İSTİQLALÇI ALİM, TANINMIŞ ƏDƏBİYYATŞÜNAS - BƏDİRXAN ƏHMƏDLİ Humanitar elmlər, Elmi Məqalələr, Başkeçid 3 февраля 2025 68 0 1 2 3 4 5 Dünya Yaradan tərəfindən yaradılıb və çox gözəl yaradılıb. Lakin dünyanı bəzəmək üçün Yaradan vasitəçilər seçib ki, bu vasitəçilər sənətkar insanlardır. Dünyanın harasına baxsan, baxanları ehtizaza gətirən sənət əsərləri görərsən. İstər memarlıq abidələri, məscidlər, başları ərşə dəyən minarələr, saraylar, karvansaraylar, istər füsunkar yollar, körpülər, sıra-sıra əkilmiş ağacları, könül oxşayan bağlar, bağçalar və s. Lakin dünyanın gözəlliyi yalnız bunlarla bitmir, dünyanın gözəlliyi həm də elmi fəhmin məhsulu olan, qədimdən bizə miras qalmış risalələr, əlyazmalar, təzkirələr, bir sözlə elmi, eyni zamanda ədəbi-bədii irsdir. Klassiklərimiz bizim üçün həm gerçək tariximizi öyrənmək üçün əhəmiyyətli, həm də onların özlərinin fövqəladə yaradıcılığı ilə tanış olmaqdan ötrü olduqca dəyərli irs qoymuşlar. Bir sıra ailmlərimiz isə bu ənənəni daha da zənginləşdirməkdən ötrü zaman-zaman elmi-tədqiqat əsərləri, monoqrafiyalar, oçerklər, elmi və publisistik məqalələr yazaraq həm klassiklərimizin yaradıcılığına işıq tutmuş, həm də müasirlərimizin dəst-xəttinin nədən ibarət olduğunu bizə anlatmışlar.Bədirxan Əhmədli bu elmi, ədəbi-bədii irsə işıq tutan mütərəqqi ziyalılarımızdan, qüdrətli alimlərimizdən biridir. Əgər biz Bədirxan müəlimin yaradıcılığına nəzər salsaq bu zaman onun yaratdığı elmi tədqiqat əsərləri, monoqrafiyalar, oçerklər, məqalələr toplusundan böyük bir kitabxana yarandığını görərik. Özü də elə bir kitabxana ki, buradakı həcmcə ən kiçik məqalə belə həm indiki, həm də gələcək nəsillər üçün olduqca faydalı, gərəkli olduğunu görərik. Bir neçə elmi-tədqiqat əsərinin, on bir monoqrafiyanın, beş yüzdən çox elmi və publisistik məqalənin, bir neçə metodik vəsaitin və dərsliyin və s. müəllifi olan Bədirxan Əhmədli onlarla Beynəlxalq Elmi Konfranslarda məruzələr etmiş, bu məruzələr zamanı əsasən ümumtürk dünyasına ekskursiya edərək yaradıcı insanları, mütəfəkkirimiz, onların dəsti-xəttini, sülhsevərliyini, tolerantlığını, dəyərli nümunələrini göz önünə gətirmişdir. Eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan Kuzey-Kıprıs, Azərbaycan-Koreya ədəbi əlaqələrini ön plana çəkmiş, Azərbaycan mühacirətinin formalaşmasında Polşa amilini yada salmış, dahi mütətəfərrimiz Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləşmək prinsiplərinin bütün türk dünyası üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu xatırlatmış, bütün türk dünyasının misilsiz istiqlal şairi Mehmet Akif Ərsoyun Azərbaycanda nə qədər sevilib dəyərləndirildiyini ön plana çəkmiş, Azərbaycanın ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” azadlıq və demokratiya arayışları” mövzusunda yadda qalan, mənalı çıxış etmişdir.Əgər Bədirxan Əhmədlinin dahi ziyalımız Firidun bəy Köçərlidən başlayan ənənəni davam etdirərək “Azərbaycan ədəbiyyatı tarixi” III cildliyinə, Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı elmi-tədqiat əsərlərinə, Azərbaycanın istiqlalı, istiqbalı, xoşbəxt gələcəyi, rifahı uğrunda çalışan insanlarımız haqqında və ümumiyyətlə, Azərbaycan tarixində və ədəbiyyatında dərin iz buraxmış ziyalılarımız haqqında yazıb-yaratdığı əsərlərə nəzər salsaq, onun çox böyük işlər gördüyünü, gecəsini-gündüzünə qatıb durmadan çalışdığını görərik.Bədirxan Əhmədli 1955-ci ildə Gürcüstanın Dumanisi (Başkeçid) rayonunun, Gəyliyən kəndində daha doğrusu, əcdadları yalnız türklərdən ibarət olan Borçalı mahalında doğulmuşdur. Gəyliyən kəndində 1973cü ildə orta məktəbi bitirən Bədirxan müəllim, həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedoqoi Universitetinin) filologiya fakültəsinə daxil olub və dörd ildən sonra oranı da müvəffəqiyyətlə başa vurmuş, Sabirabad rayonunun Abdulabad kəndinə təyinat alaraq orada Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb. 1980-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda qiyabi olaraq aspiranturaya daxil olur. 1982-ci ildə təyinat vaxtı başa çatdıqdan sonra Bakıya gəlir və Azərbaycan Nzirlər Kabineti yanında Baş Arxiv İdarəsində baş poleqraf, şöbə müdiri vəzifələrində çalışır. 1986-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1990-cı ildən “Vətən səsi”, “Cumhuriyyət” qəzetlərində baş redaktor müavini vəzifəsində çalışıb. 1993-1998-ci illərdə Azərbycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Bundan əlavə Bədirxan Əhmədli Qarabağın düşmən işğalında olduğu zamanlarda qələmini yerə qoymasa da, o biri əlinə silah alaraq vətənin, torpağın azadlığı uğrunda dəfələrlə savaşa girib. Beləliklə, Bədirxan müəllim həm də Qarabağ qazisidir.Cəbhədən yüzbaşı (kapitan) rütbəsi ilə qayıdan Bədirxan Əhmədli 1999-cu ildən etibarən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində işə başlamış, əvvəlcə kiçik elmi işçi, sonda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri baş elmi işçi vəzifəsini tutmuş, 2013-2016-cı illərdə Nizami adına Ədəbiyyat İnsitutunun elmi katibi işləmişdir.Bədirxan müəllim 2005-ci ildə “Azərbaycan satirasının inkişafı problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.2011-2012-ci illərdə qardaş Türkiyənin Kars-Kafkaz Universitetində çalışmışdır. Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi seminarın üzvü olmuşdur.Bədirxan Əhmədli hal-hazırda Müdafiə şurasının üzvüdür. Dəfələrlə müxtəlif Dissertasiya Şuralarında (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və başqa elmi müəssisələrdə ekspert, opponent kimi çıxış etmişdir. Lakin bununla da bitmir. Bədirxan müəllim rəhbərlik etdiyi doktorantların (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və s.) bir ailm kimi formalaşması üçün nəzəri və metodoloji tövsiyələr verir.Elə burda da müdriklərimizin hikmətana kəlamları yada düşür;“Var-dövləti xərclədikcə azalar, elmi xərclədikcə çoxalar”. “Var-dövlət firoonlardan, elm isə peyğəmbərlərdən miras qalmışdır”.Bəli! Bədirxan müəllim istər yorulmadan yazıb-yaratdığı dəyərli əsərlərilə, mükəmməl çıxışarı ilə, məsləhətləri, tövsiyələri ilə öz elmini xərcləməkdədi və müdriklərimiz demişkən, bu elm xərcləndikcə nəinki azalır, çoxalır, özü də qat-qat çoxalır.Bədirxan müəllimin yaradıcılığı həddindən artıq çoxşaxəlidir, lakin onun məziyyətlərindən biri də Azərbaycanın istiqlalı, istiqbalı, bəxtəvərliyi uğrunda mübarizə aparan insanlarımıza intəhasız sevgisi, hüsn-rəğbətidir. Belə ki, Bədirxan müəllim 1917-ci ildə nəşr etdirdiyi “Azərbaycan mühacirət ədəbiyyatı” monoqrafiyasının sərlövhəsində yazır:Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mühacirətdə son dərəcə ağır şərtlər altında sistemli, davamlı və dönməz mübarizə aparan, uğrunda çarpışdığı ideyanın gerçəkləşəcəyinə bir an da olsun ümidini itirməyən, ictimai-siyasi, elmi, ədəbi-bədii yaradıcılıqları ilə böyük, zəngin irs qoyub gedən dörd istiqlalçının — Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu və Gültəkinin (Əmin Abid) əziz xatirəsinə ithaf edirəm.(Bədirxan Əhmədli “Azərbaycan Mühacirət Ədəbiyyatı” təşəkkülü, problemləri, şəxsiyyətləri. Bakı-“Elm və təhsil” 2017. 376 səh).Artıq XX əsrin əvvəllərində türkçülük və islamçılığın ideya rəhbəri Əli bəy Hüseynzadə olduğunu hər kəs bilir. Əli bəy Hüseynzadənin türkçülük, islamçılıq, müasirlik haqqında yaratdığı ideologiya bilavasitə Azərbaycan xalqında milli özünüdərkin, milli təfəkkürün oyanmasına inanılmaz dərəcədə fayda vermişdir ki, bunu Bədirxan Əhmədli çox gözəl şəkildə xarakterizə edir:“Görkəmli publisist, şair, alim, tərcüməçi, həkim və siyasətçi olan Ə.Hüseynzadə Azərbaycanda dövlətçilik, müstəqillik meyillərinin təzahür etməsi, milli şüurun təşəkkülü, türkçülük, turançılıq ideyalarının formalaşmasında müstəsna xidmətləri olmuşdur”.Bədirxan Əhmədli XX əsr “Azərbaycan Ədəbiyytı Tarixi” dərslik 3 cilddə I cild 344 səh.162Bədirxan müəllim həmin kitabda Azərbaycan xalqının milli şüurunun inkişafında saya gəlməyən xidmətlər göstərmiş Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinə, sovet dövründə gizlədilməsinə baxmayaraq, heyrətamiz maarifçi-publisistik əhəmiyyət daşıyan külliyatına, tarixi gerçəklərə dayanan, arxiv sənədlərinə istinadən qələmə alınmış əsərlərinə, eyni zamanda kimsədən qorxmadan, dünyanın harası olursa-olsun Azərbaycan həqiqətlərini anladan inamlı və qətiyyətli çıxışlarına böyük dəyər verərək yazır:“Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadə onu “Yaxın Şərqdəki tarixi Avropalaşma hərəkatının ən səmimi ideoloqu hesab edirdi”. Azərbaycandakı fəaliyyəti ilə bağlı isə yazırdı: “Ağaoğlunun o zamankı fəaliyyəti Azərbaycanın “oyanış tarixində” başdan-başa bir dövrdür. Ağaoğlunun girişdiyi bu qələm mücadiləsi bağımsız Azərbaycan dövlətinin quruluşuna təqadüm edən “milli oyanış” hərəkatının ən canlı və atəşli dönəmini təşkil edir” (Y.Akçura. Yeni türk dövlətinin öncülləri. Ankara, 1981, s. 184).Bədirxan Əhmədli Əhməd bəy Ağaoğlunun elmi-publisistik əsərlərini geniş şəkildə təhlil edərək bu əsərlərin azadlıq, dövlətçilik demokratiya ilə əhatə olunduğunu qeyd edərək, yüksək qiymətləndirir:“Ə.Ağaoğlunun didaktik-utopik mövzuda qələmə aldığı “Könülsüz olmaz” əsəri də “Mən kiməm”, “Sərbəst insanlar ölkəsində” əsərləri kimi idarəetmə, dövlətçilik, demokratiya, azadlıq problemlərini əhatə edir. Hətta bu əsərlər sanki bir-birinin davamıdır, müəllif yeni cəmiyyətin inkişafı yolunda fikirlərini müxtəlif üsullarla ifadə etməyə çalışır. Bu əsər də adı çəkilən əsərlər kimi müəyyən məqamlarda avtobioqrafık səciyyə daşıyır. Əlbəttə, bu əsərlərin yazıldığı dövrdə Türkiyə Cümhuriyyəti yeni qurulmuşdu, cəmiyyətdə hələ bir çox nöqsanlar da olmamış deyildi, lakin bunları açıq mətnlə yazmaq düzgün başa düşülməyə bilərdi. Ona görə də Ə.Ağaoğlu müəyyən dərəcədə yeni bədii-publisistik formalardan istifadə edir.”(Bədirxan Əhmədli “Azərbaycan Mühacirət Ədəbiyyatı” Bakı-“Elm və Təhsil”-2017. səh 217)Bədirxan müəllimin istər elmi yaradıcılığı, istər jurnalistik fəaliyyəti daima bulaq kimi qaynayıb, özü də elə bir bulaq ki, öz şəffaf, pak, saf suyu ilə dörd bir tərəfdə ətirli güllərin, çiçəklərin bitməsinə səbəb olub.Bu da çoxuna məlumdur ki, Azərbaycana romantizm elementlərini gətirən Əli bəy Hüseynzadə olmuşdur. Ə.B.Hüseynzadə bu cərəyanın başlanğıcı olaraq böyük alman mütəfəkkiri İ.V.Hotenin məşhur “Faust” əsərini dilimizə çevirmiş və Azərbaycanın görkəmli sənətkarları Hüseyn Cavidlə, Məhəmməd Hadiyə təqdim etmişdir.Bədirxan Əhmədli romantzmin Azərbaycanda geniş üfüqlər açdığını, eyni zamanda Azərbaycan ədəbiyyatına orijinallıq, yeni nəfəs, forma, üslub, obraz, bədii təsvir və ifadə vasitələri gətirdiyini qeyd edərək, XX əsrin 60-cı illərindən etibarən Məmmədcəfər Cəfərov, Mir Cəlal, Əziz Mirəhmədov, Məsud Əlioğlu, Vəli Osmanlı, Əbülfəz İbadoğlu, Ofelya Bayramova, İsa Həbibbəyli, Kamran Əliyev, Şamil Vəliyev, Cavidə Məmmədli və b. romantizmi müxtəlif aspektlərdən tədqiq etdiklərini yazır.Bədirxan müəllim eyni zamanda Timurçin Əfəndiyevin “Hüseyn Cavidin ideyalar aləmi” (1985) monoqrafiyasınının Cavidşünaslığı və romantizmşünaslığı xeyli zənginləşdirdiyini vurğuladığı haqqında öz müsbət fikirlərini bildirir. T.Əfəndiyevin ən yaxşı nümunə kimi Viktor Hüqonun yaradıcılığını götürdüyünü, onun dünya arenasında romantizmin görkəmli nümayəndəsi kimi romantik əsərlər yazmaqla yanaşı, romantizm estetikasının nəzəri-estetik prinsiplərini də işləyib hazırladığını və klassizmin qarşısına yeni bədii-estetik düşüncə ilə çıxdığını göstərir. 1827-ci ildə isə dahi mütəfəkkirin “Kromvel” dramına yazdığı “Ön söz”ün həm də romantizmin manifesti olaraq qəbul olunduğunu ön plana çəkməsininin xüsusi əhəmiyyət kəsb etdiyini yada salır:“V.Hüqo Avropada yazılan dram əsərlərində antik yanaşmanı inkar edir və romantiklərin də içində olduğu klassik faciənin vacibliyini önə sürürdü. Böyük romantik “Ön söz”ündə qoyduğu problemləri “Kromvel” dramında tədqiq edərək “yamsılamaq elementi” ilə “qrotesk eybəcər incəsənətin əsas elementidir” fikirlərini bir-birilə uzlaşdıra bilir. Yəni onun yanaşmasına görə bu elementlərin biri digərinə mane olmur. Yazıçı bu tendensiyanı “Paris Notr-Dam kilsəsi” əsərində də qoruyub saxlaya bilmişdir. Ümumiyyətlə, monoqrafiyada V.Hüqonun nəzəri fikirləri ilə əsərlərinin bir konsepsiya kimi üst-üstə düşməsi və dünya romantizminin bu manifest üzərində təşəkkülü yaxşı əsaslandırılır”.Ədəbiyyat qəzeti “Romantizm: bütün yönlərilə-Bədirxan Əhmədli yazır”https://edebiyyatqazeti.az/news/muzakire/5718-romantizm-butun-yonlerileBədirxan Əhmədlinin dəst- xəttini izlədikcə heyrətini gizlədə bilmirsən. Hələ onun bakalavr və magistrlər üçün dərslik kimi qələmə aldığı “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabına nəzər salanda Azərbaycanda istər ədəbiyyatın, istərsə də mətbuatın kimlər vasitəsilə inanılmaz bir sıçrayışla tərəqqi etdirən ziyalıların syahısını görür, eyni zamanda onların Azərbaycan milli məfkurəsinin oyanması üçün hansı əziyyətlərə qatlaşdıqlarının şahidi oluruq. Bədirxan müəllim elmi araşdırmaları ilə XX əsrin əvvəllərində, ziddiyyətli və təlatümlü dövrdə Azərbaycan ziyalıları ordusunun Azərbaycanın iqtisadiyyatının inkişafı, Azərbaycan xalqının istiqlala yetişməsi, rifahının yüksəlməsi, dostu ilə düşmənini tanıması, işıqlı həyata qədəm qoyması üçün nə qədər çətinliklərlə üzləşməsinin, bəzən ölümün gözünə belə dik baxmasının, lakin nəticədə istəklərinə nail olmasını, eyni zamanda onların istər milli ədəbiyyatımıza, istərsə də milli mətbuatımıza gətirdikləri tövhələrin nə qədər dəyərli olmasını müşahidə edirik.Bədirxan müəllimin orijinallığından biri də sovetlər dövrü zamanı istər Azərbaycan tarixində, istər Azəbaycan ədəbiyyatında adlar “mürtəce”, “epiqonçu”, “sxolastik ədəbiyyatla məşğul olanlar” kimi hallanan ziyalıların isimlərini ədəbiyyat xəzinəmizə dəyərli gövhərlər kimi gətirməsidir.Bədirxan Əhmədli Əlabbas Müznib, Səməd Mənsur, Əlipaşa Səbur, Əbdülxalıq Cənnəti kimi xalqın dili ilə desək boyunlarına kəfən salıb haqqı nahaqqa verməyən, düzü-düz, əyrini-əyri söyləyən ziyalılarımızın itirilən nufuzunu qaytaran alimlərimizdən biridir.Bədirxan müəllim tək sovetlər dövründə deyil, sovetlər dağılandan sonra belə unudulan şairlərdən biri, XX əsrin əvvəllərində Bakıda təşkil olunmuş “Məcməüş-Şüəra”nın fəal üzvlərindən olmuş Əlipaşa Səburun (1885-1934) yaradıcılığına işıq tutaraq belə yazır:“XX əsr romantizm ədəbi cərəyanının nümayəndələrindən biri Əlipaşa Səburun (1885-1934) ədəbiyyat tarixində özünəməxsus yeri və mövqeyi var. Onun yaradıcılığı milli istiqlal və dirçəliş ideyasını bütün qabarıqlığı ilə yaşadır, əks etdirir. Həm romantik və satirik yaradıcılığının, həm də publisistik fəaliyyətinin xalqın milli dirçəlişinə yönəlməsinə rəğmən Sovetlər dönəmində unudulmuş sənətkarlardandır. Şairin yara dıcılığına, ədəbi irsinə vulqar sosioloji yanaşma onun yaradıcılığını yetmiş ilə yaxın bir mərhələdə milli ədəbiyyatşünaslığımızın tədqiqat orbitindən ayrı salmışdır. Ə.Səburun ədəbi, bədii irsini onlarla romantik və satirik şeirləri, məqalələri, məktubları təşkil edir.”(Bədirxan Əhmədli XX əsr “Azərbaycan Ədəbiyytı Tarixi” dərslik 3 cilddə I cild 344 səh. səh 274.)Bədirxan müəllim Azərbaycanın bağımsızlığının, hürriyyətinin rəmzi olan ay-ulduzlu, üç rəngli bayrağını sonsuz üfüqlərə yüksəldən şairəmiz Ümgülsüm xanımın bir istiqlal şairi kimi nə qədər dəyərli olduğunu qısa-yığcam, fəqət mənalı ifadələrlə göz önünə gətirir:“1999-cu ildə Bakının Novxanı kəndində doğulub böyümüş, Məhəmməd Əmin Rəsulzadənin doğma əmisi qızı, şair Seyid Hüseynin ömür-gün yoldaşı Ümgülsüm bir sıra şeirlərində türkün bayrağını necə əziz tutduğunu, eyni zamanda Avropadan, Rusiyadan axan zəhərləri dəf edəcək qədər qüdrətli olduğunu, Turan dünyasınıın boğazına dolaşan dəmir çəmbəri polad iradəsilə qıra biləcəyini xüsusi bir ahənglə, insanı ehtizaza gətirən, ayağa qalxızan bir şövq ilə nidalandırır:Səmalardan seçilməz türkün mavi bayrağı,Yenə əski şan ilə türk yurduna dikilsin.İştə Turan, iştə yurd, iştə türklük orağı,Yabançıya düşəməz, duruyorkən sən özün.Tarixlərdə həp sənin rəşadətin, hünərin,Bildirirsin furtinan oxunarkən sən neçin,Avropaya qarşı bir,Yersiz, yurdsuz əsirtək boynubükük durasan?Yüz yıllarca əzildin, ayaqlandın yetişər,Yüz yıllarca hıçqırdın, ayaqlandın, əzildin,Yüz yıllarca əzildin, ayaqlandın yetişər.”(Bədirxan Əhmədov. “XX yüzil Azərbaycan ədəbiyyatı mərhələlər, istiqamətlər, problemlər. “Elm və Təhsil” Bakı-2015. səh 142).Bədirxan müəllimin gördüyü işləri, məziyyətlərini, fəzilətlərini saymaqla bitməz. Bu kiçik yazıda onun dəst-xəttinin, zəngin elmi yaradıcılığının yalnız cüzi bir hissəsi vurğulnıb. Belə ki, Bədirxan müəllimin külliyyatını tədqiq və təhlil etməkdən ötrü bir alim ömrü yəqin ki, bəs etməz.Çox dəyərli, əziz və hörmətli Bədirxan müəllim! Siz işıqlı yaradıcılığnızla Azərbaycan ədəbiyyatının inkişafı, filologiya üzrə ali məktəblərdə təhsil alan tələbələrin zəkalarının artması, şuurlarının itiləşməsi, zehinlərinin işıqlanması üçün durmadan çalışışmısız. Sizin rəhbərliyinizlə yetişən doktorantlar indi Azərbaycan alimlər ordusunun bir qolunu təşkil edir ki, onlar məhz sizdən öyrəndiklərini başqalarına öyrədir, eyni zamanda Azərbaycan ədəbiyyatına öz bəhrələrini verirlər. Sizin milli mətbuatmızdakı fəaliyyətiniz haqqında onlarka kitab bağlamaq olar. Bununla yanaşı sizin məruzələrinizi, çıxışlarınızı dinləməyin özü çox faydalı və əhəmiyyətlidir. Bir sözlə, sizin məziyyətlərinizi saydıqca bitməz. Əziz Bədirxan müəllim! Sizə yeni yaradıcılıq üfüqləri arzulayırq, eyni zamanda sizin ürəyinizdə olan bütün istəklərinizin həyata keçməsini Uca Yaradandan diləyirik! Sizə bundan sonra istədiyiniz qədər ömür, ən əsası isə can sağlığı arzu edirik! 2015-ci ildə “Qızıl kəlmə” mükafatına layiq görülmüsünüz. Arzu edirik ki, onlarla mükafat alasınız və bu mükafatlar bir kolleksiya təşkil edərək hər zaman evinizin gözəl bir guşəsini bəzəsin və rövnəqləndirsin. VÜQAR ƏHMƏD,AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi, Beynəlxalq EA-nın akademikiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.