Borçalıda “Kür” adlı yeni bir tədris mərkəzi fəaliyyətə başlayıb Gürcüstan » Borçalı 7 апреля 2025 373 0 1 2 3 4 5 Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi son illərdə “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində qonşu Gürcüstan Respublikasında soydaşlarımızın kompakt halda yaşadıqları qədim Borçalı mahalı ərazisində bir sıra təqdirəlayiq tədbirlər həyata keçirir, yeni tədris mərkəzlərinin yaranmasında və fəaliyyət göstərməsində yaxından iştirak edir, malıiyyə yardımı, həmçinin, maddi və mənəvi köməklik göstərir. Belə tədris mərkəzlərində biri də bu günlərdə Borçalının Kürüstü bölgəsində - Marneuli rayonunun Keşəli kəndində fəaliyyətə başlayıb. 2025-ci il Aprelin 6-da “Kür” Tədris və İnkişaf Mərkəzi adlanan həmin yeni təhsil ocağının təntənəli açılış mərasimi keçirilib.ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri Savalan Osmanlı açaraq iştirakçıları salamlayıb və yeni açılan maarifləndirici mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, qeyd edib ki, bu mərkəz yalnız Keşəli kəndinə deyil, eyni zamanda, Borçalının Kürüstü ərazi vahidliyinə daxil olan qonşu kəndlərə də xidmət göstərəcək və yerli gənclərin maariflənməsində mühüm rol oynayacaq. Mərkəz yerli gənclərin anadilli mənbələrə əlçatanlığını təmin edəcək, onların milli-mənəvi dəyərlərlə bağlı mədəni inkişaf tələbatını ödəməyə çalışacaq. Savalan Osmanlı çıxışında "Kür” Tədris və İnkişaf Mərkəzinin bir qrup xeyriyyəçi iş adamları tərəfindən təsis edildiyini diqqətə çatdırıb, gərəkli layihənin gerçəkləşməsinə yardımçı olmuş həmin xeyirxah insanlara öz minnətdarlığını bildirib, onların bu təşəbbüsünün gələcək nəsillər üçün atılmış mühüm addım olduğunu vurğulaylb. Tədbir boyu xeyirxah insanların dəstəyi ilə yaradılan bu mərkəzə olan maraq və dəstək özünü qonaqların çıxışlarında da göstərib. Gürcüstan parlamentinin sabiq deputatları Mahir Dərziyev, Ramiz Bəkirov, tanınmış şair və təcrübəli maarif işçisi Rövşən Nəsiboğlu, tanınmış müəllim və ictimai xadim Çingiz Yaqubov, Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri Raida Dərziyeva, Marneuli İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, Aktual.ge - “Aktual media”nın baş direktoru İlkin Hüseynov, Qardabani İnteqrasiya və Təhsil mərkəzinin Azərbaycan dili müəllimi Sevda Şahverdiyeva, Qardabani Mədəniyyət evindən Xalidə Qərubova, Kəpənəkçi uşaq bağçasının müdiri Nuridə Vəliyeva və digər natiqlər yeni tədris mərkəzinin yaradılmasını yüksək qiymətləndiriblər, həmin mərkəzin böyük əhəmiyyət daşıdığını vurğulayıblar, ona səmərəli fəaliyyət və yeni-yeni uğurlar arzulayıblar. Onlar qeyd ediblər ki, yeni yaradılan mərkəz tədris yönümlü olmağı ilə yanaşı, həm də bölgədə ictimai və mədəni tədbirlərin təşkili baxımından da gənclərin fəallığına böyük dəstək verəcək.Kəndin ağsaqqalları və ziyalıları – Məhəmməd Yusibov, Səməd Hacıyev, Ramiz İslamoğlu, Ramin Qələndərov, Süddərxan Kazımov və b. da öz ürək sözlərini bölüşdülər. Natiqlər belə təşəbbüslərin gənclərin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.Qaratəhlə orta məktəbinin müəllimləri adından çıxış edən Ülviyyə Veysəlova və Nurlana Məmmədova da öz təbriklərini çatdırıblar, bu təşəbbüsün gələcək nəsillər üçün olduqca faydalı olacağını bildirdilər. Eyni zamanda, tədbirə qatılan Rauf Yüzbaşov, İlham Hüseynov, Namiq Hüseynov, mərkəzin müəllimləri İsmət Qurbanov, Leyla Əliyeva, Fidan Osmanlı və başqaları da yeni mərkəzə uğurlar arzulayıblar.Sonda Aşıq Mirzə oynaq saz havaları və özünün həzin ifaları ilə yeni yaradılan ictimai maarif ocağına xeyir-dua verib, mərasimə şən əhval-ruhiyyə qatıb.Tədbir həzin musiqi sədaları ilə başa çatıb. Sonra dadlı-ləzzətli milli təamlarla zəngin olan möhtəşəm süfrə aşılıb və iştirakçılar xatirə foto-şəkilləri çəkdiriblər. Biz də Redaksiya Heyətimiz adından “Kür” Tədris və İnkişaf Mərkəzinin yaradıcılarını, Mərkəzin rəhbəri Savalan Osmanlını və mərkəzin bütün kollektivini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.