Təranə VAHİD: ÖZÜYLƏ SÖHBƏTİ... VƏ HEKAYƏLƏRİ

Təranə VAHİD: ÖZÜYLƏ SÖHBƏTİ... VƏ HEKAYƏLƏRİ
- Söhbətə hardan başlayaq?

- İndidən. Hərdən adamlar söhbətin səmtini dəyişib ya keçmişdən, ya da gələcəkdən salır. Bəs indi, indi necə olsun? Mən yaşadığım zamanı bütün ruhumla hiss etmək, barmaqlarımla vaxta toxunmaq, əqrəblərin ucunda doğulan saniyələri salamlamaq, axıb gedən suya, ağacdan düşən yarpağa, ot basmış
cığıra fürsət tapıb nəsə pıçıldamaq istəyirəm. Nə gizlədim, sözü ovcuma yığıb əzizlədiyim, rənginə, rəqsinə tamaşa etdiyim, səsini duyduğum vaxtlar da olur. Hərdən də iki daş arasında Dünya nənənin milyon illik mücrüsünü açıb hər kəsin unutduğu gizlinləri günə vermək, toz basmış həqiqətlərin könlünü almaq istəyirəm. Mənə elə gəlir ki, bütün zamanların kəsişdiyi nöqtə elə indidir. İndidən qaçmaqla biz, əslində, özümüzdən qaçıb, özümüzü unuduruq. Unudulmaq yaşamağın ən pis formasıdır.

- Ruhuna yaxın olan yazıçılar kimlərdi?

- Taqor ruhumu işıqlandırır, Çexov məni heyrətləndirir, Servantes düşündürür, Dostoyevski hisslərin labirintinə salır, “Dünya tanrıları”, “İnsanoğlu İsa”, “Asi ruhlar”, “Peyğəmbər” romanlarını yazan, üstəlik, esse ustadı Xəlil Cibranla sanki ruh qohumluğum var.
Hüqo, Markes, Folkner, Nəcib Məhfuz, Əziz Nesin, Çingiz Aytmatov - bunlar mənim sevdiyim yazıçılardı. Amma məndən soruşsan ki, son illər ən
çox təsirləndiyin yazıçı kim olub, tərəddüd etmədən gürcü yazıçısı Qoderzi Çoxelinin adını çəkərəm.
Onun yaradıcılığı başqa bir möcüzədir. Heyf ki, az yaşadı, “Küknarlara məktublar” ı yazıb çıxıb getdi...
Hansı yazıçının yaradıcılığı səni təsirləndirirsə, ürəyinin şah damarına toxunursa, yaddaşında kök salırsa, o, sənin yazıçındır. Markesin “Baltasarın həyatında unudulmaz gün” hekayəsi var. Başqa hekayələrin yanında o qədər də gözəçarpan deyil.
Amma hər dəfə bu hekayəni oxuyanda aldığım zövqü sözlə ifadə edə bilmərəm. Ya da Çexovun “Yuxum gəlir” hekayəsi... Bu hekayələr ruhumu yerindən oynadır. Başqalarını deyə bilmərəm, amma indi yazıçıların xəstəsi olan yazıçılar peyda olub.
Bulqakova qibtə edənlər, Ekopərəstlər, kimlər, kimlər, kimlər... Hər kəs də inad edir ki, məhz onun sevdiyi yazıçı yazıçıdı, yerdə qalanlar... Bu fikirlərlə əsla razılaşmıram. Doğrudur, bunların hər biri ayrı-ayrılıqda ədəbiyyat nəhəngləridir, ancaq “onların hansı birincidir” sualı üstündə çənə döyməyə
dəyməz. Ədəbiyyat zövq məsələsidir. Loru dildə desəm, ədəbiyyat vitaminlər kompleksidir. Ruhun hansı qidaya ehtiyacı varsa, onu istəyəcək. Əsas olan da bax budur.

- Azadlıq deyəndə ağlına gələn ilk söz hansı olur?
- Qan. Qansız azadlıq yoxdu. Azadlıq qan bahasına başa gəldiyindən qandan da qiymətlidir.
Azadlıq haqqında o qədər gözəl şeirlər, əsərlər, aforizmlər var ki. Amma azadlıq deyəndə nədənsə yaddaşımda mərhum şairimiz Eldar Baxışın misraları dolaşır:
Mənə yarımçıq azadlıq verincə, Bütöv ölüm ver, İlahi!
Azadlıq bax, budur.

- Yaddaşında başqa hansı misralar dolaşır?

- Axır vaxtlar yaddaşımda Xorxe Luis Borxesin dünayda ən çox oxunan şeirinin ilk sətri dolaşır: “Əgər yenidən başlaya bilsəydim yaşamağa...”

- Cavabını suala çevirək: Əgər yenidən başlaya bilsəydin yaşamağa, nələr edərdin?

- Nələr etməzdim?! Ürəyimin səsinə qulaq asardım. Ürək kompasdı, onun göstərdiyi istiqamət ən düzgün seçimdir. Bundan başqa, dünya dillərini,
o cümlədən qədim latın, ibrani, yunan, ərəb dillərini, onilliklər sərf etsəm də, öyrənərdim. Hər günümü son gün kimi yaşayardım.
Amma özümü aldatmayım, mənə yenidən yaşamaq şansı verilsəydi, bəlkə də, imtina edərdim.
Təkrarçılığı sevmirəm.

- Mətləbdən uzaqlaşmayaq, mən biləni, yaddaşında başqa misralar da dolaşır: - Hə, Nazim Hikmət yaradıcılığını çox sevirəm.
Ayrılıq ədəbiyyatın əbədi mövzularındandır. Nazim Hikmətin ayrılığı başqa bir ayrılıqdı:
Kimi otların, kimi balıqların çeşidini bilir,
Mən ayrılıqların.
Kimi əzbərə sayar ulduzların adını,
Mən həsrətlərin...

- Nə vaxtsa ürəyindən kiməsə məktub yazmaq keçib?

- Məktubların dəbdən düşdüyü vaxtda bir gün məktub yazıb poçta atdım. İki-üç gündən sonra qapı döyüldü. Gələn poçtalyon idi. Üstünə marka yapışdırılmış məktubu tələsik açdım. Sən demə, göndərdiyim məktubu özümə yazmışam. “Özümə məktublar” belə yarandı. İstəyirsən, məktublardan birini oxuyum.

- Nə deyirəm, onsuz da oxuyacaqsan.

- Salam. O gün yuxuda nar gördüm. Qıpqırmızı nar idi, başında qəşəng tacı da vardı. Nar öz tacını
mənə vermək istəyirdi. And-aman elədim ki, tac mənlik deyil. Heç ömrümdə ağlımın ucundan da
keçməyib ki, başıma tacaoxşar nəsə qoyum. Bəstəboy adamlara, ümumiyyətlə, tac yaraşmır. Bu yerdə
gülmək işarəsi qoymaq üçün lap ürəyim gedir.
Hə, harda qaldıq, onu deyirdim axı, nar öz
tacını mənə vermək istəyirdi. Sonra narı da, tacı da
yuxumda itirdim. Bir dəstə atlı qarışqa girdi yuxuma.
Məndən yaxşı bilirsiz ki, atlı qarışqaların qanadı
olur. Amma nardan fərqli olaraq qarışqalar mənə
qanad-zad təklif etmədilər. Çaparaq yuxumdan keçib
getdilər. Sözün düzü, axır vaxtlar böcəklərin həyatı
məni daha çox maraqlandırır, nəinki, adamların.
Fransız yazıçısı Bernar Verberin “Qarışqalar”
trilogiyası var. Əsər paralel dünyalardan: qarışqaların
və insanların sivilizasiyasından bəhs edir. Birbirindən
xəbərsiz iki dünya. Amma onlar bir gün
mütləq qarşılaşmalıdırlar. Maraqlananlar oxusunlar.
Sözümün canı ondadır ki, heyvanlar, böcəklər,
bitkilər milyon ildi dünyanın yalnız insanlara yox,
həm də onlara məxsus olduğunu bizə anlatmağa
çalışır. Başa düşmək istəmirik, amma gec-tez onların
qanunlarına tabe olacağıq. Əks halda, özünüz
bilirsiz, nə olacaq.

- Qorxursan?

- Hərdən adamlar adamların ruhuna toxunur.
Bu, məni çox qorxudur. Ruh toxunulmazdı. Uşaq vaxtı alman yazıçısı Ceyms Krüsin “Tim Taler və ya Satılmış gülüş” əsərini oxumuşdum. Gülə bilməyən
adam yetim Tim Talerin gülüşünü var-dövlət hesabına satın alır. Gülüşünü satan uşağın əsl facisəi ondan sonra başlayır. İndi də ruha əl uzadırlar. Bu çox qorxulu gedişdi. Tanrıyla Adam arasında ən şəffaf bağ ruhdu. Ruha toxunulsa, bağ qırılsa, ümid etməyə daha heç nə qalmayacaq.

- “Qanadlı adam” essendə bu mövzuya toxunmusan.

- Qanadlı adamlar az-az doğulur və adım kimi əminəm ki, qanadlı adamların heç biri öz əcəliylə ölmür. Hüseyn Cavid , Mikayıl Müşfiq kimi.
Qanadsız adamlar səmanı sevmir, heç vaxt da sevməyəcəklər. Axı səma onların nəyinə lazımdı?!
Qanadlı adamlarsa doğulacaq, qaranlığı bir anlıq işıqlandırmaq, işığı adamlara xatırlatmaq üçün.

- Fikir vermişəm, yer üzündə elə bir yazar, şair yoxdu ki, dünya onun yaradıcılığından
keçməsin. Dünya sənin üçün nədir?
- Dünya sözü hər dildə bir məna daşıyır. Ancaq “İncil”də dünya sözü başqa məna daşıyır və mənə
elə gəlir ki, dünya sözünün ən yaxşı tərifi elə budur.

“İncil”də belə yazılır: “Allahdan uzaqlaşdırılmış
və ona üsyan edən insanların qurduğu sistemə dünya
deyilir”. Mən bununla razılaşıram, biz qovulmuşlarıq,
Yerə sürgün olunmuşuq. Bir ömür burda gəldiyimiz
yer üçün darıxırıq və nə zamansa qovulduğumuz
məkana qayıdırıq.
- Adamları ən çox harda müşahidə edirsən?
- Metroda. Hər dəfə eskalatorla düşəndə mənə
elə gəlir ki, insanların ağırlığından, qaramatından,
fikir qarışıqlığından metronun boğazı ağrıyır. Mən
də bu yandan adamların arasında öz personajımı
axtarıram. Mənə elə gəlir ki, insanlar təbəssümü
yadırğayır. 50 ildən sonrakı mənzərəni heç təsəvvür
belə etmək istəmirəm. Hərdən eksperiment xatırinə
gülümsəyirəm. Adamların çaşqın baxışları ilə
qarşılaşıram. Dəli olduğumu düşünürlər. Gülən
adam bineyi-qədimdən bizdə dəli sayılır axı. Nə
isə, maraqlı personaj tapmaq istəyirsinizsə, yerin
altı məsləhətlidir.
- Bilirəm, utancaqsan, axı sən özünlə söhbət
edirsən, çəkinmə, bizə gülməli bir xatirə danış.
- Orta məktəbdə oxuyanda Nobel mükafatçısı
Pablo Nerudanın memuarını oxumuşdum. Əsər elə
xoşuma gəlmişdi ki, bir az da yazıçıya vurulmuşdum.
Yaşlı, zənci Pablo Nerudaya... Bu gün də xəritəyə
baxanda Cənubi Amerikanın qərbindəki sarı zolaq
– Çili diqqətimdən yayınmır. Mənim uşaqlıq
arzularımın biri də Pablo Nerudanın vətənini görmək
idi. Hələ də inanıram ki, nə vaxtsa Çilini görəcəm.
Sonralar çoxlu kitablar oxudum, indi də o
fikirdəyəm ki, oxucu əsəri sevirsə, bir az da əsərin
müəllifini sevir.
- Az yazmağının səbəbi?
- Özümə heç nəylə bəraət qazandırmıram və
bunu özümə bağışlamıram.
- Bu yay nəylə yadında qaldı?
- Bu yay qəribə yay idi. Son illərin ən isti
yayından mənə üç xatirə qaldı: isti, daş və London.
Açmasını soruşma, sirr kimi qalmalıdı.- Açılan hər sabahdan nə gözləyirsən?
- Möcüzə. Kimsə açılan səhərdən möcüzə
gözləmirsə, demək, onun arzuları, xəyalları tükənib.
Arzulardan, xəyallardan heç vaxt qorxmayın. Keçə
bilmədiyimiz sərhədləri, gedə bilmədiyimiz yerləri
xəyalın gözü ilə ziyarət edə bilərik.
- Təbrik edirəm, Avrasiya Yazarlar Birliyinin
keçirdiyi IV Beynəlxalq Mahmud Qaşqarlı
hekayə müsabiqəsində “Mən toz dənəsiyəm”
hekayən qalib oldu. Hansı hissləri keçirdin?
- Həqiqəti deyəcəm, elan olunan vaxtın sonuncu
günü hekayəmi müsabiqəyə apardım. Hava çox isti
idi, üstəlik, həmin ünvanı da çox çətinliklə tapdım.
Arada istədim ki, hekayəni vermədən geri dönüm.
Yoluma nağıllardakı kimi nurani bir qoca çıxdı və
axtardığım ünvanı uzaqdan mənə göstərdi.
Bu müsabiqədə iştirak etmək hər bir yazar
üçün şərəflidir. Mahmud Qaşqarlı Türk dünyasının
nəhəng körpüsüdür. Bu körpü bütün türkdilli xalqları
birləşdirir, bu körpüdən Türk dünyasının keçmişi
də, gələcəyi də aydın görünür. İcazə ver, Avrasiya
Yazarlar Birliyinə və müsabiqənin münsiflər heyyətinə
öz təşəkkürümü bildirim. Bütün yarışmalarda
həyəcan, məğlubiyyət və qələbə var. Mən həyəcanı
gözə aldım, məğ lu biyyətlə barışdım və qalib oldum.
- Ədəbiyyatda sən kimsən?
- Ədəbiyyat ucsuz-bucaqsız bir dünyadı. Bu
dünyada hər kəsin öz uçuş zolağı var. Hər kəs
bacardığı qədər uçur. Arzuladığı yerə qədər uçmaqsa
çox az yazara nəsib olur. İndi də sualına cavab
verim. Ədəbiyyatda mən kiməm? Olsa- olsa, mən
toz dənəsiyəm.

VƏ HEKAYƏLƏRİ

ASAN XİDMƏT


Açar sözlər: poçt qutusu, oyuq, gülən bığ
Bayramqabağı Novruzəli xırda-xuruş bazarlıq eləmək, əyin-baş almaq, bir də şəhərin qoxusunu duymaq üçün yolunu şəhərdən saldı.
Novruzəlinin külfəti bu xəbəri eşidəndə evin divarları güldü, qaragöz qızları gilənar ağacı kimi çiçəklədi, 9 yaşlı madar oğlu Məmmədhəsən “dədə,
məni də apar”- deyib gözlərini kərtənkələ gözü kimi dədəsinə zillədi. Novruzəli də eynən oğlu kimi
gözünü qırpmadan gədəsinin gözünün içinə baxıb “yox!”- dedi. Məmmədhəsən başını aşağı salıb
zırıldaya-zırıldaya qapıdan çıxdı.
Arvadı Qönçəgül iki daşın arasında ərinin adsız
barmağına qırmızı sap bağladı ki, hara gedirsə-
getsin, güzgüsüz evə dönməsin. Divardakı köhnə
güzgüləri bu qışdan salamat çıxmamışdı, yerə dəyib
çiliklənmişdi. Novruzəli səhər-axşam dəhlizdən
keçəndə istər-istəməz boynunu uzadıb güzgüyə,
daha doğrusu, güzgünün yerinə baxırdı.
Müxtəsəri, Novruzəli bu xəbəri külfətinə deyəndə
gün əyilib axşam düşmüşdü. Qönçəgül odun peçinin
üstünə bir vedrə su qoyub ərinin alt paltarlarını
yaxşı-yaxşı qaynatdı, qızları dədələrinin üst
paltarlarına əl gəzdirdi, hikkəsi hələ ötüb keçməyən
Məmmədhəsən ortalıqda nə qədər fırfıra kimi
fırlansa da, heç kimin ona məhəl qoymadığını görüb
fürsət tapan kimi paltar sərən anasına yaxınlaşdı.
- Dədəmə denən maa tapançadan-zaddan alsın - dedi.
- Alajax, başına dönüm, alajax, - deyib Qönçəgül
Məmmədhəsəni başından elədi.
Sonra Qönçəgül yol tədarükü gördü, yumurta,
kartof qaynatdı, yanına da baş soğan qoydu ki,
Novruzəli yol adamıdı, ac qalmasın, qursağına bir
şey atıb mənzil başına sağ-salamat gedib çatsın.
Qaranlıq hər tərəfi bürüyəndə Qönçəgül sərdiyi
paltarları yığıb evə gətirdi, peçin yan-yörəsinə
sərdi ki, paltarlar səhərəcən qurusun. O gecə uzun bir gecə oldu, ilan vuran yatdı,
Novruzəli yatmadı. Elə bil yerinə qor dolmuşdu.
Səfər söhbətini açıb-ağartdığına görə indi it kimi
peşman idi. Amma bir tərəfdən də şəhərdən ötrü
burnunun ucu göynəyirdi. Gör neçə illər idi, şəhərə
yolu düşmürdü. Görənlər deyirdi, şəhər aşıb-daşır,
alışıb-yanır. O da bu ölkənin balasıydı, üç uşağın
atasıydı, bu yerin sevincini dadmaq onun da haqqıydı.
Gedib o yerləri ziyarət eləsəydi, gözü-könlü sevinərdi,
tay-tuşları şəhərdən danışanda onun da deməyə
sözü olardı.
Əslində, şəhərə getməkdə başqa məqsədi də
vardı. Neçə illər idi ki, Novruzəlinin külfəti sosial
yardım ala bilmirdi. Kəndin icra nümayəndəsi Hacı
Xudayar iki ayağını bir başmağa dirəyib sənin iki
inəyin var, sənə sosial yardım düşmür - deyib
Novruzəlinin gözündən basırdı. İnişil Novruzəlinin
əlacı kəsildi, inəyin birini payızda dəyər-dərməzinə
satdı. Satdı ki, Xudayarın gözü yığışsın, sözü
olmasın. Amma Xudayar yenə çəm-xəm eləyirdi.
Novruzəli ürəyinə yığmışdı ki, şəhərdə böyüklərin
yanına gedib çıxacaq, Xudayarın necə adam olduğunu
onlara deyəcək. Qoy Xudayarın atasını yandırsınlar!
Novruzəli Xudayarla vuruşa-vuruşa səhəri açdı.
Qönçəgül peçi qaladı, çay qoydu, Novrizəliyə
