Məhərrəm Hüseynov - 80

Məhərrəm Hüseynov - 80 GÖYÇƏDƏN GƏLƏN SƏSİN ƏKS SƏDASI

Ən mükəmməl simfoniyalar doğum evlərində - dünyaya övlad gətirən ana səsi ilə mübarək qədəmli körpə çığırtılarının bir-birinə qovuşduğu məkanda yaranır. Bir körpə “qığıltısı” bir ocağın, bir nəslin xoşbəxtlik nəğməsinə çevrilir. Muştuluqlar paylanır, göz aydınlığı verilir, qurban kəsilir, bir ailənin sevincindən bir nəslə, bir mahala pay düşür. Göyçə mahalının Çəmbərək bölgəsinin Şorca kəndində yaşayan Hüseynovlar ailəsinə bu səadət 1945-ci ilin 18 fevralında, rus-alman müharibəsinin bitməsinə bir neçə ay qalmış nəsib olur və dilinə, dininə böyük rəğbət bəsləyən Abbasəli kişi məhərrəmlik ayında dünyaya gələn övladına da elə Məhərrəm adı qoyur.

Məhərrəm Abbasəli oğlu Hüseynov Şorca orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra (1964) Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə başa vuraraq (1969) Qərbi Azərbaycana – əcdadlarının uyuduğu torpağa qayıdır. 1969-1975-ci illərdə Şorca kəndində dil-ədəbiyyat müəllimi işləyən Məhərrəm Hüseynov 1975-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunda işə düzəlib və azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına qədər (1989) orada doğma dilinin təbliği və tədrisi ilə məşğul olub.


Burada da bir haşiyə çıxım ki, mən də 1986-cı ildə həmin insituta qəbul olunmuşdum. Məhərrəm müəllimin dərin məzmunlu mülahizələrinin o zamanlar dinləmişəm. Məhərrəm müəllim auditoriyalarda yalnız elm öyrədən müəllim deyildi, o eyni zamanda Azərbaycan dilinə sevgi aşılayan bir natiq, millətçi vətənpərvər bir insan idi. Millətə, milli kökə bağılığına görə də o, tələbələrin sevimlisi , dostu, munisi idi.

Məhz həmin dövrdə Məhərrəm müəllimin simasında bir şey də öyrəndim : müəlim hım də tələbəlnin dostu, arxası, güvəndiyi ünvan olmalıdır. Bu qənaətə gəlməyimə səbəb olan bir hadisə - xatirəni yada salmağı özümə borc bilirəm: Irəvanda təhsil aldığım illərin bir günü dəyərli müəllimlərmizdən olan Knyaz müəllim məni və Boris adlı tələbə yoldaşımı otağına dəvət etdi. Bilirdi ki, bir azdan maşın gələcək və Məhərrəm müəllimin atası üçün sifariş edilmiş məzar daşını birilikdə onun yaşadığı Sorça kəndinə aparmalıyıq. Təbii ki, biz müəllimimizin dərdinə şərik olmaq bizim içimizdən gələn bir istək idi və biz məmuniyyətlə bu missiyanı boynumuza götürüb Məhərrəm müəllimin ata evi yerləşən Şorca kəndinə yollandıq.
Maşının sürücüsü dı erməni idi. Kəndə çatıb, qəbr daşlarını boşaltdıqdan sonra tələbə etikasına uyğun olaraq başsağlığı verib, İrəvana qayıtmaq istədiymizi bildirdik. Məhərrəm müəllim təklif etdi ki, uzun yol gəlmişkən bir Göyçə gölünə də dəyək, gözəlliyi seyr edin, sonra gedərsiniz. Göyçəni seyr etdikdən sonra o “ siz oyana, bəs bu erməni deməzmi, uzun yol gedib müsəlmanın bir tikə çörəyin görmədik”, deyərək bizi buraxmadı və evinə dəvət etdi. Bir tikə halal tikə kəsib xidahafizləşdik və bu süfrədən başlanan münasibətlərimiz, şükürlər olsun ki, son günlərimizə qədər davam edir.

Məhz həmin dövrdə də (1982) o, “Mirzə İbrahimovun romanlarının dili və üslubi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər namizədi adını qazanır.
Qismətinə Ələsgər diyarından ayrılmaq, Göyçə həsrəti ilə yaşamaq yazılan M. Hüseynov ilk vaxtlar Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyətə başlasa da, sonralar (2001) Azərbaycan Dövlət Pedaqoji Universitetində işə düzəlir. Filologiya fakültəsində dekan müavini, “Azərbaycan dilçiliyi”, “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedralarında dosent, professor kimi çalışır. Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid mühazirələr oxumaqla tələbələrin sevimlisinə çevrilir. “Yazıçının dili və üslubu” (1981), “Romanın üslub zənginliyi” (1990), “Şeirşünaslıqda dil sənətkarlığı” (2007), “Dil və poeziya” (2008), “Poetik frazeologiya” (2013), “Aşıq Ələsgərin söz ümmanı” (2017), “Linqvistik təhlilin elmi-metodiki əsasları” (2017), “Estetik qayə və poetik təkamül” (2020) adlı monoqrafiya və dərs vəsaitlərinin, 100-dən artıq məqalənin müəllifi kimi tanınır. “Azərbaycan poeziyasının dili və üslubi problemləri (1960-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya üzrə elmlər doktoru adını qazanır.

Məhərrəm Hüseynov - 80 Azərbaycan elmi ictimaiyyəti onu dilimizin fonetik, leksik, qrammatik və üslubi xüsusiyyətlərinə, poetik düşüncə tərzinə aid onlarla monoqrafiya həsr etmiş mükəmməl tədqiqatçı alim, tələbələri isə doğma dilin incəliklərini sevə-sevə tədris edən lektor-mühazirəçi, müəllim kimi tanıyır, dəyərləndirir.
Məhərrəm Hüseynov tədqiqatçı-filoloq, dil nəzəriyyəçisi olmaqla yanaşı, folkloru, Azərbaycan poeziyasının poetik qayda-qanunlarını dərindən bilən, Dədə Ələsgər sazına, sözünə ruhən bağlı olan, yeri gələndə öz fikirlərini poetik dildə təcəssüm etdirməyi bacaran istedadlı qələm adamı, söz sərrafı idi. O, şeir dilinin özəllik və şərtiliklərini, ritm və intonasiya qaynaqlarını, poeziyanın leksik xüsusiyyətlərini, frazeoloji vahidlərin şeir dilindəki aktuallığını çox dərindən bilir, demək olar ki, Azərbaycan poeziyasının üzdə olan nümayəndələrinin hər birini orijinal istiqamətdə təqdim edə bilirdi. Onun “Dil və poeziya” monoqrafiyası birbaşa şeir dilinin nəzəri və təcrübi məsələlərinə, şeirin başlıca atributlarının (məzmun, forma, obrazlılıq, bədiilik və s.) şərhinə həsr olunmuşdur.
M. Hüseynov “Estetik qayə və poetik təkamül” monoqrafiyasında şairə Mahirə Nağıqızı yaradıcılığında xüsusi yer tutan bayatıları müasir poetik əlamətlər, estetik məziyyətlər baxımından ədəbi tənqidin təhlil obyektinə cəlb edir. Klassik janra modern təhlil üsulları ilə yanaşır və bir müəllifin bayatıları əsasında hərtərəfli analizlə zəngin 300 səhifəlik bir monoqrafik mənbə ortaya qoya bilir.
O, başqalarının poetik dünyasını araşdırmaqla qalmır, Göyçə mahalında mənəvi dünyasına hakim kəsilən ruh, saz, söz sevgisi, el ədəbiyyatına dərin məhəbbət onun şəxsi bədii yaradıcılığına da təsir edir, yurd həsrəti, poetik nisgil dilçi alimi haqq aşığına, el sənətkarına çevirir. Müsahibələrinin birində dediyi kimi, o, hər bir şerində özünü, özünün iç dünyasının ağrılarını ifadə edir. Göyçə ağrısını, Şorca nisgilini, Zəngəzur dərdini oxucularına, cəmiyyətə, bir qədər də geniş mənada dünyaya öz poetik duyumu, öz ifadə vasitələri, öz yanğısı ilə çatdırır.
İstedadlı söz və fikir adamı “Göyçə gölü” poemasında (2015) Qərbi Azərbaycan torpaqlarında qalan hər bir “qərib” məzarı, kəndi, təbiət yadigarını böyük Vətən torpağının – Bütöv Azərbaycanın bir parçası kimi xatırlayır, tərənnüm edir. Poemadakı hər “qəmli notun” arxasında isə bir nikbin şair ruhu, vətəndaş ümidi, qayıdış istəyi duyulur. O, Qərbi Azərbaycan davasının müsbət sonucla bitəcəyinə şair kimi inanır. Hadisələrin bu günkü axarı da onun haqlı olduğunu təsdiqləyir:

Göyçə gölü, sənin baxışın gözəl,
Tanrının vurduğu naxışın gözəl,
Yatışın gözəldir, axışın gözəl,
Qənirsiz gözəlsən, başı bəlalım,
Nəşəm, sevincimsən, dərdim, məlalım.

Bu misralarda sevinclə kədərin vəhdəti, vüsalla ayrılığın harmoniyası, dərdlə dərmanın uyarlılığı, bir də görünməyən göz yaşları var. Məhərrəm müəllimi tanıyanlar, həmkarları şahiddir ki, Qərbi Azərbaycan, Göycə, Aşıq Ələsgər adı gələndə onun gözləri dolur, səsi titrəyir, boğazı düyünlənirdi. Bu psixoloji ağrını qələmə sarılmaqla unutmaq, Göyçə gölü ilə dərdləşmək, ömrünün xoş illərinin ötdüyü torpaqlarda xəyalən gəzmək və bütün bunları şeirin dilinə gətirmək Məhərrəm müəllimə poetik zövq verirdi:

Cil, Babacan, Pəmbək tarixə tanış,
Ağkilsə, Şişqaya, Məzrədən danış,
Allah, Allah, bu yerlərdə ada bax!
Sözlərdəki doğmalığa, dada bax!

“Göyçə gölü” poemasından seçdiyimiz nümunədə işlədilmiş bu toponimlər təsadüfi deyildir. Bu misralarda min illik tarixin ifadəsi, qədim bir xalqın ayaq izlərinin səsi, faktlara bürünmüş mənəvi həsrət var. Onun sadaladığı adi yer adları deyil, itkinliyin, didərginliyin, qaçqınlığın gətirdiyi ağrıdır, iztirabdır.
Şeirin nəzəri mahiyyətini dərindən bilən M. Hüseynovun şeirlərində ruha bağlı təbiiliklə, istedadla alimlik, tədqiqatçılıq qovuşur. Onun şeirləri təbii olduğu qədər də elmlidir, əsaslıdır. Füzulinin təbirincə desək, M. Hüseynov şeirlərinin bünövrəsində də elmilik, əsaslandırma dayanır. Dədə Ələsgərin poetik bulağından su içən ədib böyük alimlərdən dərs almış, Ramiz Rövşən, Məmməd Elli, Vaqif Arzumanlı, Cəlil Nağıyev, Ağasən Bədəlzadə, Bəxtiyar Məmmədzadə kimi görkəmli alim və şairlərlə bir oxumuş, ədəbi-bədii müzakirələrin mərkəzində olmuşdur.
M. Hüseynovun yaradıcılığına müraciət etdiyi söz sənətkarlarını göz önündən keçirdikdə görürük ki, o, həqiqi poeziya örnəkləri yaratmış ədiblərin şeirlərinə, nəsr nümunələrinə müraciət edir, məhz onların yaradıcığını tədqiq edir. Aşıq Ələsgər, Ağasən Bədəlzadə, Mirzə İbrahimov, İsa Hüseynov yaradıcılığına istinad bunlara bariz nümunələrdir. Onun elmi üslubu da şeir kimi axıcı, rəvan, sadə və anlaşıqlıdır...
Söz ustadlarını öyrənmək, müstəqim mənada sözün bütün xüsusiyyətlərini tədqiq etmək bacarığı mütaliə əsasında əldə edilmiş bir istedad sayılırsa, sözdən poetik nümunələr yaratmaq artıq fitrətlə, Göyçə təbiətinin saf bulaqlarından süzülüb gələn ilahi verginin təzahürləri ilə bağlı məsələdir:

Göyçə gölü, çiskindirmi o dağlar?
Səndən olduq, sinəmizi o dağlar!
Söndürülmüş ocaq ağlar, od dağlar,
Diz çökdüyüm səcdəgahdan birisən!
İki qibləm – biri Kəbə, biri sən!

Müəllif bənzətmə, müqayisə, sərrastlıq və orijinallıqla oxucunu valeh edir. Göyçə gölündən dağları soruşan şair mükəmməl təcnis nümunəsi yaratmış, dilin estetik gözəlliyindən istifadə etməklə dərin bir mənanın ifadəsinə nail olmuşdur.
Aparıcı mövzusu Vətən olan şairin şeirlərində siyasi çalar da öz yerini tapır. Beynəlxalq güclərin Qarabağ hadisələrinə ikili münasibəti şairi bir vətəndaş kimi narahat edir və bu narahatlıq təbii poetik boyalarla öz əksini tapır. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı zəfər onu sevindirir. Onun şeirlərində bir nikbinlik, Qərbi Azərbaycana qayıdış ümidi yaranır. O, 2020-ci ilin aprelində yazır:

“Nöqtə” deyən! “Nida”mızdan aşın, yan,
Zəfər çələngidir, “Nooldu, Paşinyan?!”
Timsah göz yaşıyla firəng arxalı
Dağlar sıfırdır, “nol”du Paşinyan.

Ali Baş Komandan Cənab İlham Əliyevin tarixi “Qarabağ Azərbaycandır! Nida!” frazası və ardından bu ifadənin reallığa çevrilməsi onu sevindirir, deyilmiş ifadə poetik aforizmə çevrilir. O, Azərbaycanın haqq işinin əleyhdarlarını, siyasi riyakarları poetik dillə hədəf mərkəzinə gətirir:

Müsyö Makron, vurğun olma şər işə,
Ermənilik bir ibrətdir gərdişə.
Bəs etmədi Kəlbəcərin qızılı,
Goreşənlər könül verdi gərdişə.

Azərbaycanın haqq səsinə qulaq tıxayanları, üz çevirənləri qamçılayır, sözü süngüyə çevirib düşmənin ürəyinə sancır.
Məhərrəm müəllim poetik yaradıcılıq süfrəsində də dostlarına, onu sevənlərə etibarlı idi. O, həmkarlarına akrostixlər, şeir nümunələri həsr etməkdən xüsusi zövq alırdı. Həm də bütün bunları səmimiyyətlə, təbii ovqatda həll edirdi. Professor Əzizxan Tanrıverdiyə həsr etdiyi “Dədə Əzizxan” poemasını kitab kimi dərc etdirəndə ağlına da gəlməzdi ki, Əzizxan müəllimin haqq dünyasına qovuşacağına bir ay, özünün dünyadan köçəcəyinə isə iki il zaman qalıb:

Yazdığın kitaba yazılır kitab,
Sənin nur selinə gətirərmi tab?
Qadir qələm həsədçini asan tap
Səngər qurub o kölgədə, Əzizxan!
Dədə Əzizxansan, Dədə Əzizxan!

“Leyli və Məcnun” poemasında böyük Füzuli Məcnunun dünyaya gəlişini belə təsvir edir:

Axır günün əvvəl eyləyib yad,
Axıtdı sirişkü, qıldı fəryad.

Yəni, insan son gününü bildiyi üçün dünyaya gəlişində fəryad edib, göz yaşı tökür. Fərq ondadır ki, gəlişində özün, gedişində sənə doğmalar fəryad edir. Dünyaya gəlişimiz və gedişimiz özümüzün əlimizdə olmasa da, onların arasındakı ömrü necə yaşamağımız özümüzdən çox asılıdır. Ara məsafədəki ömür insanın öz əlində, işində, gücündə, əməlindədir. Kamil adamlar ölümdən qorxmur və onu gülə-gülə qarşılayırlar. Məhərrəm müəllim də belə kamil insanlardan idi və ölüm-həyat fəlsəfəsinin mahiyyətini dərk etdiyi üçün də yazır, yaradır, özündən sonra gələnlərə nəsə qoymaq istəyirdi. O, bilirdi ki, əsl ölüm unudulanda başlayır.
Göyçəli Abbasəli kişinin oğlu Məhərrəm yaşasa idi, indi səksən yaşı olacaqdı. O, yaşamasa da yazdıqları, yaratdıqları ilə neçə illər yüzlərlə tələbə-filoloqun ömür yoluna işıq salacaq, xoş durğularla xatırlanacaqdır. O, bunu yaşarkən hiss edir və “Ölüm hökmü” şerində yazırdı:

Dünən qanmadım ki, bu gün yanam mən,
Qocaldım o günü gərək anam mən.
Tələsdik böyüyək uşaq olanda,
İndi o istəyə peşmanam mən.

Ölümündən dörd ay əvvəl 2020-ci ilin avqust ayının 11-də yazdığı bu şeir isə onun həyat kredosu, özündən sonrakılara nəsihəti kimi qəbul oluna bilər:

Həyat təliminə gözünü yumma,
Alın tərin yoxsa, süfrəyə cumma.
Vurul bu dünyaya, qurğu qur, yarat,
Həyata verməsən, həyatdan umma.

Məhərrəm müəllimin ömür yolunu göz önündən keçirdikdə görürük ki, o həyata, insanlığa, elmə, təhsilə böyük töhfə vermiş ziyalıdır. Onun elmi əsərləri, poeziya nümunələri, pedaqoji fəaliyyəti ilə bağlı xatirələr gənclərə qalmış ən gözəl mirasdır.

Məhərrəm müəllimin ölümündən sonra birbaşa Mahirə xanım Hüseynovanın təşəbbüsü və maddi dəstəyi ilə hazırlanan “Göyçə gölü üzərində xəfif duman” adlı kitab ömrünün 50 ildən artıq müddətini elmə, pedaqoji fəaliyyətə həsr etmiş bir insana ən böyük hədiyyədir. Bu kitabda Məhərrəm müəllim bir alim, müəllim, şair və ən ümdəsi öz həyat fəlsəfəsi olan kamil insan kimi görünür. Bu kitabdakı sətirləri oxuduqca hər birimiz düşünürük “Göyçədən gələn səsin əks sədası yenə auditoriyalarda, universitetin oxu zallarında dolaşır. Yaşasaydı, dostlarının 80 illik yubiley təbriklərini qəbul edəcəkdi”
Mövludun mübarək ustad, mövludun mübarək, Məhərrəm müəllim!..


Məhərrəm Hüseynov - 80 HƏMZƏ ƏLİYEV,
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri,
dosent


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tə ...

ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tə ...

ADPU, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Məhərrəm Hüseynov (1945)

Məhərrəm Hüseynov (1945)

ADPU, RÜBAİLƏR, Qərbi Azərbaycan
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU
ELDAR KİMİ YAŞADIM...

ELDAR KİMİ YAŞADIM...

Regionlar, Qərbi Azərbaycan
Dünyada qəribə çevrilmələr var…

Dünyada qəribə çevrilmələr var…

UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Yaranan Yarpaqların Yaşarılığı...

Yaranan Yarpaqların Yaşarılığı...

Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Folklorumuzun cəfakeşi

Folklorumuzun cəfakeşi

Sumqayıt, Qərbi Azərbaycan
Bəşəri dəyər və elmi ləyaqətlərin bədii sözdə inikası

Bəşəri dəyər və elmi ləyaqətlərin bədii sözdə inikası

Yeni nəşrlər, ADPU, Darvaz, Mədəd Çobanov
SƏMİMİ  POEZİYA... GÖYÇƏNİN QİSASI QALIR...

SƏMİMİ POEZİYA... GÖYÇƏNİN QİSASI QALIR...

Qərbi Azərbaycan
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Professor MƏHƏRRƏM QASIMLIya BAŞSAĞLIĞI

Professor MƏHƏRRƏM QASIMLIya BAŞSAĞLIĞI

Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Rəy yazın: