ABİTURİYENT VALİDEYN MUNASİBƏTLƏRİNİN DÜZGÜN QURULMASI Elmi Məqalələr, "Elm və Təhsil" 26 марта 2025 208 0 1 2 3 4 5 “Gənclər bizim gələcəyimizdir.” Heydər Əliyevİnsanın fəaliyyətini, davranışını, emosional vəziyyətini öyrənən elm sahəsi olan psixologiya çoxəsrlik tarixə malikdir. Cəmiyyət inkisaf etdikcə elmə ehtiyac daha da çoxalır. Belə ki, elmin-texnikanın inkişafı insanlarda emosiyaların gərginləşməsinə, fikir və düşüncələrdə təzadların yaranmasına, nəticədə, stress, gərginlik və həyəcanın artmasına gətirib çıxarır. Odur ki, bugünkü gündə psixologiyaya müraciət etmək, yeni nəslin inkişafında baş verən qüsurları aradan qaldırmaq, ayrı-ayrı fərdlərə, yeniyetmələrə, gənclərə, uşaqlara - ailələrə dəstək olmaq üçün biz psixoloqların elmi bilikləri, təcrübəsi hər kəs üçün fayda verir.Müasir dövrün ən aktual, daha doğrusu, üzərindən səthi keçə bilmədiyimiz mövzusu abituriyentlərin psixoloji durumu və onlara necə dəstək olmaqdır.Yeniyetmələrin həyata baxışı – dünyagörüşü müəllim və valideynlərlə üst-üstə düşməməsi təəccüblü deyil. Çünki müəyyən yaş qrupuna malik olan insanların şüraltında keçmiş təsəvvürlər olduğu üçün çox vaxt fikir ayrılıqlarına, eyni zamanda stress yaradacaq amillərin baş verməsinə gətirib çıxarır. Bu təzadlı düşüncələr hər iki tərəfin müəyyən psixoloji sarsıntılar yaşamasına,hətta travmalara qədər gətirib çıxarır. Bu zaman ən mühüm və həlledici yol hər iki tərəfin psixoloqlarla əlaqə saxlayıb, düzgün istiqamətləri götürməkdir. Xüsusilə də övladı abituriyent olan valideynlər üçün dəstək və anlayışlı olmaq çox vacibdir, çünki bu dövr gənclər üçün həm emosional, həm də psixoloji baxımdan stressli ola bilər. Valideynlərin doğru yanaşması abituriyentin həm uğur qazanmasına, həm də sağlam psixoloji vəziyyətini qorumasına kömək edir. Təəssüflər olsun ki, bu gün valideynindən tam mənada mənəvi dəstək ala biləcək gənclərin sayı azdır. Çünki öz fikirlərini daha üstün tutan, uşaqlarında özgüvənsizlik yaradan, onların arzu və istəklərini arxa plana çəkib, daha çox öz istəklərini yeritmək amalında olan, təzyiq göstərən, tənqid etməklə təsir göstərməyə çalışan valideynlərlə rastlaşırıq. Bir psixoloq kimi valideynlərə övladlarına təzyiq göstərmədən dəstəkçi olmağı, motivasiya verməyi, amma mütləq nəticə ilə şərtlənirdirməməyi tövsiyə edirəm.Valideyn istər kiçik yaşlı, istərsə də yeniyetmələrdə, gənclərdə özgüvən, inam hisslərini aşılamalı, “Biz sənə inanırıq, sənin bacarığına əminik,”- deyərək dəstək verməlidir. Onların emosiyalarını anlamalı, narahatlığını, yorğunluğunu nəzərə alaraq, dəstək olmalı, - “Mən bilirəm cətindir, amma birlikdə öhdəsindən gələcəyik”, - kimi cümlələrdən istifadə edərək onların özlərini daha rahat hiss etməsinə kömək etməlidirlər. Bəzən valideyn uşağı başqa bir uşaqla, abituriyentlə müqayisə edərək onda həvəslənmə yaratmaq istəyir. Amma bütün bunlar onun özünəinamını zədələyə bilər. “Filankəs nə qədər çox çalışır, sən niyə belə etmirsən?” -demək əvəzinə onun potensialını, səylərini qiymətləndirin, onun daha böyük uğur əldə edə biləcəyini söyləməklə özgüvən hissini aşılayın. Bəzən valideynlər daha çox oxumaq, daha dogrusu, dayanmadan oxumağa üstünlük verməklə onları nailiyyətsizliyə yuvarlayır. Əslində, vaxt bölgüsündən düzgün istifadə edərək – istirahətə, əyləncəyə zaman ayıraraq səmərəli oxu saatı müəyyənləşdirməklə yüksək nəticələr əldə etmək mümkündür. Onlara planlaşdırma, alternativ yolları göstərərək gələcəklə bağlı fərqli prespektivlər təqdim edin. Lazımsız və həddindən artıq məsləhət verməkdən cəkinin. Əgər abituriyent hansısa çətinliklə qarşılaşarsa, müəllimlərindən və ya peşəkar məsləhətçilərdən dəstək alması daha faydalıdır. Uğur və yüksək nəticələr əldə etmək üçün uşağınızı mükafatlandırın. Amma bu mükafatları imtahan nəticələri ilə bağlamayın, çünki bu əlavə təzyiq yarada bilər. Valideynin övladına güvəni olarsa, bu hissi onunla paylaşaraq, stressi azaldar. İmtahan ərəfəsində valideynlərin uşaqlarla düzgün olmayan münasibəti onların stress və gerginliklərini artırır. Buna görə də tövsiyyə olunan qaydalara əməl etmələri onlara dəstək ola bilər.1. Dəstəkçi olun: “ Sən bacaracaqsan”, “Əsas odur ki, əlindən gələni et”, - ifadələrini söyləyin.2. Alternativ təqdim edin: İmtahanın həyatda tək çıxış yolu olmadığını vurğulayın, muxtəlif yolların olduğunu xatırladaraq, stressi azaldın.3. Sakit mühit yaradın. Evdə uşağın diqqətini dağıdan amilləri minimuma endirin. Sakit və rahat bir çalışma mühiti təşkil edin.4. Fasilələrə icazə verin.İstirahət etməyə,hobbilərinə vaxt ayırmağa təşviq edin.5. Qidalanmağa diqqət edin:Balanslı qidalanma uşağın həm fiziki, həm də zehni sağlamlığını qorumağa kömək edir. Eyni zamanda dərsi qavrama sisteminə kömək edir. 6. Yuxu rejimini təmin edin: Gecə yuxusunun kifayət qədər olmasına diqqət yetirin, çünki yuxu öyrənmə və yadda saxlama qabiliyyətini gücləndirir.7. Narahatlığına qarşı empoti göstərin. Uşağınızın qorxu və stress hisslərini anlayın. Onu diqqətlə dinləyin və öz hisslərini ifadə etməsinə imkan verin.8. Onların hazırlıq planına güvənin.Özünəuyğun öyrənmə tərzinə hörmət edin.9. Pozitiv düşüncə təlqin edin: Əldə etdikləri kiçicik uğurları belə qiymətləndirin, bu onlara özünəinam verəcək.10. Motivasiya edin. Onlara bu imtahanın yalnız bir mərhələ olduğunu və həyatda daha cox imkanların olacağını xatırladın. Uğursuzluğa,stressin artmasına səbəb olan amillərdən uzaq olun:1. Təzyiq etməyin: “Bu imtahan sənin həyatını müəyyən edir”, “Əgər ugursuz olsan, hər şey bitdi”, - kimi ifadələrdən qaçın. Bu narahatçılığı artırır.2. Tənqid etməyin: Qınayıcı və ya müqayisəedici ifadələr işlətməyin.3. Yanlış davranış: “Əgər yüksək bal toplamasan, çox pis olacaq ifadələri imtahan prosesində stressin artmasına, beynin qapanmasına səbəb olur. Valideynin sakit, təmkinli övladına inamla yanaşması imtahan prosesində ən uğurlu nəticələrin əldə edilməsi üçün əsasverici amillərdəndir. Odur ki, şagirdlərin imtahan prosesinin uğurlu keçməsi üçün valideyn daim öz şəxsi inkişafı üzərində çalışmalıdır, əgər bununla bağlı problemləri həll edə bilmirsə, mütləq psixoloqa müraciət etməlidir. Stressli, travmalı valideynlər uşaqlarına ötürdüyü mənfi enerji ilə onları nailiyyətsizliyə sürükləyə bilər. Ona görə də bir pedaqoq-psixoloq kimi valideynlərin psixoloji dəstək almasını tövsiyə edərdim. Məqsədimiz insanları məlumatlandırmaq, bacarıq və bilikləri inkişaf etdirmək, cəmiyyətin tələblərinə uyğun şəxsiyyətyönümlü gənclər, nəsillər yetişdirmək üçün həmrəy olmaqdır.NURŞƏN QURBANOVA,Academy Group MMC-nin rəhbəri, “Mind Up” təhsil və “MCW” konsultasiya şirkətlərinin Azərbaycandakı yeganə rəsmi nümayəndəsi,təlimçi pedaqoq və psixoloq ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.