şirinçay qayırdı, Novruzəli də bəy balası kimi yeyibiçdi,
geyinib-kecindi.
Qönçəgül yol tədarükünü Novrizəliyə uzadanda:
- Utanıf eləmə, ə, girəvə düşən kimi çörəyini
ye, kim kimədi, özünü ac saxlama. Sən ac olanda,
o qivlə haqqı, boğazımdan tikə keçmir, - dedi. - Bir
də səni and verirəm Abbas əmimin goruna, üstünə
düşsən, şəhərdən maa sarımsaqdöyən al. Yadından
çıxmaz ki?
Novruzəli qırtını çəkdi:
- Yaxşı, az, tapsam, alajam.
- Di get, Allahın kölgəsi üstündə olsun, - dedi
Qönçəgül. Bu yerdə səsi kimi dodaqları da titrədi.
Novruzəli də yuxa ürəkli arvadının sözlərinə
kövrəldi, amma dönüb geriyə-filana baxmadı,
dümdüz, şax yerişlə çıxıb getdi. Arxadan yenə Qönçəgülün səsi gəldi:
- Odey ha, Qurbanəlinin avtobusu gəlir, sağ
get, salamat qayıt balalarının içinə.
- Gələjəm, az, uşaq-zad deyiləm ha, ev-eşikdən
muğayat ol.
Novruzəli yol maşınlarını dəyişə-dəyişə gəlib
şəhərə çıxdı.
Şəhər, nə şəhər! Novruzəli axırıncı dəfə şəhərdə
sovet vaxtı olmuşdu. Allah rəhmət eləsin İskəndər
müəllimə, bir yol şəhərə gələndə onu da özüylə
gətirmişdi ki, Novruzəlinin dünyagörüşü artsın. O
səfər sonralar heç vaxt Novruzəlinin yadından
çıxmadı. Dənizi ilk dəfə onda gördü, tramvaya ilk
dəfə onda mindi, İskəndər müəllim onu kinoya
apardı, birlikdə dondurma yedilər, bəylik kostyumunu
da onda aldı... Amma, amması var, Novruzəli hayhuy
eləyib gözaltı eləyənəcən fəhlələrin və kəndçilərin
çiynində dayanmış şanlı sovet imperiyası çökdü,
kolxoz-sovxoz dağıldı, Novruzəli işsiz-gücsüz qaldı,
bəy kostyumunu da 15 ildən sonra geyinəsi oldu.
Atalar demiş, kasıb evlənəndə gecə qısalar. Bu,
Novruzəlinin də başına gəldi...
İndi şəhərə baxıb gözü-könlü açıldı. Amma
ürəyində köhnə şəhər üçün darıxdı. O şəhərin başqa
bir qoxusu vardı, o şəhərin adamları da bir başqaydı,
ağbəniz, gülərüz, mehriban...
Novruzəli bütün olanları zamanın ayağına yazdı.
Özünü yaxınlıqdakı parka verib bir müddət gəlibgedənlərə
heyranlıqla tamaşa elədi. Sonra gözucu
baxdı ki, görsün ona məhəl qoyan var, ya yox.
Gördü heç onu saya salan da yoxdur, oturduğu
oturacağın üstündə özünə kefi istəyən süfrə açdı.
Yumurtaları bir-birinə toqquşdurdu, kartofları soydu,
soğanın başına karlı bir yumruq vurub iki yerə
böldü, çörəyini dad eləyə-eləyə yeyirdi ki, Allah
mərdimazara nəhlət eləsin, elə bil yer ayrıldı,
yerin altından bir paqonlu çıxdı.
Novruzəli dəvikdi, oğurluq üstündə tutulan uşaq
kimi qızardı, amma özünü o yerə qoymadı:
- Salami-əleyküm, - dedi.
Adam elə bil paya udmuşdu, dümdüz dayanıb
gözünü bərəltdi:
- Yığışdır, ə, bu zir-zibilini.
Yumurtanın parası Novrizəlinin əlində qaldı.
Udqundu:
- Gəl, sən də bir loxma ye, - dedi.
Adamın rəngi qızardı:
- Ə, sən kimsən ki, mənə belə söz deyirsən.
Dur, a kişi, dur ayağa, yığışdır bunları, özün də
əkil burdan. Hər tərəf turistlərlə doludur, ayıbdı,
bizim haqqımızda nə düşünərlər?!
Novruzəli bir açdığı süfrəyə, bir adama baxdı,
yumurtanın birinə hələ əl vurmamışdı.
Yazıq-yazıq:
- Bə bunnarı neyləyim? - dedi.
Mühafizəçi cin atına mindi, nə mindi. Cibini
