Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti" Psixoloqlar insan fəaliyyətinin motivləşməsi sahəsini öyrənərək və təhlil edərək motivlərin təsnifini vermişlər. Özünün xarakterinə və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar:
1. Situativ və geniş motivlər;
2. fəaliyyətin nəticəsinə yönələn və onun özünə doğru yönələn motivlər;
3. eqoistik və ictimai əhəmiyyətli motivlər.

Təzahür xüsusiyyətlərinə motivləri görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq mümkündür:
1. geniş sosial motivlər; 2. idrak motivləri.


Bununla yanaşı olaraq, motivlərin xarici və daxili tipləri də qeyd olunur. Təlim fəaliyyətində müsbət və mənfi motivləşməyə də rast gəlmək mümkündür. Məktəb təcrübəsi, şagirdlərin təlim fəaliyyətinin tədqiqi göstərir ki, ayrı-ayrı yaş dövrlərində və ayrı-ayrı şagirdlər üçün bütün motivlər eyni dərəcədə təsir gücünə malik olmur.
Adətən ayrı- ayrı yaş dövrləri və ayrı-ayrı şagirdlər üçün bu motivlərdən biri - əsas, aparıcı, başqaları isə ikinci dərəcəli, köməkçi olur, bu sahədə müstəqil rol oynamır.


Psixoloji tədqiqatlar (L.I.Bojoviç) göstərmişdir ki, bir halda sinifdə əlaçı olmaq, əlaçı şagirdlərin yerini tutmaq, başqa bir halda gələcəkdə təhsilini davam etdirmək, ali təhsil almaq arzusu, digər bir halda isə biliyin özünə qarşı maraq bu cür aparıcı, əsas motiv kimi təzahür edə bilər. Ayrı-ayrı yaş dövrlərində təlim motivlərinin sisteminin müəyyənləşdirilməsi Psixoloji tədqiqatlar ayrı-ayrı yaş dövrlərində təlim motivlərinin sistemini müəyyənləşdirməyə imkan vermişdir. Məsələn, tədqiqat zamanı yeniyetməlik dövründə vacib təlim motivləri kimi aşağıdakılar qeyd olunmuşdur: Yalnız mütəşəkkil, məqsədəuyğun və planlı öyrənmə prosesini təlim adlandırmaq olar. Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan üç amildən asılıdır: nəyi öyrədirlər; kim və necə öyrədir, kimi öyrədirlər. Birincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyətin əldə edilməsi mənimsənməli olan materialların, məzmunu və sistemindən asılıdır. Məzmun düzgün seçilmədikdə, sistemsiz və pərakəndə olduqda, öyrənilməsi nəzərdə tutulan məfhumlar lazımi səviyyədə olmadıqda mənimsəmənin səmərəli gedəcəyinə ümid bəsləmək olmaz. Adətən təlimin məzmunu düzgün seçilmədikdə, şagirdlərə dolaşıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiallara qarşı psixoloji doyumluluq yaranır, təlim prosesindəki fəallıqları aradan qalxır. İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə edilməsi öyrədən adamın - müəllimin şəxsi keyfiyyətlərindən, pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi konkret tədris metodundan, şagirdlərin psixologiyasını dərindən bilməsindən və s. asılıdır. Üçüncüsü, təlim prosesi öyrədilənin - şagirdin xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən (əqli, emosional, iradi), onda təlimə qarşı münasibətin yaranmasından, onun meyli və maraqlarından, tələbat və öyrənməyə qabillik imkanlarından da çox asılıdır. İnkişafetdirici və tərbiyəedici təlim Biz təlim və inkişaf probleminə toxunarkən onun pedaqoji psixologiyasının və yaş psixologiyasının ən aktual problemlərdən biri olduğunu, bu sahədə müxtəlif baxışların mövcudluğunu qeyd etdik. Vıqotskiyə görə təlim inkişafın başlıca şərtidir. Təlim inkişafetdirici və tərbiyəedici funksiyaları yerinə yetirir. Ona görə də təlimin məzmunu, forma və üsulları elə seçilməlidir ki, bu funksiyaları həyata keçirməyə imkan versin, inkişaf anlayışı çoxcəhətli anlayışdır. Şagirdlərin inkişafından söhbət gedərkən birinci növbədə onların psixi inkişafı diqqəti cəlb edir. Təlim prosesində şagirdlərin psixi inkişafının əsas istiqamətlərini təhlil edərkən psixoloqlar, ilk növbədə biliklərin onların tətbiqi mexanizminin və şəxsiyyətin ümumi xassələrinin inkişafı şəraitini qeyd edirlər. Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin formalaşmasına yönəlmiş təlimdir. Bu mənada təlim eyni zamanda tərbiyəedici funksiyanı həyata keçirir.
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir, insan amilinin əsas yer tutduğu hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır. Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla, tərbiyə psixologiyası gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin keyfiyyətlərinin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir. Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsi bu prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan, birinci növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə, insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır.


Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri

Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli şəxsiyyətinin formalaşması haqqında düşünürük. Başqa sözlə, məktəbin və müəllimin imkanları dairəsində, şəxsiyyətin formalaşması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıda durur. Hələ məktəb yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurulmaması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətində arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaq isə yenidəntərbiyə işi tələb edir ki, bu da əvvəlcədən yeni keyfiyyətləri formalaşdırmaqdan qat-qat çətindir. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, tərbiyə böyükməkdə olan nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir. Ona görə də bu proses özünün psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə almadan tərbiyə işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Burada birinci növbədə tərbiyə prosesinin maliyyətini təşkil edən və psixoloji nöqteyi-nəzərdən bir-birilə bağlı olan aşağıdakı cəhətlərə diqqət yetirmək lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların qarşılıqlı münasibətləri, tərbiyənin məqsədi, tərbiyə prosesində istifadə olunan yollar. Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi şəkildə formalaşdırıla bilər. Tərbiyə prosesində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlərinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motivlərinə görə bir-birlərindən fərqlənirlər. Ayrı-ayrı yaş dövrlərində bu fərqlər müxtəlifləşir və özünəməxsus tərbiyəvi iş tələb edir. Ona görə də tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün birinci növbədə tərbiyə olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır. Məhz buna görə də hələ vaxtilə pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyyə edirdi. Görkəmli psixoloq S.L.Rubnşteyn göstərir ki “uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki, onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək.” Məhz buna görə müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin xüsusiyyətlərini aşkara çıxartmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə tətbiq etməyə çalışmalıdır. Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə bir qənaətə gəlmişlər ki, şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili, şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bu baxımdan, şagirdlərin tələbat sahəsinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Çox vaxt şagirdin davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Buradan tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir tələb - şagirdin davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Psixoloqların tədqiqatları sübut etmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilər. Məs: bir şagird öz yoldaşının düzgün olmayan hərəkəti haqqında sinif rəhbərinə xəbər verir. Şagirdi buna vadar edən, başqa sözlə onun bu cür hərəkətinin motivi müxtəlif ola bilər. Ola bilsin ki, şagird öz yoldaşını bu vəziyyətdən çıxarmaq, ona kömək etmək məqsədilə sinif rəhbərindən kömək gözləyir. Yaxud sinif rəhbərinin yanında özünü ucaltmaq, onun nüfuzunu qazanmaq üçün bu cür hərəkət edir, lakin ola bilsin ki, şagird öz yoldaşından qisas almaq üçün bu yolu tutur. Tərbiyə prosesində müvəffəqiyyət qazanmaq üçün təkcə şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi və nəzərə alınması kifayət deyildir. Burada tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. Adətən konkret şərait nəzərə alınmadan tətbiq olunan, şablon tərbiyəvi tədbir istənilən nəticəni vermir, bəzən hətta mənfi təsir göstərir. Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada müəllimin pedaqoji təxəyyülü iştirak etsin. Belə olduqda müəllim konkret şəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə kimi nəticə verəcəyini qabaqcadan görə bilir.

Şagirdlərin yaş xüsusiyyətləri və psixologiyası

Şagird psixologiyasının formalaşması prosesini psixoloji cəhətdən düzgün təhlil etmək üçün bu sahədə özünü göstərən yaş xüsusiyyətlərini ətraflı öyrənmək lazımdır. Hər bir yaş dövründə qabiliyyətlərin formalaşması sahəsində köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. İstər məktəbəqədər və kiçik məktəbi, istərsə də yeniyetməlik və erkən gənclik yaşı dövrlərində ümumi və xüsusi qabiliyyətlər iki istiqamətdə makro və mikro istiqamətlərdə inkişaf edir. Biz makro inkişaf dedikdə, qabiliyyətlərin müəyyən bir yaş dövründə qarşılıqlı əlaqədə inkişafının nəzərdə tuturuq. Bu prosesdə müəyyən bir ümumi qabiliyyətdə, məsələn, obrazlı təfəkkürdə əmələ gələn bir xüsusiyyət digər ümumi qabiliyyətin (yaradıcı təxəyyülün və s-nin) inkişafına təsir göstərir, onlar isə qarşılıqlı əlaqədə xüsusi qabiliyyətlərin (tutaq ki, söz assosiasiyalarının zənginliyi və ifadəli dilin) inkişafım şərtləndirir. Mikro inkişaf dedikdə isə ayrı-ayrı qabiliyyətlərin öz-özlüyündə inkişafı prosesi nəzərdə tutulur. Bu mənada biz obrazlı təfəkkür, yaradıcı təxəyyül və sairə kimi qabiliyyətlərin inkişafından danışırıq və danışmalıyıq. Qabiliyyətlərin mikro və makro inkişafı bir- birilə vəhdət təşkil edir;
Hər bir yaş dövrünün öz xüsusiyyətləri vardır. Kiçik məktəblinin bilik sahələrinə marağı, yeniyetmənin xüsusi fəallığı və meyllərinin genişliyi, böyük məktəblinin özünü şüurlu surətdə tənzim etmək meyli bunların hamısı bu və ya digər yaş dövrünün səciyyəvi xüsusiyyətləri kimi qabiliyyətlərin formalaşmasına mühüm təsir göstərir. Bu xüsusiyyətləri nəzərə almadan qabiliyyətlərin inkişaf xüsusiyyətlərini düzgün qiymətləndirmək olmaz. A.N.Leontyevin aşağıdakı fikri əqli qabiliyyətlərin inkişafı prosesini bu baxımdan təhlil etmək imkanı verir: «uşağın əqli inkişafını bütövlükdə onun psixi inkişafından, mənəvi simasını müəyyən edən maraqlarının hisslərinin və başqa əlamətlərinin zənginliyindən ayrılıqda nəzərdən keçirmək olmaz». Qabiliyyətlərin hamısının inkişafında həmin qanunauyğunluğun mühüm rol oynadığını görmək çətin deyildir. Bu o deməkdir ki, qabiliyyətlərin formalaşması müvafiq yaş dövrünün xüsusiyyətləri ilə şərtlənir. Psixi inkişaf geteroxron (geteroxron - qeyri-bərabər) xarakter daşıyır. Ayrı-ayrı yaş dövrlərində psixi inkişafın sürətlənməsi və ya ləngiməsi, gözlənilmədən yüksəlməsi və ya geriləməsi müşahidə olunur, başqa sözlə, eyni yaşlı uşaqların psixi inkişafı bir variantda deyil, müxtəlif variantlarda özünü güstərir. Qabiliyyətlərin inkişafı prosesində də həmin cəhət bütün aydınlığı ilə meydana çıxır. Qabiliyyətlərin inkişafı prosesini bu istiqamətdə xarakterizə etmək üçün bəzi məsələlərlə tanış olaq. Senzitiv dövr uşağın ontogenetik inkişafının mühüm mərhələsini təşkil edir; bu zaman inkişaf edən uşaq ətraf mühitin müəyyən təsirlərinə xüsusilə həssas olur, psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün əlverişli şərait yaranır. Məsələn, məktəbəqədər yaş dövründə uşaqlar nəinki ana dilini, həm də başqa dilləri daha tez öyrənirlər. Bu baxımdan xüsusilə 3-5 yaş dil öyrənmək üçün senzitiv dövr hesab olunur. Ayrı-ayrı qabiliyyətlərin formalaşması və inkişafı baxımından məktəbəqədər, kiçik məktəbli və yeniyetməlik yaş dövrlərinin öz imkanları vardır. Senziti yaş dövrlərinin imkanlarından vaxtında səmərəli istifadə edilmədikdə bu sonralar qabiliyyətin inkişafı prosesində müəyyən çətinliklərin əmələ gəlməsi ilə nəticələnir. Yüksək əqli qabiliyyətlərə malik olan şagirdlər haqqında psixologiyada çoxlu faktlar toplanmışdır. Onlar psixi inkişafın variantlarından biri kimi son zamanlar diqqəti daha çox cəlb edir. Erkən əqli inkişaf halları bəzən daha qabarıq formalarda özünü göstərir. Öz həmyaşıdlarını xeyli ötüb keçən vunderkinq uşaqlar belə hallara misal ola bilər. Müəllim və tərbiyəçilər çox vaxt bu cəhəti nəzərə almır, vunderkind uşaqları az qala qeyri-adi adam kimi təqdim edir, onlarda özləri haqqında düzgün təsəvvür yaratmırlar. Belə tərbiyə üslubunun nəticələri isə çox hallarda fərəhli olmur. Kiçik yaşlarından özlərinin yüksək qabiliyyətləri ilə fərqlənən uşaqların, o cümlədən vunderkindlərin tərbiyəsi valideyn və tərbiyəçilərdən xüsusi psixoloji səriştə tələb edir. Yeniyetməlik yaşı dövründə özünün əqli qabiliyyətlərinin inkişafı etibarilə həmyaşıdlarından fərqlənən xeyli şagirddə təsadüf olunur. Belə şagirdlərin iki tipi diqqəti daha çox cəlb edir: onların bir qismi maraqları və ətrafdakı adamlara münasibəti etibarilə daha çox kiçik məktəbliyə bənzəyir.

Dərsi asanlıqla başa düşür, məsələni daha asan yolla həll edir, lakin özünü sadəlövh aparır, aşağı qiymət alanda ağlayır, qızlarla kiçik uşaq kimi vuruşur, bütün fənlərlə eyni dərəcədə maraqlanır; digər qismi isə özünü əslində böyük məktəbli kimi aparır: müəllimlərin bir çox məsləhətlərinə əməl etmir, dərsdə bəzən kənar işlərlə məşğul olur, ancaq maraqlandığı fənnə xüsusi diqqət yetirir, həmin fənnə aid əlavə ədəbiyyat oxuyur, xüsusi dəftər tərtib edir. Böyük məktəbli yaşında da biz bu sahədə maraqlı hallarla rastlaşırıq. Onlardan biri aşağıdakı ondan ibarətdir: aşağı siniflərdə öz həmyaşıdlarından fərqlənməyən bəzi şagirdlərdə güclü intellekt əlamətləri özünü göstərməyə başlayır. Onlar birdən-birə yaxşı oxumağa başlayırlar. Müəyyən bir elm, ədəbiyyat və incəsənət sahəsi ilə daha çox maraqlanır, həmin sahə ilə saatlarla məşğul olurlar. Bütün bu araşdırmalar nəticəsində uşaqların məktəb dövründəki psixi inkişafının daha sürətli getdiyini aydınlaşdırılmışdır. Şagirdlərin psixologiyası məktəb dövrlərində kənar müdaxilələr nəticəsində çox dəyişkən inkişaf edir. Şagirdin psixi inkişafına ən güclü təsir onun oxuduğu məktəbdəki sinif yoldaşlarının, müəllimlərinin və ətrafında cərəyan edən hadisələrin təsiridir.

NƏTİCƏ

Şagirdlərin psixologiyası, fərdi psixoloji xüsusiyyətləri dili müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasından fərqlərdə ifadə olunur. Elmi texniki tərəqqi dövründə bir tərəfdən yeni fəaliyyət sahələri əmələ gəlir, digər tərəfdən sənayenin avtomatlaşdırılması robot texnikası və sair tətbiqi əlaqədar olaraq əvvəlki fəaliyyət sahələri yeni intellektual məzmun kəsb edir. Bu şəraitdə Şagirdlərin psixologiyası hər tərəfli inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Hər hansı bir müvəffəqiyyətlə icranı etmək üçün həm ümumi həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Ayrı- ayrı qabiliyyətlər eyni bir fəaliyyət bir fəaliyyətin tərkibində bir-birilə üzvi surətdə və qarşılıqlı əlaqədə mövcud olur. Tərbiyə işi sahəsində nöqsanlar ondan irəli gəlir ki, müəllimlər çox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə təlim müvəffəqiyyətinə görə mühakimə yürüdürlər. Şagirdlərin psixologiyasının müxtəlif inkişaf variantları vardır. Psixi inkişafın ayrı bərabər xarakteri bu sahədə xüsusilə aydın nəzərə çarpır.
Pedaqoji və yaş psixologiyasının əsas istiqamətlərindən biri kimi inkişaf edən məktəbə psixoloji xidmət psixologiyası həmin sahələrin bir növ inteqral birliyini təşkil edir. Ona görə də məktəbə psixoloji xidmətin üç mühüm əhatə sahəsi mövcuddur: müasir məktəb şəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın və şəxsiyyətin formalaşmasının qanunauyğunluqlarını öyrənmək (elmi aspekt); tədris proqramlarının tərtibi, dərsliklərin hazırlanması, didaktik və metodik materialların psixoloji əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt); psixoloqların məktəbdə bilavasitə işləmələri (praktik aspekt). Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzusunu təşkil edir. Şübhəsiz, vəhdətdə olan bu sahələrin hər birinin öz məqsəd və vəzifələri vardır ki, onları həyata keçirmədən psixoloji xidmətin səmərəliliyi mümkün deyildir. Birinci aspekt bilavasitə həmin sahədə çalışan tədqiqatçılarla bağlıdır. Bu sahədə aparılan tədqiqatlar elə olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları və mexanizmləri açarkən bilavasitə məktəbdə işləyən psixoloqun, məktəb müəllimlərinin fəaliyyəti nəzərə alınmış olsun. Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki, onlar konkret məktəb şəraitinə, konkret uşaqda şəxsiyyətin formalaşdırılmasma xidmət göstərə bilsin.
Məktəbə psixoloji xidmətin tətbiqi aspekti tələb edir ki, proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən psixoloji biliklərdən kifayət qədər istifadə olunsun. Bu cəhət nəzərə alındıqda yeri gəldikcə həmin sahələrdə psixoloqların bilavasitə iştirakı daima səmərəli nəticə verir. Psixoloji xidmətin praktik aspektinə gəldikdə daha çox nəzərə çarpan, əsl mənada məktəbdə psixoloji xidməti təmin edən cəhətdir. Məktəbə xidmətin həmin sahəsini bilavasitə məktəb psixoloqları həyata keçirməlidir. Bu zaman onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar. Bəs konkret olaraq məktəbdə psixoloji xidmətin vəzifələri nədən ibarətdir? Həmin vəzifələr əsasən məktəbdə psixoloji xidmətlə əlaqədar əsasnamədə öz əksini tapmışdır. Həmin vəzifələri aşağıdakı kimi xarakterizə etmək olar: Məktəbdə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Psixoloji ədəbiyyatda məktəbdə psixoloji xidmət fəaliyyətinin iki istiqaməti qeyd olunur: aktual və perspektiv (S.V.Dubrovina).
Məktəbə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti şagirdlərin təlim və tərbiyəsindəki bu və digər çətinlikləri, onların davranışlarında, ünsiyyətlərində, şəxsiyyətinin formalaşmasındakı qüsurlarla bağlı bugünkü problemlərin həllinə yönəldilmiş istiqamətdir.
Məktəbin gündəlik həyatında həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim, şagird, valideynlərə konkret kömək göstərməyə ehtiyac duyulur ki, bunlar məktəbdə psixoloji xidmətin bugünkü mühüm vəzifəsi hesab olunur.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: