Bəsirə Əzizəli: “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAPARSAN" Humanitar elmlər, Elmi Məqalələr, Başkeçid 9 апреля 2025 213 100 1 2 3 4 5 “BAĞLI BİR QAPIYA AÇAR AXTARSAN, ANCAQ ALİMLƏRDƏ AXTAR, TAPARSAN”(Bədirxan Əhmədlinin tədqiqatlarında Asiya ədəbiyyatı məsələləri)Azərbaycan ədəbiyyatı tarixinin, bədii irsimizin mühacirət qolunun, milli ədəbi təfəkkürün bir sıra önəmli və konseptual problemlərinin tədqiqatçısı olan professor Bədirxan Əhmədlinin araşdırmalarında son illərdə Asiya ədəbiyyatı da mühüm yer tutur. “Rabindranat Taqor. Yeni Hindistanın manifesti” kitabı, “Asiyaya açılan ədəbiyyat qapısı”, “Azərbaycan-Pakistan ədəbi ilişgiləri: keçmişdən bugünə”, “Dədə Qorqud” dastanı mədəniyyətlərarası dialoq amili kimi”, “Nizami Gəncəvi yaradıcılığında “Bir kəmər, bir yol” izləri”, “Çağdaş Koreya nəsri dünya ədəbiyyatı kontekstində”, “Kim Jiha və Xəlil Rza Ulutürk yaradıcılıında demokratik və milli mücadilənin inikası”, “Kim Jiha: “Tərəddüdsüz iləriyə doğru yürüyün”, “Çağdaş Azərbaycan və Koreya romanlarında Şərq-Qərb diskursu; gələnəkdən avanqardçılığa”, “Han Kanq və onun “vegeterian”ı, “Haruki Murakami – Yapon ədəbiyyatının yaşayan klassiki”, “Rabindranat Taqorun roman yaradıcılığında hind ictimai gerçəkliyinin təsviri”, “Azərbaycan – İndoneziya ədəbi, mədəni əlaqələri yeni mərhələdə”, “Səndən ötrü min yol!”, “Və dağlardan gələn səda”, “Min möhtəşəm günəşin işıqları” kimi məqalə və yazılardan da göründüyü kimi B.Əhmədli Pakistan, çin, Koreya, yapon, hind, əfqan, İndoneziya ədəbiyyatının müxtəlif məsələlərini, ayrı-ayrı ədiblərin əsərlərini təhlil etmiş, Azərbaycan elmi sferası və oxucu çevrəsinə təqdim etmişdir. B.Əhmədlinin Asiya ədəbiyyatına həsr etdiyi məqalələri çoxcəhətliliyi, orijinal şərhi ilə diqqəti cəlb edir. “Təkcə onu demək lazımdır ki, benqal şairi, dramaturq və nasiri Rabindranat Taqor Asiya xalqları içərisində ilk Nobel mükafatı alanlardandır. Digər Asiya xalqları içərisində də bədii düşüncənin zirvəsini fəth edən şairlər, yazıçılar, dramaturqlar, filosoflar az olmayıb. Yapon və çin yazarları da Nobel mükafatına layiq görülmüşlər. Bütün bunlar Asiya xalqlarının ədəbiyyatının dünya bədii düşüncəsində mühüm yer tutduğunun sübutudur” deyən tədqiqatçı alim Azərbaycan tənqidinin baxışlarını Uzaq Şərqin möhtəşəm ədəbiyyatına yönləndirməyə, ədəbiyyatşünaslığımıza yeni mövzular qazandırmağa çalışır.Son illərdə Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin inkişafında B.Əhmədlinin də xüsusi rolu vardır. “Azərbaycan-Pakistan ədəbi əlaqələri xalqların tarixində, dilində, bədii düşüncəsində, etnogenezisində, düşüncə mədəniyyətində gizlənir” deyən görkəmli alim “minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri çağdaş milli düşüncə arealını bütövləşdirir. Pakistanlı qardaşlarımızın sözü (güc mənasında) və Sözü (bədii düşüncə mənasında!) bizə Şuşa qədər müqəddəsdir, əzizdir və gərəklidir” yazmaqla əlaqələrimizin mənəvi tərəflərinə də diqqət çəkir. Görkəmli filosof-şair Məhəmməd İqbalın əsərlərindən bəhs edən B.Əhmədli haqlı olaraq yazır: “Məhəmməd İqbal bir siyasət və dövlət adamı, islam islahatçısı, hüquqçu olmaqla yanaşı, həm də bir ədəbiyyat və fikir adamı, görkəmli şair, filosof idi. Onun yaradıcılığında islam cəmiyyətinin dünəni, bugünü və sabahı yeni meyarlar əsasında müəyyənləşir və qiymətləndirilir. Ədəbiyyat və ictimai fikir onun fəaliyyətinin qoşa qanadları idi”. B.Əhmədlinin təşəbbüsü və ön sözü ilə XVII əsr mütəfəkkir urdu şairi Sultan Bahunun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və yaxın günlərdə nəşr olunacağı da tədqiqatçı alimin Azərbaycan-Pakistan əlaqələrinin inkişafına verəcəyi mühüm bir töhfədir.Bədirxan Əhmədlinin çin ədəbiyyatı ilə bağlı tədqiqatlarında zəngin və qədim tarixə malik Azərbaycan-çin ədəbi-mədəni əlaqələrinin tarixinə nəzər yetirilərək, milli ədəbiyyatımızda çin mövzusunun işlənməsi məsələləri araşdırılır. Tədqiqatçı alim qədim çin mənbələrində türklər haqqındakı poetik nümunələri araşdırır, Göytürk nümunələrində çin izlərini təhlil edir, N.Gəncəvinin əsərlərində, xüsusilə də “Yeddi gözəl” və “Xosrov və Şirin” poemalarında çin mövzusunu öyrənir: “N.Gəncəvinin “Yedi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarında dəfələrlə çinli obrazı yaradılmış, yaxud bədii təsvir və ifadə vasitələrində çin arxetiplərindən istifadə edilmişdir”. B.Əhmədli “qədim İpək yolunda yalnız ticari əlaqələr deyil, həm də ədəbi ilişgilər formalaşmışdır” qənaətini ifadə edərkən də haqlıdır. B.Əhmədlinin Koreya ədəbiyyatı sahəsindəki məqalə və yazıları da maraq doğurur. Qeyd etmək lazımdır ki, 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kanq yaradıcılığı tədqiqatçı alimin daha əvvəl diqqətini cəlb etmiş, “Han Kanq və onun “vegeterian” yazısında məşhur yazıçınının sözügedən əsərini şərh etmişdir. “Poeziyası milli gələnəksəl xüsusiyyətlərlə Qərb poeziyasını sintez edən” çağdaş Koreya şairi Kima Jihanın əsərləri də B.Əhmədlinin diqqət mərkəzində olmuşdur: “Tərəddüdsüz iləriyə doğru yürüyün!” Kim Jiha həyatda çəkdiyi bütün əzab-əziyyətlərə rəğmən, həmişə irəliyə doğru yürümüş, apardığı mübarizə əzmindən geri çəkilməmişdir. Kim Jihanın poeziyasında mübarizə, mücadilə əzmi qırmızı xəttlə keçir; o, inadla sürdürdüyü mübarizəsinə inanır və oxucunu da buna inandırmağa çalışır”.Bədirxan Əhmədlinin Asiya ədəbiyyatına həsr olunmuş tədqiqatlarında Rabindranat Taqor yaradıcılığı mühüm yer tutur. Çoxşaxəli yaradıcılıq xüsusiyyətləri və zəngin bədii irsə malik görkəmli hind yazıçısı R.Taqorun yaradıcılığını öyrənən, R.Taqor poeziyasının müxtəlif mövzu və ideya istiqamətlərinə diqqət yetirən B.Əhmədli hind ədibinin şeirlərində milli azadlıq ideyalarının əks olunmasını poetik nümunələrlə əhatəli şəkildə təhlil edir.B.Əhmədli hind yazıçısının ictimai görüşlərinin geniş sferada əks olunduğu poeziyasından əhəmiyyətli nümunələri tədqiqata cəlb edir, ədibin “Düşkünləşmiş ürəyin ümidi”, “Ana Benqaliya”, “Hindistan lakşamı” və digər əsərlərində milli azadlıq mövzusunu şərh edir.“Taqor yaradıcılığında, xüsusən romanlarında Hindistanda baş verən ictimai-siyasi proseslərə geniş yer verilir” yazan tədqiqatçı alimin monoqrafiya və məqalələrində görkəmli hind yazıçısının ədəbi nəsri önəmli yerə sahibdir. “Artıq deyə bilərəm: dünya taqorşünaslığında mənim də imzam var...” deyən B.Əhmədlinin, təsadüfi deyil ki, görkəmli ədibə həsr olunmuş kitabı Hindistanda ingilis dilində nəşr olunmuşdur. Haruki Murakami haqqında “dünya ədəbiyyatı onun simasında gerçəklikləri özünəməxsus şəkildə təsvir edən bir yazıçı qazanmışdır” deyən B.Əhmədlinin Şərq ədəbiyyatını əhatə edən araşdırmaları arasında məşhur yapon ədibinə maraq da özünəməxsus yer tutur. Tədqiqatçı alim “yazıçının özünün “əsərlərində hər kəs istədiyini tapır” fikrində böyük həqiqət var” deməklə “çağdaş yapon ədəbiyyatının yaşayan klassiki Haruki Murakami”nin ədəbi düşüncəsinin orijinallığına diqqət çəkir.Azərbaycan ədəbiyyatşünaslığında yeni bir tədqiqat obyekti kimi son illərin hadisəsi olan İndoneziya ədəbiyyatının öyrənilməsi, Azərbaycan-İndoneziya ədəbi əlaqələrinə münasibətin ifadəsində tədqiqatçı alimin çox əhəmiyyətli fikirlərini oxuyuruq: “Ədəbiyyat, mədəniyyət həmişə xalqın milli identifikasiyasını göstərən amillərdən olmuşdur; zaman-zaman ayrı-ayrı xalqların bədii düşüncəsində, mədəniyyət kodekstində onu yaşadacaq, milli kimliyini bəlirləyəcək kodlar öz əksini tapır. Ədəbiyyatda, mədəniyyətdə həmişə müxtəlif xalqları birləşdirən ortaq cəhətlər olur. Bu cəhətlər içərisində ortaq süjet xətləri ən qədimliyi ilə diqqəti cəlb edir. Bir-birinə yaxın qəhrəmanlar, qəhrəmanların estetik qavramı, dünyagörüşü və s. bəzən bir-birilə yaxınlıq təşkil edir. Bu cəhətləri tapıb ortaya çıxarmaq, xalqlar, millətlər arasındakı yaxınlığı, zəngin mədəniyyəti, tarixi yaxınlığı ortaya çıxarmaq baxımından vacibdir. Bu mənada, xalqların bir-birinə yaxınlaşması, ədəbi-mədəni əlaqələrin genişlənməsini saxlamaq ən mühüm məsələlərdəndir. Bəzən bu əlaqələr mövcud olsa da, coğrafi uzaqlıq, yaxud siyasi, tarixi hadisələr onların yaxınlaşmasını ləngidir. Azərbaycan-İndoneziya ədəbi-mədəni əlaqələri, fikrimizcə, belə bir mərhələni yaşayır”. Bu önəmli fikirlərdən sonra tədqiqatçı alim İndoneziya ədəbiyyatından edilən tərcümələrə diqqət yetirir, sözügedən ədəbiyyatdan tərcümələri və onun tədqiqi zəruriliyini vurğulayır.Qədim və zəngin Asiya ədəbiyyatının tədqiqat obyekti ola biləcək mövzuları bitmədiyi kimi Bədirxan Əhmədlinin ədəbiyyatşünaslıq elminə sərf etdiyi əzmi də tükənməzdir. Dahi Nizami Gəncəvi yazırdı ki, “bağlı bir qapıya açar axtarsan, ancaq alimlərdə axtar, taparsan”. B.Əhmədli elm məbədinə açarı - güclü qələmi ilə daxil olan, araşdırmaqdan yorulmayan dəyərli alimlərimizdəndir. Bəsirə ƏzizəliFilologiya elmləri doktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.