
Yaşatmadın doxsan, yüzü,
Boynu bükük oğul-qızı,
Zəlimxansız qoydun, dünya!

Sevdim hər bir balasını,
Sular, göllər sonasını.
Ağlar qalan Anasını,
Zəlimxansız qoydun, dünya!

Verdin bada yanan canı,
Öldü elin Şahı, Xanı.
Dərd haqlayan Əlixanı,
Zəlimxansız qoydun, dünya!


Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951) Gözəl ziyalı, xeyirxah insan, qayğıkeş ata, vətənpərvər eloğlum, qeyrətli dostum,
Arıxlı kənd sakini Rza Qurbanova

Yenə dəli könlüm köklənib dəmə,
Qışım da, yazım da səndən danışır.
Səfalı yaylaqlar açıb qoynunu,
Dağım da, düzüm də səndən danışır.

Anamız günəştək sönməyir nurun,
Neçə ürəklərə yol açıb surun.
Sönmüş ocaqlara od olub qorun,
Külüm də, közüm də səndən danışır.

Minib taleyinin köhlən atına,
Qaldırdı göylərin yeddi qatına.
Oxşadın kökünə, çəkdin zatına,
Dilim də, sözüm də səndən danışır.

Bir zaman boynunu qucaqladı qəm,
Üzündə, gözündə qurumadı nəm.
Rəbbim sevincinə eylədi həmdəm,
Canlm da, gözüm də səndən danışır.

Şenəltdin elini, ata yurdunu,
Qovdun kədərini, qovdun dərdini.
Sevdin, sevindirdin neçə mərdini,
Çoxum da, azım da səndən danışır.

Yaxınlar, uzaqlar haqqa güvəndi,
Yanan ocağında qora bələndi.
Göydən qucaq-qucaq sevinc ələndi,
Ərkim də, nazım da səndən danışır.

Gözəldi əməlin, xoşdu niyyətin,
Bəllidi ellərə namus, qeyrətin.
Turana yayılıb şanın, şöhrətin,
Birim də, yüzüm də səndən danışır.

Bəlli əsli-zatın, bəlli kökün var,
Ömür yollarında eniş, dikin var.
Çiynində el adlı ağır yükün var,
Tabım da, dözüm də səndən danışır.

Yurdunda bağ salıb meyvə bitirdin,
Çəkib zəhmətini Hqqa yetirdin.
Neçə eloğluya sevinc gətirdin,
Tarım da, sazım da səndən danışır.

Dəryalar dibindən çıxan sədəfsən,
Elə xor baxana nişan, hədəfsən.
Əlixan ömrünə şöhrət, şərəfsən,
Yolum da, izim də səndən danışır.


Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951)Əlixan YƏHYAOĞLU (MƏMMƏDOV) (1951) ELOĞLU

Gözəl insan, qayğıkeş ata,
sədaqətli və istedadlı
qələm dostum Başkeçidli
Murtuz Fərhadoğluna


Eşidib sədanı yaman kövrəldim,
Baş əydim hər ötən günə, Eloğlu!
Könlünün sultanı danışıb Səndən,
Gətirdi imana, dinə, Eloğlu!

Boylandım Şindinin başı göründü,
Xəstə ürəyimin yaşı göründü.
Vüqarlı dağların daşı göründü,
Büründüm dumana, çənə, Eloğlu!

Getmir xəyalından Borçalı dərdin,
Namərdlər önündə sinəni gərdin.
Sevildi halalın, sevildi mərdin,
Meydanın gen olar yenə, Eloğlu!

Yaşımda heç belə təklənməmişdik,
Qayğı şələsinnən yüklənməmişdik.
Qəm üstə dillənib, köklənməmişdik,
Nə deyim başdakı dənə, Eloğlu!

Dinlə, ay Əlixan, dinlə sözümü,
Dinlə kamanımı, telli sazımı.
Yadlar çəkə bilməz ərki-nazımı,
Dərdimi söyləyim sənə, Eloğlu!



ალიხან იახიაოღლი (მამედოვი)

არ იქნება


ფერია ხარ, თუ ციური ანგელოზი,
მაგ ენაზე ტკბილიც თაფლიც არ იქნება.
წამწამები – ჩემი გულის ავგაროზი,
ხალუბი გაქვს, მსგავსი ქვეყნად, არ იქნება.

მზე ამოდის ცაზე მაშინ? როცა მხვდები,
მალულ – მალურ ეგ თვალები მეფერება.
ელვას გიგავს გამოხედვა, მით ვიწვები?
შენ რომ გაქოს, მისთვის ენა, არ იქნება.

ბაგე – ვარდი, კბილნი – მძარგალიტის,
წამწამები – გიშერისას ედარება.
ალიხანი, გენაცვალე, შენით იწვის,
უშენობას ვერ გაძლებს, არ იქნება.
სჯობია
არწივისთვის, ცას რომ სერავს თამამად,
ველობ – მდელობს ზე კლდის ქიმი სჯობია.
კაცურ კაცთან ლუკმა – პურის გატეხვას,
მის ძმურ სალამს, არაფერი, სჯობია.

მამულისას მიწას გულში იხუტებ,
და გულს უძღვნი სატრფოს, თითქოს ვარდია.
წელზე ხელს ჰხვევ, ბაგეებს დაუკოცნი,
ღაწვბადაღშა სატრფოს ვინა სჯობია.

ალიხანსა – გაზაფხულის ტრფიალა,
ქამანჩისა ამღერება სწადია.
მის სიყვარულს და სამყერალ იასა,
მთვარიანში აბა, ვინა სჯობია.


ენა გამიხმეს

ნაიღვარმა სად გამრიყა,
დაშთეს ნაიღვარი, დაშთის.
თუ კი ხელი ავად გახლო,
გახმეს ეს მარჯვენა, გახმეს.

შენით დავალ მგლოვიარე,
დარდის მთები მოვიარე.
თვალთგან ცრემლის ტბები ვღვარე,
დაშრეს ცრემლის ტბები, დაშრეს.

სევდამ გული არ დატოვა,
დარდმა სულში ბუდე ჰპოვა.
უსიყვარლოდ – ბულბულს გლოვა,
გახმეს სევდით ვარდიც, გახმეს.

ალიხანი ტრფიალს ავცდი,
სიბნელეში აზეს დავუცდი.
ტრფობამ ენა ამოიდგა,
გახმეს ჩემი ენა, გახმეს.

აზერბაიჯანულ ენიდან თარგმნა
ავთანდილ წაქაძემ




Əlixan YƏHYAOĞLU,
30. 09. 2018.

ZiM.Az



.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: