Aşıq Ziyəddin Borçalı yaradıcılığında etik və estetik idealın vəhdəti Gürcüstan » Borçalı 3 Mart Aşıq Ziyəddin Borçalı 1950-ci ildə Borçalı mahahlının Keşəli kəndində dünyaya göz açıb. Sazın, sözün beşiyi Borçalıda dünyaya göz açan hər körpə, hələ ana bətnində ikən saz sənətinə bağlanır, ana südü ilə mayalandığı kimi, saz səsi ilə də mayalanır.Borçalıda aşıq olmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, qeyd etdiyimiz kimi, borçalılarda saza məftunluq, heyranlıq qanlarında, iliklərində təzahür edir. Borçalı təbiəti özü aşiqlik təcəssümüdür. Burada hamı anadan gəlmə yarımaşıqdır. Çətindir ona görə ki, hamı saz-söz xiridarıdır. Burada hər əlinə saz götürən el içində baş girləyə bilməz.Borçalı aşıq sənəti 18-ci yüzillikdə aşıq Məhəmməd, 19-cu yüzillikdə Aşıq Alı (N.Nərimanovun babası) Aşıq Cəfər, Alı, Abdı Hamamlı kimi azman sənətkarlar yetirdiyi kimi, 20-ci yüzillikdə də Aşıq Sadıq, Dədə Əmrah, Xındı Məmməd, Hüseyin Saraclı, Aşıq Kamandar kimi sənət korifeyləri yetişdirmişdir. Hazırda 20-ci yüzillikdən 21-ci yüzilliyə töhfə olan Aşıq Məhəmməd Sadaxlı, Əhməd Sadaxlı kimi el sənətkarları yaradıcılığının yetkin dövrünü yaşayırlar.Yaradıcılığından söhbət açacağımız Aşıq Ziyəddin 20-ci yüzilliyin ikinci yarısında formalaşmış aşıqlardandır. Onun ustadı 20-ci yüzillikdə Borçalı aşıq məktəbinin yetişdirməsi olan meydan aşığı, yaddaşı Ağacan yüklü, barmaqları Sadıq qotazlı Xındı Məmməd olmuşdur.Məramımız Aşıq Ziyəddin yaradıcdığını sənətkarlıq baxımından araşdırmaq olmadığı üçün, onun söz yaradıcılığından söhbət açacağıq. Daha doğrusu, Aşıq Ziyəddin şeirlərində, fəlsəfi-etik, estetik düşüncələrini tədqiq edəcəyik.Borçalıların aşıq yaradıcılığı indiyə kimi nəinki fəlsəfi, heç düz əməlli ədəbiyyatşünaslıq baxımından da tədqiq olunmayıb. Hələlik bu problem olaraq öz həllini gözləyir.Qeyd etdiyimiz kimi, Aşıq Ziyəddin çox güclü bir aşıq məktəbinin yetişdirməsidir. Aşıq sənətində isə ənənə əsas şərtlərdəndir. Aşıq yaradıcılığı adətən gözəlliyi və igidliyi tərənnüm edir. Aşıq sənətində isə gözəllik anlayışı göyçəklik kimi başa düşülmür. Aşıq sənəti hər şeydən əvvəl insanın mənəvi gözəlliyini tərənnüm edir. Əxlaqi gözəlliyi ideyalaşdırır. Belə ki, Aşıq Ələsgər:Aşıq olub diyar-diyar gəzənin, Əzəl başdan pür kamalı gərəkdir.Oturub-durmaqda ədəbin bilə, Mərifət elmindən dolu gərəkdir. Deyəndə, əvvəlcə aşığın özünün əxlaqi zənginliyinə fikir verilir. Xalq arasında "Aşığın səsi Haqqın səsidir", "Aşığın sinəsi Haqqın bazarıdır", "Aşıq el atasıdır", "Aşıq el anasıdır" kimi deyimlərin mövcud olması, aşığın əvvəlcə pürkamal ustad yanında şəyird kimi kamillik məktəbi keçməsi şərtini qoyur. Belə ki, sonra o el üçün, xalq üçün əxlaqi meyar, mənəvi örnək olmalıdır. Yenə də Ələsgər təbiri ilə desək:Xalqa həqiqətdən mətləb qandıra, Şeytanı öldürə, nəfsin yandıra, E1 içində pak otura, pak dura, Dalısınca xoş sədalı gərəkdir.Yalnız belə əxlaqa malik aşıq el içində sevilən sənətkar ola bilər. Və onun dedikləri xalq tərəfindən qəbul oluna bilər. Çünki, xalq aşığa inanmalıdır.Aşıq yaradıcılığında yurda bağlılıq, ümumi mənada vətənpərvərlik fəlsəfi-etik anlayış kimi, həmişə özünün bariz əksini tapır. Sazın ecazkar təranələrinə yatımlı, heca vəzninin sığalından keçmiş bədii parçalarla axarlı-baxarlı vətən torpağını tərənnüm etmək Aşıq Ziyəddin yaradıcılığının da əsas meyarlarındandır. Ana kimi müqəddəs olan Vətənə xəyanət aşığı sarsıdır. Belələrini o lənətlə qamçılayır:Vətəni, milləti satana lənət, Namusu, qeyrəti atana lənət, Şeytan kimi ara qatana lənət, Yaşamaq hədərdi həyan olmasa. Yaxud:Kimin Vətən eşqi yoxsa qanında, Gəl qeyrət axtarma onun canında. Adam var: söz demək olmur yanında, Ona sirr açmağın nə mənası var?Aşıq sübut etməyə çalışır ki, Vətənə məhəbbət insan cəsədinə ana südü ilə eyni vaxtda, maya kimi, qan kimi daxil olmalıdır. İliyinə, sümüyünə hopmalıdır. Əgər insan varlığında bu çılğın istək hissi yoxsa, onunla söhbət edib, Vətən eşqindən danışmağa belə dəyməz. Aşıq Ziyəddin Borçalı sakini olsa da (Gürcüstan Respublikası), geniş mənada özünü azərbaycanlı, Azərbaycan vətəndaşı sayır. Millətin, Vətənin dərdi onu rahat buraxmır:AzərbaycanımHələ tifil ikən beşik başında,Anamın mənə çaldığı laylasan Azərbaycanım.Mən dil açanda sən oldun ilk sözüm Azərbaycanım.Yolunda canımı qurban verərəm,Namərdəm mən geri dursam, haylasan Azərbaycanım.Tarixdə əbədi qalsın bir izim Azərbaycanım.Qarabağ yaralı, dərdinə qurban,Sənin şəhid olan mərdinə qurban.Keşiyində duran orduna qurban,Mətinləşirsən hər gün, hər ayla sən Azərbaycanım.Dərd sinəmdə bir düzümdü, bir düzüm Azərbaycanım.Soydaşların çox çəkibdi dərdini, Qoçaq ol Babək tək qoru yurdunu. Başçın mərddi, bada verməz ordunu, Yağı düşmənləri qovla, teylə sən Azərbaycanım. Sevinsin Ziyəddin, bir gülsün üzüm Azərbaycanım.Bu qoşma qafiəyəli şeirdə Aşıq Ziyəddin bir vətəndaş kimi doğma xalqına, torpağına heyranlığını dönə-dönə öz yaradıcılığında əks etdirmişdir. Başkeçid yaylaqlarına da biganə qalmamışdır. Təbiətin bu dilbər guşəsinə çoxları kimi, o da öz estetik prizmasından nəzər salmışdır:Başkeçiddə təbiətə vuruldum, Allı-güllü yaylaqları görəndə. Coşdu sinəm, dindi sazım nə dindi, Obaları, oymaqları görəndə.İnsanların hər şeyə münasibətini onun mərifəti müəyyənləşdirir. Mərifət meyardır, ona görə də, bu anlayış aşığın yaradıcılığında çox qabarıq şəkildə nəzərə çarpır. O, bu mövzuya tez-tez müraciət edir. Aşıq bir növ özünə müraciətlə mərifətdən kənar ömrü həyatından saymır: Gələnləri yola salmaq bir adətdir dünyada, Ağsaqqala hörmət etmək mərifətdi dünyada, İnsan ömrü xoş keçərsə, şan-şöhrətdi dünyada, Mənasız keçən günləri, hər ayı mən neylərəm?Və ya:Salam verib, salam almaz mərifəti olmayan, İnsandımı insanlara, məhəbbəti olmayan. Oğul odu kişi olsun, yada möhtac olmasın, Aciz qalar bu dünyada bir sənəti olmayan. Aşıq sübut etməyə çalışır ki, mərifəti olmayandan əxlaqi kamillik, zəriflik ummağa dəyməz: Günəşsiz, havasız yaşamaq olmaz, Susuz səhralardan həyat gözləmə. Yersiz tərifləyib özünü öyən, Çox mənəm deyənnən qeyrət gözləmə.Dünyadan köçənlər qayıtmaz bir də, Atalar misalı, sözü var bir də, Müxənnət, satqından, nadannan, bir də, Naxələf övladdan qeyrət gözləmə. Aşıq Ziyəddin öz aşıqlıq sənətində əsas meyarın mərifət olduğundan həvəslə söz açır. Bu sənət də məhz mərifətin sənəti yaşatdığını sübut etməyə çalışır. Demək istəyir ki, mərifət yükü olmayandan aşıq olmaz:Sənətkarın əgər olsa mərfəti, İnsan kimi hamı eylər hörməti, Sərtətkara ellər verər qiyməti, Aşıq el-obasız, söylə neyləyər?Ziyəddinə Allah özü olsa yar, Sənət aləmində olar bəxtiyar, Arif məclisində inci xırdalar, Sözün-söhbətini şirin eyləyər. Aşıq yaradıcılığında təbii el dili ilə, el deyimləri ilə yanaşı, atalar sözləri və zərb-məsəllər də geniş istifadə edilmişdir. Hətta bəzən bunun artıq olduğu da nəzərə çarpır. Mərifət məsələsini Aşıq Ziyəddin birbaşa ailə tərbiyəsi ilə bağlayır ki, bu da təbii haldır. Yəni ümumiyyətlə, aşıq sənəti ailə tərbiyəsini, əsil-zatı həmişə ön plana çəkmiş, əxlaqın, əxlaqi gözəlliyin əsası kimi qiymələndirilmişdir.Aşıq sənəti yarandığı gündən həmişə nikbinlik tərənnüm etmişdir. Xoş arzu, xoş məram tərənnümçüsü olmuşdur. Aşıq Ziyəddin sənətinə və xələflərinə sadiq sənətkardır. Elə, obaya mərifətli insanlar arzulayır:Bir qulaq as öyüdə sən, Mətinli ol hər vədə sən, Əsil övlad böyüdəsən, Mərifətdə üstün ola.Sirrini mərdə açasan, Namərddən kənar qaçasan, Haqqı nahaqdan seçəsən, Düz işlərdə dəstin ola!Aşıq Ziyəddin bəşəri sərvət olan insani keyfiyyəti mərifətin tərkib hissəsi kimi dərk edir. Böyük-kiçik yeri bilmək, insani borcu dərk etmək, insana qarşı adam olmaq aşığın əbədi mövzusudur:Rəhmət olsun bu dünyada yaxşı ad qoyanlara, Lənət olsun diri gözlü şeytana uyanlara, Canım qurban əhli-hala, sənəti duyanlara, Yazıq nadan nədən bilsin əhli nədi, hal nədi?Odur ki, insanlıq zirvəsinə ucalmaq üçün mərifət prizmasından çıxış edən aşıq bu zirvəni fəth eləmək üçün tövsiyə edir:Bacarırsan yaxşılıq et, nə qədər əldən gələr, İnsan oğlunun başına xatası dildən gələr. Heç vaxt pislik gözləmə mərd oğlu mərdanədən, Sənə hər nə pislik gəlsə, bil, bəd əməldən gələr. Qəribə də olsa, Aşıq Ziyəddin bu qənaətə gəlir ki, cəmiyyətdə hamıdan insani keyfıyyət gözləmək olmaz, belə ki, cəmiyyətin antipodsuz mövcud olmasına inanmır:Naxələf, ziyankar, satqın, namərddi, Belələri xalqa bir ağır dərddi, Azğındı, acgözdü, elə bil qurddu, Verdiyi vədəsi, yaşdı bəllidi.Mərd olan kəs heç vaxt özünü öyməz, Müxənnətlik eyləyib, haqq işi əyməz, Yüz namərd yığılsa, bir mərdə dəyməz, Yüzü də, mini də heşdi, bəllidi. Aşıq onu da xatırlayır ki, insanlar öz davranışları ilə öz insanlığını, ünvanlarını tanıdırlar: Özü düşər quyu qazan dünyada, Peşman olar yoldan azan dünyada, Ay Ziyəddin, halal qazan dünyada, Haram tikə veyib doyana yazıq. Və cəmiyyət antipodlarının, əxlaqi zəlillərin və mənəviyyat əlillərinin ünvanına söz söyləməyi özünə borc bilir, onlardan ehtiyat etdiyini etiraf edir:Kamil sənətkara düz qiymət verən, Çox az-az tapılar ər oğlu ərən. Özünü insanlara ipək göstərən, Ürəyi buzlardan yaman qorxuram. Belə adamlardan o heç də, yaxasını kənar çəkib, uzaqlaşmaq istəmir. Öz sənətinin sadiq daşıyıcısı bunları tərbiyə etmək fikrindən uzaqlaşmır, əksinə, nəsihətamiz kəlamlarla onları düzgünlüyə, insanlığa qaytarmaq istəyir:Arsız yaşamaqdan ölüm yaxşıdır, İnsanda kişilik, ar olsun gərək. Bağban kamildirsə, əkdiyi bağda, Ətirli meyvələr, bar olsun gərək.Zəhmətlə yaşayan cəfalı insan, Əhdi-peymanında vəfalı insan, Namuslu, qeyrətli, səxalı insan, Dünya yaşadıqca var olsun gərək. Həyatda düzgün mövqe tutub insan kimi yaşamağın o qədər də asan iş olmadığını aşıq yaxşı dərk cdir. Belə ki, əsl insan kimi yaşayan, ömrünü başqalarının xoşbəxtliyinə sərf edənlər məhrumiyyətlkilərlə qarşılaşırlar. Buna isə iradə, dözüm, qeyrət lazımdır: Oğulsan, həyatda yaşa mərdanə, Pislik şöhrət olub hansı insana? Çıxma haqq yolunnan, uyma şeytana, Verərsən ömrünü zaya, bilməzsən. Ana tərbiyəsini, əsli-zatı paklığı insanın gələcək həyatında əsas şərt götürür. Yəni aşıq genetik xüsusiyyətlərində, əxlaqda yerini vurğulayır. Əgər insan təmiz südlə mayalanıbsa, toxumu halaldırsa, onu heç bir puç mühit və cəmiyyət poza bilməz: Anadan mərd olan şeytan felinə, Heç zaman uymayıb, uya da bilməz.Satqının, alçağın günahlarını, Axsa sellər, sular yuya da bilməz.Tanımaq çətindir insanı bütün, Axtarıb dolansan hər yanı bütün, Acgözə versələr dünyanı bütün, Doymayır gözləri, doya da bilməz.Bəd əməllər törədən tərbiyəsizin düzələcəyinə aşıq şübhə edir. Buradan aydındır ki, Aşıq Ziyəddin cəmiyyətin rolunu tam dərk edir. Hisslərə, emosiyalara tabe olur, ictimaiyyətin rolunu inkar etmir. Həmişə olduğu kimi, həyatda yaşamaq mövqelərində çoxları öz inamına sadiq qalır:Həyat şirin, doymaq olmaz, Hissiyyatsız duymaq olmaz, Heç vaxt insan saymaq olmaz, Satqınları, nadanları.Bütün bunlarla yanaşı, əsil-zatlılar Aşıq Ziyəddin tərəfindən ön plana çəkilir: Mənliyin, qeyrətin, əsil-zatın var, Hatəm misallısan, səxavətin var, Qəlbində sönməyən məhəbbətin var, El-obanın adətinə tabıyam.- deyə, dünyanın sahibinin mərdlər və səxavətlilər olduğunu vurğulayır. İnsanlığın adını və şərəfli çələnginin daşıyıcıları olan mərdləri həmişə təbliğ və tərənnüm edir. Namərdləri qamçılayır. Onu da qeyd edək ki, şairdən fərqli olaraq, aşığın auditoriyası həmişə qarşısında olur. Dediyi söz o an hədəfini tapır. Bu baxımdan, aşıq-şairlər daha xoşbəxtdirlər. Belə ki, aşıq məclisdə ustadnamə söyləyəndə yaşından asılı olmayaraq hamıya əxlaq dərsi deyir, məsləhətçi kimi çıxış edir: İnanmayın qeyrətinə özünü öyən kəsin, İncidib eli, mahalı, fağırı döyən kəsin, Yerli-yersiz insanların qəlbinə dəyən kəsin, Axırında peşman olar özü, gözdə, gözdə sən.Cəmiyyətdə olan nadanlardan o bir növ qisas alır, belələrinin iç üzünü açmaqdan çəkinmir. Sənətə qiymət verməyənlərdən uzaq olduğunu deyir:Aşıq Ziyəddinəm, çoxalır yaşım, Bilmədi qədrimi «dostum», «qardaşım»,Qananlar yanında ucadır başım, Nadanlar yanında yalan olmuşam.Hatta yaxşılıq etdiyi adamlardan da yamanlıq görənlərin dərdini çəkir. Dərdimənd olan aşığı bu problem düşündürür:Nadana canını qurban eyləsən, Fərqi yoxdu qəm də, kədər də yesən, Tərsinə anlayar xeyrinə desən, Görən niyə keçmir niyə yaxşılıq?Qeyd etdiyimiz kimi, ustad aşıqlar el qarşısında tərbiyəçi kimi çıxış edirlər. Buna isə onun özünün nümunəvi əxlaq sahibi olması, davranış gözəlliyi lazımdır ki, insanlara əxlaqi davranış dərsi deyə bilsin. Aşıq isə buna nail olmasa, el istəyindən məhrumdur. Yuxarıda qeyd etdiyimiz kimi, burada el-oba onun qiymətini verir, güzəşt yoxdur. Və o, el-oba qarşısında üzdə bir, ənsədə digər ola bilməz.Mərifət və ləyaqət el ədəbiyyatının digər formalarında olduğu kimi əxlaqi gözəlliyin bariz tərkib hissəsi kimi, aşıq ədəbiyyatında da geniş tərənnüm edilir. Aşıq ədəbiyyatının şah əsəri olan epos və dastanlarda bu əxlaqi keyfiyyətlər geniş təbliğ və tərənnüm olunduğu kimi, onun antipodu əks qütb-namərdlik pislənilmişdir. Aşıq Ziyəddin bu ənənəvi anlayışdan kənarda qalmamış, öz xələfləri kimi yeri gəldikcə, mərdlik və namərdlik problemlərinə öz ustad münasibətini bildirmişdir:Bir hikmət bilirəm dünya dolaşır,Qorxusuz, hürküsüz dağları aşır,Kişilik, insanlıq mərdə yaraşır,Namərdlərdən yaxşı cəhət gözləmə.Ziyəddinəm, mərdi sevirəm ancaq,Bədəsil insanda olmaz qanacaq.Bazarda satılmır, hardan alacaq?Qanmaz adamlardan mərifət gözləmə.Yaxud:Namərdlərdən söhbət açmağa dəyməz, Paxıldı, ürəyi daşdı, bəllidi. Şeytan oylağıdı qəlbi, xaindi, Fikri, əqidəsi çaşdı, bəllidi. Aşıq namərdin dünyada adsız-ünvansız bir ünsür olduğunu qeyd edir. Və onun həmişə şər törədicisi olduğunu vurğulayır:Namərd iblis olar, aralar qatar, Nə bir haya yetər, nə dada çatar, Bir qarın yeməyə mənliyi satar, Harda aşdı, orda başdı, bəllidi. Aşıq, yuxarıda qeyd etdiyimiz kimi, ellə el dilində, el deyimi tərzində, atalar sözləri, zərb-məsəllər, aforizmlərlə danışır, eldən aldığını elə verməyə tələsir:Sevmirəm görəndə qəlbi sərtləri, Xudam, pənahında saxla mərdləri, Yığılsa dünyanın cəm namərdləri, Əsil insanların beşinə dəyməz. Mərdə heyranlıq, namərdə nifrət və ikrah hissi aşığı heç vaxt rahat buraxmamışdır. O bu tükənməz mövzuya bütün varadıcılığı boyu sadiqdir:Mərdi darda sına demiş atalar, Sınasan da mərddi, sınamasan da. Satqın dostu, bekar qohum-qardaşı, Qınasan da dərddi, qınamasan da. Burada işlənən "bekar" kəlməsi Borçalıda "vecsiz" mənasında işlədilir. Yəni iş-gücsüz, avara anlamında deyilir. Aşıq dinləyicisini öz münasibətlərində ayıq olmağa çağırır. Üzdə bir, ənsədə digər olanları görməyi tövsiyə edir. Qılaflıların qılafını açmağa çağırır:İnsanlar var-tərsə əsən küləkdi, Müxənnətdi, fırıldaqdı, kələkdi, Ürəkdən xaindi, üzdə mələkdi, Libası bilinmir, donu bilinmir. Və aşıq belələrinə qarşı amansız olmağı özündən və başqalarından tələb edir: Fələk kimi əldə imkanım olsa, Müxənnətə heç amanı vermərəm. Əzrayıl tək sinəsinə çökərəm, Alaram, cəsəddə canı vermərəm. Göründüvü kimi, ən humanist sənət olan aşıq sənətinin layiqli daşıyıcısı aşıq Ziyəddin nadana, müxənnətə qarşı tam kəskinliyi ilə çıxış edir. Hətta Əzrayıl kimi can almağa hazır olduğunu söyləyir, ona görə ki:Məlumdu alçağın ara qatdığı, Vətəni, milləti pula satdığı, Özgə bostanına nahaq atdığı Namərdin yerinə daş nələr çəkir.Aşıq hətta namərdin atdığı daşın da, təəssübünü çəkir. Namərdi dünyanın rəzi, artıq ünsürü sayır. Aşıq Ziyəddin üçün iki tip insan var: anlayan, anlamayan. Anlayanın kim olmasından asılı olmayaraq o özünün gözünün nuru, maddi və mənəvi varlığı sayır. Anlamayanlar isə, gözünün bir tayı olsa belə, ona yaddır, ondan uzaqdır, ictimai bəladır, həyatda artıq varlıqdır, parazitdir: Qohumda ki, qeyrət yoxdu, nə fayda? Arxalanma, səni tez satar yada, Mərdlər kişi kimi yaşar dünyada, Namərdlər əslini dandı, nə dandı. Mərdi görmək aşıq üçün can cövhəridir, abi-həyatdır, onu yaşadır, ilhama, cuşə gətirir. Əksinə, namərdi görmək onun mərəzidir, ona mənəvi işgəncə, mənəvi əzab, mənəvi əziyyətdir:Sevinirəm mərd görəndə, Doğma ocaq, yurd görəndə, Harda bir namərd görəndə, Çoxalır azarım mənim.Öz ustadları kimi, Aşıq Ziyəddin də halal zəhməti yüksək qiymətləndirir, insanı məhz halal zəhmət saflaşdırdığını vurğulayır. Ümumiyyətlə, zəhmət olmayan yerdə insan olmadığını aşılayır:Zəhmət çəkib əkməlisən, Alın təri tökməlisən, Ləzzətini çəkməlisən, Həyat özü qeyli-qaldı.Halal zəhməti olmayanlarda, mayasını haramla tutanlarda insani keyfiyyəti axtarmağa dəyməz, - deyir aşıq:Halal əkib, halal biçə bilməyən, Nemətinnən süfrə aça bilməyən, Yaxşını pislərdən seçə bilməyən, Neçə gözü baxan korlar görərsən. Göründüyü kimi, halal zəhmət ilə dolanmayanları aşıq mənəvi zəlil, «gözü baxan korlar» adlandırır, mənəvi əlil sayır, mənəvi şikəstlik isə heç bir şeylə sağalan bəla deyil. Belələri dünyanın ən əziz neməti sayılan şərəf və ləyaqət kimi əxlaqi zənginlikdən məhrumdur. Belələrinin əsil insanlar arasında yeri yoxdur. Aşıq həmişə halal çörək arzusunda olmuş, bunu başqalarına da arzulamışdır: Süfrəndə halal çörəyin, Ocağında tüstün ola. İnsanlara məhəbbətin, Ürəyində istin ola...Və ya,Özü düşər quyu qazan, Utanacaq yoldan azan, İnsan kimi hörmət qazan, Mərifətdə xalın olsun.Və belə adamlarla ünsiyyətdə olmağa tələsir, onlarla bir olmağı, onlara gərək olmağı, işlərinə özü üçün xoşbəxtlik sayır:Qurbanıyam qananların, Qeyrət əhli insanların, Ehtiyacı olanların Möhrünü düzə biləydim. Aşıq əsil insani keyfiyyətləri olmayanları cəmiyyət üçün artıq yük sayır, anlamağa, düşünməyə səslyir. İnsani keyfİyyətlər qazanmağa ruhlandırır:İnsanlığın yoxsa əyər,Yaşamağın nəyə dəyər?Kişi sözün üzə deyər,Fəsad olmaz ay qadası,Əvəzinə aşıq insan kimi yaşamağı təklif edir: Hara gəldi axmayasan, Fağıra xor baxmayasan, Duzu başa qaxmayasan, Çörək səndən inciməyə.Aşıq yaradıcılığında mövcud ənənəyə görə kişini çörəyi ilə tanıyırlar. Ancaq çörək verənlər gərək başa qaxmaya, dilinə gətirməyə. Bundan müqəddəs çörək də inciyə bilər. İnsan cəmiyyətdə tək özü üçün yaşamamalıdır, o bir ictimai varlıq kimi başqalarınma da gərək olmağı bacarmalıdır. Aşıq isə xalqın xeyrində, şərində həmişə ellə bir olur. Odur ki, Aşıq Ziyəddin özünə müraciətlə:Ay Ziyəddin, hədər yerə, Pələng kimi çəksən nərə, Yaramasan xeyrə, şərə, Lap fil olsan yaşamırsan. - deyir.Aşıq sənətində, aşıq ədəbiyyatında dostluq xüsusi qiymət kəsb edir. İlqar, etibar, vəfa kimi anlayışlar dostluğun tərkib hissəsi kimi səciyyələndirilir. Aşıq Ziyəddin: "Bir baş ki, ilqara qurban getməyə, Onu bir qarpıza dəyişmək olar,"- deyən ustadı dahi Aşıq Ələsgərdən mayalanmışdır, odur ki: Mənimlə ağlayıb, gülən dostuma, Qədir, qiymətimi bilən dostuma, Məni yad eləyib, gələn dostuma, Canım da qurbandı hələ, ay lələ,- deyərkən, əsil dosta can qurban etməyə hazır olduğunu bildirir. Aşıq sənəti qeyd etdiyimiz kimi, rəşadət və məhəbbət üstündə bərqərar olub. Belə ki, aşıq sənətinin şah əsəri olan epos və dastanlar bu ya da digər problem üzərində qurulur. Bəzən eyni epos və ya dastanda hər iki problem vəhdət şəklində tərənnüm edilir. Sevindirici haldır ki, başqa xalqlarda olduğu kimi, bizdə sırf məişət dastanı yoxdur. Bu epik əsərlərin yaradıcıları aşıqlar həmişə etik və estetik hiss olan məhəbbəti uca tutmuş, təbliğ və tərənnüm etmişlər. Aşıq Ziyəddinin bu pcoblemə münasibəti ustadlarında olduğu kimi pakdır, ülvidir, tükənməzdir: Gözləyirəm yollarını ey gözəlim, hardasan? Sənsiz məni dara çəkir ayım, ilim, hardasan? Növbahara aşiq olan bir şeyda bülbüləm mən, Ətir saçan tər bənövşəm, qızılgülüm, hardasan? Bu minvalla aşıq el məhəbbətini, el istəyini daha üstun tutur:Pis sözlərdən təmiz saxla, şirin öyrət dilini, Allaha xoş gələr tutsan bir yoxsulun əlini, Elin səni sevər, əgər sən istəsən elini, Xəsis olan rəhmət almaz, el sovurar külünü. Bəşəri məhəbbətdən çıxış edən Aşıq Ziyəddin cismani məhəbbəti iki cins arasında olan fərdi məhəbbəti məhz bəşəri məhəbbətin tərkib hissəsi kimi qəbul edir. El istəyindən şəxsi istəyə, sevgiyə keçirir. Vüsal həsrəti ilə yandığını aşıq ədəbiyyatının çətin janrlarından olan təcnisdə belə ifadə edir:Könül verdim bir vəfasız gözələ, Həsrət qaldım qoynundakı narına. Pərvanə tək hey dolandım başına, Atdı məni eşq odunun narına.Aşıq saf eşqin tərənnümçüsü kimi çıxış edir. Vüsal həsrəti ilə alışmaqdan ləzzət alır. Bu tələb onun əndamını lərzəyə salsa da, öz eşqini tərənnüm etməkdən ləzzət alır: "Hey" həyatımdı, sevirəm ürəkdən, İsmini qəlbimdə pünhan saxlaram. O sərvi boylunu, qəmər qaşlını, Unuda bilmərəm bir an, saxlaram."Nun"i niyə yarandın sən mənə yağı? Ayrılığın çəkib sinəmə dağı. Yandırır canımı eşqin fərağı, Bülbül tək etmirəm fəğan, saxlaram.Öz eşqini pünhan saxlayan aşıq ad çəkməsə də, vüsalı eşqiylə yaşadığı sevgilisini vəsf etməkdən doymur:Qəmin girdabında mənəm çürüyən, Vüsalın eşqinə şam tək əriyən, Bulud kimi dal gərdəni bürüyən, Oxşardım tellərin, niyə gəlmədin?Eşqin sadiq carçısı öz sevib, seçdiyini dünyanın ən məsum, ən ülvi varlığı sayır, hər an vəsf etməyə hazır dayanır. Eşqi yolunda hər bəlaya dözməyi, hətta qul olmağa hazır olduğunu deyir: Gövlərin ulduzu, mahısan, gülüm, Dağların maralı, ahusan, gülüm, Könlümün sultanı, şahısan, gülüm, Ziyəddin qarşında qula bənzəyir.Öz eşqinə sadiq olan aşıq bütün əziyyətlərin eşq yolunda xoş olduğunu, hətta bu iztirabların ləzzətli olduğunu söyləməkdən çəkinmir:Baxışların od salıbdı canıma, Sinəmi yandıran közünə qurban. İnsafa gəl, sən ki, cəllad deyilsən, Can alan qaşına, gözünə qurban.Bu göz, qaşla can alan "cəllada can verməyə tələsir", özünü qurban kimi təqdim edir. Tükənməz ilahi eşqin qarşısında cəfakeş olmağı özünə xoşbəxtlik sayır. Bu ülvi bəşəri hissin ona nəsib olduğu üçün sevinir, bülbül kimi oxumaqdan doymur, bezmir, yorulmur.Bütün gözəllik cizgilərini öz sevdiyi şəxsdə axtaran aşıq buna nail olur. Qiblənüma məhəbbəti başqa səmtə meyl etmir:Haqq önündə ibadətim, Qibləm, Kəbəm, ziyarətim, Sevdiyimə məhəbbətim, Eşqim mənə təsəllidi.Göründüyü kimi, aşıq eşq yolunda hər şeydən keçməyə hazır olduğunu bildirir. Öz eşqini ilahiləşdirir, ülviyyətə qovuşdurur.Aşıq dünya nemətlərinə aludə olanları da unutmur. İnsanları mərifəti, məhəbbəti dünya malına dəyişməməyə çağırır. Yeri gəldikcə, onları başa salmağa çalışır ki, bu fani dünyadır, sən də sərvətlərə uyub, mənəviyyatı unutma. İnsana hər şeydən əvvəl vacib olan şərəf və ləyaqət, namus və qeyrətdir.İstəyir şah olsun, istərsə nökər, İnsanların qeyrətsizi heç nədir. Canında, qanında olmasa təpər. Oğulların cürətsizi heç nədir.Yəni biqeyrət olan kəs doğma oğul olsa belə, bir qara quruşa dəyməz. Ona görə ki, şərəfsiz, ləyaqətsiz, mərfiətsiz, qeyrətsiz, cəsarətsiz adamdan yaxşı bir şey gözləməyə dəyməz. O, puçdur, yoxluqdur.Yaşamağı şəxsi borc kimi dərk edən aşıq hər şeyi ölçüb-biçməyi təklif edir. Yəni bu dünyanın əbədiliyinə inam yoxdur:Bu dünya fanidir, bil vədəsində, Dərdinə bir çarə qıl vədəsində, Ay Ziyəddin danış, gül vədəsində, Qoyma bir nisgilin sinəndə qala.Yaxud:Neçə igidlərin, ər oğulların, Pəhlivan cüssəli nər oğulların, Əjdahalar tutan şir oğulların, Unudulub, adı-sanı bilinmir.Bir naməlum sonluğu olan dünyada insan, məhz özü öz həyatına qiymət verib, öz sağlığında ad-san qazanmalıdır. Bu onun insani borcudur. Əks halda ömrün sonu labüd olduğu üçün, vaxt çatanda hamı gedəsidir, yalnız insandan qalan onun təmiz adı, qoruduğu insanlıq əməlləri qalır. Onsuz da ölüm haqdır:Gedəni saxlamaz, yoldan əyləməz, Yerli-yersiz, artıq, hədər söyləməz, Şah da olsa, xatır-hörmət eyləməz, Fərqi yox hər kimdir, bir ucdan seçər.Belə bir dünyada insanlara dönüklük, məhəbbətə, eşqə, həyata xəyanət ən azı cahillikdir.Dünya malının yox, insan öz eşqinin, öz amalının qulu olmalıdır. Bu cür insan kamillik zirvəsinə ucala bilər:Hicran ataşında yanır bədənim, Sevda yollarında çapır köhlənim, Zərrə qədər gəlməz eynimə mənim, Bir cam para, bir cam dövlət, bir cam var.Deyə, bu dünyadakı az ömrü şərəflə yaşamağın ən böyük sərvət olduğunu dönə-dönə vurğulayır, təmiz ad üçün yaşadığını, başqa bir şeyin təmənnasında olmadığını deyir: Ay Ziyəddin, təmiz ada, Hörmət var eldə-obada. Hər gələn, fani dünyada Üç gün, beş gün qonaq olar.Kimi ustadnamələrində ağsaqqallıq rütbəsinə ucalır. Ağsaqqal olmaq isə aydındır ki, uzun yaşayıb, saç-saqqal ağartmaq kimi yox, müdriklik, aqillik, kamillik tələb edir. Xalqın işinə hər dəqiqə, bütün şəraitlərdə gərək olmaq kimi başa düşülməlidir: Yaşasınlar həqiqəti görənlər, Yaşasınlar sınıq könül hörənlər, Yaşasınlar doğru yol göstərənlər, Ağsaqqalın şərəfsizi heç nədir.Aşıq Ziyəddin mövhumatçı deyil, ancaq inamında möhkəmdir. Özünün yolu var. Bəziləri kimi üzdə bir, əməldə qeyri ola bilmir. Öz inam və etiqadından dönmür. Oxucuya, dinləyiciyə bu sahədə tutduğu yolu bədii dillə belə izah edir:Sidqi dillə sığınmışam qadiri-sübhana mən, Çıxmaram haqq yolundan, uymaram şeytana mən. Yaranıbdı cümlə cahan Rəsulullah eşqinə, Zərrə qədər şəkk eləyib, düşmərəm gümana mən.Deyə, bir olan Allaha baş əyir. Onun Rəsuluna rəğbət bəsləyir. Şəksiz-şübhəsiz bu yolun sahibi olduğunu bildirir. Bütün varlığın Allah tərəfindən yaradıldığına şübhə etmir. Özünü Allahın sadiq qulu sayır:Cümlə cahan yaranmazdı, sirri-sübhan olmasa, Yaransa nəyə dəyərdi, əgər insan olmasa? Günəş cahan şöləsidi, zərrəsindən nur səpir,Gecə-gündüz bilinməzdi, çərxi-dövran olmasa.Qadir sübhanın yaradıcı qüvvə olduğunu inkar etmədiyi kimi, əgər sübhan insanı xəlq etməsəydi, bütün yaranmışların heç bir şeyə dəymədiyini qeyd edərək, insanı yer üzünün əşrəfi, ən qiymətli sərvəti sayır. İnsanın da Günəş qədər vacib bir varlıq olduğunu vurğulayır.Həyatda tutduğu mövqeyinə, sənətinə və ilhamına görə öz Tanrısına şükürlər deyən Aşıq Ziyəddin "Əlini Tanrıdan üzmür". Ona son ümid yeri kimi baxır, gələcək qismətini ondan diləyir:Yetir qismətimi, sən ey qibləgah, Qəlbən sığınmışam, adına pənah, Haqsan, yeri-göyü yaradan Allah, Zərrəcə eyləməz gümanı könlüm.Bununla da öz dünyagörüşünü, inamını sübut edir, kimliyini təsdiqləyir. Və öz inamında, mövqeyində daimi olduğunu vurğulayır.Yuxarıda qeyd etmişdik ki, Aşıq Ziyəddin Borçalı aşıqlarının ən istedadlılarından biri - Xındı Məmmədin şəyirdi olmuşdur. Sənəti, sənətkarlığı öz ustadından əxz etmişdir. Şəyirdlərin hamısı başqa-başqa xüsusiyyətlərə malik olduğu kimi, başqa-başqa istedadlara da malik olur.Aşıq Ziyəddin hazırda yetkinlik dövrünü yaşayır. Sözdə, sənətdə yetkin sənətkar olduğu kimi, söz sahəsində də öz ustadına ruhən yaxınlaşmağa çalışmışdır. Ziyəddin də artıq ustad aşıq, tanınmış söz şairidir. O bar verən ağacı xatırladır. Ağac barı isə nə qədər çox olsa, o ona qida verən torpağa tərəf minnətdarlıqla başını daha çox əyir. Aşıq Ziyəddin həmişə ustadını özündən qabağa salır, ondan danışır, onun sözlərindən oxuyur. Şeirlərində də bu üsullu ustad-şəyird məsələsi xüsusi yer tutur:Çoxdu Borçalıda kamil sənətkar, Dədə Əmrah, aşıq Söyün, Kamandar, Ölüncə qəlbimdə məhəbbətim var, Xındı Məmməd olub ustadım mənim.Deyə, öz ustadı ilə fəxr edən Aşıq Ziyəddin: Yersiz tərifləyib özün öymədi, Bir könül sındırıb, qəlbə dəymədi, Hər yetən nadana boyun əymədi, Mərd yolunda cannan keçdi ustadım.Bülbül sevdalıydı gül bazarında, Natiq alim idi dil bazarında, Arif məclisində, ləl bazarında Sərraf tək incilər seçdi ustadım.Deyə, ustadının aqil, qadir, kamil ustad olduğundan fəxrlə danışır. Onun sənətkarlıq bacarığını, əxlaqi xüsusiyyətlərini ideallaşdırır. Və belə bir ustadın şəyirdi olduğu üçün özünü dünyanın xoşbəxtlərindən xoşbəxt sayır:Kamil bir bağbanın saldığı bağın, Ətirli, meyvəli budağıyam mən. Ariflər əyləşər qəlbim evində, Nurlu könüllərin otağıyam mən.Deyə, ustadına layiq şəyird mövqeyindən çıxış edir, varisi olduğu sənətkarın heykəlini qəlbində və dilində ucaldır:Eşqi ilham olan ər oğlu ərdən, Meydan quran, söhbət açan hünərdən, Kəlməsi bal olan mətahı zərdən, Ustad ozanların çırağıyam mən.Bəli, ustadlar ustadı Xındı Məmməd öz sənətinin yurdunda yaxşı çıraq yandırıb. Təəssüf, belə çıraqlar azdır. Aşıq Ziyəddin Xındı sənətinin və şəxsiyyətinin yaxşı yurddaşıdır.Hazırda sənətkarlığının və yaradıcılığının kamil dövrünü yaşayan söz şairi Aşıq Ziyəddinin şerlərində etik və estetik idealın vəhdəti haqda düşüncələrimizə yekun vurarkən onu əlavə etmək istərdik ki, Aşıq Ziyəddin - indi özü ustadı Xındı Məmməd kimi kamil sənətkardır və ustadı qarşısında onun mənəvi borcu bu məktəbin davamçılarını yetişdirməkdir.Aşıq Ziyəddin belə məktəbə ustadlıq etməyə layiq sənətkardır. Bu yolda uğur diləyirik.«Ruhani ruha dərmandı» kitabı onun əlimizdə olan ilk kitabıdır. Yəqin aşığın öz çapını gözləyən şerləri çoxdur. Təəssüflər olsun ki, əlimizdəki kitabı redaktə qüsurlarından xali deyil. Kamil sənətkarların kitabını nəşr edənlər, redaktə məsələsinə diqqətli olmalıdır. Məqsədimiz Aşıq Ziyəddin yaradıcılığında fəlsəfi-etik-estetik problem olduğu üçün bunları deməklə kifayətləndik. Yəqin, dilçi və ədəbiyyatşünas tədqiqatçılar da söz şairi Aşıq Ziyəddin (Borçalı Aşıq Ziyəddin) yaradıcılığı haqda öz fıkirlərini söyləməyə ehtiyac duyacaqlar.İbadət Mövləli Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.