göstərib:
- Neyləyəcəksən, ə, gətir qoy bura, - dedi.
Novrizəli yerindən qımıldandı, gülümsədi,
ürəyində:
- Qarnının dərdi varmış, yumurta istəyirmiş, -
deyib ayağa qalxmaq istəyirdi ki, adam cəld tərpənib
Novrizəlinin süfrəsini silib-süpürüb yaxınlıqdakı
zibil yeşiyinə atdı.
- Özün də elə get ki, bir də ayağın bu tərəflərə
dəyməsin.
Novruzəli ayaqlarına baxa-baxa parkdan güllə
kimi çıxdı.
... Novruzəli yolun ucunu tutub gedirdi. Binalar,
adamlar, maşınlar, gözəl-göyçək qız-gəlinlər, bu
yerdə Novruzəli şeytanın onu yoldan çıxaracağından
ehtiyatlanıb “anam-bacım olsunlar!” - deyib nə isə
mızıldanırdı.
Şəhərin gözəlliyi, əlvanlığı get-gedə Novruzəlinin
ağlını başından alırdı. Ortada heç nə yox idi, amma
elə bil nə isə içmişdi, öz-özünə xumarlanırdı. Bu
yerdə Novruzəlinin zəif bir cəhətini mütləq
deməliyəm. Allahdan gizli deyil, bəndədən nə gizlin,
Novruzəli qazlı su içəndə başı gicəllənirdi, keflənirdi öz-özünə sərxoş olurdu. İndi də Novruzəli şəhərin
havasını uda-uda hallanmışdı.
Novruzəli dumanlı başla küçələrdə dolaşa-dolaşa
axşamı saldı.
Axşam da olanda Novruzəlinin əhvalı bir başqa
cür dəyişirdi, elə bir qərib bir quş ürəyinin başına
qo nub yastı balabanda “Çoban-bayatı” çalırdı. Nov -
ruzəli evindən, obasından uzaqda əməlli-başlı
qəribsədi, doluxsundu, qaramatını qovmaq üçün
özünü qarşıdakı işıqlı çayxanaya saldı. Bir çaynik
çay, yanında da ləbləbi həmən hazır oldu.
Novruzəlinin eyni açıldı, ləbləbidən yeyib çaydan
içdikcə şəhər gözündə bir az da gözəlləşirdi. Çayını
içib, ləbləbi qabını silib-süpürəndən sonra istədi
nəlbəkinin altına bir manat qoyub getsin, qaranquşa
oxşayan cavanca bir uşaq hardansa peyda olub ona
kitabça uzatdı. Novruzəli əvvəl bir kitaba, sonra
qaranquşa oxşar uşağa baxdı, sonra kitabçanı açdı.
Kağız parçasının üstünü hıqqana-hıqqana oxudu.
Ödəniləcək məbləğ: 15 AZN.
Novruzəlini tər basdı, amma özünü o yerə
qoymadı. Əlini gödəkçəsinin cibinə salıb 15 manat
çıxardı, amma yenə də kitabçanın içinə qoymadı,
oğlanın üzünə baxdı ki, bəlkə səhv eləyiblər, yanlışlıqfilan
olub, amma oğlan susub heç nə demədi.
Əlacı kəsildi, pulu kitabın içinə qoydu, oğlan pulu
götürüb getdi və Novruzəlini həmişəlik unutdu.
Çayxanadan çıxanda gecə qara çarşabını şəhərin
üstünə atmışdı. Yazağzı səma tərtəmiz olur, elə bil
yerə də, göyə də ovuc-ovuc ulduz səpilmişdi.
Novruzəli qəribə hisslər keçirirdi. Parkdakı mühafizəçi
qanını qaraltsa da, çayxanada bir çaynik çaya 15
ma nat alsalar da, həyat bal dadırdı. Ürəyi fərəhlə
çırpınırdı, Novruzəli get-gedə şəhərin havasına, səsküyünə
alışırdı.
İndi də gecə qalmağa dörd divar, bir qapısı olan
ucuzvari yer axtarırdı ki, başını atıb yatsın, yor -
ğunluğunu çıxarsın, səhər şəhəri gəzib-dolaşsın,
dadını çıxarsın.
Qabağına çıxan adamlardan ucuzvari qəsdinsənin
yerini soruşurdu. Soruşurdu, amma kimsə dərdinə
dəva eləmədi.
Axırda cavanca bir uşaq Novruzəlinin gözünü açdı:
- Day-day, pis çıxmasın, hansı zəmanədə
yaşayırsan? A kişi, bu şəhərdə qəstin-məsdin yoxdu.
Otellər var, gecəsi 100 manata, 1000 avroya. 15000
min şlinqə. Varındısa, get, qal. Ya da Alatavada
qonşumuz bir gecəliyə 10 manata yer verir, get,
orda gecələ də, - dedi. Novruzəlinin gözlərinə işıq gəldi:
- Məni ora apararsan? - dedi.
Çoxbilmiş uşaq:
- Day-day, aparmağına apararam, amma ora
çox uzaqdı, gərək taksiylə gedək.
On manat da Novruzəlidən belə çıxdı.
Oğlan Novruzəlini alaqapının qarşısında bir
qadına tapşırıb yox oldu.
Qadın Novruzəliyə xoş-beş demədən həyətin
küncündəki quş damına oxşar otağı göstərdi. Otaqda
bir çarpayı, bir dəst də mitil vardı.
Novruzəli bir də eşiyə qaçdı, utana-utana
subaşının yerini soruşdu. Xəbəri yoxmuş, düz
burnunun ucundaymış.
Novruzəli: “Bu yaxşı oldu” - deyib otağa qayıtdı.
Paltarlarını soyunub başının yanına yığdı, yerinə
girib bir müddət qurdalandı ...
Novruzəli kəndçi babaydı, çörəyi torpaqdan
çı xırdı. O qədər torpaqda əlləşmişdi ki, özü də
torpaq kimiydi. Dilsiz-ağızsız, mağmun, fağır.
Sabah xeyli işləri vardı, böyük adamların yanına
gedəcəkdi, qız larına don alacaqdı, fikrində tutmuşdu
ki, gədəsinə ayaqqabı alsın, güzgü öz yerində, vaxt
tapsa, şafkasını da təzələyəcəkdi. Bu xəyallarla
Novruzəlini yuxu tutdu...
Novruzəlinin yuxusuna bir sürü qoyun girmişdi.
Qoyunlar belədən-belə otlayırdılar, elədən-belə.
Amma Novruzəli qoyunları nə qədər saysa da,
sayları düz gəlmirdi. Novruzəli: “Nəhlət sənə, kor
şeytan” - deyib yenidən saymağa başlayırdı, yenə
əskik gəlirdi. Sayılmaqdan yorulmuş qoyunlar
axırda təngə gəlib Novruzəlinin üzünə dirəndilər
ki, onları saymasın. Qoyunu saymaq yaxşı əlamət
deyil. Sonra başlarını aşağı dikib otları qırpa-qırpa
sürüylə keçib getdilər.
Novruzəli bu dəfə qoyunları gözünün ucuyla
gizlincə saydı.Yenə əskik gəlirdi... Gümanı yüz
yerə getsə də, axırda gəlib Hacı Xudayarın üstündə
dayanırdı. Qoyunu ondan başqa kim yeyə bilərdi?
Müxtəsər, səhərəcən qoyunlar Novruzəlinin
yuxusunu qırpıb yedilər, ipə-sapa yatmadılar,
zəhləsini tökdülər. Səhərəyaxın qoyunları birtəhər
sayıb aula yığa bildi...
Səhər yuxudan durub eşiyə çıxanda ev sahibəsi
həyətdə qaş-qabaqlı var-gəl edirdi.
- Savağın xeyir, bajı.
Qadın dilucu salamını aldı.
Novruzəli əlini cibinə salıb on manat çıxardı.
Qadın alıcı quş kimi qiyyə çəkdi.- Qardaşım, on manat niyə, xəbərin yoxdu bu
gecə nələr oldu?!
Novruzəlinin xırda gözləri böyüyüb-böyüyüb
hədəqəsindən çıxdı, boynunu uzadıb qorxa-qorxa
soruşdu:
- Nooldu? -
- Bizə olan oldu, devalvasiya baş verdi. Qiymətlər
qalxdı. Sən yatdığın otağın qiyməti dünən on manat
idi, bu gün iyirmi manat oldu.
Novruzəlinin ürəyi yerinə gəldi, qorxusu çəkildi,
qəddi düzəldi:
- Mən də deyirəm görən nooluf?!
- Day bundan artıq nə olacaq, ay evi tikilmişin
oğlu?! Kənddə yaşayırsan, nə vecinə, Araz
aşıqlarındandı, Kür topuğundan! Dərd bizim
dərdimizdi. Qaz, su, işıq pulu, hələ təmizlik işlərini
demirəm. Bunlar azdı bəgəm?! Bilirsən, şəhərdə
tualetin qiyməti neçəyədi?
Solaxay sualın qarşısında Novruzəli çaşıb qaldı:
- Bilmirəm.
- Otuz qəpik. Qırx qəpik olan yerlər də var. İndi
