"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6 Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov 12 Nisan MƏDƏD ÇOBANOV Azərbaycan dövri mətbuatının inkişafında misilsiz əhəmiyyəti olan “Əkinçi” (1875-1877) qəzeti Azərbaycan xalqının mənəvi mədəniyyəti - publisistikası, elmi, ədəbiyyatı və incəsənəti tarixinə bir çox şərəfli səhifələr yazmış və gələcək xələfləri üçün mədəni məramnamə və zəngin irs qoymuşdur. Qəzetin 1877-ci il bir sentyabr tarixli 18-ci nömrəsində deyildiyi kimi “Əkinçi” qəzeti sizin üçün (azərbaycanlılar üçün -M.Ç.) bu axırda (bu tərəfdə, bu bölgədə -M.Ç.) çıxan şəfəqdir”. Həqiqətən də, “Əkinçi” xalqımızın mədəniyyəti tarixində “şəfəq” rolunu oynamışdır. Bunu qəzetin səhifələrində nəşr olunmuş yazılar aydın şəkildə təsdiq edir. Qəzetin səhifələrində dərc edilmiş materiallar dilimizin tarixi leksikasını öyrənmək baxımından əhəmiyyətli olduğu kimi, onun tarixi onomastikasını, o cümlədən antroponimikasını araşdırmaq nöqteyi-nəzərdən də zəngin və rəngarəng material verir. İstər qəzetin səhifələrində çap olunmuş mətnlərdə, istərsə də əməkdaşlarının imzalarında əsl şəxs adı, ata adı, familiya və ləqəblə yanaşı bir çox təxəllüsə də rast gəlirik. “Əkinçi”nin əməkdaşları və müxbirləri zəmanəsindəki ictimai haqsızlığı tənqid atəşinə tutduqları üçün çar senzurasından, o dövrün polis və din xadimlərindən qorxaraq, öz avtonimlərinin yanında müxtəlif təxəllüslər və yaxud da imzalar yazır, bəzən də polis idarəsinin diqqətini yayındırmaq məqsədilə öz yazılarını ya təxəllüs, ya da imzasız çap etdirirdilər. “Əkinçi”nin əməkdaşlarının istifadə etdiyi təxəllüs və ya imzaların tezliyi bir-altı arasındadır. Onların bir qrupu həmişə eyni, digər qrupu isə müxtəlif təxəllüs və ya imzalardan istifadə etmişdir. Onlardan Məmmədəli bəy Vəliyev, Şeyxülislam - Zaqafqaziya axundu Əhməd Hüseynzadə, Məmmədəli İsna əşəriyi-Səlyani bir; Ələkbər Heydəri (Heydəri və Ələkbər Elçizadə) iki; Mirzə Həsən əfəndi ibn Əlhac Abdulla əfəndi (Mirzə Həsən Əlqədari, Məmnun Əlqədari, Mirzə Həsən Dağıstani), Məmmədtağı Əlizadə (Məmmədtağı Əlizadə Şirvani, Əlizadə Şirvani, Harayçı qardaş), XIX əsr Azərbaycan maarif xadimi və jurnalisti gəncəli Hacı Məhəmməd Sadıq (Əhsənül-Qəvaid, Hadimül Qəvaid, Sultanov) üç; Nəcəf bəy Vəzirov (Nəcəf Vəzirzadə, Nəcəf, Harayçı qardaş, “N.V...”) dörd; Mirzə Əsgərağa Adıgözəlov (Əsgərğa Adıgözəlzadə, Əsgər Adıgözəlzadə Gorani, Əsgər Gorani, Əsgər, Görani (beş təxəllüs və ya imza ilə yazıb-yaradıblar.”Əkinçi”nin bünövrəsini qoyan Həsənbəy Səlimbəy oğlu Məlikov - Zərdabi, Harayçı qardaş, Badkubəli molla, Xeyirxahi-İran, “7200 4 1 210” (bu rəqəmləri əbcəd hesabı ilə oxuduqda Zərdabi alınır) kimi təxəllüs və imzalardan istifadə etmişdir. Qəzetin fəal əməkdaşlarından Əlimədəd Abdullazadə isə Əlimədəd Abdulla oğlu, Əlimədəd Abdullazadə, Məhbus Dərbəndi və Dərbəndi təxəllüs və ya imzalardan istifadə edərdi (Q.Məmmədli “İmzalar” kitabında səhvən Əlimədəd Abdullazadənin adını “Əli-məmməd” və “Məmməd” kimi vermişdir. Bax: səh. 36, 67). “Eyni sözləri “Molla Nəsrəddin” və digər qəzetlərdə, jurnallarda müxtəlif təxəllüslərlə çıxış edən sənətkarlar haqqında da demək olar. Məsələn, C.Məmmədquluzadə və M.Ə.Sabir 100-ə qədər, Ə.Qəmküsar 15, Ə.Nəzmi 20, Ə.Haqverdiyev 10, Ə.Vahid 15, C.Cabbarlı 12-dən çox və s. təxəllüsdən istifadə etmişlər”.Həmtəxəllüslər. Bu qrup təxəllüslərdən və ya gizli imzalardan eyni dövrdə bir neçə müəllif istifadə edir. Əlbəttə, dil və antroponimiya üçün belə halı qənaətbəxş hesab etmək olmaz. Çünki həmadlılıq və həmtəxəllüslük ayrı-ayrı müəllifin əsərini dolaşığa salır və yazılı ünsiyyəti ağırlaşdırır.Təxəllüslər tarixinə nəzər saldıqda aydın olur ki, hər hansı bir müəllif bir neçə müxtəlif imzalardan istifadə etdiyi kimi, bəzən bunun əksi də özünü göstərir, yəni eyni dövrdə yaşayan bir neçə müəllif eyni təxəllüsdən, yəni həmaddan istifadə edir. Antroponimiyada belə vahidlərə həmtəxəllüs (eyniadlı) deyilir. Məsələn, “Lağlağı” imzasından (təxəllüsdən -M.Ç) C.Məmmədquluzadə ilə yanaşı Ömər Faiq, Ə.Haqverdiyev, Rzaqulu Nəcəfov da istifadə etmişdir. Yaxud “Mozalan” imzası ilə C.Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Ə.Haqverdiyev, Salman Mümtaz; “Hərdəmxəyal” imzası ilə isə Cəlil Məmmədquluzadə, M.S.Ordubadi və başqa mollanəsrəddinçilər çıxış etmişlər”.Təxəllüslərin mənşəyi. Azərbaycan dilinin lüğət tərkibi mənşə etibarilə müxtəlif olduğu kimi, onun onomastik vahidləri də mənşəcə müxtəlif dil vahidləri əsasında təşəkkül tapmışdır. Bu baxımdan, Azərbaycan antroponimiyasında qədim zamanlardan geniş şəkildə yayılmış olan təxəllüslər də mənşə etibarilə müxtəlifdir. Azərbaycan təxəllüsləri mənşəcə iki qrupa bölünür:1. Dilimizin öz daxili imkanları əsasında yaranan təxəllüslər. Bu qrup təxəllüslər antroponimiyamızda aparıcı rola malikdir. “Azərbaycan təxəllüs lüğət”inə daxil olan 580-ə yaxın təxəllüsdən 330-a qədəri Azərbaycan mənşəlidir. Məsələn, Alp Ərən, Mirzağa Aranlı, Haqq Aşığı, Mir Möhsün Nəvvab Qarabaği, Qaçaq Nəbi, Səməd Vurğun və s.2. Alınma təxəllüslər. Azərbaycan antroponimiyasında alınma şəxs adları olduğu kimi, alınma təxəllüslər də vardır. “Azərbaycan təxəllüs lüğəti”nə daxil olan 580-nə yaxın təxəllüsdən 220-yə qədəri alınma sözlər əsasında düzəlmişdir. Təxəllüslər üzərində apardığımız müşahidələr göstərir ki, dilimizdə təxəllüslərin yaranmasında ərəb və fars dillərindən keçmiş sözlərin də müəyyən dərəcədə rolu olmuşdur. O cümlədən, antroponimiyamızda ərəb dilindən keçmiş sözlər əsasında 159, fars dilindən keçmiş sözlər əsasında isə 58 təxəllüs düzəlmişdir.a) Ərəb dilindən keçmiş sözlər əsasında düzələn təxəllüslər: Arif, Asi, Bəsiri, Vaqif, Vazeh, Vahid, Vəfa, Vidadi, Qasir, Qüdsi, Zakir, Zülali, Ziyayi və s.b) Fars dillindən keçmiş sözlər əsasında düzələn təxəl-lüslər: Bahar, Bikəs, Binəva, Didə, Dilbazi, Dilxun, Əxtər, Kəşan, Kişvəri, Gülçin, Mirzə, Nakam, Nəva, Novruz və s.Təxəllüslərin işlənmə məqamları. Tarixən təşəkkül tapmış təxəllüslərin müəyyən hissəsi nəsildən-nəslə, əsr-dən-əsrə keçdikcə yeni vəzifə, yeni funksiya daşıyır və antroponimin başqa bir növünə çevrilərək işlənmə məqamlarını daha da genişləndirir. Təxəllüslərdən elmi-kütləvi şəkildə bəhs edərək, onları işlədilmə baxımından iki qrupa bölmüşlər:a) Familiyaya çevrilən təxəllüslər.b) Gizli imza səciyyəli təxəllüslər.1. Familiyaya çevrilən təxəllüslər. Bu qrup təxəllüslər onu daşıyan müəllifin əsl adı, atasının adı və familiyası ilə yanaşı işlənir, onlarla qaynayıb-qarışır. Hətta, öz mənalılığı, mahiyyəti, ahəngdarlığı və poetikliyi ilə bəzən rəsmi familiyanı, bəzən atanın adını, bəzən də müəllifin şəxsi adını sıxışdırıb aradan çıxarır və sonrakı dövrlərdə yeni bir antroponimik kateqoriyaya - familiyaya çevrilir. Əlbəttə, təxəllüsün belə geniş şəkildə yayılmasında, sabitləşməsində və məşhurlaşmasında onu daşıyan müəllifin təbii istedadı, qabiliyyəti və yaradıcılıq fəaliyyəti də ön planda durur. Məsələn, Nizami Gəncəvi antroponiminə nəzər salaq. İlk baxışda adama elə gəlir ki, Nizami şairin adı, Gəncəvi isə familiyasıdır. Əslində isə, belə deyildir. Şairin əsl adı İlyas, atasının adı isə Yusifdir. Yəni, İlyas Yusif oğlu şairin avtonimi (XII əsrdə azərbaycanlılar arasında familiya formalaşmamışdır), Nizami təxəllüsü, Gəncəvi isə nisbəsidir. İlyas Yusif oğlunun poetik inciləri dünya mədəniyyəti xəzinəsini zənginləşdirdikdən sonra, onun təxəl-lüsü və nisbəsi şairin əsl avtonimini, yəni rəsmi şəxsi adını və atasının adını sıxışdırıb aradan çıxarmışdır. Dünya şöhrəti qazanmış şair İlyas Yusif oğlunu indi hamı Nizami Gəncəvi kimi tanıyır. Beləliklə də, təxəllüs familiyaya çevrilə bilir. Bu sözləri Füzuli, Vaqif, Zakir (Qasım bəy) və başqaları haqqında da demək olar.Azərbaycan antroponimiyasında təxəllüs bəzən adla bərabər işlənir və hətta, atanın adını əvəz edir. Məsələn, Abbas Səhhət Mehdizadə, Abdulla Şaiq Talıbzadə, Cəfər Xəndan Hacıyev və s. İlk baxışda adama elə gəlir ki, bu nümunələrdəki Səhhət, Şaiq və Xəndan antroponimik va-hidləri - ata adı funksiyasını yerinə yetirir. Əslində isə yox, onlar - şairlərin öz zövqünə uyğun qəbul etdikləri təxəl-lüslərdir.2. Gizli imza səciyyəli təxəllüslər. Azərbaycan antroponimiyasında bir qrup təxəllüslərə rast gəlirik ki, onlar təxəllüsdən daha çox gizli imzaları xatırladır. Ayrı-ayrı müəlliflərin və ya ziyalıların gizlin imza qəbul etməsinin də səbəbi aydındır. Dövrün ictimai-siyasi həyatını, “acınacaqlı vəziyyətini görən mütərəqqi fikirli ziyalılar - şairlər və yazıçılar, heç şübhəsiz ki, susa bilmirlər, öz səslərini ucaldırdılar. Onlar xalqın gələcəyi və azadlığı naminə ölkədəki ədalətsizliyi və haqsızlığı kəskin şəkildə tənqid edirlər. Buna görə də, onlar dövlət idarə orqanlarının və senzura-nın nəzərindən yayınmaq üçün gizli imzalardan istifadə edirlər. Z.Sadıqovun təxəllüsləri “siyasi” və “ədəbi-bədii” olmaqla iki qrupa bölməsi, bizim mülahizəmizə görə, özü-nü doğrultmur. Q.Plexanovun “Volgin”, S.M. Qənizadə-nin “Yoldaş”, M.Pənahın “Vaqif”, M.Ə.Əlizadənin “Mü-bariz”, Q.İ.Musayevin “İlkin”, S.Ə.Abbasovun “Dağlı” tə-xəllüslərində nə “siyasi”, nə də “ədəbi-bədii” məzmun var-dır. Birincisi, ona görə ki, hər bir təxəllüs adi ümumişlək sözlər əsasında düzəlir. Həmin sözlər əsasında düzələn təxəllüsü də hər bir adam öz ictimai-siyasi, ədəbi-bədii, el-mi və s. fəaliyyətindən asılı olmadan qəbul edə bilər. İkin-cisi, ayrılıqda götürülmüş heç bir təxəllüslə onu daşı-yan avtonimin fəaliyyətini müəyyənləşdirmək olmaz. Məsələn, Volgin, Yoldaş, Vaqif, Mübariz, İlkin, Dağlı, Baxış, Vahid, Elsevər, Kürçaylı, Arpaçaylı, Cavan və s. İlk baxışda, bu təxəllüsləri daşıyan avtonimlərin kimliyini və fəaliyyətini bir anlığa unutsaq, onda həmin təxəllüslər onları “siyasi” və “ədəbi-bədii” olmaqla iki qrupa ayırmaq üçün bizə heç bir məlumat verə bilməz. Bu, mümkün də deyil. Başqa sözlə desək, təxəllüsləri “siyasi” və “ədəbi-bədii” prinsipə görə, təsnif etmək antroponimik qanunlara uyğun deyil.Azərbaycan antroponimiyasında gizli imzalardan XIX əsrin ikinci yarısından istifadə olunmağa başlansa da, bu, əsas etibarilə, XX əsrin əvvəllərində inqilabi hərəkatla bağlı olaraq, daha geniş vüsət almışdır. Məsələn, “Əli Nəzmi” 1898-ci ildən yazmağa başlamış, sonralar “Şərqi-rus”qəze-tində, “Molla Nəsrəddin”də, “Zənbur”da və onlarla başqa mətbuat orqanlarında öz əsərlərini Bikəs (təxəllüsdür -M.Ç.), Əlidəyənəkli, Həcəmətverdi, Ə.S., Əli Məhəmmədzadə Sərdabi, Məşədi Sijimqulu, Kefsiz, Sərsəri, Qanacaqsız, Şəmşir, Şəmşirək, Peşiman qoca, Gəncə cavanları, Mütəşair, Şallax, Kav-Mahi, Qoca Zığ-zığ, Papirosçəkən, Hekayəçi və s. otuzdan artıq müxtəlif gizli və açıq imzalarla çap etdirmişdir”. İnqilabi satiranın nadir ustadı M.Ə.Sabirin də otuza yaxın gizli imzası və təxəllüsü olmuşdur: “Hop-hop”, “Boynuburuq”, “Qardaşoğlu”, “Qoca Əmu”, “Qoca İranlı”, “İran qurdu”, “Yetim Qızcıq”,”Tükəzban cici”, “Molla Ci-bişdanqulu”, “Bir alim”, “Qarınqulu”, “Dindar”, “Məslə-hətçi”, “Əlhəc”, “Obaşdançı”, “Güləyən”, “Ağlar Gülə-yən” “Yarı könül”,“Qoca bəy”, “Çingöz bəy”, “İmza (...)”, “İlan”, “Patılan”, “Palanduz”, “Nizədar”, “Gözüyuxulu” və s. XX əsrin əvvəllərində folklorşünas, tərcüməçi və dramaturq kimi fəaliyyət göstərmiş Mehdi bəy Hacınski “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Nicat”, “Yeni İrşad”, “Məlumat”, “İqbal”, “Kaspi”, “Baku”, “Бакинец” və digər qəzet və jurnallarda əməkdaşlıq etmiş və yüzlərlə nağıl, əfsanə, lətifə və hekayə nümunələrini “Avara”, “Abdal”, “İbnisəbil”, “Urfi”, “Urfizadə S.”, “Sədrəddin U”, “Sədrəddin Urfizadə”, “Sabah”, “Estet”, “Firdovsi”, “Bitərəf”, Kənççi” imzaları və ya təxəllüsləri ilə nəşr etdirmişdir.Yuxarıdakı nümunələrdən göründüyü kimi, təxəllüs və gizli imzaların yaranması ictimai-siyasi quruluşu kəskin satira atəşinə tutan müəlliflərin çar üsuli-idarəsindən gizlənmək, polisiyanın gözündən yayınmaq məqsədindən irəli gəlirdi. T.Haçıyevin təbirincə desək, “Müəllif təkcə öz xoşuna gülünc ad götürməmişdir. Hər addımbaşı onu izləyən, ölümlə təhdid edən düşmənlərdən qorunmaq, yaxa qurtarmaq üçün bu adlardan qalxan (keçmişdə silah növü -M.Ç.) kimi istifadə etmişdir”. Bu üsul bütün inqilabçı-yazıçılarımızın fəaliyyəti üçün ən səciyyəvi və münasib yol olmuşdur. Təxəllüs və onun avtonimlə üzvlənmə sistemi. Təxəllüslər üzərində müşahidə apararkən məlum oldu ki, onlar avtonimlə işlənmə yerinə görə müasir onomaloji proseslər nəticəsində müxtəlif antroponimik vahidlərlə üzvlənir. Bu nöqteyi-nəzərdən onları aşağıdakı qruplara bölmək olar:1.Adı, atasının adı, familiyası və təxəllüsü ilə yazıb-yaradanlar. Bu qrupa daxil olan müəlliflər müxtəlif antroponimik sistem üzrə təxəllüs qəbul etmişlər: a) şəxs adı və təxəllüslə yazıb yaradanlar: Əlican Qövsi (XVII əsr), Zehin Bağdatlı (XVII əsr), Əliağa Alim (XVIII əsr), Yusif Vəndamlı (XIX əsr), Yəhya bəy Dilqəm (XVIII-XIX əsrlər) və s.b) şəxs adı, ata adı və təxəllüslə yazıb yaradanlar: Mirzə Şəfi Sadıq oğlu Vazeh (XVIII-XIX əsrlər), Məhəmməd Əmin Dilsuz (XIX əsr), Mirzə Əliqulu xan Əxtər (XIX əsr) və s.v) şəxs adı, ata adı, familiya və təxəllüslə yazıb yaradanlar: Bahar Anacan Əmirəli qızı Ağalarova (XIX-XX əsrlər), Əbdülbağı Bülbülcan Kərbəlayi Əli oğlu Zülalov (XIX-XX əsrlər), Mirzə İsmayıl Qasir Səlim oğlu Axundov (XIX əsr), Seyfəddin Dağlı Əliağa oğlu Abbasov (XX əsr), Mədinə Gülgün Nurulla qızı Ələkbərzadə (XX əsr) və s.2. Yalnız təxəllüsü ilə yazıb-yaradanlar: Bu qrupa hazırda əsl adı məlum olmayan, yalnız təxəllüsü ilə yazıb-yaradan və şöhrət tapan müəlliflər aiddir. Əsl adı, hələlik, müəyyənləşdirilməmiş və elm aləmində yalnız təxəllüsləri ilə məşhurlaşmış ədəbiyyat və elm xadimlərinin adlarına yazılı mənbələrdə XIV əsrdən təsadüf olunur. Zəlili (XIV əsr), Allahi və Ziyadi (XV əsr), Süsəni və Fədai (XVI əsr), Bürhan, Vahid, Əzizi və Məlum (XVII əsr), Bikəs, Zəmiri, Mədədi, Məzlum, Məlali və Müştaq (XVII əsr), Ləli, Nalan və Pürğəmi (XX əsr) və s.Təxəllüs lüğətinə nəzər saldıqda aydın olur ki, XV-XVI əsrlərdən sonra yazıçıların yalnız təxəllüslə yazması halları daha da güclənir. Bu da, çox güman ki, hər şeydən əvvəl, xalqın mənəvi qüvvəsi olan şairlərin dövrün ictimai-siyasi hadisələrinə, ədalətsizliyə qarşı mübarizə aparması və onu tənqid etməsi ilə bağlı idi. Təqib olunan şairlər hakim sinfin diqqətini yayındırmaq üçün yalnız öz təxəllüsləri ilə yazıb-yaradır və əsərlərini xalq arasında yayırdılar.Təxəllüslərin məna növləri. Dilimizdəki bütün antro-ponimik vahidlər ümumişlək sözlər əsasında formalaşdığı kimi təxəllüslər də, əsasən, ümumişlək sözlər əsasında təşəkkül tapmış və başlıca olaraq yazılı nitqdə ünsiyyəti daha yaxşı sahmana salmağa xidmət edir. “Azərbaycan təxəllüs lüğəti”ndən aydın olur ki, istər tarixən, istərsə də müasir dövr üçün səciyyəvi olan təxəllüslər əsas etibarilə ümumişlək sözlər, toponimlər, etnonimlər, kosmonimlər, hidronimlər, zoonimlər və başqa onomastik vahidlər əsasında təşəkkül tapmış və əsrlərdən-əsrlərə keçdikcə daha da səlisləşmiş və təkmilləşmişdir. Antroponimiyamızda zəngin və rəngarəng onomastik xüsusiyyətlərə malik olan təxəllüslər ifadə etdiyi məna əsasına görə müxtəlif qruplara bölünür:a) Onomastik vahidlər əsasında düzələn təxəllüslər.b) Ümumişlək sözlər əsasında düzələn təxəllüslər.9-cu sxemOnomastik vahidlər əsasında düzələn təxəllüslər. Bu qrupa, başlıca olaraq, toponim, etnonim, kosmonim, hidronim, zoonim və başqa onomastik vahidlər əsasında düzələn təxəllüslər aiddir.1. Toponim əsasında düzələn təxəllüslər. Bu qrup təxəllüslər Azərbaycan antroponimiyasında qədim zamanlardan bu günə kimi geniş yayılmışdır. Lüğətə daxil olan təxəllüsün 151-i toponimlər əsasında düzəlmişdir. Belə təxəllüslər antroponimiyada XIX əsrin ortalarında (familiya təşəkkül tapana qədər) geniş yayılmış, sonralar isə tədricən azalmağa başlamışdır. Lüğətə daxil olan 91 təxəllüsdən 60-a qədəri XIX əsrin ortalarına qədər, qalanı isə XIX əsrin ortalarından sonra yaranmışdır. Bu təxəllüslər cəmi 32 toponimdən düzəlmişdir. O cümlədən, 29 Şirvan, 28 Təbriz, 7 Qarabağ, 4 Ordubad, 5 Gəncə, 3 Ərdəbil, 2 Göyçə, 4 Marağa, 2 Şəbüstər, 3 Şəki, 2 Şıxlı və s. toponimlərdən, qalan təxəllüslərin hərəsi isə bir toponimdən yaranmışdır. Məsələn, Pir Hüseyn Şirvani (XI əsr), Əbunəzzam Fələki Şirvani (XII əsr), Nişat Şirvani (XVIII əsr), Seyid Əzim Şirvani (XIX əsr); Xətib Təbrizi (XI əsr), Əssar Təbrizi (XIV əsr) Qövsi Təbrizi (XVII əsr), Yusif Qarabağlı (XVII əsr), Məmməd Səid Ordubadi (XX əsr) və s.2. Etnonimlər əsasında düzələn təxəllüslər. Antroponimiyamızda bir qrup təxəllüslərə rast gəlirik ki, onlar etnonim bildirən ümumi sözlər əsasında düzəlmişdir. Məsələn, Bədurə Əfqanlı Məlik qızı Ağamalova (məşhur teatr rəssamı, XX əsr), Rza Əfqanlı Rüstəm oğlu Cəfərzadə (aktyor, xalq artisti, XX əsr), Sadıq bəy Əfşar (şair, XVI əsr), Mirzə Mustafa Əfşar (alim, XIX əsr), Şah İsmayıl Xətai (XVI əsr) və s. Bu nümunələrdəki Əfqanlı, Əfşar və Xətai təxəllüsləri əfqan, əfşar və xətai etnonimlərindən düzəlmişdir.3. Zoonimlər əsasında düzələn təxəllüslər. Azərbaycan antroponimiyasında zoonimlər, daha doğrusu, müəyyən quşların adını bildirən sözlər də ayrı-ayrı şəxslər tərəfindən təxəllüs kimi qəbul edilmişdir. Məsələn, Murtuz Məşədi Rza oğlu Məmmədov Bülbül (xalq atisti, XX əsr), Mirzə Məhəmməd Tağı Qumri (şair, XIX əsr), Tağı Şahbazi Simürğ (yazıçı, XX əsr), Mirzə Abbas Şahin (şair, XIX əsr), Əbdülbağı Bülbülcan Kərbəlayi Əli oğlu Zülalov (xanəndə, XIX-XX əsrlər).Bəzən isə, ərəb dilindən alınmış zoonimlər təxəllüs kimi qəbul edilmişdir. Məsələn, ərəb dilində bülbül mənasında işlənən “həzarə” sözü XIX əsrdə şair Mirzə Rzaqulu tərəfindən təxəllüs (Həzarə) kimi qəbul edilmişdir; həmçinin ərəb dilində “cənnət quşu” mənasında işlənən “Hümai” sözü XVII əsrdə yaşamış bir şair tərəfindən təxəllüs (Humai) qəbul edilmişdir. Humai təxəllüsü ilə məşhur olan şairin adı, hələlik, ədəbiyyat tarixində müəyyən edilməmişdir. 4. Hidronimlər əsasında düzələn təxəllüslər. Bu qrup təxəllüslər Azərbaycan antroponimiyasında az işlənir. Hidronimlərdən düzələn təxəllüslər, əsasən, Araz və Kür çaylarının adı ilə bağlıdır. Məsələn, Həmid Araslı (akademik, XX əsr), Məmməd Araz (şair, XX əsr), Əliağa Kürçaylı (şair, XX əsr), Aran Alazanlı (şair, XX əsr). 5. Kosmonimlər əsasında düzələn təxəllüslər. Azərbaycan xalqı tarixən farslarla siyasi, iqtisadi, mədəni və başqa əlaqələrdə olmuşlar. Bu əlaqələr zamanı fars dilindən Azərbaycan dilinə həyat və məişətin bu və ya digər sahəsində aid olan sözlərlə yanaşı, bir qrup terminlər də keçmişdir. Dilimizə keçən terminlərin müəyyən hissəsi kosmonimlərdən ibarətdir. Həmin kosmonimlərin bəzisi dilimizdə təxəllüslərin yaranması üçün əsas olmuşdur. Bu qrup təxəllüslər dilimizdə az işlənir. Məsələn, Mirzə Əli-qulu xan Əxtər (XIX əsr), Əsəd Pərvin (XIX əsr), şair Xurşud (XVIII əsr) və s. Burada təxəllüs kimi qəbul olunmuş “əxtər” sözü fars dilində “ulduz”, “Pərvin” sözü “Ülkər, Sürəyya” ulduzlarının adını, “Xurşud” sözü isə, “Günəş” mənasında işlənmişdir. Ümumişlək sözlər əsasında düzələn təxəllüslər. Bu qrupa daxil olan təxəllüslər antroponimiyamızda aparıcı rola malikdir. Təsadüfi deyil ki, kitabın sonunda verilən onomastik lüğətdəki 550 təxəllüsdən 380-ə qədəri ümumişlək sözlər əsasında düzəlmişdir. 1. Aşıq, şair və nasir sözləri əsasında düzələn təxəllüslər. Azərbaycan antroponimiyasına nəzər salsaq görərik ki, söz sənətinin mahir ustadı olan aşıq və şairlərin bəzisi “Aşıq”, “Şair” sözlərini öz mənəvi zövqlərinə uyğun olaraq təxəllüs qəbul etmişlər. Məsələn, XVII əsrdə yaşamış Sarı adlı aşıq özünə “Aşıq”, “Haqq aşığı”, “Qərib Aşıq” kimi təxəllüslər qəbul etmişdir. Lakin həmin aşıq xalq arasında Sarı Aşıq adı ilə məşhurlaşmışdır. XIX əsrdə yaşamış şairlərdən Əbdürrəhman ağa Dilbazi “Şair”, Abbasağa isə “Nasir” təxəllüsünü qəbul etmişdir. 2. Bilik, bacarıq və məlumat bildirən sözlər əsasında düzələn təxəllüslər. Qədim zamanlardan üzü bəri xalq arasında öz nümunəvi biliyi, bacarığı və məlumatı ilə fərqlənən adamlar tarixən özlərinə hər şeydən xəbərdar olan mənasını ifadə edən təxəllüslər qəbul etmişlər. Bu qrup təxəllüslər Azərbaycan antroponimiyasında geniş yayılmışdır. Məsələn, Arifi (Arif, ərəbcə bilən, bilici, bilik sahibi, hər şeydən xəbərdar; hər şeyi incəliyinə qədər başa düşən, tez dərk edən), Agah (farsca xəbərdar, bilən, ayıq, gözüaçıq), Bəsiri (Bəsir, ərəbcə uzaqgörən, anlayan, bilici, fərasətli), Vaqif (ərəbcə xəbərdar, məlumatlı), Müttələ (ərəbcə, xəbərdar, məlumatlı), Urfani (ərəbcə bilik, mərifət, ariflik), Hali (ərəbcə xəbərdar, bilən, məlumatlı) və s. kimi təxəllüslər bu qəbildəndir. Şair Arifi - adı məlum deyil (XV-XVI əsrlər), şair Arif - adı məlum deyil (XVII əsr), şair Hacı Abbas Agah (XIX əsr), şair Bəsiri - adı məlum deyil (XV-XVI əsrlər), publisist Nemət Bəsir (XX əsr), şair Molla Pənah Vaqif (XVIII əsr), müəllim Mirzə Kazım Əsgərzadə Müttələ (XIX əsr), şair Urfani - adı məlum deyil (XVIII əsr), şair Hali - adı məlum deyil (XVI əsr) və s.3. Qəm, qüssə, dərd, kədər və s. bildirən sözlər əsasında düzələn təxəllüslər. İnsanın insan tərəfindən istismarına əsaslanan sinifli cəmiyyətdə xalqın hüquqsuz və yoxsulluq, həddən artıq zülm, əzab və işgəncə şəraitində yaşaması ilə əlaqədar olaraq, o dövrün ədəbiyyat və incəsənət xadimləri, qabaqcıl adamları özlərinə qəm-qüssə, dərd-kədər, köməksiz və ümidsizlik ifadə edən ümumi sözlərdən təxəllüs qəbul etmişlər. Belə təxəllüslər tarixən Azərbaycan antroponimiyasında geniş yayılmışdır. Məsələn, Bikəs (farsca, köməksiz, kimsəsiz), Binəva (farsca, səssiz, kimsəsiz, köməksiz), Bixud (farsca, özünü itirmiş, huşsuz), Dilxun (farsca, könlü, ürəyi qan, şiddətli qəm-qüssəyə mübtəla olmuş), Əsiri (ərəbcə yoxsulluq), Əza (ərəbcə, yas, (matəm, cəfa), Məhzun (ərəbcə, hüznlü, kədərli, qəmli), Matəmi (ərəbcə, yas saxlayan), Məlali (ərəbcə, düşkünlük, qəm, qüssə, kədərlənmə), Nadim (ərəbcə, peşman olmuş, peşman), Nakam (farsca, arzusuna çatmayan), Nalan (fars-ca, nalə edən, ağlayan), Pürğəmi (farsca, çox qəmli) və s. kimi təxəllüslər bu qəbildəndir. O cümlədən, şair Hacı Molla Hüseyn Bikəs (XIX əsr), şair Mirzə Məhəmmədəli Binəva (XIX əsr), şair Mollağa Bixud (XIX əsr), şair Mirzə ağa Dilxun (XIX əsr), şair Əsiri - adı məlum deyil (XV-XVI əsrlər), şair Molla Baba Əza (XIX əsr), şair Məhzun - adı məlum deyil (XVIII əsr), şair Matəmi - adı məlum deyil (XV-XVI əsrlər), şair Məlali - adı məlum deyil (XVIII əsr), şair Mirzə Nadim (XIX əsr), şair İsmayıl bəy Nakam (XIX əsr), şair Nalan - adı məlum deyil (XIX əsr), şair Pürğəmi - adı məlum deyil (XX əsr) və s. Dərdimənd - Mirzə Həsən Tahirovun (XIX-XX əsrlər) təxəllüsüdür. O, maarifpərvər, Şəki teatrının və qızlar məktəbinin təşkilatçısı, “Molla Nəsrəddin” jurnalında və Azərbaycan dilində nəşr olunan qəzetlərdə çıxış edən publisist və ədəbiyyatşünasdır.4. Sevgi, məhəbbət, arzu, dostluq, mehribanlıq və s. bildirən sözlər əsasında düzələn təxəllüslər. Bu qrup təxəl-lüslər də Azərbaycan antroponimiyasında geniş yayılmış-dır. Məsələn, Eşqi (ərəbcə, sevginin ən yüksək dərəcəsi, ehtiramla sevmə; yüksək həvəs), Müştaq (ərəbcə, arzulayan, istəyən, şövqlü, həvəsli), Həbibi (ərəbcə, dost, sevgili, sevilən), Vəfa (ərəbcə, əhdə, dostluğa möhkəm olma, sadiq olma), Əzizi (əziz, mehriban, istəkli), Müşviq (ərəbcə, mehriban, mərhəmətli, məhəbbətli, sevən) və s. kimi təxəl-lüslər tarixən antroponimiyamıza daxil olmuşdur. O cüm-lədən: şair Mirzadə Eşqi (XIX əsr), şair Müştaq - adı məlum deyil (XVIII əsr), şair Abbas Müştaq (XIX əsr), şair Həbibi - adı məlum deyil (XV-XVI əsrlər), şair Mehdiquluxan Vəfa (XIX əsr), şair Əzizi - adı məlum deyil (XVII əsr), şair Mikayıl Müşfiq (XX əsr), Ramiz Duyğun (şair, XX əsr), Əkbər Çəmənli (şair), Zakir Fəxri (şair, XX əsr).5. Riyazi anlayış ifadə edən sözlər əsasında düzələn təxəllüslər. Məsələn, Azərbaycan şairi, məşhur qəzəlxan Əliağa Məmmədqulu oğlu İsgəndərov sənət aləmində və eləcə də xalq arasında “Vahid” təxəllüsü ilə məşhurlaşmışdır. Bəzən, bu və ya digər şəxs təxəllüs götürərkən atasının adının ya birinci, ya da ikinci komponentini öz adı ilə birləşdirir və yeni mürəkkəb quruluşlu ad - təxəllüs düzəldir. Məsələn, “Nurcabbarın əsl adı Cabbar idi. O gün ki, əlinə qələm alıb ilk nağılını yazmağa başladı, bax onda atası Nurəlinin adının yarısını öz adının qabağına qoyub, oldu Nurcabbar - hamı başladı Cabbara “Nurcabbar” deməyə” . Bu qrup antroponimlər həm şəxs adı, həm də təxəllüs məqamında işlənir. Belə antroponimə tərkibi hibrid - antroponim deyilir. Çünki həm ad, həm də təxəllüs eyni fonetik tərkibdə özünü biruzə verir. Azərbaycan antroponimiyasında təxəllüslərin əmələ gəlməsi və hansı məqsədlərlə qəbul edilməsi yolları çox müxtəlif və rəngarəng, maraqlı xüsusiyyətlərə malikdir. Lakin bu xüsusiyyətlərin hamısından ayrıca bəhs etməyi lazım bilmədik. Çünki Azərbaycan dilçiliyində təxəllüslərin monoqrafik yolla ayrıca tədqiqata ehtiyacı vardır.Təxəllüslərdən bəhs edərkən bir cəhəti də xüsusilə nəzərə almaq lazımdır ki, onlar ilk yaranma dövründə müəyyən bir şəxsi başqalarından fərqləndirmək üçün yardımçı vasitə - antroponim olduğu halda, sonradan həmin təxəllüslər yeni doğulmuş oğlan və qızlara qoyulur. Beləliklə də, təxəllüslər xüsusi adların yaranması üçün bir mənbə təşkil edir. Məsələn, əvvəllər xalq arasında geniş yayılmış Xaqani, Füzuli, Vaqif, Arif, Səhhət və s. kimi təxəllüslər indi tamamilə xüsusi adlara çevrilmişdir. Hətta, onları əsl adlardan fərqləndirmək olmur. Azərbaycan onomastikasına nəzər saldıqda daha maraqlı bir xüsusiyyətə rast gəlirik. Bu da ondan ibarətdir ki, hələ Orta əsrlərdən Şərq ölkələrində, həmçinin, Azərbaycanda da ayrı-ayrı şəhərlərə onun xüsusiyyətlərinə görə, dəbdəbəli təxəllüs verilməsi adi hal olmuşdur. Məsələn, Şiraz şəhərinə Darül-elm, Bağdad şəhərinə Darüssəlam (Sülh evi), İstanbul şəhərinə Dərsəadət, Ərdəbil şəhərinə Darül-irşad, Təbriz şəhərinə Darüssəltənə (hökumət evi), Şamaxı şəhərinə Darülədəb (ədəb evi) və s.Buraya kimi deyilənlərdən belə nəticəyə gəlmək olur ki, vaxtı ilə hələ azərbaycanlılar arasında familiya kütləvi şəkildə yaranmamışdan əvvəl (XIX əsrin ikinci yarısına qədər) təxəllüslər bir növ familiyanın funksiyasını yerinə yetirmişdir. Buna görə də Azərbaycan antroponimiyasında familiyanın orta əsrlərdə yaradılmasına bəlkə də heç ehtiyac da olmamışdır. Xalqımız arasında familiya kütləvi şəkildə qəbul edildikdən sonra (XX əsrin birinci rübündən sonra) təxəllüslərin işlənmə miqyası əvvəlki dövrlərə nisbətən müqayisə edilməz dərəcədə azalmışdır.LƏQƏBLƏRAntroponimikanın tədqiqat mənbələrindən birini də ləqəb təşkil edir. Ləqəb cəmiyyət üzvlərinin birini digərindən fərqləndirmək üçün xalq tərəfindən verilən qeyri-rəsmi və yaxud vasitəçi (və ya köməkçi) bir addır. Təxəllüsdən fərqli olaraq, ləqəb ayrı-ayrı adamlara, onların zahiri görünüşü, xarakteri, peşəsi, fiziki kamilliyi və mənşəyi ilə əlaqədar olaraq xalq tərəfindən verilir. Lüğətlərdə ləqəb belə izah edilir: “Müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayrılan əlamətlərinə görə adama veri-lən qeyri-rəsmi ad”dır. Məlumdur ki, hər adamın fərdi - şəxsi adı vardır. Lakin həmin ad bəzən bir adamı başqasından fərqləndirmək iqtidarında olmadıqda (bir məhəllədə, küçədə, təhsil müəssisəsində və ya iş yerində addaşlar arasında -M.Ç.) onun köməyinə fərdiləşdirilmiş işarə - ləqəb gəlir.Ləqəblər insan kollektivində və ya adamlar arasında ünsiyyəti asanlaşdırdığı kimi, qədim zamanlardan bədii əsərlərin personajlarını da bir-birindən fərqləndirməyə xidmət edən mühüm vasitədir. “Bədii əsərlərdə ad, familiya, ləqəb seçilməsi, onların müxtəlif janr və üslublarda struktur özünəməxsusluğu və obrazlılıq funksiyası məsələləri bir neçə nümunə ilə şərh oluna bilməz. Bu (ləqəb -M.Ç.) bədii ədəbiyyat üslubiyyatının çox böyük və mürəkkəb mövzularından olduğu kimi antroponimiyanın da əsas sahələrindən birini təşkil edir. Deməli, bədii əsərlərdə bu və ya digər personajın daxili və yaxud səciyyəvi cəhətlərini özündə birləşdirən ləqəbləri üslubiyyət; cəmiyyətdə özünü büruzə verən ləqəbləri isə antroponimika tədqiq etməlidir. Bu mənada xüsusi adlar və ləqəblər dilin leksik tərkibini təşkil edən vahidlər içərisində mühüm yer tutur”. Bu vahidlərin dilçilik baxımından öyrənilməsi vacibdir. Eramızdan əvvəl V-IV əsrlərdə yaşamış qədim yunan komediyasını dünyada tanıdan Aristofanın “Atlılar” əsərində Afina demokratiyasının lideri Kleon kəskin satira atəşinə tutulur. Əsərdə bu obraz dabbaq Kleon adı ilə iştirak edir. Kleon tamaşada geydiyi maskaya görə Paflaqonlu Kleon adlanırdı. Paflaqonlu onun ləqəbidir. Ləqəb hələ qədim zamanlardan dünyanın başqa xalqlarında olduğu kimi, xalqımız arasında da yaranmağa başlanmışdır.Qədim türkdilli xalqlarda da ləqəb olmuşdur. Məsələn, Talas çayı vadisində tapılan qədim türk runik yazısında Qara Bars və Oğul Bars qardaşlarının adı çəkilir. Türküstanın əfsanəvi hökmdarı sayılan Əfrasıyabın epik ləqəbi Alp Ərtonqa olmuşdur.Azərbaycan antroponimiyası tarixinə nəzər saldıqda məlum olur ki, xalq arasında ləqəblər qədim dövrdən formalaşmışdır. Antroponim kimi ləqəblərin də yayılma tarixi qədimdir. “Dədə Qorqud” dastanında da bəzi personajların ləqəbi olduğu özünü göstərir. Məsələn, dastanın üçüncü boyunda oxuyuruq: “Bu məhəllə ərənlərin meydanı arslanı, pəhləvanların qaplanı, Boz oğlan yetdi, bir-iki demədi, kafirlərə qılınc urdu... bəzirganların malını qurtardı (geri döndü). Bəzirganlar aydır: Bəy yigit! Bizə sən ərlik işlədin...”.Yuxarıdakı sətirlərdə olduğu kimi, bundan sonra da Beyrək “Boz oğlan” ləqəbi ilə tanınmışdır.XIV əsrdə Ağqoyunlu hakimlərindən biri Türkalı bəy də “Bozdoğan” ləqəbi daşımışdır.XII əsrin görkəmli azərbaycanlı alimlərindən biri Kamal-əd-Din Əbu-l-Fəzl Hübeyş ibn İbrahim ibn Məhəmməd Kamal Tiflisi idi. Bu məşhur alimin Kamal əd-Din və ya Şərəf əd-Din kimi ləqəbləri (təxəllüsləri) və Tiflisi nisbəsi olmuşdur.XII əsrdə Şirvanşahlar dövründə Mənucöhrin oğlu Axsitan (“Böyük hökmdar” və “Dənizlər padşahı” ləqəbilə, Sultan Mahmud və Alp Arslan (“Məlik-əl-islam” ləqəbi ilə çağrılıb, Şirvanşah I Axsitanın oğlu Fərruxzad “Sultan al-məməlik” (məmləkətlər sultanı) ləqəbi ilə məşhur olmuşdur.Şirvan dövləti Fərruxzadın oğlu Kərşasbın dövründə də (1208-1225) inkişaf etməkdə idi. O dövrdə Mərdəkanda tikilmiş qala üzərindəki kitabədə Kərşasb “məlik müəzzəm”, “alim”, “adil”, “müzəffər”, “qalib”, “dünya və dinin fəxri”, “islam və müsəlmanların köməyi” və s. bu kimi titul və ləqəblərlə qeyd edilir.Kərşasbın oğlu Fəriburzun da “malik müəzzəm”, “dünya və dinin yüksəkliyi”, “islam və müsəlmanların köməyi”, “malik və sultanların tacı” və s.; II Axsitanın (1243-1260) isə “Şirvanşah”, “ən əzəmətli Şirvanşah”, “dinin gözəlliyi”; XIV əsrdə Şirvanşah Şeyx İbrahimin (1382-1417) “sultan əzəm”, “malik riqab əl uməm” (xalqın ağası),“sultan bin sultan”, “dünya və dinin cəlalı” kimi titul və ləqəbi olmuşdur. Onu da qeyd etmək lazımdır ki, “Şeyx” onun xalq arasında böyük hörmət və nüfuza malik olduğunu göstərir.Antroponimiya tarixinə nəzər saldıqda məlum olur ki, “şeyx” ləqəbi tarixən alimlərə, müdriklərə, hörmətli adamlara, ziyalılara və nüfuzlu adamlara verilmiş ümumi ləqəb olmuşdur. Müasir dövrdə isə, həmin ləqəbi, bir növ, “müəllim” sözü əvəz etməkdədir.Şeyx İbrahim oğlu I Xəlilullahın da (1417-1462) “sultan əzəm”, (“Şirvanşah müəzzəm”, “Məlik müəzzəm”), “sultan”, “nüsrət əddin” (din köməkçisi) “qalib”, “müzəf-fər” kimi titul və ləqəbi olmuşdur.Əlincə qalasının yaxınlığındakı “Xanigah” adlı abidədə qeyd olunduğu kimi, Qaraqoyunlu hakimi Cahanşah “Həqiqət” ləqəbi ilə tanınmışdır.Həmçinin, XIX əsrdə yaşamış Azərbaycan şairi Axund Molla Hüseyn Qazaxinin ləqəbi Ağbaş, təxəllüsü isə Sabit olmuşdur.Azərbaycan maarifpərvərləri, “Qafqaz” qəzaetinin mühərriri, “Molla Nəsrəddin” jurnalında tez-tez satirik yazıları ilə çıxış edən, İrəvan (Yeravan) şəhərində nəşr olunan satirik “Lələk” jurnalının müdiri Mirzə Cabbar Əsgərzadə Bağçaban ləqəbini daşıyırdı.Antroponimiyamızın tarixində mövcud olan ləqəblərin hamısından ətraflı bəhs etmək imkan xaricindədir. Çünki onların tarixi varisləri olmur. Ləqəblər rəsmi xarakter daşımadığı üçün müəyyən rəsmi və ya qeyri-rəsmi sənədlərdə qeyd olunmamış və bu günə qədər gəlib çatmamışdır.Məlumdur ki, ləqəblər yalnız adamları və ya bir şəxsi başqasından fərqləndirməyə yox, eyni zamanda bədii və publisist əsərlərdə güclü komizm və yumor yaratmağa xidmət edir. Bu mənada, xalq arasında çox sərrast və təmkinlə, səbrlə düşünülmüş yüzlərlə - minlərlə ləqəblər vardır ki, bədii söz ustaları qarşıya qoyduğu bu və ya digər məsələni bədii yolla həll etmək üçün onlardan bacarıqla istifadə edirlər. Bu münasibətlə N.V.Qoqol “Ölü canlar” əsərində xalq ləqəblərindən bəhs edərək yazmışdır ki, “rus camaatı yaman tutarlı sözlər deyir! Əgər o, bir adama bir ləqəb versə, bu ləqəb onun cinsinə, nəslinə keçər, bu ləqəbi özü ilə qulluğa da aparar, istefaya çıxanda da, Peterburqa gedəndə də, hətta, lap dünyanın o başına da! Sonra bu adam nə qədər kələk qursa da, öz ləqəbini nə qədər hörmətə mindirsə də, alçaq təbiətli dəftərxana adamlarına pul ilə öz nəslinin lap qədim knyaz nəslindən olduğunu yazdırsa da heç bir şey çıxmaz: bu ləqəb hər yerdə qarğa kimi səsi yetdikcə qırıldar və aydınca göstərər ki, bu adam hansı yuvanın quşudur. Tutarlı deyilən bir söz - yazılı söz kimidir, onu balta ilə də kəsib atmaq olmaz! Rus elinin içərilərindən çıxan hər şey tutarlı olur, o yerdə ki, nə alman, nə çuxon, nə də başqa bir tayfa var. Hamısı öz-özünə yetişmiş xalis rusdur, canlı, çevik rus zəkasıdır, onlar söz üçün məəttəl qalmaz, cücə cıxaran toyuq kimi oturub gözləməz, sözü ömürlük verilən pasport kimi birdən söylər. Sonra daha sənin ağız-burnunun necə olması haqqında heç bircə söz əlavə etmək lazım gəlməz; bir söz ilə (ləqəbinlə -M.Ç.) sən başdan-ayağa təsvir edilmiş olarsan!”. N.V.Qoqoldan gətirdiyimiz bu sətirlər necə də yerində deyilmişdir. Qədim və zəngin mədəniyyətə, ədəbiyyata və rəngarəng antroponimiyaya malik olan xalqımızın arasında ləqəblə bağlı belə bir kəlam vardır: “Öküz öldür, atayın adını (ləqəbini) üstündən götür”. Deməli, ləqəb bədii əsərdə mənfi və komik xarakterlər yaratmaq imkanına da malikdir.Bədii irsimizdə, xüsusilə, “Nəsrimizdə komizm yaratmaq üçün istifadə olunan xüsusi adların böyük bir qrupunu ləqəbli adlar təşkil edir. Ləqəbli adlar klassik realist nəs-rimizdə, xüsusən, C.Məmmədquluzadə və Ə.Haqverdiyev nəsrində mühüm yer tutur. Xüsusilə“ Ə.Haqverdiyevin əsərlərində çox gülünc ləqəblər işlənmişdir: Pişik satan Haşım, İlan qırxan Səftər, Balıq udan Cəfər (“Mütrüb dəf-təri”), dana Bayram, cığ-cığ Fərzalı, Quzğun Səfi, durna Balaxanım (“Şikayət”) kimi ləqəbli adları misal göstərmək olar”. Ləqəbin tarixi çox qədimdir. Əgər ləqəbin yaranma tarixi qədim olmasaydı, xalqımız arasında çoxdan bəri yayılmış qısa və lakonik şəkildə deyilmiş belə bir kəlam da yarana bilməzdi. Lakin heç bir hörmət və yalvarış xalq təfəkkürünün məhsulu olan ləqəbi geri götürməyə qadir deyildir. Buna görə də, həm valideynlər yeni doğulmuş uşağa ad seçərkən ehtiyatlı olmalı, mənalı və ahəngdar səslənən ad seçməlidir, həm də bu və ya digər adı daşıyan şəxs mənsub olduğu xalqın və ya cəmiyyətin adət-ənənəsinə münasib hərəkət etməlidir ki, xalq ona ləqəb verməsin. Hətta məşhur K.Marks və F.Engelsin də ləqəbləri olmuşdur. Onların epistolyar (məktublarını) irsini öyrənməkdə ləqəbləri tədqiqatçının köməyinə gəlir. K.Marks 1883-cü ildə ölmüşdür. Onun ölümündən iki həftə sonra F.Engels Teodor Kunoya göndərdiyi məktubunda qeyd etmişdir ki, kim K.Marks və ailəsi ilə yaxın idisə, onu nə Marks və nə də Karl kimi yox, ancaq ləqəbilə Mavr kimi tanıyırdı. O, universitetdə oxuyarkən Mavr ləqəbini daşıyırdı. Əgər mən ona başqa şəkildə müraciət etsə idim, onda o, düşünərdi ki, nəsə olub qaydaya salmaq lazımdır”.F.Engels həmişə K.Marksa məktublarında Lieber Marks, Lieber Mavr yazırdı, Marks isə öz həmkarına Lieber Engels, Lear Frid, Lieber Frid adı (ləqəbi) ilə məktub yazırdı.Adqoyma ənənələrinə riayət edilmədikcə cəmiyyət üzvləri ayrı-ayrı adamlara münasib ləqəblər verirlər. Bəzi tədqiqatçılara görə, ləqəblər sadə adamlara aid olur... Belə olduqda “sadə adamların, adətən, əsas adı və onu fərqləndirən ləqəbləri vardır” mülahizəsi ilə razılaşmaq olmaz. Çünki həmişə və hər yerdə əsasən əhalinin cüzi bir hissəsinin ləqəbi olur. Həm də ləqəb yalnız sadə adamlara yox, yüksək rütbəli adamlara da verilə bilər (ola bilər ki, yüksək rütbəli adamlara ləqəb o rütbəni tutmazdan əvvəl verilər). Təxəllüs rəsmiləşib geniş yayıldığı halda, ləqəb rəsmiləşmir və məhəlli xarakter daşıyır. Başqa sözlə desək, ləqəbin yayılma dairəsi məhduddur. Hər hansı bir məhəllədə, küçədə və ya kiçik bir kənddə yaşayan adamları bir-birindən fərqləndirmək məqsədilə xalq onların insani keyfiyyətlərini nəzərə alaraq, müxtəlif ləqəblə adlandırırlar. Bu da insanlar arasında ünsiyyətin asanlaşmasına kömək edir. Məsələn, müşahidə apardığımız şivələrin birində iki adaşın və ya eyniadlı adamın həm adı, həm atasının adı, həm anasını adı və həm də familiyalarının eyni olduğuna rast gəlirik: Hacı Xıdır oğlu Məmmədov (analarının adı Nabatdır). Xalq ünsiyyət zamanı həmin adaşları bir-birindən fərqləndirmək üçün onlara müxtəlif ləqəblər vermişlər. O cümlədən, 1) Adil Hacı, Dəli Xıdır, Çolaq Nabat. 2) Çoban Hacı, Xilloy Xıdır, Gəlmə Nabat.Belə hala Dmanisi (Başkeçid) rayonunun Qızıl Kilsə kəndində də təsadüf olunur. Bu kənddə Nübar adlı iki qadın vardır. Onların anaları da (Qələmzər), ataları da (Veys) və familiyaları da (Musayeva) adaşlardır. Kənd əhalisi bun-lardan birini öz adı - Nübar, digərini isə Qələmzərin qızı deyə çağırırlar.Eyni bir kənddə və ya bölgədə adaşların çoxuluğu da ləqəblərin yaranmasına səbəb olur. Məsələn, Gürcüstanın Marneuli (keçmiş Borçalı) ra-yonunun Təzəkənd kəndində Məmməd adlı yeddi nəfər şəxs yaşayır. Onları bir-birindən fərqləndirmək məqsədilə yerli kənd sakinləri onların hərəsinə bir ləqəb qoymuşdur: Qaş Məmməd, Şəkər Məmməd, Tülkü Məmməd, Xaşıl Məmməd, Bic Məmməd, Boçka Məmməd, Bala Məmməd və s. Həmçinin, Qardabani (keçmiş Qarayazı) rayonunun Qaracalar kəndində isə 26 nəfər Əhməd adlı şəxs vardır. Yerli əhali həmin adaşları bir-birindən fərqləndirmək üçün onların hərəsinə bir ləqəb vermişdir: Bülbül Əhməd, Qələm Əhməd, Qırmızı Əhməd, Molla Əhməd, Çoban Əhməd, Bağçı Əhməd, Maryak Əhməd, Müəllim Əhməd, Şofer Əhməd, Baydağ Əhməd, Puşkin Əhməd, Dodaq Əhməd, Yağyeyən Əhməd, Balaca Əhməd, Kar Əhməd, Şil Əhməd, Dəli Əhməd, Kor Əhməd, Keçəl Əhməd, Lal Əhməd, Arvad Əhməd, Qız Əhməd, Toma Əhməd, Jorik Əhməd, Pajarnik Əhməd və s. Yuxarıdakı nümunələrdən göründüyü kimi, ünsiyyət zamanı adaşları bir-birindən fərqləndirmək üçün ləqəblərin müəyyən qədər rolu vardır. Ləqəblər, əsasən, milli və məhəlli xaraktet daşıyır. Bundan başqa ləqəblərdən bədii ədəbiyyatda da geniş istifadə edilir. Məsələn, böyük demokrat, məşhur yazıçı və jurnalist Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərində “ayama” və “ləqəb” sözlərini izah edərkən yazır: “Ayama avam sözüdür, ləqəb ərəb sözüdür”. O, həmin əsərində belə bir epizod vermişdir: “Belə ləqəblər var bizim Danabaş kəndində ki, desəm uğunub gedərsən. Məsələn, Girdik Həsən, Dəvə Heydər, Yalançı Səbzəli, Eşşək Muxtar, Dovşan Qasım, Müttəsir - bu cür ayamalar bizim Danabaş kəndində hədsizdir. Əgər durum hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz”.Yuxarıdakı nümunədən göründüyü kimi, şifahi ünsiyyətdə də, bədii əsərdə də ləqəblər üslubi xarakter daşıyır, gülüş vasitəsi kimi mənanın daha dərin və daha dolğun ifadə olunmasına xidmət edir. Bu xüsusiyyətə C.Cabbarlının “Sevil” pyesində də rast gəlirik. Əsərdə Gülüşün Əbdüləli bəy haqqındakı sözləri mülahizəmizi bir daha təsdiq edir: “Bu əfəndinin ...adına özü olanda-Əbdüləli bəy, olmayanda - Əbdülbəli bəy deyirlər. Tanış olun...”. Müəllif bu epizodla səhnənin satirik mahiyyətini, gülüşün mənalılığını və təsiredici gücünü daha da artırır.Ləqəblər xalq arasında yayıldığı kimi, ayrı-ayrı bədii əsərlərin personajları arasında da özünə yer tapmışdır. Məsələn, İ.Əfəndiyevin “Üçatılan” romanında Qaradolaq Hacı Şirin, Üçtoqqa İman, Pıçıltı Fətiş, Tülkü Sevdimalı kimi ləqəblərə rast gəlirik. Azərbaycan nəsrinin gözəl nümunələrini yaratmış M.Cəlalın əsərlərində də personajların fərdi psixologiyası, peşəsi, geyimi, davranışı, vəzifəsi, ictimai yerlərdəki hərəkəti və s. əlaqədar olaraq yaradılmış onlarla ləqəblərə rast gəlirik: Qəssab Həsən, Lüt Qədir, Taskabab Nağı, Danqır Abbas, Fərə Məsmə, Tayqılça Kazım və s.Belə ləqəblərə İ.Hüseynovun Mirzə Cəlilin əziz xatirəsinə həsr olunmuş “Kollu Koxa” əsərində daha çox rast gəlirik: - Cında qarı, Dingə Dəmir, Həsir Haşım!... Siyahı uzundur. Bizim Qaracalarda uşaqları və yeniyetmələri çıxmaq şərti ilə, neçə adam varsa, bir o qədər də ləqəb var. Hamısını uydurub yaraşdıran da Koxadır. İndi onun özünün də ləqəbi var: “Kollu Koxa” . “Deyirlər bu azar, yəni adamlara ləqəb qoymaq azarı Koxaya atasından keçib. Danışırlar ki, çopur kişi, hələ, müharibədən əvvəl Qaracalarda ona-buna ləqəb-“lağlağı” yaraşdırıb, axırda kəndin rəhbər işçilərinə də “lağlağı” qoyub, onlarla savaşmış, bundan sonra da arvadını da götürüb buradan getmiş” ...“Ləqəblər elə sərrast və tutarlı idi ki, hətta, rayondan gələn qonaqlar da maraqlanırdılar... Koxa isə “lağlağı” qoşmaq azarına tutulmuşdu. Ancaq, bu da qəribə idi ki, kənddə heç kəs ondan incimirdi. Birincisinin üzünə “Ey Xain Xıdır” deyirdi, o birisini “Çənə Bağır” çağırırdı... “-Həsir Haşım deyirsən, Zıqqı Zəbi, Çənə Bağır deyirsən! Bunlardan da incimirlər. Tülkü Heydər, Xain Xıdır! Bunlardan da incimirlər” .“Mən birdəncə ayılıb gördüm ki, bizim Tələ-Kəkə nənəmizin adını Cında qoyublar, indi bütün kənd ona Cında deyir”.“Kollu Koxa” povestində, nəinki, ayrı-ayrı perso-najların ləqəblərinə, hətta, bir neçə əvvəlcədən ləqəbi olan personajların sonrakı ləqəblərinə da rast gəlirik. Məsələn: “Daha Cəfalı Cavanşir deyilsən, Dimbuz Cavanşir!..-İnnən belə Qılınc Qurban yox, sən dönüb oldun Podrat Qurban!” .Bədii əsərlərdə təsvir olunan hadisəni və əhvalatı, personajların daxili aləmini və xarakterini bütün incəliklərinə qədər vermək məqsədilə yazıçılar ləqəblərdən geniş şəkildə istifadə edirlər. Məsələn, Girdik Həsən, Yalançı Səbzəli, Kefli İsgəndər (Cəlil Məmmədquluzadənin əsərlərində); Pardon Qurbanəli (M. İbrahimovun əsərində); Fərə Cəfər, Süpürgəsaqqal Rəhim, Çürük Mehdi, Yetim Dadaş, Cır-cır Fərzəli (Ə.Haqverdiyevin əsərlərində) və s.Yuxarıdakı nümunələrdən göründüyü kimi, ləqəblər bir qayda olaraq, xüsusi, şəxs adlarının əvvəlinə gəlir. Məsə-lən, Yekə Xıdır, Balaca Vəzir, Qres Səməd və s. İstər bədii ədəbiyyatda, istərsə də şivələrdə müşahidə etdiyimiz ləqəblər öz mahiyyəti etbarilə müxtəlif olur. Onlar həm ədəbi dil, həm də şivə sözləri əsasında əmələ gələ bilər. Ədəbi dil sözləri əsasında düzələn ləqəblər, əsasən, ailəvi və məhəlli; şivə sözləri əsasında düzələn ləqəblər isə fərdi-şəxsi xarakter daşıyır. Yəni, bir ləqəb bəzən bir şəxsə, bəzən bir nəslə və bəzən də bir məhəlləyə verilir. Bunları nəzərə alaraq, ləqəbləri üç qrupa bölmək olar:I. Fərdi-şəxsi ləqəb.II. Ailəvi-nəsli ləqəb. III. Məhəlli-kollektiv ləqəb.I. Fərdi-şəxsi ləqəb. Şəxs adları nəsildən-nəslə keçib əsrlərlə yaşadığı halda, fərdi-şəxsi ləqəblər uzun müddət yaşaya bilmir, nəsildən-nəslə keçmir və tezliklə unudulur. Ləqəblərin ömrü onu daşıyan şəxsin ömründən də az olur. Təxəllüslər əsli-şəxsi adlara çevrilib əsrlər boyu geniş yayıldığı halda, ləqəblər belə xüsusiyyətlərdən məhrumdur.Fərdi-şəxsi ləqəblər yalnız ayrı-ayrı adamlara aid olur. Belə olduqda onun mənşəyini də izah etmək asan olur. Ailəvi-nəsli ləqəb ayrı-ayrı adamlara onların ictimai mənşəyi, vəziyyəti, sənəti, peşəsi, xarakteri, mənəvi keyfiyyəti, zahiri görünüşü və əxlaqi kamilliyi ilə əlaqədar olaraq xalq tərəfindən verilir.Türkologiyada fərdi ləqəblərin tədqiqinə bu nöqteyi-nəzərdən yanaşanlar ləqəbləri yeddi qrupa bölmüşdür: 1) Mənşələrinə görə - milliyəti və ərazini əks etdirənlər; 2) Əlamətlərinə görə - şəxsin saç və gözlərinin rəngini, şəxsin görünüşü və yerişini, şəxsin cismani nöqsanlarını əks etdirənlər; 3) Şəxsin xarakter xüsusiyyəti və meylini əks etdirənlər; 4) Şəxsin peşəsi və atasının məşğuliyyətini əks etdirənlər; 5) Şəxsin məşğuliyyəti, yaxud vəzifəsini əks etdirənlər; 6) Şəxsin ictimai vəziyyətini əks tdirənlər; 7) Tarixi ləqəblər.Bəzi tədqiqatçılar isə, təxəllüslə ləqəbin antroponimik xüsusiyyətlərini qarışıq salırlar. “Müasir dilimizdə işlənən Qırxlarov, Hacızadə, Əfəndizadə, Mollazadə, Dəmirçizadə, Tütünçüyeva, Çərkəzov, Dibirova, Kəmərli, Balışov, Ta-lışlı, Ləmbəranski, Qafqazlı və s. familiyalar ləqəblərdən formalaşmışdır”. Burada müəllifin fikri ilə razılaşmaq çətindir. Çünki Azərbaycan antroponimiysında titul və ya rütbə bildirən Hacı, Əfəndi, Molla, Dəmirçi, Tütünçü; məkan və keçmiş xanlığın adını bildirən Talış (keçmiş xanlıq və etnik qrup nəzərdə tutulur), Ləmbəran (toponim) və Qafqaz (toponim) toponimləri heç bir vaxt ləqəb funksiyası daşımamışdır. Ona görə ki, ləqəblər, əsasən, mənfi xarakterli olur. Həmin sözlərin ifadə etdiyi məzmunda isə heç bir mənfi məzmun yoxdur. Əksinə, titul və rütbə bildirən sözlər, həmçinin toponimlər tarixən Azərbaycan antroponimiyasında şəxs adı və təxəllüs funksiyasında işlədilmişlər.Heç kim istəmir ki, onun adının üstünə əlavə və həm də, komik xarakter daşıyan bir ad qoyulsun. Belə xüsusiyyət-lərə Cəlil Məmmədquluzadənin əsərlərində personajların nitqində də rast gəlirik: “Söz yox ki, mənim adımın qəzetçi olmasına bais yoldaşım olubdur, necə özünüz də görürsünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoyduqları adın yanında bir özgə ad qondaralar; amma mən yenə ürəyimi sıxmıram”.Bu və ya digər şəxsə verilən ləqəblər, həmin şəxsin həyatının müxtəlif dövrlərində ya müvəqqəti, ya daimi, ya da dəyişkən xarakter daşıya bilir.Müvəqqəti ləqəblər bu və ya digər şəxsə uşaqlıq dövrü verilir, o böyüyüb boya-başa çatdıqdan sonra isə istifadədən qalır. Məsələn, sinif yoldaşları onu “Napoleon” adlandırırdılar. Tələbə həyatında: Əhməd “əsil” marksistdir.Daimi ləqəblər hər hansı bir şəxsə verildiyi gündən ömrünün sonuna kimi qalır. Məsələn, Dəli Xıdır, Səy Məhəmməd və s.Fərdi-şəxsi ləqəblər həm kişilərə, həm də qadınlara verilir. Kişi ləqəbləri: Doşan Əli, Niçevo Əhməd, Rabot Əhməd, Düzələr Əli, Qorxaq Həsən, Xaşal Hümbət; Qadın ləqəbləri: Molla Yasəmən, Toyuxçu Gülpəri, Alverçi Telli, Kişi Gövhər, Lal Sənəm və s. Kişi və qadın ləqəblərindən bədii əsərlərdə də geniş şəkildə istifadə olunur. Məsələn, C.Cabbarlı adlardan bəhs edərkən, ondan çox kişi (Saldat Bayram, Niçevo Nəcəf, Kakoy Abutalıb, Naqan Məmməd və s.) və otuzdan çox qadın ləqəbindən (Dimdik Güllü, Cin Zöhrə, Keçəl Gülsüm, Koxa Leyla, Qoçu Fatmanisə, Diş Qızxanım, At, Balaxanım və s.) istifadə etmişdir.Fərdi-şəxsi ləqəblər etimoloji-semantik cəhətdən də maraqlıdır. Yəni bir qrup ləqəblər ünsiyyət zamanı müsbət, digər qrup isə mənfi mənada işlədilir. Müsbət mənada işlədilən ləqəblər: Qaçaq Nəbi, Qoç Koroğlu, Qəhrəman Bəsti, Çoban Qara, Neftçi Qurban , Tankçı Həzi, Dənizçi Faris Səfərov və s. Mənfi mənalı ləqəblər: Çolaq Həsən, Çopur Alı, Balaca Əhməd, Qurd Məhəmməd, Cindar Məcid və s.Fərdi-şəxsi ləqəbin bir qrupu isə dəyişkən xarakter daşıyır, yəni eyni şəxsə bir neçə ləqəb verilir: İsgəndər Zülqərneyi, İsgəndər Rumi, İsgəndər Kəbir, Makedoniyalı İsgəndər, Buynuzlu İsgəndər və s. Bu nöqteyi-nəzərdən müşahidə etdiyimiz fərdi-şəxsi ləqəbləri aşağıdakı qruplara bölmək olar: 1. Zahiri görünüşünə görə verilən ləqəblər. Bu qrup ləqəblər Azərbaycan antroponimiyasında daha geniş yayılmışdır. Onlarda, demək olar ki, insanların zahiri görünüşü öz əksini tapır. Məsələn, Quyruqsaç Azamat, Balaca Ziyəddin, Yekə Xıdır, Ağbaş Alı, Çopur Alı, Keçəl Həsən və s. Bu qrup ləqəblərə bədii əsərlərdə də rast gəlirik. Məsələn, Ə. Hacızadənin “İtgin gəlin” romanında Cahan arvad xəstəlikdən sonra kənd camaatı arasında Keçəl Cahan adı ilə çağırılırdı.2. Əxlaq və xarakter xüsusiyyətlərinə görə verilən ləqəblər. Bu qrup ləqəblərə, demək olar ki, bütün Azərbaycan kəndlərində rast gəlmək olar. Məsələn,Yalançı Abbas, Düzələr Əli, Qorxaq Murad, Tülkü İsmayıl, Gopçu Əbdül, Cığcığ Məhəmmədəli və s.Xalq arasında bu qrup ləqəblərin daha maraqlı bir xüsusiyyətinə də təsadüf edirik. Yəni arvadlara ləqəb verilərkən “kişi”, kişilərə ləqəb verilərkən “arvad” nomenklatur sözlərdən istifadə olunur. məsələn, Marneuli rayonunda Arvad Hüseyn, Kişi Pəri, Bolnisi rayonunda isə Arvad Əlləz, Arvad Hoqu, Kişi Gövhər və s.3. Sənət, peşə və ictimai vəziyyətlə əlaqədar olaraq ve-rilən ləqəblər. Bu qrup ləqəblər Azərbaycan antroponimiyasında geniş yayılmışdır. Məsələn, Dərzi Kamal, Dəmirçi Mehralı, Dülgər Nurəddin, Çilingər Müqzər, Misgər Nəsib, Salyarka Xəlil və s.4. Fiziki qüsurları olan adamlara verilən ləqəblər. Bu qrup ləqəblər az yayılmışdır. Məsələn, Top Musa, Kar Həmid, Kor Mutu, Çaşı Telli, Topal Teymur, Xır-xır İsmayıl, Çolaq Qulu, Qolsuz Vəli, Yanıq Bəkir, Lalman Qurban, Pəltək Müsəmbər, Lal Güllü və s. Bu qrup ləqəblərə bədii əsərlərdə də rast gəlmək olar. Məsələn, İ.Hüseynovun “Saz” povestində oxuyuruq: “Kənddə Axsaq Hacı deyilən bir feldşer vardı. Ləqəbindən göründüyü kimi, axsayırdı...”5.Yaşadığı (işlədiyi) yerə görə verilən ləqəblər. Məsələn, Gəlmə Məmməd, Gəlmə Əsəd, Gəlmə qızı, Ormeşən qızı, Dağ qızı, Kartof (kartof bitən yerdən gələn) qızı və s.6. Ailəvi münasibətlərə görə verilən ləqəblər. Məsələn, İlk oğlan, Son beşik, Ortancıl oğlan, Böyük gəlin (böyük qardaşın arvadı), Kiçik Gəlin (kiçik qardaşın arvadı) və s.7.Vəzifələrə görə verilən ləqəblər də azərbaycanlılar arasında yayılmışdır. Məsələn, Dəllal Dursun, Naxırçı Əhməd, Tükənçi Mehman və s.Bəzi tədqiqatlarda isə fərdi-şəxsi ləqəb dörd qrupa bölünmüşdür. Beləliklə, demək olar ki, canlı Azərbaycan danışıq dilində, xüsusilə, şivələrdə təsviri xarakter daşıyan fərdi-şəxsi ləqəblər geniş yayılmışdır.II. Ailəvi - nəsli ləqəb. Azərbaycanın hər bir guşəsində yaşayan sakinlərin müəyyən hissəsinin fərdi - şəxsi ləqəb-ləri ilə yanaşı, ailəvi - nəsli ləqəbi də vardır. Ailəvi - nəsli ləqəb yalnız bir fərdə və ya bir şəxsə yox, bütövlükdə qohumluq münasibətində olan bir neçə nəslə aid olur. Belə ləqəblərə familiya - ləqəb də deyilir. Bu da əsas etibarilə həmin nəslin məşğuliyyəti, sənəti və peşəsi ilə yaxından əlaqədardır. Məsələn, Quşqıranlar, Zurnaçılar, Palazdar, Dəmirçilər, Ustallar və s. Belə ləqəblər rəsmiləşdirilmir. Bu qrup ləqəblər nəsildən-nəslə keçərək işlənir və yalnız hər hansı bir şəxsi yox, onun hansı nəslə məxsusiliyini ifadə edir. Bu qrup ləqəblərin nəslin - xələflərə və ya gələcək nəslə verilməsi sübut edir ki, həmin ləqəblər, demək olar ki, bir neçə əsirlik tarixə malik ola bilər. İndiki nəslin nümayəndələri, çox zaman, həmin ləqəbin mənşəyini izah edə bilmirlər. Ailəvi - nəsli ləqəb fərdi - şəxsi ləqəbə nis-bətən uzun müddət yaşayır. Həmin ləqəbi daşıyanlar bəzən bir kəndin və ya qəsəbənin sakinləri olurlar. Ailəvi - nəsli ləqəb fərdi - şəxsi ləqəbə nisbətən daha çox işlək olur ki, beləliklə də, familiya yerində işlənməyə yaxınlaşır. Hətta, bəzən rəsmiləşir. Başqa sözlə desək, antroponimlər sıra-sına daxil olub onu zənginləşdirir.Bax: Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 184-219.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.