AZAFLI MİKAYILLA MƏKTUBLAŞAN POÇTALYON

AZAFLI MİKAYILLA MƏKTUBLAŞAN POÇTALYON Mən deyərdim ki, Tapdıq Yusifov bir ömrün içində bir neçə ömür yaşayan insandır. Çoxlarımız giley edirik ki, insana bəxş edilən ömür çox qısadır. Lakin Tapdıq əmi üçün bu ömrün uzunluğu intəhasızdır. Bu intəhasızlıqdan usanmaq, doymaq onun üçün ağılagəlməzdir. Doğulub boya-başa çatdığı Qarayazının Candar kəndinin əsrarəngiz təbiəti, ünsiyyət qurduğu insanların müdriklikqarışıq baməzəlikləri, gün çıxandan günbatana keçmiş dəyirmanın qalıq daşları üzərində oturub demisinə od vuran qocaların Osmanlı-türk söhbətlərinin bitməzliyi, kəkilli uşaqların çıxardıqları min bir hoqqa, qız- gəlinlərinin həyası, qəriblərinin yurd nisgili, daha nələr Tapdıq əminin gözündən qaçmayan, həmişə də bığaltı gülümsəyə=gülümsəyə xatırladığı doğma Candarın daş yaddaşıdır..

1938-ci ildə Candar kəndində dünyaya göz açan T. Yusifli taleyinə yazılmış ömrün əlli ilinə yaxınını poçtalyon işləyəcəyini bilsəydi, bəlkə də qismətinə min şükür edərdi. Bəli, o, az qala əlli ilə yaxın Qardabani mərkəzi poçtunda və Candar kəndində poctalyon işləmişdir. Bu əlli il ərzində Tapdıq əmi minlərlə müxtəlif xarakterli insanlarla ünsiyyət qurmuş, yüzlərlə ailəyə sevinc bəxş etmişdir. Özü demişkən, önun gətirdiyi şad xəbərlərdən sevinən-gülən ailələrdən, insanlardan çox sevinərdi. İnsanların sevincini, kədərini bölüşmək böyük işdir. İtirdikərinə heyfsilənməmək, qazandıqları ilə qürrələnməmək Tapdıq əminin amalına çevrilmişdi. Onu kənddə balacadan-böyüyə, cavandan-yaşlıya hamı yaxşı tanıyır, hamı sevirdi. O illərin qazancıdır ki, Tapdıq əminin – bu qaraşın, sakittəbiətli, üzügülər kişinin hörmət-izzəti yerindədir.

Tapdıq Yusifli güclü yaddaşa malik insandır. Ömrünün 87-ci baharını yaşasa da, hafizəsi yerindədir. Mən onu bu cür coşğun, kükrək görməmişdim. Heç qabında nə olduğuna da bələd deyildim. Bugünki görüşdə tanıdığım Tapdıq əmi tamamilə başqa insan olmuşdu–danışan, gülən, şeir söyləyən. Şeirlər yazdığını bilirdim, ancaq bu qədər şeir əzbər söylədiyi ağlıma belə gəlmirdi. Təbi coşanda yazdığı şeirləri bir yana qoyub, digər şairlərdən ağızdolusu şeirlər söyləmək Tapdıq əmini gözümdə daha da ucalığa apardı. Səməd Vurğundan, Süleyman Rüstəmdən, Əliağa Kürçaylıdan və başqa klassiklərdən birnəfəsə uzun-uzadı şeirlər söylədi. S. Vurğunun “Rəhbərə salam” şeirini elə dilə gətirdi ki, az qaldı bu şeirə olan nifrətim sevgiyə çevrilsin. Görkəmli sənət adamları, dövlət başçıları haqqında oxuduğum-oxumadığım xatirələr danışır, özü də elə həvəslə, elə sevgi ilə ki, heyran qalmaya bilmirsən.

...Onunla görüşdən ayrılmaq istmirdim, ha çalışırdım ki, söhbəti uzadım. Çünki ona sərf etdiyim zamana heyfim gəlmirdi. Dürüstlüyü, alicənablığı, mərifəti, təmkini, mənalı baxışları, bəzən də söz-söhbətə urva olan fasiləsi onun obrazının bütövlüyünü tamamlayırdı. O da ayrılmaq istəmirdi. Birdən yadına nəsə düşdü. Çöhrəsinə qonan təbəssümdən sezdim ki, Tapdıq əmi bizdən nəyisə gizlədir. Yox, sən demə, indiyə qədər çoxlarının bilmədiyi bir sirri aşikar edəcəkmiş. Birdən dilə gəldi:

AZAFLI MİKAYILLA MƏKTUBLAŞAN POÇTALYON Ustad aşıq Azaflı Mikayılla yazışmalarım var, dedi.
İsrar etdim ki, bu məktublaşmaların üzünü köçürüb bizə verin. Qarşılıqlı yazışmaları əzbər söylədi. Mütləq köçürüb bizə verəcəyini vəd etdi. Tapdıq əminin vədinə inanırdıq. Inanırdıq ki, indiyə qədər yaxından tanıya bilmədiyimiz T. Yusiflinin sirrdolu qəlbinin səxavət qapısı bizə də açıq imiş. Əminliklə deyə bilərəm ki, Tapdıq əminin bir ömür içərisində yaşadığı bir neçə ömrün bir kəsiyi də ustad Azaflı Mikayılla yazışmalarıdır.

Aşağıda həmin məktubları oxucuların ixtiyarına veririk.

Əbdüləli İBRAHİMSOY



AZAFLI

(Aşıq Azaflı Mikayıla I məktub)

Səni gördüm coşdu qəlbim çay kimi,
Sənətinə vurğun oldum, Azaflı!
Sən sazınla “Cəngi”, “Misri” çaldıqca
Bulud tək boşalıb-doldum, Azaflı!

Sən azər oğlusan, el səni sevir,
Çiçək səni sevir, gül səni sevir.
Vəcdə gəlib ötən dil səni sevir,
Mən şahidəm, özüm gördüm, Azaflı!

Vurğun sənətinin elçisi sənsən,
Əzabkeşi sənsən, yolçusu sənsən.
Gözəl şeirimizin carçısı sənsən,
Səni uca bir dağ bildim, Azaflı!

Hələ altımışa çatmayıb yaşın,
Vurğun kimi nə tez ağarıb başın?!
Hər bir eldə vardır dostun, qardaşın,
Çoxlarından səni sordum, Azaflı!

Eşitmişəm başın çəkən bəlanı,
Sənin kimi gözəl bir insan hanı?
Tapdıq deyər: - Alım sənin qadanı,
İlhamımı səndən aldım, Azaflı!

Tapdıq YUSİFLİ


QURBAN

(Azaflı Mikayılın Tapdıq Yusiflinin I məktubuna cavabı)

Nizami, Füzuli, Dədə Qorqudun
Sənətinə vurğun olana qurban.
Ustad babaların qopuz, sazında
Ellər havasını çalana qurban.

Əsl azər oğlu elini sevən,
Salamını sevən, “bəli”ni sevən.
Sənətini sevən, dilini sevən,
Həqiqətə səcdə qılana qurban.

Zirvəmə zirvədir Abbas, Qurbani,
Ələsgər, Vurğundur şeirin sultanı.
Sənətimin səsi tutub hər yanı,
Onu dildən-dilə salana qurban.

Inci, gövhər satan tacir, xocayam,
Altımışda qoca baba, qocayam.
Dağlarım var, uca dağdan ucayam,
Ürəkdən qeydimə qalana qurban.

Çəkib min bir bəla, min cəza başım,
Mənimlə ağlayıb torpağım, daşım.
Azaflı, dərd qanan Tapdıq qardaşım,
Ay mənim qadamı alana qurban.

Azaflı MİKAYIL
14. II. 1986-ci il



ÇATDIMI

(Azaflı Mikayıla II məktub)

Xeyli vaxtdır yazıb sizin ünvana
Məktub göndərmişəm, sizə çatdımı?
Burada qış düşüb, soyuq başlayıb,
Sizdə də qar yağıb dizə çatdımı?

Qəlbimdə yaranıb bir belə ilqar,
Bizim dostluğumuz lap yaxşı olar.
Əgər qonaq gəlsən, sevinər ellər,
Əziz dostlar gəlib bizə çatdımı?

Səcdə eləyirəm qarşında sənin,
Min tufanlar olub başında sənin.
Tapdıq deyər belə yaşında sənin
Dostun sayı artıb yüzə çatdımı?
Tapdıq YUSİFLİ



ÇATIBDI

(Azaflı Mikayılın Tapdıq Yusiflinin II məktubuna cavabı)

Əzizizm, möhtərəm Tapdıq qardaşım,
Yazdığın məktubun bizə çatıbdır.
Fələyin qəhrindən qarışıb başım,
Biri itib, biri təzə çatıbdır.

Əzəldən vurğunam özüm ellərə,
Qurbandı ürəyim, gözüm ellərə.
Hər şirin kəlamım, sözüm ellərə,
Dünyanın əzabı düzə çatıbdır.

Səcdənə səcdəyəm, deyilən kimi,
Azaflı sevinər dost gülən kimi.
Əsl insan kimi haqq bilən kimi
Qəlbimdə hörmətim yüzə çatıbdır.

Azaflı MİKAYIL
25. III. 1986-cı il

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: