“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı" Yeni nəşrlər, Humanitar elmlər 7 марта 2025 368 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Bu günlərdə AMEA-nın Folklor institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynlinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun böyük elmi işçisi, yazıçı Mənzər Niyarlının bədii yaradıcılığı haqqında müxtəlif illərdə qələmə alınmış elmi məqalə və esselərdən ibarət “Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı" adlı kitabı çapdan çıxıb.Məqalələr toplusu Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb.Topluda Azərbaycan Yazıçılar Birliyinin üzvü Mənzər Niyarlı haqqında otuza yaxın professor, alim və yazıçıların xanım yazarın yaradıcılığına həsr etdikləri məqalələr yer alıb. AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şərifova toplunun “Mənzər Niyarlının bədii yaradıcılığının janr xüsusiyyətləri, problematikası, bədii obrazları” adlı "Ön söz"ündə Mənzər Niyarlının bədii yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirmiş və ədəbi-elmi cameənin diqqət mərkəzində olmasını vurğulamışdır: ““Həmin axşam”, “Yarımçıq məzuniyyət”, “Qara örpək”, “Oğuz gözəlləməsi”, “Qızıl Qaval”, “Seçilmiş əsərlər”, “Qürbətə aparan qatar” (rus dilində), “Əkizlər və onların fındıqburun bacıları”, “Vətəndən vətənə”, “Dügün gününün sabahı” (türk dilində), “Sənətin sehri” və s. kimi kitabların müəllifi Mənzər Niyarlının əsərlərində çatdırmaq istədiyi ideyaları kamil səviyyədə çatdırmasının şahidi oluruq. Bu kamillik yazıçının əsərlərinin janrında, problematikasında, obrazlarında, həmçinin ədəbi dilində, xüsusilə də dialektlərdən, şivələrdən istifadə etməsində özünün təsdiqini tapır. Yaradıcılığında milli kimliyi, genetik kodu və s. təbliğ edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Mənzər Niyarlı qələmə aldığı bədii nümunələrlə öz imzasını Azərbaycan ədəbiyyatına həkk etdirməsi yazıçının sənətkarlığının göstəricisidir”. Toplunun elmi redaktoru və ön sözün müəllifi filalogiya elmləri doktoru, AMEA-nın professoru Salidə Şərifova, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevadır. Fürsətdən istifadə edərək, biz də redaksiya heyətimiz adından AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun böyük elmi işçisi, çox hörmətli yazıçı xanım Mənzər Niyarlını ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.