Müşfiq Borçalı - 55: BORÇALIDAN DOĞAN İŞIQ və ya SÖZÜN ZİRVƏSİ Əsas xəbər, Humanitar elmlər, Elmi Məqalələr, "Elm və Təhsil", "SAZLI-SÖZLÜ BORÇALI", Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı 3 февраля 2025 120 0 1 2 3 4 5 Hər bir xalqın tarixi, mədəniyyəti və mənəvi dəyərləri onun ziyalılarının fədakar əməyi ilə işıqlanır. Vətənimizin belə fədakar ziyalılardan biri də 55 il öncə qədim Borçalı mahalının sazlı-sözlü, poeziya dolu torpağında dünyaya göz açmış, bütün mənalı ömrünü elmin, jurnalistikanın və mədəniyyətin inkişafına həsr etmiş tanınmış borçalışünas alim, istedadlı yazıçı-jurnalist, Prezident təqaüdçüsü Müşfiq Borçalıdır. Bu gün təkcə Borçalı elinin deyil, bütün Azərbaycanın fəxri olan bu görkəmli şəxsiyyətin 55 illik yubileyini qürurla qeyd edirik.Jurnalistikanın incəliklərini dərindən mənimsəyən, mahir pedaqoq kimi minlərlə tələbəyə ilham verən, Borçalı folklorunun və mədəniyyətinin ən dəyərli nümunələrini toplayaraq gələcək nəsillərə ərməğan edən Müşfiq müəllim bu illər ərzində yorulmadan milli-mənəvi dəyərlərimizin keşikçisi olmuşdur. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr, qələmə aldığı sanballı elmi əsərlər, mətbuat səhifələrində qoyduğu dərin izlər Azərbaycan mədəniyyəti və elminin zirvələrində parlayır.Bu yubiley yalnız bir şəxsin 55 illik ömür salnaməsi deyil, həm də onun Azərbaycan elmi, ədəbiyyatı və jurnalistikasına verdiyi töhfələrin təntənəsidir. Müşfiq Borçalının zəngin yaradıcılıq dünyası, yüksək əzm və fədakar əməyi bir daha sübut edir ki, həqiqi ziyalılar xalqın mədəni xəzinəsini zənginləşdirən əbədi işıqdır... İndi isə Müşfiq müəllimin keçdiyi mənalı ömür yoluna nəzər salaraq, onun yaratdığı dəyərli irsi qısaca da olsa, ehtiramla yad edək:Qədim Borçalı elində 1970-ci il yanvarın 22-də qədim Borçalı mahalının Darvaz kəndində görkəmli türkoloq alim Mədəd Çobanovun ailəsində dünyaya göz açan Müşfiq Borçalı elm və mədəniyyətlə zəngin bir mühitdə böyüyüb tərbiyə almışdır. Evdə hər zaman çoxlu kitab, qəzet və jurnalların olması, atasının yazı masası arxasında şövqlü fəaliyyəti onun həyat yoluna əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Professor Mədəd Çobanovun ailəsində aldığı tərbiyə, zəhmətə bağlılıq, elmə sevgi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Uşaqlıqdan kitablara olan sevgisi, zəhmətkeşliyi onun gələcəkdə ədəbi və elmi sahələrdə parlaq uğurlar qazanacağından xəbər verirdi.Məktəb illərində Azərbaycan ədəbiyyatına və dövri mətbuata böyük maraq göstərən Müşfiq hələ erkən yaşlarından bədii yaradıcılıq və jurnalistika ilə məşğul olmuşdur. Onun qələmə aldığı kiçik yazılar “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” və digər nəşrlərdə dərc edilmiş, janr müxtəlifliyi və ifadə tərzi ilə diqqət çəkmişdir. M.Borçalı 1986-cı ildə Darvaz kənd orta məktəbini əla qiymətlərlə və Fəxri Fərmanla bitirdikdən sonra A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş, eyni zamanda, TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil almışdır. Müşfiq Çobanov Borçalı folkloru və ədəbiyyatı ilə bağlı tədqiqatlara hələ erkən yaşlarından böyük maraq göstərmişdir. Borçalı ədəbi mühiti ilə sıx təmaslar, qədim ənənələrlə malik Darvaz kəndi isə M.Borçalının gələcəkdə borçalışünas alim kimi formalaşacağının müjdəçisi idi. Əslən Borçalıdan olan ədəbiyyatşünas alimlərin bu sahədə apardıqları araşdırmaları dərindən mənimsəyən gənc tədqiqatçı Borçalı folkloru, mədəniyyəti, ədəbiyyatının çox geniş və daim inkişafda olduğunu, eyni zamanda, bu zəngin mənəvi-ədəbi sərvətin yetərincə öyrənilmədiyini də dərk edirdi. Buna görə də hələ Tbilisi Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı dövrdə Borçalı mədəniyyətinin, ədəbiyyatının geniş və hərtərəfli araşdırmağı qarşısına məqsəd qoymuşdu. Beləliklə, gənc tədqiqatçı Borçalını kəndbəkənd gəzir, ədəbi məclislərdə iştirak edərək ziyalılarla görüşür, Borçalı aşıqlarının yaxınları ilə söhbətlər apararaq şifahi xalq ədəbiyyatı nümunələri toplayırdı.Bakı ədəbi mühiti1990-cı ildə ailəsi ilə birlikdə Bakıya köçən M.Borçalı təhsilini Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmişdir. Burada Azərbaycanın görkəmli alimləri - Afad Qurbanov, Nizami Xudiyev, Qəzənfər Kazımov, Abbas Hacıyev, Mürsəl Həkimov, Paşa Əfəndiyevdən dərs alan M.Borçalı Gürcüstanda başladığı tədqiqatları uğurla davam etdirmişdir. O, hələ ali məktəbin IV kursunda təhsil alarkən, ilk dəfə olaraq “Borçalı” adını özünün ilk kitabının adına gətirərək 1990-cı ildə “Ağır elli Borçalı” adlı ədəbi-bədii almanaxı nəşr etdirmişdir. Sonradan tanınmış türk tədqiqatçısı Çingiz Alyılmaz bu kitabı Türkiyə türkcəsinə çevirərək 1996-cı ildə Ərzurumda nəfis şəkildə çap etdirmişdir.1992-ci ildə ADPU-nun filologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirən M.Borçalı 1993-cü ildən “Təhsil” qəzetinin baş redaktoru, 1995-ci ildən “Azad Azərbaycan”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilmişdir. Onun bu mətbu orqanlarda göstərdiyi məhsuldar fəaliyyət təkcə Azərbaycan mətbuatının inkişafına deyil, həm də milli-mənəvi dəyərlərin qorunması və təbliğinə yönəlmişdi.Bu gün Müşfiq Borçalının Azərbaycanın media məkanında oynadığı rol son dərəcə böyükdür. O, “Ziya” İnformasiya Mərkəzinin və ZiM.Az saytının təsisçisi və baş redaktorudur. Müşfiq Borçalı, eyni zamanda, Azərbaycan Texniki Universitetinin əməkdaşı - AzTU Press nəşriyyatının, "Ziya" qəzetinin və "Ziya.İnfo.Az" saytının Baş redaktorudur. O, həmçinin, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil" qəzetlərinin qurucusu və Baş məsləhətçisi, eləcə də, "Zirvə" və "Zəfər" İnformasiya Mərkəzlərinin, "Borçalı" və "Yurd" nəşriyyatlarının, "Zirve.info", "Zirve.info.az", "Yurd.info.az", "elm.info.az", "Bolnisi.az", "Borcali.org" saytlarının da qurucusu və rəhbəridir. Onun rəhbərliyi altında çıxan çoxsaylı mətbuat orqanları Azərbaycanda jurnalistikanın etik prinsiplərini qorumağa, jurnalistlərin peşəkar səviyyəsini artırmağa, medianın inkişafına ciddi töhfələr verir.Mavi ekranlarda Tanınmış jurnalist Müşfiq Borçalı televiziya sahəsində də önəmli fəaliyyət göstərmişdir. O, Azərbaycan Televiziyasında (AzTV) milli-mədəni dəyər daşıyan bir sıra verilişlərin redaktoru olmuşdur. Dövlət Televiziyasının “Xalq yaradıcılığı” Baş redaksiyasının redaktoru vəzifəsində çalışan M.Borçalı AzTV-də yayımlanan “Dastan”, “Yazı”, “Sazın-sözün sehri”, “Aşıq Pəri Məclisi”, “Borçalı elləri” və s. verilişlərin ssenari müəllifi və redaktoru kimi yüksək peşəkarlıq nümayiş etdirmişdir.Onun redaktoru olduğu “Borçalı elləri” verilişi bu qədim bölgənin tarixi ənənələrini, zəngin folklor xəzinəsini, dastan mədəniyyətini, aşıq sənətini, musiqi irsini geniş şəkildə işıqlandıraraq izləyicilərə bölgənin ruhunu hiss etdirirdi. “Aşıq Pəri məclisi” isə Azərbaycanın qədim aşıq sənətinin tanıdılması və təbliğinə xidmət edirdi. Milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi üçün bu proqramların əhəmiyyətini dərindən dərk edən M.Borçalı təkcə redaktor deyil, həm də milli mədəniyyətimizin təbliğatçısı kimi öz dəsti-xətti ilə seçilmişdir. Onun fəaliyyəti televiziya tamaşaçılarının mədəni biliklərini artırmaq, Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində əvəzsiz töhfə olmuşdur. Bu uğurun kökündə isə təkcə Müşfiq müəllimin jurnalistikanın incəliklərini dərindən bilməsi, peşəkarlığı deyil, həm də onun şəxsi möqveyi, dünyaya baxışı və mütərəqqi ideyaları dayanırdı.M.Borçalının televiziya fəaliyyətini işıqlandırarkən onun bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olduğunu da diqqətdən qaçırmaq olmaz. Müşfiq müəllimin ssenari müəllifi olduğu “Şərəfli ömür yolu” (İsmayıl Ömərovun 70 illik yubileyinə həsr edilmiş film), “Danışan qayalar” (Qobustan qayaları haqqında sənədli film), redaktoru olduğu “Cəsur kəşfiyyatçı” (Qarabağ şəhidi Hicran Zülfüyevin şərəfli ömür yoluna həsr edilmiş film) sənədli filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.Borçalışünas alimAzərbaycan mətbuatı və mədəniyyət tarixində özünəməxsus yer tutan Müşfiq Mədəd oğlu Çobanov bir şəxsiyyət kimi bütün yönləri ilə yaradıcı olan, elmi axtarışlarının ardıcıllığı və bədii təfəkkürünün orijinallığı ilə fərqlənən kamil ziyalıdır. O, hələ gənc yaşlarından qədim Borçalı bölgəsinin tarixi, mədəniyyəti və ədəbiyyatı sahəsində ciddi araşdırmaları ilə tanınır. Azərbaycanın mədəni irsini, Borçalı mahalının zəngin tarixi və ədəbiyyatını dünyaya tanıtmaq yolunda yorulmadan çalışan Müşfiq Borçalı bu bölgəsinin ədəbi-mədəni irsi ilə bağlı çoxsaylı tədqiqatların, kitabların müəllifidir. Alimin bu istiqamətdə qələmə aldığı sanballı monoqrafiyalar, dərin məzmunlu elmi məqalələr və ensiklopedik tədqiqatlar Borçalının zəngin tarixi və mədəni irsinin dərinliyinə işıq salır. Bu fundamental araşdırmalar Azərbaycan ədəbiyyatının regional xüsusiyyətlərini və beynəlxalq əlaqələrini dərindən öyrənmək baxımından zəngin məlumatlar verir, təkcə elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu auditoriyası üçün xüsusi əhəmiyyət kəsb edir.Müşfiq Mədəd oğlu Çobanov Borçalı 2016-cı ildə AMEA-nın prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi rəhbərliyi ilə “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və elmi fəaliyyətində mühüm bir mərhələni tamamlayaraq filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.Pedaqoji fəaliyyətVaxtilə əmək fəaliyyətinə Azərbaycan Texniki Universitetində başlayan Müşfiq müəllim bir müddət universitetdə Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib. O, bu ali məktəbdə fəaliyyətini indi də davam etdirir, Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasında yüksək peşəkarlıq və məsuliyyətlə pedaqoji fəaliyyətlə məşğul olur: bakalavr tələbələrinə “Azərbaycan dili” və “Nitq mədəniyyəti” fənlərini, magistr tələbələrinə isə “Pedaqogika” fənnini sevə-sevə tədris edir. Öz vəzifəsinin məsuliyyətini, müqəddəsliyini dərindən dərk edən Müşfiq müəllim gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşıyaraq çəkdiyi zəhmətin, fədakarlığı müqabilində əldə olunan uğurlu nəticələrdən zövq alır. O, tələbələrə yalnız nəzəri biliklər verməklə kifayətlənmir, həm də onların nitq mədəniyyətini formalaşdırmağa, intellektual düşüncə və təfəkkür tərzini inkişaf etdirməyə çalışır. M.Borçalının ali məktəbdə pedaqoji fəaliyyəti, onun Azərbaycan dili və mədəniyyətini yüksək səviyyədə təbliğ etməsi, elmin inkişafına verdiyi töhfələr, qabaqcıl tədris metodikası yüksək qiymətləndirilir. Tələbələrinin uğurlarını pedaqoji fəaliyyətinin əsas göstəricisi hesab edən Müşfiq müəllim gələcək nəsillərin daha savadlı və mədəni yetişməsi üçün əlindən gələni edir.Fəxri Fərmanlar... Mükafatlar...Müşfiq Borçalının fəaliyyəti təkcə jurnalistika, pedaqogika və elm sahələri ilə məhdudlaşmır. O, müxtəlif ictimai layihələrdə fəal iştirak edir, milli dəyərlərin qorunub saxlanılması istiqamətində yorulmadan çalışır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr mətbuatın maarifləndirici missiyasının gücləndirilməsinə yönəlir.Bu fədakar əmək diqqətdən kənar qalmayıb. M.Borçalı mətbuat və mədəniyyət sahəsindəki yorulmaz fəaliyyətinə görə bir çox mükafat və fəxri fərmanlarla təltif olunub: “Abulla Şaiq”, "Nəriman Nərimanov", "Zirvə", "Zəfər", "Qızıl Qələm" və s. mükafatların laureatı olan Müşfiq Borçalı dəfələrlə Fəxri Fərman, Fəxri diplom və mükafatlarla təltif olunub. O cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və sertifikatlarina layiq görülüb.M.Borçalı 2024-cü ildə AYB-nin təqdimatına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.Professor Mədəd Çobanovun yadigarı Azərbaycanın görkəmli türkoloq alimi, professor Mədəd Çobanovun zəngin elmi irsi, dilçilik sahəsində apardığı fundamental araşdırmalar, milli dəyərlərə bağlılığı oğlu Müşfiq Borçalının formalaşmasında əvəzsiz rol oynamışdır. Mədəd müəllimin Borçalı bölgəsinin mədəni irsini qoruyub gələcək nəsillərə ötürmək üçün göstərdiyi səylər, onun zəngin elmi fəaliyyəti və müsbət insani keyfiyyətləri oğlu Müşfiqin gələcəkdə eyni istiqamətdə çalışmasına ilham vermişdir. Beləliklə, Mədəd müəllimin yüksək intellektual irsi, zəhmətkeşliyi Müşfiq Borçalının həm istedadlı alim, həm də vətənpərvər ziyalı kimi yetişməsində məktəb rolunu oynamışdır.Bu gün Müşfiq Borçalı atasının – görkəmli türkoloq alim, professor Mədəd Çobanovun ədəbi irsini yaşatmaq, onun əziz xatirəsini daim uca tutmaq üçün yorulmadan fəaliyyət göstərir. Mədəd müəllimin ideyalarını, zəngin yaradıcılıq irsini, həyat fəlsəfəsini gələcək nəsillərə çatdırmağı özünün mənəvi borcu hesab edən M.Borçalı müxtəlif elmi və ədəbi layihələr həyata keçirir, atasının əsərlərinin nəşri və təbliği ilə məşğul olur. O, təbliğ etdiyi bu elmi irsi yalnız akademik töhfə kimi deyil, həm də milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi qoruyur. Onun atası haqqında dərin ehtiramla danışması, Mədəd Çobanovun xatirəsini əbədiləşdirmək üçün göstərdiyi səylər ataya olan övlad sevgisi və hörmətin ən bariz ifadəsidir. Və yubiley təbriki......“Həyatın mənası yalnız özünü başqaları üçün faydalı etməklə tapılır”. Dahi rus yazıçısı Lev Tolstoyun bu məşhur kəlamı bütün duyğuları, mənəviyyatı, əməli fəaliyyəti ilə xalqa bağlı olan vətənpərvər ziyalı - M.Borçalının həyat fəlsəfəsinə aid etmək olar. Müşfiq müəllim bütün həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin və elminin inkişafına həsr etmiş həqiqi ziyalıdır. Onun 55 illik mənalı ömür yolu, zəngin yaradıcılıq fəaliyyəti Azərbaycan jurnalistikası və ədəbiyyatı üçün dəyərli töhfədir. Xalqa hər zaman sədaqətlə xidmət edən bu vətənpərvər ziyalı bu gün də millətin, doğma Borçalı elinin inkişafı istiqamətində böyük coşğu, səmimiyyət və inamla yol getməkdədir. Müşfiq Borçalı bu əvəzsiz xidmətləri ilə Azərbaycanın mədəniyyəti və jurnalistika tarixində parlaq sima kimi daim yaddaşlarda qalacaq....Çox hörmətli və əziz tələbə yoldaşım, istedadlı qələm dostumuz, dəyərli ziyalımız Müşfiq Borçalını 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Ona uzun ömür, möhkəm cansağlığı, zəngin və mənalı həyat yolu, çoxşaxəli yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayıram! SADİQ ZAMAN, Filologiya üzrə fəlsəfə doktoru ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.