LƏMAN İBRAHIMOVA: "Ana dilimiz - varlığımızdır!.." Fond, Məktəblər, Müsabiqə, Bolus 25 апреля 2025 472 100 1 2 3 4 5 Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş II İnşa müsabiqəsi üçünAna dili!.. Bu sadə iki sözün içində bütöv bir xalqın ruhu, yaddaşı və kimliyi gizlənir. Ana dili – o, ananın laylasında, nənənin nağılında, xalqın bayatısında, şairin könlündə çırpınan ilhamdır. Biz dünyaya göz açanda ilk eşitdiyimiz səs, ilk söylədiyimiz söz, ilk hiss etdiyimiz məna məhz bu müqəddəs dildə olur – ana dilində. O, bizim yaddaşımızın kökündə, ruhumuzun dərinliyində yaşayır. Biz bu dili sevdikcə, danışdıqca, yazdıqca – varıq, mövcuduq, bir millətik.Ana dili – bir xalqın nəğməsidir. O xalq yaşayıb yaratdıqca, o dil də yaşayır. Amma bu dil bir gün susarsa, xalq da zamanın içində itib-batar. Çünki dilsiz xalq – adını itirmiş bir millət, ruhsuz bir bədən kimidir. Ana dili bizim kimliyimizdir, soyumuzdur, səsimizdir. Biz bu dili yaşatdıqca keçmişimizi unutmuruq, bu günü anlayırıq, gələcəyimizi qururuq.Azərbaycan dili – əsrlərin dumanından süzülüb bu günə gəlmiş müqəddəs bir xəzinədir. Bu dildə Nizami hikmət yazdı, Füzuli eşqi danışdı, Sabir xalqın dərdini söylədi, Vurğun Vətəni vəsf etdi. Bu dil qəhrəmanların döyüş çığırtısı, anaların göz yaşları, aşiqin könül nəğməsi, alimin kəlamı olub. Hər sətiri tarix, hər hecası duyğu ilə yoğrulmuş bu dili qorumaq – yalnız vəzifə deyil, şərəfdir, qürurdur, and yerimizdir.Hər bir xalqın gücü onun dilindədir. Bizim dilimiz yalnız danışmaq üçün deyil, düşünmək, yaratmaq, yaşamaq üçündür. Ana dili bizi birləşdirir, bir millət kimi tanıdır, bizi başqalarından fərqləndirir. O, bizim varlığımızın səsi, kimliyimizin can damarıdır. Unutmayaq, ana dilini unutmaq – kökü torpaqdan qopmuş ağaca dönməkdir. Əgər dilimizi sevə-sevə danışırıqsa, onu məktəblərimizdə, ailələrimizdə, kitablarımızda yaşadırıqsa – biz mövcuduq. Dilini yaşadan xalq heç vaxt əsarətə düşməz, heç vaxt yox olmaz. Biz Azərbaycan dili ilə azad olduq, onunla müstəqillik qazandıq və onunla əbədi var olacağıq.Ana dilimiz – müqəddəsdir. O, təkcə bir ünsiyyət vasitəsi deyil, o bizim tarixi yaddaşımız, milli şüurumuz, mənəvi varlığımızdır. Bu dili qorumaq – tariximizi, mədəniyyətimizi, əcdadlarımızın ruhunu qorumaqdır. Biz bu dildə düşündükcə, yazdıqca, danışdıqca, sevdikcə Azərbaycan yaşayacaq, biz də onunla birlikdə əbədi var olacağıq.Ana dilimiz - varlığımızdır! – bu sözlər bir şüar yox, bir ömür fəlsəfəsidir. Bu fəlsəfəni yaşamaq, onu gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. Gəlin bu borcu sevə-sevə daşıyaq. Çünki dilimizi yaşatmaq – özümüzü yaşatmaqdır! LƏMAN İBRAHIMOVA,Gürcüstan, Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin Arif Əliyev adına 1 N:-li ictimai məktəbinin şagirdi Fənn müəllimi: FATMA ƏLİYEVAZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.