"QARLI AŞIRIM"IN TƏNQİD VARİANTLARI: AZƏRBAYCAN ƏDƏBİYYATINDA YENİ PERSPEKTİVLƏR Yeni nəşrlər, Elmi Məqalələr, ADPU 26 марта 2025 180 0 1 2 3 4 5 Bu yaxınlarda (17 mart 2025) Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi və Beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə “Vedinin yanı dağlar” adlı təqdimat mərasimi keçirildi. Tədbir çərçivəsində professor Təyyar Salamoğlu və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadənin birgə müəllifi olduqları "Qarlı aşırım"ın tənqid variantları adlı monoqrafiya təqdim olundu. Təqdimat, yalnız əsərin ədəbi və bədii cəhətdən dəyərləndirilməsi deyil, həm də “Qarlı Aşırım”ın tənqidi baxımdan yeni yanaşmalarla qiymətləndirilməsi təqdirəlayiq hesab olundu. Bu monoqrafiya əsərin Azərbaycan ədəbiyyatındakı yerini daha dərindən araşdırmış və onun tarixi kontekstini yeni bir baxış bucağından təqdim etmişdir. Tədbir iştirakçıları tərəfindən bu əsərin ədəbiyyatşünaslığa qatdığı yeniliklər və dövrünün sosial-siyasi reallıqlarını necə əks etdirdiyi müzakirə edildi. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının inkişafında müasir tənqidi yanaşmaların rolu hər zaman böyük olmuşdur. “Qarlı Aşırım”ın tənqid variantları” adlı kitab bu sahədəki önəmli tədqiqatlardan biri kimi qiymətləndirilə bilər. Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadənin birgə müəllifi olduqları bu kitab Azərbaycan ədəbiyyatında müasir tənqidi daha dərindən anlamağa yönələn bir işdir. Kitabda Fərman Kərimzadənin "Qarlı Aşırım" romanı əsasında aparılan tənqidi analizlər müxtəlif nəzəri perspektivlərdən işıqlandırılır və əsərin ədəbi-tənqidi aspektləri geniş şəkildə müzakirə edilir. Kitabın əsas məqsədi "Qarlı Aşırım" romanının müxtəlif aspektlərini tənqidi baxışla analiz etməkdir. Müəlliflər əsəri iki əsas yanaşmada təqdim edir:Təyyar Salamoğlu tərəfindən təqdim edilən "Qarlı Aşırım": Zamanın parametrləri, sənətin həqiqətləri adlı birinci variant romanın zaman və məkan kontekstində necə formalaşdığını və ədəbi tənqidin bu əsər üzərində necə işlədiyini göstərir. Salamoğlu bədii mətnlərin məna qatlarını araşdırır, bununla da əsəri yalnız açıq mətnlə deyil, həm də onun alt qatları ilə anlamağa çalışır. Məhrux Dövlətzadə tərəfindən təqdim edilən "Qarlı Aşırım": tarixdən və düşüncədən gələnlər - mübahisələr, gerçəklər adlı ikinci variantda isə M. Dövlətzadə əsərin ideoloji və tarixi tərəflərini təhlil edir. Kitabın tənqidi yanaşmaları Azərbaycan ədəbiyyatında müasir tənqid nəzəriyyələrin inkişafını göstərir. Salamoğlu və Dövlətzadə "Qarlı Aşırım" romanına paralel baxış bucaqlarından yanaşaraq müxtəlif ədəbi janr və mədəniyyətlər arasındakı münasibətləri təhlil edir. Təyyar Salamoğlu əsərin bədii mətninda olan ziddiyyət və uyğunlaşmaların göstərilməsi üçün "yenidən oxu" prinsipini tətbiq edir. O, romanın yalnız açıq məzmunu ilə deyil, həm də onun gizli mənaları ilə də işləyir. Bu yanaşma tənqidçinin hər bir mətnin dərin qatlarını analiz edərək onun əsl anlamını ortaya çıxarmağa çalışması deməkdir. Məhrux Dövlətzadə isə romanın sosial və ideoloji məzmununu daha ətraflı şəkildə təhlil edərək əsərin tarix və mədəniyyət baxımından necə bir təcrübə ortaya qoyduğunu göstərir. “Qarlı Aşırım”ın tənqid variantları” kitabı Azərbaycan romanının inkişafı və milli kimlik məsələlərinin müzakirə edilməsi baxımındandan da maraq doğurur. Təyyar Salamoğlu əsərin müstəqil Azərbaycan ədəbiyyatında nəinki ideoloji, həm də estetik və bədii baxımdan necə qəbul edildiyini izah edir. Salamoğlu Azərbaycan romanının əslində xalqın milli kimliyini və ədəbiyyatın dərin mənalarını əks etdirən bir janr olduğunu vurğulayır. Bu baxımdan o, Azərbaycan romançılığının "eposdan romana" keçidinin vacibliyini və bu keçidin nəyə səbəb olduğunu təhlil edir.T. Salamoğlu, həmçinin, ədəbiyyatın milli təfəkkürdən ayrı düşünüb hazırlana bilməyəcəyini bildirərək romanın milli estetik zövqə və mədəniyyətə uyğun bir şəkildə yaradılmasını müdafiə edir. O, Azərbaycan romanının əsaslarını formalaşdıran və onu dünyanın digər ədəbiyyatlarından fərqləndirən xüsusiyyətlərin olduğunu qeyd edir. Kitabda sovet dövrü ilə müstəqillik dövründəki tənqid yanaşmaların müqayisəsi də aparılır. Sovet dövründə ədəbiyyat daha çox ideoloji bir təhlil sahəsi kimi qəbul edilirdi və bu, tənqidçilərin bədii əsərləri yalnız siyasi və sosial kontekstdə analiz etmələrinə səbəb olmuşdu. Müstəqillik dövründə isə ədəbiyyatın daha sərbəst şəkildə və estetik nəzəriyyələrə əsaslanaraq tənqid olunması nəzərə çarpır. Bu keçid Azərbaycan ədəbiyyatının öz yerini tapmaq və dünya ədəbiyyatına daha müstəqil bir şəkildə daxil olmaq məqsədini daşıyır.“Qarlı Aşırım”ın tənqid variantları” kitabı, yalnız "Qarlı Aşırım" romanını müsbət və ya mənfi baxımdan tənqid etmir, həm də Azərbaycan ədəbiyyatında müasir tənqidi yanaşmaların inkişafını izləyir. Salamoğlu və Dövlətzadə əsər üzərində aparılan tənqidi təhlillərlə ədəbiyyatın müxtəlif aspektlərini dərin şəkildə işıqlandırır. Kitab Azərbaycan ədəbiyyatının tarixini və müasir vəziyyətini anlamağa çalışan hər kəs üçün vacib bir qaynaqdır. Bu əsər "Qarlı Aşırım" romanını yalnız bir ədəbi nümunə olaraq deyil, həm də onun arxasında dayanan ideoloji, sosial və estetik məsələləri müzakirə edən bir təhlil kimi qiymətləndirilə bilər. Kitabda göstərilən tənqidi yanaşmalar, həmçinin, müasir Azərbaycan ədəbiyyatının təhlilində istifadə olunan ən yeni metodlardan bəhs edir. Tənqidçilərin əsərə verdiyi qiymət Azərbaycanın müstəqillik dövründə ədəbiyyatın və tənqidin inkişafını əks etdirir.Aynur BƏDƏLOVA,Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.