"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5 Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov 12 Nisan MƏDƏD ÇOBANOV Hazırda 35 milyondan çox Azərbaycan - türkləri yaşayan Cənubi Azərbaycanda da familiya əvəzinə ata adından istifadə edirlər. Məsələn, Musa Kərim oğlu, Mahmud Məmməd oğlu, Əli Mustafa oğlu və s. “Oğlu” və “qızı” morfemləri indi də ölkəmizin türk dilli respublikalarında familiyaların tərkibində saxlanmaqdadır. Məsələn, Məhəmmədqızı, Yusifoğlu və s. XIX-XX əsrlərdə Azərbaycan xalqı kütləvi şəkildə familiya qəbul etmişdir. Azərbaycan familiyası, əsasən, şəxs adının sonuna familiya düzəldən morfemlərin birləşməsi ilə əmələ gəlir. Bu baxımdan, müasir antroponimiyamızda familiyaları üç qrupa bölmək olar: a) Kişi adı əsasında düzələn familiyalar. b) Qadın adı əsasında düzələn familiyalar. v) Kökü şəxs adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar.KİŞİ ADI ƏSASINDA DÜZƏLƏN FAMİLİYALAR Azərbaycan familiyası ilk təşəkkül dövründən ənənəvi olaraq, kişi adı ilə familiya düzəldən morfemlərin birləşməsi əsasında əmələ gəlmişdir. Lakin dilimizdə qadın adı və kökü şəxs adı kimi işlənməyən sözlər əsasında düzələn familiyalar da vardır. Dilimizin daxili inkişaf qanunlarına əsasən Azərbaycan - türklərinin familiyaları müxtəlif yollarla düzəlir: 1. Dilimizin öz daxili imkanları əsasında formalaşan familiyalar. Bu qrup familiyalar, hələlik, dilimizdə aparı-cılıq roluna tam mənası ilə malik olmasa da, artıq, geniş şəkildə yayılmaqdadır. Bu da təbiidir. Çünki xalqa ünsiy-yət vasitəsi kimi xidmət edən dil öz daxili imkanlarını istər-istəməz genişləndirməlidir. Dilimizin öz daxili im-kanları əsasında formalaşan familiyaların da qəbul etdiyi morfemlər müxtəlifdir: a) -lı, -li, -lu, -lü leksik şəkilçilərinin xüsusi şəxs adlarına birləşməsi yolu ilə familiyalar düzəlir. Məsələn, Zeynallı, Muradlı, Hacılı, Namazlı, Həsənli, Məmmədli, Günəşli, Elçinli, Vəkilli, Mutulu, Yolçulu, Qululu, Dursunlu, Durmuşlu, Dostlu, Əyyublu, Bəhruzlu, Novruzlu, Nurulu, Dövrüşlü, Dönüşlü, Gündüzlü, Mövsümlü, Mürşüdlü və s. Müasir Azərbaycan - türk dilində -lı, -li, -lu, -lü şəkil-çilərinin köməyilə düzələn familiyaların sayı get-gedə genişlənir və öz milli kaloritini artırır. Bu da dilimizin qrammatik quruluşunun sabitliyi və mübarizliyi kimi çox qiymətlidir. b) Xüsusi şəxs adı ilə “oğlu” morfeminin birləşmə-sindən düzələn familiyalar: Dadaşoğlu, Ağamalıoğlu, İbadoğlu, Həsənoğlu və s. Bu qrup familiyalar müasir dilimizdə az işlənir.v) Bəzən də sadəcə olaraq, xüsusi adla babanın şəxs adı (həmin adı daşıyan şəxsin babasının adı) yanaşı gələrək familiya yerində işlənir. Bu qrup familiyalar, əsəsən, XX əsrdə formalaşmış və indi də get-gedə genişlənməkdədir. Məsələn, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Məmməd İsmayıl, Mədinə Gülgün, Xəlil Rza, Sona Vəlixan (Bakı, tibb elmləri doktoru, professor). q) Toponimlərdən düzələn familiyalar. Azərbaycan dilində familiyanın toponimlərdən düzəlməsi prosesi də maraqlıdır: Bu zaman dinləyici və ya oxucu familiya ilə danışanın və ya haqqında danışılan şəxsin kimliyi ilə bərabər onun haradan olmasını da müəyyən edir. Bu cəhətdən to-ponimlərdən düzələn familiyanın böyük əhəmiyyəti var-dır. Çünki, o, ünsiyyəti nisbətən asanlaşdırır. Məsələn, Os-man Sarıvəlli, Əbülfəz Naxçıvanlı, Əkbər Yerevanlı və s. ğ) Azərbaycan antroponimiyasında bəzi antropofor-mantlar vardır ki, onlar familiya və yaxud nəsli ad-landırmaq funksiyası daşıyırlar. Belə antropoformantlara -lar, -lər şəkilçilərini nümunə göstərmək olar. Məsələn, Hacılar, Zurnaçılar, Gəlmələr, Dəmirçilər, Naxırçılar və s.2. Başqa dillərdən keçən morfemlər vasitəsilə düzələn familiyalar. Bu qrup familiyalar, familiya düzəl-dən morfemlərin mənşəyinə görə müxtəlif olur. a) Fars dilindən keçən morfemin vasitəsilə düzələn familiyalar. Fars dilində doğulmuş mənasında işlənən “zaiden” morfemi dilimizdə keçdikdən sonra -zadə formasında familiya əmələ gətirən şəkilçi kimi işlənməyə başlamışdır. Məsələn, Əlizadə, Qəhrəmanzadə, Nəbizadə, Hüseynzadə, Quluzadə, Tağızadə, Musazadə, Həmidzadə, Məmmədzadə, Vüqarzadə və s. -zadə şəkilçisi ilə düzələn familiyalar müasir dilimizdə geniş yayılmışdır: b) Ərəb dilindən keçən şəkilçi vasitəsilə düzələn familiyalar. Ərəb dilində izafət şəkilçisi -i, vi (dilimizdəki -lı, -li, -lu, -lü şəkilçisinin sinonimidir) dilimizə keçdikdən sonra əsli sifət və atributiv isim düzəldən şəkilçi kimi formalaşır və toponimlərin sonuna birləşərək familiya düzəldir. Belə familiyalara əsas etibarilə XIX əsrə qədər təsadüf etmək olar. Məsələn, Gəncəvi, Şirvani, Səlyani və s. Həmin şəkilçilər familiya düzəldən bir şəkilçi kimi, artıq, öz həyatiliyini itirməkdədir. Çünki onları dilimizdəki fami-liya düzəldən -lı, -li, -lu, -lü şəkilçiləri sıxışdırıb çıxarmaq üzrədir. Müasir Azərbaycan antroponimiyasında -i, -vi şəkilçiləri ilə düzələn familiyalar, demək olar ki, yox dərəcəsindədir. v) Rus dilindən keçən şəkilçilər vasitəsilə düzələn familiyalar. Azərbaycanın Rusiya tərkibinə daxil olması ilə əlaqədar olaraq, dilimizə rus dilindən həyat və məişətin bu və ya digər sahəsinə aid çoxlu miqdarda sözlər keçir. XIX əsrin ortalarından etibarən dilimizə rus dilindən bir qrup sözlərlə yanaşı bəzi şəkilçilər də keçmişdir. Belə şəkilçilərdən biri də familiya düzəldən -ov, -yev şəkilçiləridir. Bu şəkilçilər dilimizə keçdikdən sonra Azərbaycan-türklərinin familiya qəbul etməsi halları daha da güclənir: Abbasov, Adilov, Bayramov, Bəhmənov, Vəliyev, Vələdov, Qənbərov, Eldarov və s. Azərbaycan dilində qrammatik cins yoxdur. Lakin bu xüsusiyyət familiya düzəldilməsində gözlənilmir. Kişi familiyası düzəldilərkən şəxs adlarının sonuna -ov, -yev, qadın familiyası düzəldilərkən şəxs adının sonuna -ova, -yeva morfemləri artırılır. Bu da, hər şeydən əvvəl, familiya düzəldən morfemlərin rus dilindən keçməsi ilə əla-qədardır. XIX əsrin sonu və XX əsrin əvvəllərində bir qrup artistlər familiyalarının sonuna o dövrdə dəbdə olan -skiy, -ski morfemlərini artırırdılar. Bunu C.Cabbarlının “Oqtay Eloğlu” pyesindəki artist surətlərinin familiyaları da yada salır. Mazandaranski, Şəkinski; əsərdə bir surət kimi iştirak etməyən, ancaq, personajın nitqində adı çəkilən Tabasaranski və s. C.Cabbarlı öz pyesində