Ozan sənətinin mahir bilicisi və ya 30 ilə söykənən dostluq

Ozan sənətinin mahir bilicisi və ya  30 ilə söykənən dostluq 2025-ci ilin mart ayında, yurdumuzda Novruz Bayramının böyük sevinc və təntənəylə keçirildiyi günlərdə eşitdiyimiz acı bir xəbər çoxları kimi məni də olduqca sarsıtdı. Bu xəbər aşıq sənətinin mahir bilicisi, AMEA Folklor İnstitutunda Aşıq yaradıcılığı şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar və Aşıqlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, cəfakeş folklorşünas-alim Elxan Məmmədlinin vəfatı xəbəri idi.
Elxan Məmmədli el dilinə yaxın, iti qələmə malik peşəkar jurnalist, xalqımızın yaşı qədər ulu tarixi olan folklorumuzun görkəmli tədqiqatçısı və təbliğatçısı idi. Alimlərə görə, folklor – insanlara xeyirxahlıq, mərhəmət duyğuları aşılayan bir sahədir. Bu baxımdan yanaşsaq, Elxan Məmmədlini yaxından tanıyanlar təsdiq edərlər ki, folklor tədqiqatçısı olması heç də təsadüfi deyildi...

Elxan Məmmədli - 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində, filoloq-qorqudşünas Hüseynqulu kişinin ocağında dünyaya gəlib. Azərbaycan SSR-nin Qabaqcıl maarif xadimi, əsl müəllim, folkloru, aşıq-ozan sənətini dərindən bilən Hüseynqulu kişi uzun illər Faxralıda məktəb direktoru, 1962-ci ildən paytaxtda, Maarif Nazirliyində məsul vəzifədə, təqaüdə çıxdıqdan sonra isə “Dədə Qorqud Ensiklopediyası”nda məsul katib vəzifəsində işləyib. Belə ocaqda böyüyüb, boya-başa çatması, uşaqlıq illərindən Aşıq Əmrah, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar kimi sənətkarları dinləməsi onun gələcəkdə təhsilini filoloji sahəyə, həyatını və peşəsini isə ozan sənətinə bağlamağında təbii ki, təsirsiz ötüşə bilməzdi. Beləliklə, Elxan Məmmədli 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olaraq, 1971-ci ildə oranı uğurla başa vurub.
Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji sahədə çalışdıqdan sonra, 1976-1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmiş, 1979-cu ildən etibarən müsabiqə yolu ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. O, 1994-cü ilə kimi Folklor şöbəsində çalışaraq, həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə keçirilmişdir.
2 monoqrafiya, folklor materialları əsasında toplanmış 10-dan çox kita¬bın müəllifi, 50-dən çox kitabın re¬daktoru, rəyçisi və ya ön söz müəllifi olan Elxan Məmmədli 1998-ci il¬də “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizəd¬lik dis¬sertasiyası müdafiə etmişdir.
Bildiyimiz kimi, aşıq yaradıcılığı Azərbaycan xalq musiqisinin çox çətin sahələrindəndir. Bu sahənin mahir bilicisi, cəfakeşi, tədqiqatçısı və təbliğatçısı olan tədqiqatçı-alim 1999-cu ildən AMEA Folklor İnstitutunda Aşıq yaradıcılığı şöbəsinin müdiri idi.
Onun həyatının böyük bir səhifəsi Azərbaycan Televiziya və Radiosu ilə bağlıdır. 1969-cu ildən Azərbaycan Televiziya və Radiosu ilə əməkdaşlıq edən alim “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olub. Sirr deyil ki, folklorumuzun, aşıq sənətimizin tədqiqi və təbliğində bu verilişlərin çox böyük xidməti var və mən çox böyük qürur duyuram ki, düz 30 il əvvəl (1995-1996-cı illərdə) bu verilişlərin hər birinin studiya yazılışında, ya da montaj prosesində bilavasitə iştirak etmişəm. Elə Elxan müəllimlə şəxsi tanışlığım da bu proseslərdə yaranmışdı...
...1995-ci il idi. Mərhum atam, uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində (indiki QSC) müxtəlif məsul vəzifələrdə çalışmış Əməkdar jurnalist Tofiq Məmmədov (elə Elxan müəllimin də əziz dostu) məni Radioda çox kiçik vəzifəyə - radionun səs yazma sexinə səs operatoru vəzifəsinə işə düzəltdi. Vəzifə kiçik adlansa da, məsuliyyəti böyük idi. O vaxtlar Radioda hazırlanan bütün verilişlər öncə səsyazma studiyasında lentə alınırdı (əslində indi də elədir, sadəcə o vaxtlar lent sistemi idi, indi isə müasir kompyüter texnoloğiyaları sistemidir). Veriliş üçün isə ya aparıcının səsi, ya da qonaqla müsahibə yazılarkən bütün məsuliyyət səs operatorunun üzərinə düşür. Ən əsası ona görə ki, radionun studiya mikrofonları o qədər həssasdır ki, hansısa əlavə səsi aparıcı eşitməyə bilər. O baxımdan səs yazlışı zamanı səs operatoru son dərəcə diqqətli olmalıdır.
Onunla ilk tanışlığım heç zaman yaddaşımdan silinən deyil. Bir dəfə o, bir aşıq qonaqla “Sarıtel” verilişi üçün müsahibəyə gəlmişdi. Qonaq da son dərəcə emosional olduğundan, gah ağzını milrofona yaxınlaşdıraraq ucadan danışır, gah da mikrofondan uzaqlaşırdı. Məlum ki, belə olduqda səsin səviyyəsinin qalxıb-enməsi kəskin hiss olunur və montajda bunu tənzimləmək heç də asan başa gəlmir. Bunun da məsuliyyəti çıxışı studiyada yazan operatorun üzərinə düşdüyündən, mən o qonağın səsinin normal alınması üçün həqiqətən çox çalışdım. Elxan müəllim bunu ilk andan hiss etdi və studiyadan çıxanda təşəkkür edərək: “Qardaş oğlu, sabah tanınmış bir aşıq qonağım olacaq. Deyəsən yerim o biri studiyadadır. Sən hansı studiyada olacaqsan? Mən də orada yazım”, dedi.
Radioda o vaxtlar 5 səsyazma otağı fəaliyyət göstərirdi. Beş studiya nahara qədər Respublika radiosunun verilişlərinə, üçü isə nahardan sonra Beynəlxalq Radionun verilişləri üçün nəzərdə tutulurdu. Səs operatorlarının hansı studiyaya təhkim olunmağını isə sexin rəisi müəyyən edirdi. Mən, sabahı günü siyahı üzrə başqa studiyada olduğumdan, Elxan müəllim həmin studiyaya təhkim olunmağımı sexin o vaxtkı rəisi Tofiq müəllimdən xahış etmişdi. Növbəti dəfələrdə isə o, səsini yazdırmaq üçün yer götürəndə (hər həftə onun bir neçə verilişi efirə gedirdi), məhz mənim olunduğum studiyanı seçirdi. Kimin oğlu olduğumu biləndən sonra isə, hər dəfə atamı xəbər alıb, “salam” göndərməyi də unutmurdu.
Elə oldu ki, 1 ildən bir az artıq vaxt keçəndən sonra məni rejissor qrupuna səs rejissoru vəzifəsinə keçirtdilər. 15 il “Səhər” musiqi-informasiya proqramının rejissoru oldum. Gün boyu baş verən hadisələri səhər 07.00 da dinləyiciyə çatdıqmaq üçün verilişin yığılmasına adətən axşamlar başlanılırdı. Amma gün boyu kollektivlə, xüsusən Elxan müəllimin əməkdaşı olduğu “Musiqi verilişləri” baş redaksiyası ilə sıx təmasda olduğumdan, vaxtaşırı onunla yenə görüşürdük. Beləliklə, Elxan müəllimlə 1 il ərzində yaranan yaradıcı münasibətimiz səmimi dostluğa çevrildi. Hər dəfə də görüşəndə yaradıcılığımla maraqlanar, atamı xəbər alar, “salam”ını göndərərdi. Bundan savayı, sözlərimə yazılan yeni mahnılar olanda, adətim üzrə ilk olaraq Radionun “Musiqi verilişləri” baş redaksiyasının baş redaktoru Hacı Məmmədova (ruhu şad olsun) təqdim edirdim. Çox vaxt Hacı müəllimin yanında olduğundan, o görüşlərdə, səslənmələrdə Elxan müəllim də iştirak edirdi. Onun hər dəfə təqdim etdiyim mahnının sözləri haqqında yüksək fikirlər bildirərək mənə dəstək olması, həm mahnının Hacı müəllim tərəfindən qəbul edilərək Radionun “Fond fonotekası”na daxil olmasına kömək edir, həm də məni yeni uğurlara ruhlandırırdı.
Elxan müəllim çox səliqəli redaktor, işini dəqiq bilən cəfakeş mütəxəssis idi. Onun verilişlərində Azərbaycanın tarixi - mədəniyyət abidələri, ağız ədəbiyyatı nümunələri, bayatılar, mərasim folkloru, onun janrları, aşıq sənəti, xalq mahnıları və xalq rəqsləri geniş təhlil olunurdu. Bu yerdə qeyd etməliyəm ki, bu sahələri dərindən bildiyindən, onun folklorla bağlı verilişləri maraqlı və orjinal alınırdı.
Elxan müəllim ozan-aşıq sənəti, Anadolu, Təbriz, Şirvan, Gədəbəy, Göyçə və Borçalı aşıq məktəbləri haqqında yetərincə məlumatlı idi. O, nəinki Azərbaycanda fəaliyyət göstrən saz ustadlarının, hətta Anadolu, Təbriz, Qaradağ, Borçalı aşıqlarının ifalarını çox gözəl bilir və tanıyırdı. Radioda aşıqlarla, aşıq havaları ilə bağlı kiminsə sualı yarananda, ilk növbədə folklorşünas Elxan Məmmədli müraciət edirdi. Bəzən lent yazısını istifadə etdikdən sonra (indikindən fərqli olaraq o vaxtlar radionun fondu ancaq lentlərdə və disklərdə olurdu), kiminsə səhlənkarlığı ucbatından hansısa aşıq havasının yeri qutusunda səhv düşürdü. Elxan müəllim hansı havanı hansı aşığın ifa etdiyini əzbər bildiyindən, həmin havanı ilk notlarından tanıyırdı və heç kimin həll edə bilmədiyi məsələ asanlıqla həllini tapırdı.
Elxan müəllimlə bir çox tədbirlərdə (xüsusən, əməkdar məşqçi-müəllim, Ağır Atletika üzrə Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, Azərbaycan Ağır Atletika federasiyasının sabiq birinci vitse-prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi Vahid Nəzərovun yubiley tədbirlərində) yanbayan oturmuşuq.
Onun tədbir aparıcılığı tamamilə başqa bir aləm idi. Elxan müəllim tədbirdə iştirak edən hər kəsə sinədəftər tərzdə, folklor nümunələrindən yerindəcə istifadə etməklə məxsusi sözlər ünvanlayar, şirin, qəlbə yatımlı kəlmələrini əsirgəmirdi. Coşqun, ehtiraslı, emosional səmimyyətlə söhbət aparırdı.
Əsl yaradıcı insan, zəhmətkeş müəllif-redakror, yorulmaz tədqiqatçı idi. Bəzən saatlarla otağında oturar (təbii ki, radiodakı otağını nəzərdə tuturam), nəsə yazardı. Yazdığı da ya yeni verilişin ssenarisi olurdu, ya da yeni bir poeziya nümunəsi. Onun şeirləri isə klassik Azərbaycan poeziyasının, xalq şerinin, aşıq sənətinin gözəl ənənələrinə söykənərdi. Bəzən şeirlərinin ilk oxucusu da biz – radiodakı həmkarları olardıq. O, həmin şeirləri özünəməxsus tərzdə, şirin ləhcəylə, emosiyanal zərifliklə, cazibəli ahənglə səsləndirərdi, sonda da “qardaş oğlu, necə idi?” deyərdi.
Onun, əziz müəllimi olmuş görkəmli ədəbiyyatçı-alim, professor Şəmistan Mikayılovun baş daşı üçün yazdığı 3 bənddən ibarət bir qoşması var:

Dünyaya vəfasız demədim əsla,
Vəfalı, vəfasız insanlar gördüm.
Saxta təbəssümlər, saxta gülüşlər,
Bir də dost yolunda yananlar gördüm.

Çalışdım, vuruşdum, mənsəbə çatdım,
Kitablar həmdəmim oldu həmişə.
Şəxsi qayğıları bir yana atdım,
Təhsili, maarifi eylədim peşə.

Ömrümü şərəflə vurdum mən başa,
Həqiqət carçısı çağrıldı adım.
Hər vaxt dayaq oldum qohum-qardaşa,
Məni unutmasın yaxınım, yadım.


Şəmistan müəllimi mən də şəxsən tanıyırdım. Bu baxımdan mənim kimi onu tanıyanlar təsdiq edə bilərlər ki, bu qoşma, həm insan, həm də elm adamı kimi Şəmistan müəllimin şəxsiyyətini – canl portretini tam reallıqla təcəssüm etdirir. Amma Elxan müəllimin ilk cüməsi günündə onun 2021-ci ildə işıq üzü görən “Sevmə səni sevməyəni” kitabını əlimə alanda və ilk qabağıma çıxan bu səhifə olanda mən bir anlıq düşündüm ki, müəllif bu qoşmada bəlkə də öz həyatını təsvir edibmiş. Çünki bu qoşma, sanki Elxan müəllimin şəxsiyyətinin, başqa sözlə mənəvi-əxlaqi düşüncəsinin parlaq ifadəsidir; həm insan, həm də bir ziyalı, elm adamı kimi düşüncəsinin aynasıdır...
Mən, Elxan Məmmədlinin ölüm xəbərini onun dəfni günü eşitdiyimdən, hər ikimizin dostu Vahid Nəzərovdan xahiş etdim ki, məni onun birinci cümə axşamı mərasiminə aparsın. O da sağ olsun, məni və digər müştərək dostumuz, uzun illər “Spartak” cəmiyyətinin sədri vəzifəsində çalışmış Yavər müəllim Hacıyevi Elxan müəllimin birinci cüməsinə apardı. Orada Elxan müəllimin oğlu Elnur bəylə, qardaşı Eldar müəllimlə və diğər qohumları ilə tanışlığımız, çox səmimi münasibətimiz yarandı və mən Elxan müəllim haqqında yazacağım xatirə yazımda istifadə etməyim üçün onun məndə olmayan kitablarını bağışlamağını Eldar müəllimdən xahiş etdim.

...Tanış olduğumuz gündən Elxan müəllim mənə həmişə “qardaş oğlu” deyə müraciət edib. Bu səbəbdənmi, yaxud diğər doğmalıq tellərindənmi, bilmirəm, amma Eldar müəllimin ilk telefon zəngində mən telefonu açıb biixtiyar “Bəli, Eldar əmi, dedim”...
Yazımın əvvəlində qeyd etdim ki, Elxan müəllimin itkisi məni çox sarsıtdı. Və mən, əziz həmkarımız, yoxluğu qəlbimizi hələ çox yandıracaq Elxan Məmmədli haqqında çox söz deyə bilərdim, çünki ürəyim doludur. Amma istərdim ki, o böyük alim haqqında bu kiçik yazımı onun 3 mərasimi günü qələmə aldığım bir şeirlə yekunlaşdırım.

Ürəkdən bağlıydı doğma elinə,
Ulu torpağına, ana dilinə.
Nə qədər aşığı xalqa tanıdıb,
Qonaq çağıranda “Sarıtel”inə,
Dostluq dünyasıydı Elxan Məmmədli.

Yol gedirdi “Sazın-sözün sehrində”,
Dünya bambaşqaydı onun şeirində.
Açıq sözlü idi, düz sözlü idi,
Sözünü deyirdi haqqlı, yerində,
Haqqın sədasıydı Elxan Məmmədli.

Ekrandan, efirdən gələrdi səsi,
Zəngin xəzinəydi – səs xəzinəsi.
Ustadtək baxırdı “Ustadnamə”yə,
Gözəl səslənirdi “Gözəlləmə”si,
Ozan dühasıydı Elxan Məmmədli.

“Bulaq”ı bulaqtək süzülən idi,
Sözləri muncuqtək düzülən idi.
Yoldaşlardan kimsə dara düşəndə,
Məsələ onunla çözülən idi,
Ərkin qalasıydı Elxan Məmmədli.

O, sahibi idi böyük hörmətin,
Savadın, kamalın, şanın, şöhrətin.
Həyatdan adi bir alim getmədi,
Getdi bilicisi qədim sənətin,
Sənət dəryasıydı Elxan Məmmədli.


Zaman keçəcək, günlər ayları, aylar da illəri əvızləyəcək. Lakin mən əminəm ki, Elxan Məmmədlinin uzun tarixə söykənən milli folklorumuzun tədqiqi və təbliği sahəsindəki yorulmaz fəaliyyəti qədirbilən xalqımızın, doğma münasibəti isə mənim yaddaşımdan silinməyəcək.
Runu şad olsun!


Anar Məmmədov,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü,
şair-publisist,

10.04.2025


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT  ...

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT ...

Humanitar elmlər, Folklor, Bolus, Nekroloqlar
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Mədəniyyət, Bolus
Qazi Elxan Şirxan oglu Abbasov

Qazi Elxan Şirxan oglu Abbasov

Qarabağ
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Folklor
Sevimli radiomuz

Sevimli radiomuz

Köşə yazılar
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
Elxan Poluxovun  Azərbaycan Respublikasının  Braziliya Federativ Respublika ...

Elxan Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublika ...

Rəsmi Xəbərlər, Təbriklər, Dünya, Diaspora
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
GHK  tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirib

GHK tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirib

QHT
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açı ...

= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açı ...

Borçalı, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
İşıqlı Atalı: Elxan Məmmədliyə saz ömrü diləyilə...

İşıqlı Atalı: Elxan Məmmədliyə saz ömrü diləyilə...

Folklor
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Rəy yazın: