AMEA-da magistraturanın təşkili təhsillə elmin vəhdəti deməkdir

AMEA-da magistraturanın təşkili təhsillə elmin vəhdəti deməkdir AMEA-da son vaxtlar keçirilmiş beynəlxalq səviyyəli tədbirlər, respublikanın bir sıra dövlət qurumları, həmçinin xarici ölkələrin qabaqcıl elm müəssisələrilə əməkdaşlq çərçivəsində reallaşan layihələr xüsusi əhəmiyyət kəsb edir. Bu gün Akademiyanın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü də önəm daşıyır. Elmlər Akademiyası strukturunda görülən işlər, ilk növbədə, bu qurumun nəzdində fəaliyyət göstərən mətbu orqanları və telekanal vasitəsilə ictimailəşir.

SalamNews deyilənləri nəzərə alaraq “media kapitanları” rubrikasına AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsinin rəisi Zülfüqar Fərzəliyevi dəvət edib, maraqlı bir müsahibə alıb.
Biz də aşağıda həmin müsahibəni ZiM.Az-ın oxucularına təqdim edirik.


- Zülfüqar müəllim, zəhmət olmasa, bizi vəzifə səlahiyyətlərinizlə məlumatlandırardınız.

- AMEA prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə təsis olunaraq mənə həvalə edilmiş qurum Milli Elmlər Akademiyası Rəyasət Heyətinin İnformasiya siyasətini müəyyən edən idarədir. İdarə bir neçə şöbəni – İctimaiyyətlə əlaqələr, Elektron informasiya, Mətbu orqanlar, Elmi nailiyyətlərin təbliği və “Elm” televiziyasını, necə deyərlər, bir dam altında birləşdirir. Eyni zamanda mən Akademiyanın əsas nəşri olan, 16 səhifəlik, Azərbaycan və rus dillərində ayda iki dəfə nəşr olunan “Elm-Наука” qəzetinin redaktoruyam.

- AMEA nəşrləri, “Elm tv” barədə, lütfən, ümumi məlumat verin. Bu media orqanlarının elmin inkişafında rolu barədə danışın.

- Bizim idarə, həmçinin “Elm-Наука” qəzetinin, “Elm və həyat” və AMEA “Xəbərlər məcmuəsi”nin nəşrlərinə məsuldur. Bu nəşrlər və ölkəmizin ilk veb-portalı olan www.science.gov.az saytı, demək olar ki, respublikamızda elm sahəsində baş verən ən mühüm hadisələri, istər ölkə daxilindəki, istərsə də hüdudlarımızdan kənardakı ən geniş auditoriyaya vaxtında və obyektiv çatdırır. Bizim internet televiziyamıza gəldikdə isə, “Elm-TV” həm Akademiya daxilində, həm də ölkə və dünya elmindəki məlumatların salnaməsini yaradır.

- AMEA nəşrləri Mətbuat Şurası ilə əlaqə qururmu?

- Təəssüf olsun ki, illər boyu ölkə jurnalistikasının tərkib hissəsi kimi fəaliyyət göstərən AMEA mətbu orqanları yaxın vaxtlaradək Mətbuat Şurasından kənarda qalmışdı. Bunları nəzərə alaraq Şura qarşısında məsələ ilə bağlı vəsatət qaldırıldı və Şuranın sədri Əflatun Amaşovun bilavasitə köməkliyi nəticəsində nəşrlərimiz bu quruma üzv qəbul olundu. Onu da qeyd edim ki, qarşıda www.science.gov.az, AMEA-nın institut və təşkilatlarının qırxdan çox saytının da Şuraya qəbul edilməsini nəzərdə tutmuşuq. Mətbuat Şurasının üzvü olmaq bizim mətbu və elektron nəşrlərimizin peşəkar səviyyəsinin, üz tutduğumuz oxucu kütləsi qarşısındakı məsuliyyətimizin artması deməkdir. Peşəkarlıqdan söz düşüncə, onu da bildirim ki, artıq İdarəmizin on doqquz əməkdaşı Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

- Yaxınlarda II Azərbaycan Elm Festivalı keçirildi. Bu tədbirin əvvəlki festivaldan fərqi və ümumiyyətlə, əhəmiyyəti barədə nə demək olar?

- Müvəffəqiyyətlə başa çatmış İkinci Elm Festivalı barədə mətbuatda lazımınca məlumat verilib. Sadəcə, onu qeyd etmək istəyirəm ki, MDB məkanında bu mötəbər tədbir Rusiyadan sonra yalnız Azərbaycanda keçirilir və birinci Festivaldan fərqli olaraq ikincisinin sərhədi təkcə paytaxt Bakı ilə məhdudlaşmayıb. Bu dəfə festival Naxçıvanda, Gəncədə, Sumqayıtda və Şəkidə də keçirilib, əhalidə, xüsusilə böyüməkdə olan nəsildə elm və təhsilə marağı artırmaq kimi mühüm məqsədə xidmət edib.

- AMEA institutları və təşkilatlarında il ərzində ən maraqlı və ya xüsusi əmiyyətli tədbir kimi hansıları qeyd etmək istərdiniz?

- AMEA institutları bilavasitə qarşılarında duran vəzifələrlə - fundamental və tətbiqi araşdırmalarla məşğuldur. Bu elmi yaradıcılıq işləri istənilən nəticələri çox nadir hallarda dərhal verir və qoyulmuş sualdakı “maraqlı” sözü elmdən söhbət açılarkən, zənnimcə, bir qədər dəqiq səslənmir. Ona görə ki, elmi axtarışlar özü-özlüyündə maraqsız ola bilməz. Məhz maraq insanın dünyanın kəşf edilməmiş, tədqiq olunmamış sahələrini öyrənməyə və sirlərini açmağa imkan verir, cəmiyyəti irəli aparır və tərəqqini təmin edir.

Geniş kütlənin marağını oyadan tədbirlərin təşkil edilməsinə gəldikdə, bunlar Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” sərəncamı, “Azərbaycan elminin inkişaf doktrinası”nın hazırlanması, bu günlərdə Rəyasət Heyətində ölkə prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri” haqqında olduqca maraqlı məruzəsinin müzakirəsi, bir sıra elmi nəşrlərin işıq üzü görməsi, Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, Sankt-Peterburqda reallaşan beynəlxalq konfrans zamanı Ermənistan nümayəndəsinin provokasiyasının qarşısının alınması və neçə-neçə digər tədbir və hadisələrdir. Təəssüf ki, bir aydan azca artıq müddətdə tarixə qovuşacaq 2016-cı ildə yadda qalan kədərli hadisələr də az olmayıb. Bir neçə görkəmli alimimiz, o cümlədən 100 yaşlı akademikimiz İsmayıl İbrahimov dünyasını dəyişib.

- AMEA-nın yerli bölmələrinin fəaliyyəti Akademiya nəşrlərində necə işıqlandırılır?

- Qeyd etmək lazımdır ki, AMEA-nın yerlərdəki bölmələrinin, institut və təşkilatların fəaliyyətləri onların öz veb-portallarında lazımınca işıqlandırılır. Mərkəzi qəzet, jurnal, sayt və televiziya yalnız ən mühüm hadisələri oxucu və tamaşaçılarımıza çatdırır. Bu işdə biz yerlərdəki təşkilatlarla sıx əməkdaşlıq edirik. AMEA Rəyasət Heyətinin qərarına əsasən, onun tabeçiliyində olan hər bir müəssisədə ictimaiyyətlə əlaqələr şöbələri təşkil olunur. Bu isə o dəməkdir ki, elmin, onun nailiyyətlərinin təbliğatı işi Akademiyada mərhələli və elmi əsaslarla qurulur. Düşünürəm ki, ali elm ocağında başqa cür ola da bilməz.

- İndi hətta Milli Məclisin deputatları maaşlarının azlığından şikayət edirlər. Akademiya alimlərinin dolanışığı necədir?

- Milli Məclisin deputatlarına, həmçinin millət vəkili də deyirlər. Milləti təmsil edən vəkillər maaşlarının azlığından şikayət edirlərsə, deməli, onlara səs vermiş xalqın ümumi fikrini ifadə edirlər. Buraya artıq nə əlavə etmək olar?

- AMEA-da perspektivli gənc alimlər yetərincədir? Digər ölkələrin Elmlər Akademiyaları ilə münasibət necədir?

- AMEA, onun bölmə və institutları daim perspektivli gənclərin axtarışındadır. İki ildir ki, bu məqsədlə AMEA-da magistratura təşkil olunub, bu isə təhsillə elmin vəhdəti deməkdir. Nəzərə alsaq ki, keçmiş SSRİ məkanında akademik institutlar arasında magistraturanın yaranması yalnız Rusiyanın Sankt-Peterburq şəhərindəki fizika üzrə Nobel mükafatı laureatı, akademik Jores Alförovun rəhbərlik etdiyi universitetdə baş tutub, o zaman AMEA-nın, onun prezidenti, akademik Akif Əlizadənin nə dərəcədə mühüm və gələcəyə yönəlmiş addım atdığını başa düşmək olar. Akademiyada magistratura açmaq, heç şübhəsiz, Elmlər Akademiyasının hər bir rəhbərinin istəyidir. Lakin hər bir istək həmişə reallaşmır. Bu işin məhz Azərbaycanda və məhz 2015-ci ildə baş tutması, həm AMEA rəhbərliyinə, həm də buna dəstək vermiş ölkə başçısına başucalığı, elmimizə isə zəmanətli uğur gətirəcək. Onu da qeyd edim ki, AMEA MDB məkanında dövlətin hərtərəfli himayə və qayğısı ilə əhatə olunan bəlkə də yeganə Elmlər Akademiyasıdır. Bir vaxt Akademiyanı ləğv etmək istəyənlərə xitabən Heydər Əliyevin “...Akademiya bizim milli sərvətimizdir” ifadəsi “milli” sözünün onun rəsmi adına daxil etdi, ali elm ocağını ölkədə gedən geniş tərəqqinin aparıcı qüvvəsinə çevirdi. Bu sahədə digər keçmiş müttəfiq respublikalarda olan vəziyyətlə AMEA-nın mövcud vəziyyəti müqayisəyə gəlmir. Demək olar ki, bu gün MDB məkanında əksər elmlər akademiyaları ilə AMEA-nı imzalanmış əməkdaşlıq sazişləri birləşdirir və hər dəfə belə sənədlərin imzalanma tədbirlərində onların rəhbərləri Azərbaycandakı elmə olan qayğı və münasibətdən vəcdlə danışırlar.

- Alimlərimizin elmi axtarışlarının nəticələri barədə nə demək olar?

- Sona çatmaqda olan ilə yekun vurularkən AMEA strukturlarında elmi axtarışların nəticələrinə xüsusi diqqət ayrılır. Yuxarıda qeyd etdiyim kimi, elmi tədqiqatlar bəzən illərlə davam edir. Onları hər hansı çərçivəyə salıb “planın yerinə yetirilməsi” tələbini alim qarşısında qoymaq olmaz. Lakin elmi təşkilatlar da yaşadığımız cəmiyyətin tərkib hissəsidir və digər qurumlar qarşısında qoyulan vəzifələr AMEA strukturlarına da şamil edilir.

- Zülfüqar müəllim, bizə vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.

P.S.: Zülfüqar İslam oğlu Fərzəliyev Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Tbilisi Dövlət Rəssamlıq Akademiyasını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, həmçinin Moskvada İctimai Elmlər Akademiyasının qiyabi şöbəsində təhsil alıb.

Respublika Mədəniyyət nazirliyində idarə rəisi, İstehsalat müəssisəsinin direktoru, nazir müavini, “BMT-ya Yardım Assosiasiyasının” icraçı katibi, Dövlət Hidrometeorologiya Komitəsinin Beynəlxalq Əlaqələr və Mətbuat Xidməti şöbəsinin müdiri işləyib. Bir sıra qəzetlərdə şöbə redaktoru, baş redaktorun müavini, Qafqaz Müsəlmanları İdarəsinin “Haqqın nuru” qəzetinin baş redaktoru olub. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm-Наука” qəzetinin redaktoru və “Elm və Həyat” jurnalının redaktor müavini, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, respublika Rəssamlar və Jurnalistlər birliklərinin, həmçinin Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvüdür.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: