Tanınmış siyasi icmalçı Yasin Qaraməmmədli vəfat edib ADPU, Nekroloqlar 15 февраля 2025 80 0 1 2 3 4 5 ALLAH RƏHMƏT ELƏSİN...Çox kədərli bir xəbəri qarşılamaq məcburiyyətində qaldıq. Görkəmli alim, siyasi icmalçı, Əməkdar jurnalist, ADPU-nun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Qaraməmmədli dünyasını dəyişib.Bizim nəsil Yasin müəllimin bənzərsiz, inamlı, güvənli və səlis nitqi ilə siyasi proseslərin nəbzini tutub. Nitqindəki bənzərsizlik birmənalı olaraq inam və ehtiram formalaşdırırdı. Təfəkkürünün genişliyi, hadisələr arasında əlaqə yaratmaq məharəti, qeyri-standart düşüncə tərzi isə filosoflara məxsus yüksək keyfiyyətdən xəbər verirdi. Elmi, pedaqoji və siyasi icmalçı kimi fəaliyyətinin yaratdığı xoş təsir, qayğıkeş məsləhətləri çoxsaylı gənclərə öz yollarını doğru-düzgün seçməyə köməklik edib. Həyatda nə qədər dinləyicisi və tələbəsi bənzəmək istəyib, Ona. Kralla alimi müqayisə edən bir müdrik fikirdə deyilir ki, alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır. Mən bütün bunları onun 85 illik yubileyində bir daha gördüm. Məkana və zamana sığmayan təsirə malik idi, bu böyük insan. Tale elə gətirdi ki, həyatda Yasin müəllimlə pedaqoji sferada qarşılaşdıq. Səsi və məntiqi ilə ruhumu fəth etmiş bu böyük filosofun həm də şəxsiyyətcə böyük insan olduğunu gördüm. Nitqi qədər qələmi də səlis və heyranedici idi. Zənnimcə, həyatda hər kəsin öyrənmək, məsləhət almaq üçün belə bir insana ehtiyacı var. Həzrət Əli deyirdi ki, alim məclisləri cənnət bağçalarıdır. İndi həm də özümüz də bilmədən cənnət bağçalarında olduğumuzu həyacanla xatırlayırıq. Nə xoş o adamların halına ki, Yasin müəllimin məclislərində iştirak ediblər. Deyirlər, insan ömrünün uzunluğu onun yaddaşlarda nə qədər qalması ilə bağlıdır. Bu mənada Yasin Qaraməmmədlinin ölümsüzlük qazandığını deyə bilərik. Allah rəhmət eləsin!Mütəllim RƏHİMOV,Ədalət Partiyasının sədr müavini,Fəlsəfə üzrə fəlsəfə doktoru, dosentREDAKSİYADAN:Biz də Redaksiya Heyətimiz adından görkəmli alim, tanınmış siyasi icmalçı, Əməkdar jurnalist, ADPU-nun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Qaraməmmədlinin vəfatından kədərləndiyimizi bildirir, ailə üzvlərinə, doğmalarına, yaxınlarına, iş yoldaşlarına, həmkarlarına, bir sözlə, bütün Yasin müəllimi sevərlərə dərin hüznlə başsağlığı veririk.Allah rəhmət eləsin!..Müşfiq BORÇALI,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.