31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI ADPU, Tarix 24 марта 2025 324 0 1 2 3 4 5 MEHRİBAN MAHMUDOVA, ADPU, Xarici Dillər Mərkəzi, baş müəllim 31 Mart 1918-ci il Azərbaycan tarixində ən faciəli hadisələrdən biri kimi yadda qalıb. Həmin gün erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ və digər bölgələrdə minlərlə azərbaycanlılar qətlə yetirilib. Bu hadisələr azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi idi.XX əsrin əvvəllərində Cənubi Qafqazda mürəkkəb siyasi vəziyyət hökm sürürdü. 1917-ci ildə Rusiyada baş. verən Fevral və Oktyabr inqilablarından sonra bolşeviklər hakimiyyətə gəldi. Bu dövrdə erməni daşnakları bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı qırğınlar törətməyə başladılar.1918-ci ilin mart ayında Bakı Soveti və onun rəhbəri Stepan Şaumyanın bilavasitə göstərişi ilə erməni silahlı dəstələri dinc azərbaycanlı əhaliyə qarşı hücuma keçdi. Üç gün davam edən qırğın zamanı təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürüldü.Şamaxıda erməni silahlı qüvvələri tərəfindən 8 mindən çox insan öldürüldü,110 kənd yerlə yeksan oldu.Qubada isə soyqırım nəticəsində minlərlə insan həyatını itirdi.Burada 2000-ci ildə aparılan qazıntılar zamanı Quba kütləvi məzarlığı aşkar edildi.Şamaxı əhalisi, eləcə də onlara kömək edən molokanların, onların üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki, onlar uzun illər boyu həmişə dinc yaşamışdılar. Hətta, 1905–1906-cı illər qırğınları zamanı Şamaxıda ciddi qarşıdurma qeydə alınmamışdı. Lakin S. Şaumyanın fitvası ilə erməni daşnak-rus bolşevik silahlı dəstələri, Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaxı qəzasında törətmişdi. 1919-cu il martın 30-da Bakıda nəşr olunan "Azərbaycan" qəzetində (rus dilində) Şamaxı hadisəsi ilə bağlı "Şamaxının son günləri" başlığı altında yazı çap olunmuşdu.Həmin yazıda ermənilərin Şamaxıda törətdikləri qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli azərbaycan əhalisi arasında qarşıdurma yaranmamışdı.Belə bir ağır vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi yox idi. Hətta, yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdilər.Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu,tarixi ədalətin bərpası və soyqırım qurbanlarının xatirəsini yad edilməsi üçün mühüm addım idi.31 mart soyqırımı, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biridir. Bu faciəni unutmaq olmaz.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.