ŞƏRƏFLİ PEŞƏNİN LƏYAQƏTLİ SAHİBİ – BİZİM AZAD MÜƏLLİM Məktəblər, Təbriklər 26 марта 2025 235 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müəllimlərə həmişə böyük dəyər verər, onların əməyini yüksək qiymətləndirərdi. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşar, onların qayğısına qalar, maddi rifah halının yüksəlməsinə çalışardı. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı:"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". Bəli, müəllimlik çox şərəfli peşədir, çox ləyaqətli vəzifədir, şərəfli və ləyaqətli olduğu qədər də, mürəkkəb və məsuliyyətlidir. Bu çətin və məsuliyyətli vəzifəni böyük şərəflə daşıyan, ləyaqətlə yerinə yetirən qabaqcıl və təcrübəli müəllimlərimizdən biri də elə bu bayram günlərində anadan olmasının 60 illik yubileyini yüksək səviyyədə qeyd etdiyimiz Azad Sofuyevdir.Azad Kamal oğlu Sofuyev - 1965-ci il martın 21-də - qədim Dağ Borçalının Can Bağça elində, Qərbi Azərbaycanın Kalinino (Varantsovka) rayonunun Qızıldaş kəndində dünyaya göz açıb. Birinci sinifə də həmin kənddəki orta məktəbdə gedib, orta məktəbi də elə həmin kənddə bitirib.1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olub. Birinci kursu bitirdikdən sonra əsgəri xidmətə yollanıb. 1984-1986-cı illərdə ordu sıralarında xidmət edib. 1986-cı ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini ADPU-nun filologiya fakültəsində davam etdirib. 1990-cı ildə universiteti müvəffəqiyyətlə başa vurub, təyinatla Abşeron rayonunun Görədil kənd orta məktəbinə göndərilib. Həmin məktəbdə pedaqoji əmək fəaliyyətinə başlayıb, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.Azad Sofiyev universitetdə oxuduğu illərdə bir sıra tanınmış və görkəmli alimlərdən, o cümlədən, Afad Qurbanov, Qəzənfər Kazımov, Mürsəl Həkimov, Abbas Hacıyev, Nizami Xuduyev, Paşa Əfəndiyev, Fərhad Fərhadov, Xeyrulla Məmmədov, Məmməd Məmmədov, Həsən Balıyev, Həsən Mirzəyev, İsrail Mustafayev, Ramin İsayev, və b. kimi professor-müəllim heyətindən dərs alıb. Diplom işini akademik Afad Qurbanovun elmi rəhbərliyi yazıb və müffəqiyyətlə müdafiə edibHazırda ictimaiyyətdə tanınan Buludxan Xəlilov, Arif Kazımov, Sadiq Qarayev, Müşfiq Borçalı, Elçin Hüseynov, Xudayar Daşdəmirov, Mirbağır Yaqubzadə, Miraslan Əzizxanoğlu, İbrahim Rüstəmli, Famil Əbilov, Tahir Həsənov, Niman Məmmədli, Paşa İsmayılov, Ziyadxan Muradxanov, Zamin Təhməzov və b. onun tələbə yoldaşları olublar.Azad Sofuyev hazırda Bakı Şəhəri Təhsil İdarəsinin 35 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, sadəcə çalışmır, həm də ömrünü şam kimi əridir, sabahımız, gələcəyimiz olan bu günkü şagirdlərimizin yollarına nur, işıq saçır…Azad müəllim təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də, sözün əsl mənasında gözəl və xeyirxah insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və öz şərəfli peşəsini ürəkdən sevən ləyaqətli şəxsiyyətdir, uşaqları, gəncləri, yeni nəsli xalqın, vətənin gələcəyi üçün hazırlayan yurdsevərdir, vətənpərvərdir, vətəndaşdır və ən nəhayət, ictimai xadimdir. O, həm də gözəl ailə başçısıdır, 2 ləyaqətli övladı var.Biz də fürsətdən istifadə edərək, Redaksiya Heyətimiz adından, şərəfli peşənin şərəfli sahibi, ləyaqətli övladların ləyaqətli atası, bizim əziz və dəyərli dostumuz, sevimli həmkarımız, çox hörmətli Azad müəllimi - Azad Kamal oğlu Sofuyevi bir daha anadan olmasının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.