bu familiyaları təsadüfi işlətməmiş, bəlkə, bununla da həmin artistləri tənqid və ifşa etmək məqsədini ön plana çəkmişdir. Bu “dəb” başqa tari-xi faktla da təsdiq olunmuşdur. Məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədquluzadə, hələ, 1906-cı ildə “İdarəmizin əhvalatlarından bir neçə söz” adlı felyetonunda rus dili formantları ilə düzələn “oflar və iskilər” familiyalarına qarşı öz etiraz səsini ucaltmış və onun bu səsi sonrakı fəaliyyətində daha da gurlaşmışdır. Bu münasibətlə T.Hacıyev yazır: “...milli adlara xor baxıb, onu özgə-ləşdirən, başqa dilərin fonetik cildinə salan “intelegentlərə” qarşı C.Məmmədquluzadə son dərəcə amansız olmuşdur. O, milli adları sevir və ona hörmət bəsləməyənləri satira hədəfinə götürür: “...hökumət nə vaxt müsəlmanı məcbur edib, qızının adını Fatma əvəzinə “Fatya” qoysun və oğlunun Həsən adını dəyişdirib” Qasanka” eləsin?... ...Qız “Papa!” deyə-deyə qaçıb atasını çağırır... Girirsən içəri və qızın keyfini soruşub deyirsən “Maşallah, Münəvvər xanım, nə yekə qız olmusan?” Görürsən qız qaş-qabağını saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyəydin, Münəvvər dedin, acığı gəldi”. Deməli, C.Məmmədquluzadə milli adları da sevir, Azərbaycan qadınlarına dərin məhəbbət bəsləyir. Lakin adlara bu satirik münasibəti ilə öz arzusunu, idealını bildirir”. Böyük demokrat yazıçı, ədib və məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədquluzadə 1911-ci ildə redaktə etdiyi jurnalın 87-ci nömrəsində artistlər arasında “dəbdə” olan -ski (-skiy) morfemli familiyalar haqqında öz felyetonunda yaz-mışdır: “Sən çalış adın bədnam olmasın. Görürsən Bakı artistlərini? Heç biri müsəlman adı qoymur, biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxanski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona bircə Vəli deyirlər; Allaha şükür olsun ki, bu da cəhənnəm oldu, artistlikdən çıxdı getdi”. Felyetondan göründüyü kimi, böyük ədib dilimizin öz imkanları hesabına düzələn familiyalardan imtina edib, o dövrdə nisbi “dəb”də olan rus dilindən alınma -ski familiyalarını qəbul etmiş artistləri tənqid atəşinə tutur və onlara “adın bədnam olmasın” deyə acı-acı gülür. Azərbaycanlılara məxsus familiya düzəldən morfoloji vasitələr barədə filologiya elmləri doktoru Ş.Sədiyev də bəhs etmişdir. Azərbaycan familiyalarına nəzər saldıqda məlum olur ki, eyni addan müxtəlif morfoloji vasitələrlə müxtəlif familiyalar düzəlmişdir: Həsənli, Həsənzadə, Həsənov; Vüqarlı, Vüqarzadə, Vüqarov; Mürşüdlü, Mürşüdzadə, Mürşüdov; Qululu, Quluzadə, Quliyev və s.Azərbaycanlılar arasında vaxtı ilə müxtəlif morfoloji vasitələrlə düzələn familiya daşıyanlar və hətta, mətbuatda müxtəlif familiyalarla çıxış edənlər də olmuşdur: Cabbarlı (Cabbarzadə Cəfər), Mahmudbəyli (Mahmudbəyov Həbib bəy), Vəzirzadə (Vəzirov Nəcəf bəy), Axundzadə (Axundov Mirzə Fətəli), Tahirzadə (Tahirov Mirzə Ələkbər Sabir), Nəcəfzadə (Nəcəfov Əliqulu Qəmküsar), Qənizadə (Qəniyev Sultanməcid), Kazım (Kazımovski Mir Mahmud) və s. Antroponimiyamızda bəzən iki qardaşın müxtəlif morfoloji vasitələrlə düzələn familiyalar qəbul etməsinə də təsadüf edirik: şair Süleyman Əlabbas oğlu Rüstəmzadə, dilçi Rəsul Əlabbas oğlu Rüstəmov və s.Professor Əbdüləzəl Dəmirçizadənin atası Məmməd dəmirçi olduğu üçün “dəmirçi oğlu” mənasını verən Dəmirçizadə təxəllüsünü götürmüş və bu təxəllüsü sənədlərində familiya kimi rəsmiləşdirmişdir. Onun qardaşı isə Rəsulov familiyası ilə məşhurlaşmışdır.QADIN ADI ƏSASINDA DÜZƏLƏN FAMİLİYALAR Müasir antroponimiyamızda bir sıra familiyalara təsadüf edirik ki, onlar qadın adına familiya düzəldən morfemlərin birləşməsilə əmələ gəlir. Bu heç də təsadüfi deyil, çünki tarixən ulu babalarımız köçəri həyat sürmüş, sürətli yürüşlərlə bir eldən, bir obadan digərinə köçmüş, tez-tez qonşu və başqa qəbilə və tayfalarla, yadelli düşmənlərlə döyüş keçirmişlər. Bu döyüşlərdə xalqımızın igid və cəsur oğulları ilə birlikdə qadınları da yaxından iştirak etmişdir. Hələ, qədim zamanlardan qadınlar da təsərrüfatda kişilərlə çiyin-çiyinə işləmiş, at minmiş, silah götürüb öz ərlərilə birgə düşmənə qan uddurmuşlar. Tarixən belə qadınlarımız çox olmuşdur. Bunu tarixi faktlar da təsdiq edir. Təsərrüfat işlərində qadınların mövqeyi artdığı kimi, ailədə də onların nüfuzu artır. Bəzi atasız ailələrdə isə onlar həm təsərrüfat işləri görür, həm də ailəyə başçılıq edirlər.Belə hallarda isə, ailə, bəlkə də, bütöv bir nəsil ananın, nənənin adı ilə tanınırdı. Ana, qadın adı bir antroponim kimi kişi - ata adını əvəz edirdi. Tarixən müxtəlif ictimai şəraitdə “heç nəyə hüququ çatmayan (tarixən bütün qadınlarımız hüquqsuz olmamışdır -M.Ç.) qadınlarla yanaşı at minən, silah işlədənləri, ailəyə, nəsilə başçılıq edənləri, aşıqları, şairləri, xanəndəlik, hətta, qonaqlıq edənləri də olub. Tək-tək qadının diplomatlıq, sərkərdəlik, hökmdarlıq etdiyi də tarixdən məlumdur”.Qədirbilən xalqımız öz igid və cəsur oğullarının adını yaşadıb şöhrətləndirdiyi kimi, onlara dar gündə kömək olan qadınların da adını şərəflə yaşatmışlar. Hətta, xalqımız arasında familiya formalaşdığı zaman kişi adları ilə yanaşı qadın adlarından da familiya yaradılmışdır. Məsələn, XVIII əsr Azərbaycan şeirinin nümayəndələrindən biri də M.P.Vaqifin müasiri və yaxın dostu kimi tanınan Ağqız oğlu Piridir. Göründüyü kimi, ana adı Ağqızoğlu familiya yerində işlənmişdir. Şair ana adı ilə şöhrət tapmışdır. XIX əsrdə yaşayan Azərbaycan şairlərindən bir neçəsinin familiyası qadın adı əsasında düzəlmişdir: Nazzadə (Məhəmməd Piri) , Dilbazov (Hacı Rəhim ağa) və s. Bu ənənə sonrakı dövrlərdə daha da inkişaf etdirilmişdir. Doğrudur, bu qrup familiyalara nadir hallarda rast gəlirik. Məsələn, Qızbəsov, Mürvətov, Nabatov, Humayev, Yetərov, Xatınov; Bakı şəhərində Qaragözov, Nəciyev, Mürvətov; Şəki şəhərində Saatov, Sabirabad rayonunda Gülüşov, Hədiyyəyev, Gürcüstanın Borçalı zonasında Nənəcanov, Nazlıyev, Alagözov, Qaragözov, Nurcahanov, Eminəqarov, Xanzadəyev, Naziyev, Tükənov, Sonayev, Dilbazov, Şahpəriyev, Gözəlov, Xaccayev, Mədinəyev kimi familiyalar sabitləşmişdir.Azərbaycan atroponimiyası üzərində dərindən müşahidə apararkən belə bir faktla da rastlaşdıq. Bəzi qadın adları familiya kimi sabitləşməsə də bu və ya digər kənddə ailənin və nəslin adını bildirməyə xidmət edir. Məsələn, Gürcüstanın Marneuli rayonunda Pərioğlular (Kişi Pəri), Bolnisi rayonunun Darvaz kəndində Gövhəruşağı (Kişi Gövhər), Aşağı Güləver kəndində Nazlıuşağı; Dmanisi (Başkeçid) rayonunun Dağ Arıxlı kəndində Gülsənəm uşağı kimi nəsil bildirən adlara rast gəlirik. Bu faktar göstərir ki, ana adının ailə, nəsil bildirməsi təsadüfi olmamışdır. Tarixi antroponimiyamızda ana adı ilə şöhrətlənmiş tarixi şəxsiyyətlər də məlumdur.Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, qadın - ana adları müəyyən bir ərazidə uzun müddət nəsil - tayfa adı kimi yaşayır və bir növ, etnonimə çevrilir. Məsələn, Nazlı evi, Gülsənəm evi, İnci evi və s.Qadın adları əsasında formalaşan etnonim xarakterli sözlərin bir qrupu isə, həmin nəslin - tayfanın uzun müd-dət oturaq həyat keçirməsi ilə bağlı olaraq, etnotoponimə, yəni etnonim əsasında formalaşan toponimə (yer adına) çevrilir. Toponimlərin geniş yayılmış bir sahəsini oykonim (yaşayış məntəqəsinin adı) təşkil edir. Oykonim daha geniş yayılmış sahəsini isə komonim və ya xorionim (kənd adları) əhatə edir. Azərbaycan xalqının yayılmış olduğu geniş ərazilərdə isə, qadın adları əsasında formalaşan onlarla etnokomonimlər mövcuddur. Məsələn, Qara-məryəm, Xatınlı, Mərcanlı, Tükəzbanlı, Pirzadlı və s. Bu qəbildən olan etnokononimlərə Gürcüstanda da rast gəlirik: İncəoğlu, Səyalıoğlu, Əsmələr (Bolnisi rayonunda), Qəmərli (Dmanisi rayonunda), Gözəldərə (Qərbi Azərbaycan) və s. KÖKÜ ŞƏXS ADI KİMİ İŞLƏNMƏYƏN SÖZLƏR ƏSASINDA DÜZƏLƏN FAMİLİYALARMüasir Azərbaycan antroponimiyasında bir qrup familiyalara rast gəlirik ki, onların kökü ayrılıqda antroponim modeli (şəxs adı) kimi işlənməyən sözlər əsasında formalaşmışdır. Belə familiyalar antropoimiya-mızda nadir hallarda işlənsə də onlara azərbaycanlılar yaşayan əksər rayonlarda təsadüf olunur. Məsələn, Bakı şəhərində Axrıyev, Cidalayev, Qırxlarov, Ağaşov, Niftiyev, Daşdıyev, Tümənov, Verdiyev, Diyarov, Yanbəyov, Cümə-zadə, Xocaxanov, Tacıbov, Faizov, Çöndərov, Çalqızov, Mazanov, Qanqalov, Qaraşov, Hörmətov, Tatanov; Tərtər rayonunda Canıyev; Qazax rayonunda Biləndərov, Tomayev, Göyçay rayonunda Harınov; Balakən rayonunda Qalayçıyev, Puçakov, Meyvəli, Hədisov; Biləsüvar rayonunda Şərbətov; Masallı rayonun-da Qocamalov; Kürdəmir rayonunda Azayev; İmişli rayonunda Alışov; Cəlilabad rayonunda Əmənov; Goranboy rayonunda Şalanov; Qusar rayonunda Kiçikbəyov, Qaça-bəyov; Şahbuz rayonunda Möhnətov; Salyan rayonunda Absalımov, Lənkəran rayonunda Zülaloğlu və s. kimi familiyalara rast gəlirik...Axrıyeva - ilk azərbaycanlı maarifpərvər qadınlardan biri, Bakıda - “Müqəddəs Nina” məktəbini bitirmiş Gülbahar xanımın familiyasıdır.Cidalayev - müasir dilçi alim İslamın familiyasıdır. Bu qrup familiyalara Gürcüstanda, xüsusilə sabit Borçalı mahalında da təsadüf olunur. O cümlədən, Marneuli rayonunda Çovdarov, Xeyranov, Qırxıyev, Çovdarlı, Ənnağıyev, Meyvəliyev, Carçıyev, Baytalov, Gərəkov, Gərəkməzli, Danaqıranov, Culfayev, Darqallı, Minasazov, Çopurov, Qəbulov, Ənsərov, Yüzbaşov, Ocaqov, Çopurov, Kələyev, Xeyirzadə, Gərəyev, Yetirmişli, Poluxov, Almanov, Muxayev, İnsanov, Qabaşov, Dəmirçalov, Bidiyev, Düşdurov, Çıldırlı; Bolnis rayonunda Avazadə, Zərzov, Acalov, Qırxıyev, Satılmışov, Kubuyev, Baxralov; Dmanisi (Başkeçid) rayonunda Çavqalov, Cocuyev, Kalov, Bağıllı, Dilbazov, Saxvanov, Haçabaşlı; Zalqa rayonunda Danaçıyev, Aşralov, Dəlivəlov, Uznalov, Maşov; Saqareco rayonunda Deyxanov kimi familiyalar vardır.Hətta Qərbi Azərbaycanda Kətənov familiyasına da təsadüf olunmuşdur. Bu familiyalardan ikisinin etimalogiyası maraqlıdır. Gərəkov və Gərəkməzli familiyalarının yaranması adqoyma ənənələri ilə bağlıdır. Göründüyü kimi, bu familiyaların kökləri semantik cəhətdən bir-birinin antonimidir. Qədim zamanlardan xalqımız arasında belə bir adət-ənənə olmuşdur ki, əgər ailədə qızlar dalbadal olursa, sonuncuya Gərəkməz, oğlana isə Gərək adı qoymuşlar. Buradan belə nəticəyə gəlmək olur ki, Gərəkməzli qadın adı, Gərəkov isə kişi adı əsasında formalaşan familiyalardır.Familiya dövlət sənədlərində rəsmiləşdiyi kimi, hər bir vətəndaşında könüllü olaraq, öz familiyasını, rəsmi dövlət sənədlərində dəyişdirməyə hüququ vardır. 1925-1930-cu illərdə ölkə vətəndaşlarına öz zövqlərinə uyğun olaraq familiyalarını sərbəst şəkildə dəyişçək hüququ verilmişdir. Həmin dövrdə bu təşəbbüs bəyənilmiş və yüzlərlə vətəndaşlar tərəfindən (xüsusilə əvvəllər məzmunsuz və komik xafakterli familiyası olan vətəndaşlar) alqışlanmışdır. Hər bir vətəndaş öz zövqünə uyğun familiya seçib, köhnə familiyasını isə rəsmi şəkildə dəyişə bilərdi. Hazırda qanunçuluqda vətəndaşların könüllü olaraq iki familiya daşımağa hüququ vardır. İki familiyalara həm kişilər, həm də qadınlar arasında təsadüf olunur. Qadınlar isə ərə getdikdən sonra həm ata, həm də ər familiyasını qəbul etmə hüququna malikdir.VI FƏSİLKÖMƏKÇİ AD KATEQORİYALARIKöməkçi ad kateqoriyalarına təxəllüs və ləqəb daxildir. Daşıdığı vəzifəsinə və ayrı-ayrı adamlara verilməsinə görə bunları iki yerə ayırmaq olar. Birincisi, təxəllüs, ona görə köməkçi ad hesab edilir ki, o, əhalinin hamısına yox, kiçik bir qrupuna aid olur və həmin təxəllüsü daşıyan şəxs onu öz mənəvi zövqünə uyğun olaraq, sonradan qəbul edir. Təxəllüs rəsmiləşdirilir, hətta, sonradan şəxs adına çevrilmək imkanına malik olur. İkincisi, köməkçi ad kateqoriyasına aid olan ləqəb təxəllüsdən öz səciyyəvi cəhədlərinə görə fərqlənir. Başqa sözlə desək, ləqəb də əhalinin hamısına yox, cüzi bir hissəsinə aid olur. Ləqəb cəmiyyət üzvləri tərəfindən bəzi adamlara sonralardan verilir və rəsmiləşdi-rilmir, təxəllüs kimi şəxs adına çevrilmək imkanına malik ola bilmir. Bu xüsusiyyətlər də təxəllüs və ləqəbin cəmiy-yət üzvləri arasında ünsiyyət prosesində yardımçı vasitə olmalarına dəlalət edir.TƏXƏLLÜSTəxəllüs Azərbaycan antroponimikasının tədqiqat mənbələrindən biridir. Hər bir dildə təxəllüsün yaranması uzun bir tarixi prosesin nəticəsidir. İnsan cəmiyyətini və isteh-salı idarə etmək, ünsiyyəti lazimi səviyyədə aparmaq üçün ad, ata adı, familiya, artıq, lazimi qədər kifayət etmir. Buna görə də, cəmiyyətin ayrı-ayrı üzvlərinin hərəsi hələ familiya təşəkkül tapmamışdan əvvəl də öz zövqünə uyğun müəyyən bir təxəllüs (bu cəmiyyət üzvlərinin hamısına yox, cüzi bir hissəsinə, xüsusən elm və mədəniyyət xadimlərinə aiddir) qəbul edir.Təxəllüs ərəb dilində “qurtarma, xilas olma; yazıçıların, şairlərin özləri üçün götürdükləri ad” mənalarını bildirir. Təxəllüs əsas etibarilə, şair, yazıçı, bəstəkar, incəsənət ustaları və alimlərin öz əsərlərində müəllif imzası kimi - əsl ad, ata adı və familiya əvəzinə işlətdikləri antroponimik kateqoriyadır. A.Qurbanova görə, təxəllüs “yazıçı və şairlərin, ictimai-siyasi xadimlərin yaradıcılıq prosesində öz həqiqi adları ilə yanaşı, bəzən müstəqil ad kimi işlətdikləri antroponimik vahid”dir. Məhz bunun nəticəsidir ki, son zamanlar dilçiliyimizdə təxəllüslərin tədqiqinə müəyyən dərəcədə diqqət yetirilmiş və beləliklə də, bəzi tədqiqat əsərləri meydana gəlmişdir. Azərbaycan antroponimiyasında təxəllüsün tədqiqi sa-həsində T.Hacıyevin, A.Qurbanovun, M.Çobanovun, H.Həsənovun və başqalarının tədqiqləri təqdirə layiqdir. O cümlədən, “Süni adlar”, “Təxəllüs necə əmələ gəlmiş-dir”, “Təxəllüs”, “Təxəllüslər və ləqəblər”, “Təxəllüs”, “Təxəllüs” və s. əsərləri bu sahədə ilk addımlar hesab etmək olar.Təxəllüslərin yaranması ilə əlaqədar olaraq, XVI əsrin klassik şairi M.Füzulinin mülahizələri təqdirəlayiqdir. O, bu münasibətlə yazmışdır: “Düşündüm, əgər şeirdə başqa-ları ilə müştərək bir təxəllüs götürərəmsə, müvəffəq olmadığım bir təqdirdə mənə zülm olar, müvəffəq olarsam, or-tağıma (təxəllüs addaşım - həmadıma -M.Ç.) zülm etmiş olaram. Bu bənzərliyi ortadan qaldırmaq üçün Füzuli təxəllüsünü aldım və ortaqlarımın mənə zülm edib, məni iztirab içində qoymalarından qurtarmaq üçün təxəllüs himayəsinə sığındım. Bildim ki, bu ləqəb (təxəllüs -M.Ç.) heç kimin xoşuna gəlməyəcək, odur ki, bir başqası mənə ortaq çıxaraq məni rəhmətsiz etməyəcəkdir. Həqiqətən, bu təxəllüs bir çox cəhətdən tamam mənim istəyim kimi oldu. Mənim arzuma çox uyğun gələn ləqəb (təxəllüs - M.Ç.) oldu. Əvvəla, mən özümü zəmanənin yeganəsi görmək istəyirəm. Bunu təxəllüsüm təmin etdi. Fərdiyyətimin ətəyi ortaqlıq (müştərək təxəllüslük -M.Ç) əlindən qutardı”.M.Füzulinin qeyd etdiyi kimi, təxəllüs həm adaşları və ya həmadlıları, həm də bu və ya digər yaradıcılıq sahəsində çalışanları bir-birindən fərqləndirməyə xidmət edir. Bu mənada, antroponimiyada, ümumiyyətlə, dildə təxəllüsün formalaşması böyük əhəmiyyətə malikdir. A.V.Superanskayaya görə, “Təxəllüs şəxs adlarının xüsusi bir dərəcəsidir” . Təxəllüslərdən süni sözlər adı altında T.Hacıyev də bəhs etmişdir. O, bu münasibətlə yazmışdır: “Süni adların (təxəllüslər -M.Ç.) yaradılması da xüsusi isimlərlə əlaqədar ədəbi-bədii priyomlardan biridir. Bu şəkildə söz yaradıcılığı həm insan adlarına, həm də coğrafi - toponimik adlara aiddir. Bu süni adlar birinci növbədə, gizli imzalardır” (təxəllüslərdir -M.Ç.). Gizli imzalar bədii ədəbiyyatda xüsusi üslubi vəzifə ilə bağlıdır. Antroponimik kateqoriya olmaq etibarilə şəxs adı və təxəllüs eyni funksiyaya malikdir. Hər ikisi bir şəxsi başqalarından fərqləndirməyə xidmət edir. Onların ara-sında ümumi antroponimik cəhətlər olduğu kimi fərqli cəhətlər də vardır.Birincisi, şəxs adı uşaq yeni doğulduğu zaman verilir və dövlət tərəfindən qeydə alınır, rəsmiləşdirilir. Təxəllüs hər kəsin öz mənəvi zövqünə uyğun olaraq, sonradan qəbul edilir; bəzən isə təxəllüs qəbul edən şəxsin müəllimləri və ya ustadları, qələm dostları tərəfindən məs-ləhət görülür. Elm və mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin təxəllüsləri də sonralardan rəsmiləşdirilir. Çünki təxəllüs əsil şəxs adından sonra gəlir və müəyyən məqsədlər üçün köməkçi vasitə rolunu oynayır. Belə adlar asan, sadə, ahəngdar və şairanə sözlər əsasında formalaşır. İkincisi, təxəllüsün şəxs adından bir də fərqi ondadır ki, təxəllüs müvəqqətidir, nəsildən-nəslə keçmir, onun ömrü əsasən, bir nəslin və ya onu daşıyan adamın ömründən də az olur, çünki təxəllüs sonradan qəbul edilir; şəxs adı isə uzun müddət, yəni onu daşıyan adamın ömrü qədər yaşayır və sonralar da nəsildən-nəslə keçərək xalqın yaşadığı bütün areallarda yayılır və daimi yaşamaq hüququ qazanır. TƏXƏLLÜSÜN YARANMA TARİXİAzərbaycan dilində təxəllüs həyat və məişətin, ətraf mühitin bu və ya digər sahəsini özündə əks etdirən ümumişlək sözlərdən ibarət olduğu kimi, ayrı-ayrı görkəmli mədəniyyət və elm xadimlərinin anadan olduğu yerə, mənsub olduğu tirə, qəbilə, tayfa və xalqı bildirən sözlərdən də ibarət ola bilir. “Kitabi-Dədə Qorqud” dastanlarının islamiyyətdən əvvəl düzülüb qoşulduğunu nəzərə alsaq, yazılı mənbələrin verdiyi məlumata görə, dilimizdə təxəllüsün təşəkkül tapmasının 1500 ildən çox tarixi vardır. Heç təsadüfi deyil ki, “Dədə Qorqud” dastanları qəhrəmanlarının əksəriyyətinin təxəllüsü və ləqəbi olmuşdur: Dədə Qorqud, Qaracıq Çoban, Alp Ərən, Dəli Əvran (Ərvən), Qonur Qoca, Dəmir Donlu Mumaq, Bığıqanlı Bəkdüz, Yüklü Qoca və s. Professor Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, bunlardan başqa, ayrı-ayrı qəhrəmanların xüsusi ləqəbləri vardır: biz atlı, boz ayğırlı, boğazca, qısarca, at ağızlı, yalançı və s. Qəhrəmanın əslini, nəslini, şücaətini, xidmətini bildirən epitetlər silsiləsi də qeyri-rəsmi titullar kimi işlənmişdir”. Hələ, X əsrdən etibarən ədəbi dili-mizdə ayrı-ayrı alim və şairlərin geniş yayılmış təxəllüs-lərinə rast gəlmək olur. Təxəllüs müstəqil antroponimik vahidlərdən biri olduğu üçün tədris zamanı müəllim yeri gəldikcə şagirdlərə onların ad, ata adı və familiyalardan fərqli xüsusiyyətlərini şərh etməlidir. Çünki ədəbiyyatımızın tarixində öyrəndiyimiz yazıçı və alimlərin, demək olar ki, əksəriyyətinin (bəlkə də hamısının) təxəllüsü olmuşdur. “Azərbaycan təxəllüs lüğəti”ndə X əsrdə 6, XI əsrdə 3, XII əsrdə 13, XIII əsrdə 5, XIV əsrdə 12, XV əsrdə 10, XVI əsrdə 12, XVII əsrdə 36, XVIII əsrdə 43, XIX əsrdə 160, XX əsrdə 101 nəfər ədəbiyyat və elm xadimlərinin təxəllüsünün olduğu qeyd edilmişdir. Həmçinin lüğətdə iki əsrin astanasında yaşamış 112 nəfər müəllifin təxəllüsü verilmişdir. X əsr: Səid ibn Qasım Bərdəi, Hüseyn ibn Cəbrail Mərəndi, Əbubəkir Məhəmməd ibn Abdulla Əbhəri və s.XI əsr: Xətib Təbrizi, Əbu Mənsur Qətran Təbrizi, Pir Hüseyn Şirvani və s.XII əsr: İlyas Yusif oğlu Nizami Gəncəvi, Mahmud Nizaməddin Əbül-Üla Gəncəvi, Məhsəti xanım Gəncəvi və s.XIII əsr: Şəms Təbrizi, Nəsrəddin Məhəmməd ibn Həsən Tusi, Siracəddin Mahmud ibn Əbubəkr, Urməvi, Seyid Zülfüqar Şirvani və s.XIV əsr: Əvhədi Marağalı, Əhməd ibn Əyyub əl-Hafiz Naxçivani, Əssar Şəmsəddin Hacı Məhəmməd Təbrizi və s.XV əsr: Pəri Peykər, Vəhid Təbrizi, Movlana Cəfər Təbrizi, Seyid Yahya Cəlaləddin Bakuvi, Əfsəhəddin Hidayətullah Hidayət və s.XVI əsr: Əhdi Bağdadi, Əhməd ibn Məhəmməd, əl-Qəffari əl Qəzvini, Sadiq bəy Əfşar, Məhəmməd Süleyman oğlu Füzuli və s. XVII əsr: Yusif Məhəmmədcan oğlu Qarabaği, Əlican Qövsi, Məhəmməd Əmani, Mirzə Sadıq Ordubadi və s.XVIII əsr: Ağa Hüseyn Arif Təbrizi, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Həsən, Məhcur, Şirvani və s.XIX əsr: Mirzə Nəsrullah Bahar Şirvani, İsmayıl bəy Nəsrullah Sultan oğlu Qutqaşınlı, Aşıq Həsən Dilqəm, Qasım bəy Zakir Əlibəy oğlu Cavanşir, Ələsgər Göycəli, Mirzə Fətəli Axundov Səbuhi və s. XX əsr: Məhəmməd Həsən Vəli Baharlı, Əli Nəzmi Bikəs, Murtuz Məşədi Rza oğlu Bülbül Məmmədov, Əlağa Vahid Məmmədqulu oğlu İsgəndərov, Səməd Vurğun Yusif oğlu Vəkilov və s. “Azərbaycan təxəllüs lüğəti”nə nəzər salsaq, görərik ki, Azərbaycan antroponimiyasında tarixən təxəllüs o qədər geniş yayılmışdır ki, hətta, ayrı-ayrı ədəbiyyat, incəsənət və elm xadimləri bütün əsərlərini yalnız təxəllüslərlə yazmışdır. Onlar xalq arasında və elm aləmində öz adı, ata-sının adı ilə yox, təxəllüslər ilə şöhrət tapmışlar. Bizə böyük irs qoyub getmiş onlarla ədəbiyyat və elm xadimlərinin adını indi də müəyyənləşdirmək çətindir. Çünki dövrün acınacaqlı vəziyyətinə açıq gözlə baxan şairlər təqibdən yaxalarını qutarmaq üçün öz təxəllüsləri (gizlin imzaları) arxasında gizlənirdilər. Buradan belə nəticəyə gəlmək olur ki, təxəllüsün yaranma səbəblərindən biri də mütərəqqi fikirli şair və alimlərin hakim sinif tərəfindən təqib edilməsi olmuşdur. Təsadüfi deyil ki, 80 nəfərdən çox ədəbiyyat və elm xadimlərinin adı lüğətə yalnız öz təxəllüsləri ilə daxil olmuşdur.“Bu illərdə (XVII əsrin ortalarında I Şah Abbasın böyük sürgün illərində -M.Ç.) Şakir, Naseh, Nadir, Vahid, Vüğui, Zahid, Halı, Hərisi təxəllüsü ilə yazan Azərbaycan şairləri də şahın hökmü ilə İsfahana köçürülmüşdür. Sahib, Məsih, Arif, Məhvi, Məlum, Hümai, Şeyda, Rabit, Razi, Rəhməti, Rəşid və başqa təxəllüslərlə yazan otuzdan artıq Azərbaycan şairi, məşhur “Bürhane-Qate” müəllifi Bürhan, bir sıra dini-fəlsəfi əsərlər müəllifi Yusif Qarabaği kimi alimlər ölkədən baş götürüb qaçmış, Şah Abbasın hökmü çatmayan yerlərdə yazıb-yaratmağa məcbur olmuşdular”. XVI əsr aşıq sənətinin dahi ustadı Qurbani də öz təxəllüsü ilə tanınmışdır.Qısa bir dövrdə bu qədər təxəllüsün geniş yayılması təsdiq edir ki, Azərbaycan antroponimiyasında təxəllüsün qədim yaranma tarixi, maraqlı və çox zəngin xüsusiyyətləri vardır. “Azərbaycan təxəllüs lüğəti”nə nəzər saldıqda aydın olur ki, hələ lap əvvəllərdən elm və ədəbiyyat sahəsində tanınmış adamların bir çoxu özlərini başqalarından fərqləndirmək üçün doğulduqları və ya böyüdükləri yerin adlarını özləri üçün təxəllüs qəbul etmişlər.Azərbaycan antroponimiyasında təxəllüslərin yaranma tarixinə nəzər saldıqda məlum olur ki, hələ familiya olma-dığı zaman ayrı-ayrı tanınmış adamlar doğulduqları yerin adı ilə əlaqədar olan təxəllüslər qəbul etmişlər. Deməli, ilk təxəllüslər toponilərdən düzəlmişdir. Başqa sözlə desək, toponimlər təxəllüslərin yaranması üçün ilk mənbə olmuş-dur. Bunu tarixi faktlar da əyani şəkildə təsdiq edir. Məsə-lən, X əsrdə yaşamış Azərbaycan alimləri özlərinə doğul-duğu yerin adı ilə təxəllüslər qəbul etmişlər: Ərdəbilli - Əbülhəsən Yaqub ibn Musanın Ərdəbildə, Bərdəi - Səid ibn Əmrülünün Bərdədə doğulub böyüdüyünü göstərir.X-XI əsrlərdə yaşamış məşhur Azərbaycan filosofu Əbulhəsən Bəhmənyarın “Deyləmi” nisbəsi olmuşdur. Bu da müasir İran alimi Məhəmməd Müdərisi Zəncaninin qeyd etdiyi kimi, onun Deyləm şəhərinə mənsub olması ilə əlaqədardır. X-XI əsrlərdə nisbələrlə tanınan onlarla azərbaycanlı alim və mütəfəkkirlər yaşamışdır. “XI əsrdən qabaq yaşa-mış məşhur sufilər içərisində Hüseyn ibn Cəbrail Mərəndi, Əbulfərəc Əbdül Vahid Vərsani, Səid ibn Qasım Bərdəi, Əli ibn İbrahim Ürməvi, Əbubəkr Məhəmməd ibn Abdulla Əbhəri, Əbülhüseyn Zəncani, Əbuzürə Ərdəbili və başqa azərbaycanlı mütəfəkkirlərin də adları çəkilir”. XI əsrdə yaşamış Azərbaycan şairlərindən Pir Hüseyn, Xətib və Qətran da doğulduqları yerin adı ilə təxəllüs qəbul etmişdir: Şirvani - Pir Hüseynin Şirvanda, Təbrizi - Xətibin Təbrizdə, Təbrizi - Qətranın Təbrizdə doğulub boya-başa çadığını bildirir.XIII əsrdə yaşamış məşhur Azərbaycan sənətkarı Şay-yad Həmzə, XIV əsrdə yaşamış Azərbaycan şairlərindən Sulu Faqih, XIII-XIV əsrlərdə yaşayıb yaratmış, zəmanə-sinin görkəmli alimi Məhəmməd ibn Hinduşah Naxçivani “Şəms Münşi ən Naxçivani” təxəllüsü ilə məşhurlaşmışdır. XIV əsrdə Misirdə məmlukilər dövründə yaşamış Azər-baycanlı sənətkarlardan biri anadangəlmə kor olduğu üçün Zəlili təxəllüsünü götürmüşdür. Həmçinin, XIII əsrdə yaşamış Azərbaycanın ensiklopediyaçı alimi Nəsrəddin Məhəmməd ibn Həsən təhsil aldığı Tus şəhərinin adı ilə Tusi nisbəsini, XIV əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Şabahəddin Fəzlullah Təbrizi Astrabadi Nəimi təxəllüsünü, görkəmli şair və mütəfəkkir Seyid Əli Nəsimi təxəllüsünü, XIV-XV əsrlərdə yaşamış orta əsrlər tarixçisi Nizaməddin doğulduğu yerin adı ilə Şami nisbəsini, XV əsrin məşhur miniatür rəssamı Pir Seyid Əhməd Təbrizi nisbəsini, XVI əsrdə Səfəvi hökmdarı Təhmasibin qızı Pərixan xanım da Həqiqi təxəllüsünü qəbul etmişlər. XV-XVI əsrlərdə yaşayıb-yaratmış sənətkarlardan Yusif Azəri və Yusif xanın da təxəllüsləri olmuşdur. Bu dövrdə Azərbaycan şair və sənətkarları arasında Xətai təxəllüsü geniş yayılmışdır. O cümlədən, Şah İsmayıl, Şüştəri, Səmərqəndi, Sui, Yəzdi, Koçrati və Mir Qurani “Xətai” təxəllüsü ilə məşhurlaşmışlar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış klassik Azərbaycan şairi Şeyx İbrahim ibn Şahbəddin də əvvəlcə Heybəti, sonra isə öz müəllimi Dədə Ömər Rövşənin məsləhəti ilə Gülşəni təxəllüsünü və Bərdəi nisbəsini qəbul etmişdir. XV əsr Azərbaycan ədəbiyyatının bir çox nümayəndələri, o cümlədən, Herat ədəbi məktəbində (bu ədəbi məktəbə Əlişir Nəvai və Hüseyn Bayqara başçılıq edirdi) təhsil almış Bəsiri, Kişvəri, Ziyayi, Xülqi, Allahi, Şahqulu bəy, Süsəni bəy, Pəri Peykər kimi klassiklərimiz sənət aləmində öz təxəllüsləri ilə şöhrət tapmışlar. Bu dövrdə yaşamış şairlərin əksəriyyətinin tərcümeyi-halı, o cümlədən, adı, atasının adı və familiyası haqqında tam məlumat yoxdur. Belə şairlərdən biri də Nemətulla Kişvəri Dilməqanidir. Onun adı Nemətulla, təxəllüsü isə Kişvəridir. XV əsrdə yaşamış görkəmli Azərbaycan şairi Əfsəhəddin Hidayətullah da Hidayət təxəllüsü ilə poeziya aləmində məşhurlaşmışdır.XVII əsrdə yaşayıb-yaratmış klassik Azərbaycan şairi Əlican Təbrizi “Qövsi” təxəllüsünü qəbul etmişdir. Qövsi Təbrizinin həyat və yaradıcılığını dərindən tədqiq edən M.Seyidov belə nəticəyə gəlmişdir ki, “Qövsi” təxəllüslü üç şair olmuşdur. Bunlardan birincisi, XVI əsrdə yaşamış, farsca şeirlərlə şöhrətlənmişdir. İkincisi, XVII əsr şairi İsmayıl Qövsidir. Divanı bizə gəlib çatan Qövsi isə Dərviş Hüseynin “Rövzətqül cinan” təzkirəsində adını çəkdiyi İs-mayıl Qövsinin oğlu Əlican Qövsidir (üçüncüdür). Üçün-cü, Qövsi XVII əsrin sonu və XVIII əsrin əvvəllərində ya-şayıb-yaratmışdır.“Azərbaycan təxəllüs lüğəti”nin (Tərtib edən: M.N.Ço-banov) əlyazması üzərində araşdırmalar apararkən məlum oldu ki, XIV əsrə qədər təxəllüslər, əsasən toponimlərdən düzəlirmiş. Bunu XIV əsrə qədər yaşamış Azərbaycan şairlərinin təxəllüslərində də aydın şəkildə görürük. Məsələn, Gəncəvi - Əbdül Ümlanın və Məhsəti xanımın Gəncədə; Şirvani - İzzəddinin Şirvanda, Beyləqani - Mücərrəddinin Beləqanda, Marağalı - Əvhəddinin Marağada yaşayıb-yaratdığını bildirir.Təxəllüslər üzərində apardığımız tədqiqatlar nəticəsində, həmçinin, məlum oldu ki, hələ, Orta əsrlərdən Azərbaycan antroponimiyasında nisbələrdən də geniş isti-fadə olunmuşdur. Yəni, ayrı-ayrı şair və elm xadimləri adı və təxəllüsü ilə yanaşı, doğulduqları yerin adını bildirən sözlərdən də (toponimlərdən də) öz şeirlərində təxəllüs məqamında istifadə etmişlər. Antroponimikada belə xüsu-siyyətə “nisbə” deyilir.XVIII əsrin məşhur siyasi xadimi, tarixçi, dilçi alimi Mirzə Məhəmməd Mehdi xan ibn Məhəmməd Nəsir Əstərabadi şeirlərini Kövkəb təxəllüsü ilə yazmışdır. Həmçinin, XVIII əsr klassik Azərbaycan şairi M.P.Vaqifin oğlu Əliağa Alim təxəllüsü ilə tanınmışdır. Həmçinin, XVIII əsrdə yaşayıb-yaratmış Vidadi (Molla Vəli), Müştəri (Fətəli xan), Arif (Ağa Hüseyn), Şair (Əbdürrəhman Ağa Dilbaz oğlu), Arif (Mustafa Ağa), Mirzə (Mirzə Həsən), Şəhid (Mirzə Əbülhəsən), Nəva (Cəfərqulu xan), Valeh (Səfi Kərbəlayi), Aşiq (Məhəmməd bəy), Sabit (Mehdi Şəqaqi) və ədəbiyyat tarixində öz təxəllüslərilə (adları bizə məlum olmayanlar) tanınmış Zəmiri, İbni Kəşan, Hami, Şəms, Aciz, Rəfeyi kimi onlarla məşhur sənətkarımız da təxəllüslərdən istifadə etmişlər.Yuxardakı təxəllüslərdən göründüyü kimi, XVIII əsrdə Arif təxəllüsü ilə yazıb-yaradan iki sənətkarımız olmuşdur.* * *XIX əsr Azərbaycan mədəniyyəti, ədəbiyyatı və elmi tarixində xüsusi bir mərhələ təşkil edir. Bu mərhələdə yazıb-yaradan klassiklərimizin hamısı da, demək olar ki, öz mənəvi zövqünə uyğun olan təxəllüslərdən istifadə etmiş və əksəriyyəti təxəllüsləri ilə məşhurlaşmışdır. Onlardan Nəbati (Seyid Əbülqasim Möhtərəm oğlu), Aşıq (Məhəmməd bəy Cavanşir), Zakir (Qasım bəy), Zakir (Molla Qasım), Fateh (Kərim ağa ibn Fətəli xan), Nicati (İbrahim Əfəndi), Zülali (Mirzə Hüseyn), Nasir (Mustafa ağa Qiyasbəyov), Naci (Molla Qadir Şirvani), Bixud (Molla Ağa Hacı Tağızadə), Racib (Qafar Hacı Məhəmməd Ziyad oğlu), Zühuri (Ağababa Məhşədi Abdulla oğlu), Qafil (Ələkbər Namaz oğlu), Səfa (Məhəmməd Məşhədi Hüseyn oğlu), Zövqi (Molla Məhəmməd), Naseh (Ağaəli bəy Əfəndizadə), Asi (Abdulla bəy), Azər (İbrahim bəy), Salar (Mirzə Həsən bəy), Səfa (Mirzə Haqverdi), Yusifi (Kərbəlayi Qulu Xarrat Vələdi-Məhəmməd Pəri Nazzadə), Məxvi (Məhəmmədəli bəy Məşhədi Əsəd bəy oğlu), Həsən Qara (Hadi Həsən bəy Rzaqulu bəy oğlu), Rəhzən Şahin (Məşhədi Əbdül), Nigari (Hacı Mirhəmzə Əfəndi), Natəvan (Xurşidbanu), Xəminə (Fatimə xanım), Sabit (Axund Molla Hüseyn Qazaxi), Növrəs (Mirzə Əliəsgər), Cəfər (Məşhədi Mirzə Cəfər Hacı Seyid Qasım oğlu), Naci (Mirzə Mehdi), Şair (İsgəndər ağa), Şölə (Hacı Molla Abbas), Xani (Məşhədi Hidayət bəy), Fani (Mirzə Sadıq), Fəqir (Hacıağa Ordubadi), Bəzmi (Məşhədi İsmayıl Hacı Kazımzadə), Müttəle (Mirzə Kazım Qazi Əsgərzadə), Sabir (Hacı Seyid Rza Əmirzadə), Zari (Mirzə Abbas), Ləli (Mirzə Əlixan Şəmsül Hükəma), Şair (İsgəndər ağa Qaibbəyov), Vəhidi (Hacı Rəhim ağa Dilbazov), Rəncur (Şahnigar xanım), Nazir (Mirzə Nəbi Əfəndi Qaibov), Nafe (Hacı Mahmud Əfəndi), Rəsul (Hacı Rəsul), Dülgər (Rəsul), Şuxi (Mustafa ağa), Hüzni (Molla Məhəmməd), Şəməmduz (Məhəmməd ibn Salman), Dodui İbrahim (Molla İbrahimxəlil), Nakam (İsmayıl bəy), Şüam (Mirzə Kərim), Sünehri (Mirzə Cəbrayıl), Qumri (Mirzə Məhəmməd Tağı), Aşıq Molla Cuma (Süleyman Saleh oğlu), Məmnuni (Mirzə Həsən Əfəndi Əlqədarix), Raci (Hacı Əbülhəsən), Pürqəm (adı məlum deyil), Xalxali (Ağamirzə Məhəmməd Bağır), Dəxil (Axund Molla Hüseyn Marağalı), Dilsuz (Məhəmməd Əmin), Vəndamlı (Yusif), Naseh Şeyx (Şeyx İbrahim Qüdsi), Arif (Lahici Şirvani), Asəf (Ləmbərani), Zəbih (Ağaismayıl) və başqalarının adını fəxrlə qeyd etmək olar. Həmçinin, məşhur rəssam Nəcəfqulu Cavad oğlu Nəzərli “Rasim” təxəllüsünü, Azərbaycan şairi, filoloqu, rəssamı və musiqişünası Mir Möhsün Hacı Məhəmməd oğlu “Nəvvab” təxəllüsünü; yazıçı Mir Həsən Hacı Mirağa oğlu Möhsünov “Müsəvi Seyid” təxəllüsünü qəbul etmişlər.XIX əsrin əvvəllərindən etibarən isə Azərbaycan antroponimiyasında təxəllüs, əsasən, familiya ilə bərabər işlənməyə başlamış və bu proses indi də davam etməkdədir. Məsələn, Abbasqulu Ağa Bakıxanov Qüdsi (Qüdsi təxəllüsüdür), Mirzə Fətəli Axundov Səbuhi (Səbuhi təxəllüsdür), Ağa Rəhim Ağa Dilbazov Vəhidi (Vəhidi təxəllüsdür), Həsənbəy Məlikov Zərdabi (Zərdabi təxəllüsdür), Seyid Rza Əmirzadə Sabir (Sabir təxəllüsdür), Osman Abdulla oğlu Qurbanov Sarıvəlli (Sarıvəlli təxəllüsdür), Seyid Cəfər Cavadzadə Pişəvəri (Pişəvəri təxəllüsdür), Qafur Əfəndiyev Qantəmir (Qantəmir təxəllüsdür) və s.Təxəllüsün antroponimlərlə, yəni təxəllüslə yazan şəxsin adı ilə bərabər eyni hüquqda rəsmiləşdirilməsi və işlək xarakter alması da diqqətəlayiqdir. Məsələn, Qüdsinin (təxəllüsdür) avtonimi Abbasqulu ağa Bakıxanov, Səbuhinin avtonimi Mirzə Fətəli Axun-dov, Zərdabinin avtonimi Həsənbəy Məlikovdur.Təxəllüs üçün səciyyəvi olan cəhətlərdən biri də odur ki, məqtələrdə-qəzəl və yaxud qəsidənin son beytində müəllif məharətlə öz təxəllüsünü verir. Məsələn:Kəlisayə etdim nifrət,Məhkəyə də yox məhəbbət,Xaqana yox məndə hörmət,O da sevməz Xaqanini.Ey Füzuli, odlara yansın büsati-səltənət!Yeydir ondan, həq bilir, bir guşeyi-gülxan mana.“Hümmət” təşkilatında çalışmış, Peterburqda nəşr olunan “Duma” qəzetinin azərbaycanca səhifələrinin redaktoru olmuş Zeynal Zeynalov “Təkamül”, “Qudok”, “İrşad” və başqa mətbuat orqanlarında çıxış etmiş və Məşriqi təxəllüsü ilə pyes və şeirlər yazmış, həmçinin publisistik yazılarında Z.Şərqi, “Z.Məşriqi” imzalarından1 da istifadə etmişdir.XX əsrin əvvələrində yaşayıb-yaratmış məşhur Azərbaycan alimi Məhəmməd Həsən Vəli Baharlı təxəllüsü ilə yazıb-yaratmışdır (Onun 1921-ci ildə nəşr olunmuş “Azərbaycan” kitabında tarix, coğrafiya və etnoqrafiya məsələləri geniş şəkildə şərh olunmuşdur).Həmçinin XX əsrdə yaşayıb-yaradan ədiblərdən aşıq İman Məşədi Saleh oğlu Növrəs təxəllüsünü, yazıçı Abbas Ələkbər oğlu Pənahi Makulu nisbəsini, şair Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə Müşfiq təxəllüsünü, yazıçı-jurnalist Məmməd Əli oğlu Əlizadə Mübariz təxəllüsünü, yazıçı-jurnalist Əlabbas Mütəllibzadə Müznib, yazıçı-jur-nalist Mirzağa Aranlı, Azərbaycan Xalq şairi və əməkdar incəsənət xadimi Məmməd İnfil oğlu İbrahimov Araz, məşhur şair və əməkdar incəsənət xadimi Nəbi Ələkbər oğlu Babayev Xəzri, sevimli şairimiz Xəlil Rza Ulutürk təxəllüsünü qəbul etmişdir.Təxəllüsün ikili xarakteri. XII əsrdən sonra yaradılmış təxəllüslərə nəzər saldıqda yeni bir mənzərə - təxəllüslərin bir növ ikili xarakter daşıması göz önündə canlanır. Yəni ayrı-ayrı adamların həm özlərinin mənəvi zövqünə uyğun olan ümumişlək sözlərdən, həm də doğulduqları və yaşadıqları yerin adını bildirən sözləri təxəllüs seçmələrinin əsas səbəbi başlıca olaraq, bir təxəllüsün bir neçə nəfər adam tərəfindən qəbul edilməsi idi. Bunu Azərbaycan şairlərinin təxəllüslərində aydın şəkildə görürük. Məsələn, Şirvani - Əbunəzzəm Cəlaləddin Məhəmməd Fələkinin (Fələki təxəllüsdür) və Əfzələddin İbrahim Xaqaninin (Xaqani təxəllüsdür və xaqana layiq mənasını ifadə edir) Şirvanda; Gəncəvi İlyas Yusif oğlu Nizaminin (Nizami təxəllüsdür, hər şeyi nizama salmaq, sahmana salmaq mənasını ifadə edir) Gəncədə doğulub, yaşayıb-yaratdığını göstərir.Burada (Fələki) Şirvani, (Xaqani) Şirvani, Nizami (Gən-cəvi) şeirlərdə təxəllüs məqamında işlənən nisbələrdir. Belə ikili xarakter daşıyan təxəllüslərə sonrakı dövr-lərdə də rast gəlmək olur. Məsələn, Təbrizi-Şah Fəzullah Nəiminin (Nəimi təxəllüsüdür - XIV əsr, ərəbcə nemət, rifah; nemət verən mənalarında işlənir) Təbrizdə, Gəncəvi - Şeyx İbrahim Qüdsinin (Qüdsi təxəllüsüdür - XIX əsr, ərəbcə müqəddəs, pak mənalarında işlənir) Gəncədə, Şəmkirli - Məmmədcəfər Miskinin (Miskin təxəllüsdür - XIX əsr, farsca yoxsul, aciz mənalarında işlənir) Şəmkirdə, Qırbulaqlı-Məmməd Xəlifə Acizin (Aciz təxəllüsdür - XIX əsr) Qırbulaqda, Qarabağu-Mir Möhsün Nəvvabin (Nəvvab təxəllüsdür - XIX əsr, ərəbcə naib mənasında işlənir) Qarabağda, Şirvani-Mirzə Nəsrullah Baharın (Bahar təxəllüsdür - XIX əsr, yaz fəslini bildirir) Şirvanda doğulub, yazıb-yaratdığına işarədir. XIX əsrdə yaşayıb-yaratmış şair Qüdsi Vənəndi - Hacı Mirzə Ağarəhim oğlunun təxəllüsü Qüdsi, nisbəsi ilə Vənəndidir.Areal təxəllüslər. Antroponimiyada bir qrup təxəllüslər vardır ki, onların bəziləri bir əsr müddətində müxtəlif yerlərdə yaşayan yazıçı və şairlər tərəfindən qəbul edilmişdir. Bu qrup təxəllüslər antroponimiyada areal təxəllüslər adlanır. Məsələn, XIX əsrdə Vaiz Əfəndi, Əsgər, Qasım, Məhcur, Şəkər, Sənan, Nəbi Əfəndi, Asəf və başqaları Şirvani təxəllüsü ilə tanınmışlar. Bundan başqa Qasım bəy və Molla Qasım Zakir, Şeyx İbrahim Qüdsi və Ağaəli bəy Əfəndizadə Naseh, Məhəmməd Məşhədi Hüseyn oğlu və Mirzə Haqverdi Səfa təxəllüsü ilə məşhurlaşmışlar.Qədim zamanlarda hökmdarlara və müxtəlif vəzifə sahiblərinə, XVIII əsrdən isə dövrün ən görkəmli ziyalısına - şair, yazıçı və aliminə böyük ehtiram və məhəbbət əlaməti olaraq Mirzə təxəllüsü verilirdi. Məsələn, XVIII-XIX əsrlərdə Mirzə Həsən, XIX əsrdə Mirzə Mehdi Naci, Mirzə Fətəli Axundov, XX əsrdə Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və başqaları xalq arasında elmi və siyasi ictimaiyyətdə Mirzə təxəllüsü ilə tanınmışlar. Elm və mədəniyyət xadimlərinə, yazıçılara və şairlərə indi də danışıq dilində ehtiram əlaməti olaraq Mirzə deyirlər. Məsələn, Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik Feyzulla Səməd oğlu Qasımzadəyə hamı - həm-karları da, tələbələri də Mirzə və yaxud Mirzə Feyzulla - deyə müraciət edirdilər.Təxəllüsün işlənmə tezliyi. Areal təxəllüslərdən bəhs edərkən, onların işlənmə tezliyindən də danışmaq yerinə düşərdi. Müasir antroponimiyamızda cəmiyyət üzvlərinin şəxs adının sayı ilə onu ifadə edən antroponimin sayı arasında böyük fərq olduğu kimi, təxəllüslərin sayı ilə onların aid olduğu avtonimlər (müəlliflərin adı, atasının adı və familiyası) arasında da böyük fərq vardır. Lüğətə düşmüş 580-dən çox avtonimi bildirmək üçün cəmi 381 antroponimik vahiddən və yaxud təxəllüsdən istifadə olunmuşdur. O cümlədən, lüğətdəki 250 avtonimi bildirmək üçün 72 təxəllüsdən istifadə edilmişdir. Tədqiqata cəlb olunmuş təxəllüslərin işlənmə tezliyini aşağıdakı cədvəl daha aydın şəkildə göstərir. Yuxarıdakı cədvəldən göründüyü kimi, bir qrup təxəllüsün işlənmə tezliyi müxtəlifdir. O cümlədən, Şirvani 29, Təbrizi 28, Xətai 8, Qarabağ 7, Gəncəvi 5, Arif 5, Dəli 6, Ordubadi 4, Marağa 4, Naseh 4, Urməvi 4; Azər, Bakuvi, Bahar, Qövsi, Qüdsi, Dədə, Ərdəbilli, Əsiri, Sabir, Sabit, Sührəvərdi, Bikəs, Şəkili təxəllüslərinin hərəsi üç avtonimi; Aşiq, Aşıq, Bağdadi, Bərdəi, Bəsiri, Bülbül, Vahid, Qafqaz, Qəmli, Dilqəm, Dilsuz, Düşgün, Əfqanlı, Əfşar, Zakir, Zəmiri, Zülali, Ləli, Məsah, Məftuni, Miskin, Müştəq, Nadim, Nasir, Naxçıvan, Nəvvab, Növrəs, Saraclı, Fədai, Fəna, Xəzani, Hami, Həqiqi, Həsiri, Coşqun, Şakir, Şəbüstəri, Şəmkirli və başqa təxəllüslərin hərəsi iki avtonimi bildirir.Bu əsərdə tədqiqata cəlb olunmuş təxəllüslərin miqdarı və işlənmə tezliyi son hədd deyildir (tədqiqatdan kənarda qalmış çoxlu miqdarda təxəllüsün olması şübhəsizdir). Çünki qədim tarixə malik olan xalqımızın və dilimizin tarixini, onun zəngin mədəni irsini, yazılı mənbələrini hər-tərəfli nəzərdən keçirmək və araşdırmaq imkan xari-cindədir.Allonim təxəllüslər. Azərbaycan antroponimiyası tarixində bir qrup təxəllüslərə rast gəlirik ki, onların bir neçəsi, hətta, ikisi, üçü, dördü, beşi və daha çoxu bir avtonimə və yaxud bir müəllifə aid olur. Başqa sözlə desək, hər hansı bir avtonim və yaxud müəllif öz ilk təxəllüsü ilə yanaşı, başqa bir neçə təxəllüsdən də istifadə edir. Antroponimikada belə təxəllüslər allonim (yunanca allos - başqa, özgə deməkdir) adlanır. Azərbaycan antroponimiyasında areal təxəllüslərin əksinə olaraq, allonim təxəllüslə yazıb yaradan simalara da rast gəlmək olur. Məsələn, XIX əsrin birinci yarısında yazıb-yaradan məşhur şair Mirzə Baxış Nadim öz şeirlərini əsas təxəllüsdən başqa bir neçə təxəllüslə yaz-mışdır. O, Nadim, Xəstə Baxış, Miskin Baxış və Baxış kimi təxəllüsləri ilə şöhrət tapmışdır.XX əsrdə yaşamış mollanəsrəddinçi şair Bayraməli Abbaszadə Mirzə Gülzar təxəllüsü və Hammal imzası ilə satirik şeirlər yazmışdır.Həmçinin “Molla Nəsrəddin” jurnalının müxbiri Nəsrulla Qəmbərlinin Qarnıyarıq, Sancaq, Yoldan keçən kimi təxəllüsləri olmuşdur.Azərbaycan bolşeviklərindən Nemət Bəsir Hacıyev N.Bəsir, N.B., Balaxanlı, Nemət Həqiq Balaxanlı, Həqir Balaxanlı kimi təxəllüs və gizli imzalardan istifadə etmişdir.Təxəllüs qəbuletmə halları başqa xalqlarda da olmuşdur. “Görkəmli yazıçıların bəziləri əsərlərini bir neçə təxəllüslə çap etdiriblər. Məsələn, Sviftin 70, Volterin 160, Anri Beylin (əsas təxəllüsü Stendaldan başqa) 200-ə yaxın təxəllüsü olub” . Məşhur tacik yazıçısı Sədrəddin Səidmuradov da həyatı boyu bir neçə təxəllüs qəbul etmişdir: Sifli, Möhtaci, Cünuni, Ayni və s. Lakin şair Ayni təxəllüsü ilə şöhrət qazanmışdır. O, bu münasibətlə deyirdi ki, mən şeirlər yazırdım, aradan bir müddət keçdikdən sonra xalq mənim şair olmağımı və şeirlər yazmağımı bildi. Məni tanıyanlar imzamı və onun ifadə etdiyi mənasını tez-tez soruşurdular. Buna görə də, mən özümə elə bir təxəllüs seçməli idim ki, onun mənası həm cəlbedici və ahəngdar, həm də çox-mənalı olsun. Odur ki, mən 48 mənası olan Ayni (göz, mənbə, günəş) sözünü təxəllüs qəbul etdim. Müasir məşhur yazıçılardan biri də Arkadi Qolikovdur. O, hərbi xidmətdə olarkən, hərbi hissədə başqa xalqların da nümayəndələri var idi. Onlardan biri də Heydər idi. O, qoçaqlığı və cəsurluğu ilə fərqlənirdi. Heydər avtonimi rus dilində Qaydar şəklində transli-terasiya edilmişdir. Bu ad - Qaydar rus dilində çox ahəngdar səslənirdi. Bu ad Arkadinin xoşuna gəlir və onu tez-tez təkrarlayırdı. Arkadi sonralar bu münasibətlə yazırdı ki, bu söz mənim ürəyimə yatdı, ürəyimi möhkəm alovlandırdı. Uşaqlar, görürsünüz ki, mən bu təxəllüsü gözəllik xatirinə götürməmişəm. Arkadinin 1925-ci ildə ilk kitabı Qolikov familiyası ilə nəşr olunsa da, o, Qaydar təxəllüsü ilə şöhrətlənmişdir.Həmçinin, rus şairi Yefim Alekseyviç Pridvorov - Demyan Bednı (XX əsr), Belorus şairi Yevgeni İvanoviç Skurko - Tank Maksim (XX əsr), özbək yazıçısı Kamil Nuğmanov - Yaşen//Yaşin (XX əsr) qırğız yazıçısı Aalı Tokombayev - Balka (XX əsr) və b. ədəbiyyat və incəsənət aləmində öz təxəllüsləri ilə şöhrət qazanmışlar.Tarixin inqilabçı-siyasi xadimlərin əksəriyyəti də senzuranın və polisiyanın diqqətini yayındırmaq məqsədilə bir sıra təxəllüslərdən istifadə edirdilər. O cümlədən V.İ.Lenin 150-dən çox təxəllüsdən istifadə etmiş və Lenin təxəllüsü ilə dünyada məşhurlaşmışdır. O, Lenin, Starik, V.İ.Lenin, İlyin, İ.Lenin və digər imzalarla yazmışdır. V.Ulyanov 1901-ci ildə “Zarya” jurnalında ilk dəfə V.İliç imzası ilə çıxış etmişdir. Onun 1902-ci ildə məşhur “Nə etməli?” kitabı nəşr olunur. Bundan sonra V.Ulyanov dünya tarixində Lenin təxəllüsü ilə şöhrət qazanmışdır. Bu münasibətlə bir çox oxucular N.K.Krupskayaya müraciət edib, sual verdikdə belə cavab almışlar: Vladimir İliç özü üçün “Lenin” təxəllüsünü nə üçün götürdüyünün səbəbini bilmirəm. Bunu heç vaxt ondan soruşmamışam. Onun anasının adı Mariya Aleksandrovna idi. Vəfat etmiş bacısının adı Olqa idi, Lena hadisəsi, o, bu təxəllüsü özünə götürəndən çox sonra baş vermişdir. O, Lenada sürgündə olmamışdır. Görünür bu təxəllüs təsadüfi götürülmüşdür”. Bu münasibətlə V.Q.Dmitriyev yazır: “Belə bir ehtimal var ki, Vladimir İliç bu imzanı Q.Plexanovun Volkin (Volqa çayının adı ilə bağlıdır -M.Ç.) imzasına yanaşılıq kimi qəbul etmişdir (Plexanov bu imzadan 1896-cı ildən istifadə edirdi). Belə olduqda Lenin imzası da böyük rus çayının adından irəli gəlmişdir”. XX əsrin əvvəllərində inqilabi hərəkatın ilk illərində azərbaycanlı inqilabçılar da ictimai-iqtisadi quruluşun eybəcərliklərini tənqid atəşinə tutduqları zaman polisin diqqətini yayındırmaq məqsədilə gizli imzalarla və təxəllüslərlə çıxış edirdilər. Məsələn, inqilabdan əvvəl böyük inqilabçı, dövlət xadimi N.Nərimanov da mətbuatda “N.N.”, “N”, “Nər”, “Ner”, “Nir” və başqa gizli imzalarla çıxış etmişdir. Lakin bəzi tədqiqatçılar, o cümlədən, N. Makeyev “Из истории псевдонимов и анонимов” adlı əsərində “Hümmət”, “İrşad”, “Həyat”, “Bürhani”, “Tərəqqi”, “İnqilab”, “Yeni iqbal”, “Məktəb”, “Bəsirət”, “Açıq söz”, “Kaspi”, “Baku”, “Prikaspiskiy kray” (Həştərxan), “Tərciman” (Baxçasaray), “Həblülmətin” (Kəlküttə) və digər qəzet və jurnallarda çıxış edən N.Nərimanovun, nəinki, gizli imzasını qeyd edir, hətta, onun heç adını da çəkmir.Məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru və naşiri, inqilabçı-demokrat, görkəmli ədib C.Məmmədquluzadənin yüzə qədər gizli imzası və təxəllüsü olmuşdur. Bu münasibətlə 1927-ci ildə İsmayıl Həqiqi Mirzə Cəlilə məktubunda yazmışdır: “Mən bunu iqrara edirəm ki, məcmuənin Tiflisdə çıxan birinci nömrəsindən ta axıradək: “Molla Nəsrəddin” imzası, “Mozalan” imzası, Lağ-Lağı” imzası ilə, “Hərdəmxəyal” imzası ilə, “Dəli” imzası ilə, “Cırcırama” imzası ilə və “Dəmdəməki” imzası ilə yazılan cəmi məqalələr sən Cəlil Məmmədquluzadənin öz əlilə yazılmış məqalələrdir”.Bax: Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 148-184.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.