Çinarə Hüseynova: "AZƏRBAYCAN POEZİYASINDA QƏHRƏMAN OBRAZI" Humanitar elmlər, Elmi Məqalələr 13 апреля 2025 275 80 1 2 3 4 5 Azərbaycan poeziyasında qəhrəman obrazı özünəməxsus bir yer tutur. Qəhrəman dedikdə xalqı, vətəni üçün canından keçən şəxslər təsvir olunur ki, Azərbaycanda da belə qəhrəmanlar yetərincə vardır. Ümumiyyətlə, “qəhrəman kimdir, o necə olmalıdır?” sualı ədəbiyyatımızı hər zaman düşündürmüşdür. Bu xüsusda Yəhya Seyidovun “Qəhrəman və həyat” məqaləsində gəldiyi qənaətlər maraqlıdır: “Zəhmətkeşlər, namuslu adamlar üçün qəhrəman o adamdır ki, həlledici anda cəmiyyətin mənafeyinin tələb etdiyi kimi hərəkət etsin, lazım gələndə öz şəxsi rahatlığını və faydasını xalqın mənafeyi naminə qurban verməyi bacarsın; hər cür məhdud eqoizmə, xırda hisslərə nifrət edərək səadətini xalqın xoşbəxtliyində görsün. Bu mübariz qəhrəmanlar, əsasən, mübarizənin ön xəttində, qüvvələrin və hisslərin gərginliyi tələb edilən anlarda özlərini daha aydın göstərirlər”. XX və XXI əsrlərdə Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə igidlərimiz qəhrəmanlıq göstərmişdir.Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Əliyar Əliyevin, Çingiz Mustafayevin, Allahverdi Bağırovun, Mübariz İbrahimovun və Vətən müharibəsinin ölməz generalı Polad Həşimovun adlarını çəkmək olar. Onlar vətən uğrunda canlarından keçərək qəlblərimizdə unudulmaz iz qoymuşlar. Məhz bu qəhrəmanlarımız üçün Azərbaycan poeziyasında yetərincə əsərlər yazılmışdır. Və qəhramanlıq mövzusu bədii əsərlərdə əks edildiyi kimi ədəbiyyatşünas və tənqidçilərimiz də bu mövzuda yaranan əsərləri zamanında dəyərləndirmişlər. Qarabağ mövzusu başlığı altında saysız elmi məqalə və monoqrafiyalar dərc edilmiş, qiymətli tədqiqat əsərləri yazılmışdır. Filologiya elmləri doktorları Mərziyyə Nəcəfova, Elçin Mehrəliyev, Elnarə Akimiova, Salidə Şərifova, Almaz Bunyatova və s. ədəbiyyatşünaslarımız Qarabağ mövzusunun tədqiqi ilə bağlı qiymətli elmi əsərlər ərsəyə gətirmişlər. Bu əsərlər gələcək nəsilin həmin qəhrəmanları unutmamasında əsas vasitələrdən biri olacaqdır. Müasir poeziyamızda qəhrəman döyüşçü obrazının ilk layiqli yaradıcılarından biri Ələmdar Quluzadədir. Onun “Alay komandiri” əsəri poeziyamızda qəhrəman döyüşçü obrazının uğurlu təsvirinə nail olan bədii nümunə kimi çox dəyərlidir. Bu əsər 1998-1999-cu illərdə qələmə alınmışdır. Poema Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin və vətən uğrunda döyüşlərdə şəhid olan igid və cəsur oğullarımızın əziz xatirəsinə həsr edilmişdir. Əsərin qəhrəmanı Şirin Mirzəyev cəbhəyə könüllü yollanan bir döyüşçüdür. O cəsarətli döyüşərək Ağdamın bir neçə kəndinin azad edilməsində iştirak etmişdir. Şair Ələmdar Quluzadə özü döyüş bölgələrini gəzərək bu reallıqları bizlərə çatdırmışdır. O qeyd edir ki, Şirin Mirzəyevin döyüşçü dəstəsi ilk olaraq kəndçilərindən və qohum-əqrəbalarından idi. Sonradan qazandığı uğurlara görə onu alay komandiri təyin edirlər. Qeyd etdiyimiz kimi, Ələmdar Quluzadə özü döyüş bölgələrində olmuşdur. O gördüyü bu dəhşətli hadisələri bu misralarla ifadə edir:Millət hara köçür, hara baş alır?Qollar qoltuqdadır, yumruq döşdədir.Kəndlər yandırılır, oba boşalır,Vətən dara düşüb, haray ərşdədir Şair vətəninin o qədər çox sevirdi ki, vətənin bu dar günündə hər kəsi vətəni qorumağa dəvət edirdi. Məhz özü də elə etdi. Şair ailəsi ilə vidalaşmadan Ağdama – döyüş bölgəsinə yola düşdü. Şair bu hadisəni aşağıdakı misralarla ifadə edir:Soyuq şüşələri döyür nəfəsi.Çölündə azaddır, içində məhbusBakı. Avtovağzal. Diktorun səsi:-Bakıdan Ağdama gedən avtobus… Əsl şair hər zaman çəkinmədən haqqı deməlidir. Ələmdar Quluzadə də o şairlərdən idi. Həmin dövrün ölkə başçısının səriştəsizliyini çəkinmədən dilə gətirən şair, Şirin Mirzəyev kimi qəhrəmanları isə daimi diqqət mərkəzində saxlayırdı. Şair poemada öz qəhrəmanının xarakterini bütün incəliklərinə qədər açmağa çalışır və nəticədə onun kamil obrazını yaratmağa nail olur. Müəllif qəhrəmanının keçirdiyi hiss və duyğuları ustalıqla təsvir edir. Şair qəhrəman döyüşçü Şirinlə, humanist, ailəsini və övladlarını sevən Şirinin xarakterini birləşdirir. Müəllif var-dövlət hərisləri ilə, vətənin, xalqın azadlığı uğrunda canından keçən mərd oğullar arasında olan sənətkar qələminin gücü ilə ibrətli, təsirli misralarla təsvir etməyə çalışır:Aşır kimisinin işi zər ilə,Tamah pərvazlanıb, işdah qudurub.Pulundan keçməyən kişilər ilə.Canından keçənlər üz-üzə durub Şairi maraqlandıran əsas məqamlardan biri də bu idi ki, bu qədər qəhrəmanlarımızın olmağına rəğmən necə oldu ki, torpaqlarımız işğal altına düşdü? Vətənpərvər şair bunu vətən xainləri ilə əlaqələndirdi. Şirin Mirzəyev kimi qəhrəmanlar ön cəbhədə vuruşarkən, arxa cəbəhədə vətənə xəyanət edənlər də az deyildi. Müxtəlif döyüş əməliyyatlarında uğurlu taktikalar həyata keçirən Şirin düşmənin dilini mükəmməl bildiyi üçün başçılıq etdiyi alayı qələbələrə doğru aparır. Lakin çox çəkmir ki, alayın gücü tükənir, ərzaq, silah-sursat ehtiyatı azalır. Şairin “ermənidən betər” hesab etdiyi daxili düşmənlərimiz alay komandirini dəfələrlə aldadaraq arxadan kömək göstərmirlər. Alayın çətin günləri başlayır. Buna baxmayaraq alaydakı dəmir təlim, polad nizam-intizam döyüşlərdə hər şeyi yerinə qoyur, könüllülər ruhdan düşmürlər, döyüş yollarını davam etdirirlər. Lakin bu maneələrə baxmayaraq Şirin hərbi əməliyyatlarda uğurlar qaznamağa davam edir. Məhz buna görə də şair Şirin Mirzəyevin bu hərbi əməliyyatlarını “qələbə” deyil, “uğur” adlandırır. Şair əsərin sonunda belə nəticəyə gəlir ki, torpaqlarımız azad edilənə qədər Şirin Mirzəyev kimi qəhrəmanlarımızın ruhu şad olmayacaqdır. Məhz bunu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimiz etdi. Artıq əminik ki, Şirin Mirzəyev kimi qəhrəmanlarımızın ruhu şaddır. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də - Tovuz döyüşləri də daxil olmuşdur. 12-23 iyul 2020-ci il tarixində baş vermiş bu döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızdan biri də general-mayor Polad Həşimov olmuşdur. Polad Həşimov haqqında bir çox kitablar nəşr edilmişdir. Onlardan biri də Şəmil Sadiq tərəfindən yazıya alınan “General Polad Həşimov xatirələrdə” adlı kitabdır. Kitabda Polad Həşimovun ailəsi, yaxınları, döyüş yoldaşları ilə söhbətlər zamanı səsləndirilən fikirlər yazıya alınmışdır. 02.01.1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuş general-mayor Polad Həşimov 14 iyul 2020-ci ildə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Polad Həşimov yaxşı döyüşçü olmaqdan əlavə, insani keyfiyyətlərə malik bir şəxs idi. Kitabda onun ailəsi, yaxınları, döyüş yoldaşları bu barədə yetərincə məlumat vermişdir. Qəhrəmanımızın anası Səmaya xanım Həşimova söhbət zamanı qeyd etmişdir ki, Polad Həşimov orta məktəbdə oxuyarkən hüquqşünas olmaq istəyirdi. Lakin, Birinci Qarabağ müharibəsi zamanı ölkənin çətin, çıxılmaz vəziyyətinə şahid olduqdan sonra hərbçi olmağa qərar verdi. Bu fikrində onun tarix müəllimi də ona dəstək olmuşdur. Polad Həşimovun bu qədər sevilmə səbəblərində biri də qəhrəmanlıq göstərməsindən əlavə, onun tabeliyində olanlara qarşı rəftarı idi. O hər zaman əsgərlərə qarşı səmimi, mehriban davranmış, onları anlayışla qarşılamışdır. O yaxşı bilirdi ki, vətənin dar günündə həmin əsgərlər onunla çiyin-çiyinə vuruşacaq. Qəhrəmanımız Azərbaycanın tarixi keçmişinə hər zaman maraq göstərərdi. Həyat yoldaşı Ofelya xanım Həşimova bildirir ki, Polad Azərbaycanın tarixi şəxsiyyətləri haqqında kitablar oxuyar, Nadir şah, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi qəhrəmanları örnək götürərək özü üçün qəhrəman modeli yaradırdı. Məhz bunun nəticəsi idi ki, özü də qəhrəman olaraq tarixə adını yazdırdı. Polad Həşimov şəhid olduğu gün 10 minlərlə insan qisas almaq üçün, intiqam hissi ilə küçələrə axın edərək “Ali baş komandan, əmr et, Qarabağa gedək” şüarları səsləndirdilər. Məhz bunun nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız azad edildi, Polad Həşimov kimi qəhrəmanlarımızın qanı yerdə qalmadı. İndi isə sadəcə bizə düşən, həmin qəhrəmanları unutmamaq, xatirələrini əbədi olaraq yaşatmaqdır. Onlar haqqında nə qədər kitablar yazılsa da azdır. Biz azadlığımızı Polad Həşimov kimi qəhrəmanlara borcluyuq. Qəhrəmanlar haqqında danışırıqsa, Azərbaycan Respublikasının prezidenti, Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev haqqında da mütləq danışmalıyıq. İlham Əliyev 30 illik vətən həsrətinə son qoydu. Ali Baş Komandanın güclü diplomatik bacarığı, uğurlu taktikası və Rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində torpaqlarımız erməni işğalından azad edildi. Müasir dövrdə bunu bacaracaq çox az sayda adam vardır. Məhz İlham Əliyev də onlardan biridir. Haqqında neçə-neçə kitablar, məqalələr, şeirlər yazılan İlham Əliyevin “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq” ifadələri uzun müddət hafizəmizdən çıxmayacaqdır. Azərbaycan poeziyasında Ali Baş Komandanı obrazı ədəbiyyat tariximizi yenidən canlandırdı. Sabir Rüstəmxanlının “Qələbə tvitləri” şeirinə nəzər salaq:Bu bizim haqq işimiz, ədalət savaşımız,İntiqam ala-ala dikələcək başımız,Vur, əsgərim, vur! - deyə əmr eləyir komandanQoy bir də yurdumuzda tökülməsin nahaq qan.Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,Başımızın üstündə üç rəngli bayrağımız!..Qovur öz yuvasına quduzlaşan itləri!Ali Baş Komandanın qələbə tvitləri.! Azərbaycan poeziyasında Ali Baş Komandan obrazı Zahid Xəlil, Rafiq Yusifoğlu, Vahid Əziz, Əhməd Qəşəmoğlu, Abuzər Turan, Ramiz Duyğun, Xanım İsmayılqızı, Mahirə Abdulla, Nizami Muradoğlu, Vaqif Aslan kimi şairlərin yaradıcılığında yer almışdır. Ali Baş Komandan azad olunan rayonlara bir-bir səfərlər edir, möhtəşəm çıxışlarla zəfərimizi bəzəyirdi. Görkəmli şair Rafiq Yusifoğlu da “Ali Baş Komandanın Qubadlıya səfəri” adlı şeirində xalqımızın birliyini, Ali Baş Komandana olan sevgisini təcəssüm etdirir:Bitdimi bu qara-qorxulu nağıl?Ürək xiffət çəkir ötən çağ üçün.Torpağı ölümdən qurtaran oğulGedir xəstə yurdu yoluxmaq üçün.. Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi qəhrəmanlıq təkcə Azərbaycanda deyil, digər dövlətlərdə heyranlıqla qarşılandı. Beləliklə, Azərbaycan poeziyasında qəhrəmanlıq obrazı həm milli-mənəvi dəyərlərin qorunması və ötürülməsi, həm də ictimai şüurun formalaşması baxımından mühüm yer tutur. Şair və ədiblər qəhrəmanlıq obrazını yalnız qəhrəmanlıq və fədakarlığın simvolu kimi deyil, eyni zamanda xalqın azadlıq, mübarizə və vətənə bağlılıq kimi fundamental dəyərlərinin bədii təzahürü, milli kimliyin qurulması və davamlılığının təmin edilməsi məqsədilə istifadə olunan güclü bir vasitə olaraq təqdim etməlidir. Hal-hazırda Azərbaycanın qəhrəmanları barədə yetərincə kitablar, şeirlər yazılır, bu sahəyə maraq oyadılır. Biz də bu əsərləri gələcək nəslə çatdırmaq üçün əlimizdən gələni etməliyik. Hər bir azərbaycanlı özündən əvvəlki qəhrəmanların göstərdiyi igidlikləri bilməli, vətəni üçün nələr etməyin lazım olduğunu dərk etməlidir. Azərbaycan xalqının qəhrəman oğulları heç vaxt unudulmayacaq və yaddan çıxmayacaqlar. İstifadə olunmuş ədəbiyyat siyahısı:1. Mərziyyə Nəcəfova. “Savaşdan qələbəyə – AZAD ŞUŞA ədəbiyyatda”. Məqalələr toplusu. “Elm və təhsil” nəşriyyatı, Bakı, 2023.2. Mərziyyə Nəcəfova. “Azərbaycan poeziyasında Milli Qəhrəman Şirin Mirzəyev obrazı. Məqalə. 27.02.20213. Şəmil Sadiq. “General Polad Həşimov xatirələrdə”, “Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı. “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatı. Bakı, 20204. https://www.dibace.net/merziyye-necefova/az%C9%99rbaycan-poeziyasinda-miili-q%C9%99hr%C9%99man-sirin-mirz%C9%99yev-obrazi/ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.