camaat gedib ...
Novruzəli od püskürən qadından eyməndi,
dinməz-söyləməz on manatın üstünə on manat da
qoyub qadına uzatdı.
Qadın pulu xələtinin cibinə qoya-qoya:
- Şəhərdə qalası olsan, başqa yer axtarma,
burdan ucuz yer tapa bilmiyeceysən, - xəbərdarlığını
elədi.
Novruzəli ürəyində “köpəyin qızı, qanını mənnən
uzax elə” - deyib darvazadan güllə kimi çıxdı.
Əvvəlcə barmağındakı qırmızı sapdan canını
qurtarmalıydı. Gəzib dolaşdı, axır ki, güzgü satılan
bir dükan tapdı. Hər yan güzgü idi. Novruzəli özünü
heç vaxt belə aydın, öz ölçüsündə, bütöv görməmişdi.
Divardakı bütün Novruzəlilər utancaq-utancaq ona
baxırdılar.
Əl ağacına oxşayan Novruzəli müti, yazıq,
sözəbaxan, bir sözlə, yaxşı adam idi. Qonur gözləri
uşaq gözləri kimi tərtəmiz idi. Şirniquş ver, başını
aldat, ya da gözünü tök, ovcuna qoz tök, şükranlığını
itirməyib sevinəcəkdi.İndi Qönçəgülün əri, üç uşaq atası Novruzəli
güzgüdə özünü apaydın görüb dördgöz olmuşdu.
Güzgülərdəki Novruzəlilərə baxa-baxa ona elə
gəldi ki, dünyadakı bütün Novruzəlilər bir-birlərinə
oxşayır. Kimsənin toyuğuna kiş deməzlər, yaman
işlərə əl qoymazlar, əllərindəki tikəni alsalar belə,
cınqırlarını çıxarmazlar. Amma bəxtləri kəsik, ruziləri
az, adları bədnam olar. Novruzəli bilmirdi
Novruzəlilərin hansına baxsın. Novruzəlilərin hamısı
insan adamıydı. Dükandakı dikbaş güzgülər nədənsə
bu kənd kişisinin abrından gözgörəti utandı..
Novruzəlinin quşu ovalvari güzgüyə qondu. Bir
yaxından, bir uzaqdan güzgüyə baxdı. Güzgü
Novruzəlini yaxşı göstərirdi, çox yaxşı göstərirdi.
Özü də qəttəzə idi. Qırılan güzgüləri o qədər
köhnəlmişdi ki, gülləmişdi. Novruzəli neçə illər
idi, özünə yox, kölgəsinə baxırmış...
.. Gödəkçəsinin düymələrini açdı, sağ əliylə sol
döşündən - pencəyinin cibindən bir bükülü çıxarıb
ədəb-ərkanla açdı. Qönçəgül Novruzəlinin şəxsiyyət
vəsiqəsini, bir də pulu əl dəsmalına büküb ərinin
cibinə qoymuşdu. Novruzəli dəsmalla sənədini bir
kənara qoyub güzgünün pulunu sayıb verdi. Adsız
barmağındakı sapı qoparanda elə bil Qönçəgüldən
azad oldu. Güzgünü qoltuğuna vurub xırda-mırda
şey-şüy almaq üçün dükanları dolaşdı. Özünə sinəsində
bir cüt maral olan jaket aldı, Qönçəgülə butalı yaylıq
seçdi, qızlarına kitayiski don aldı, amma gədəsinə
ayaqqabı ala bilmədi. Oğlunun hansı ölçüdə ayaqqabı
geyindiyini yadına sala bilmədi. Əlacı kəsildi, oğluna
uzunşüllək şalvar aldı, bir də Qönçəgül eşitdirmişdi
ki, uşaq tapança istəyir. Novruzəli oğluna avtomat
aldı ki, uşaq lap ürəkli böyüsün.
Novruzəli bazarlıq eləyib qurtaranda gün günorta
olmuşdu. Səhər nahar eləməmişdi - deyə acmışdı.
Burnuna yaxşı qoxu toxundu. Bir sağa, bir sola
boylandı. Gözünə binanın küncündəki arıtma sataşdı.
Novruzəlinin ağlında arıtma ancaq yuxarı qalxmaq
üçün idi, amma bu arıtma adamları zirzəmiyə
aparırdı. Gözəl qoxu da ordan gəlirdi, yerin altından.
Divara yapışdırılmış sözü oxumağına oxudu, amma
şaurma sözünün nə olduğunu heç cür kəsdirə bilmədi.Ehtiyatla pilləkənlərı endi, gördüyü mənzərə xoşuna
gəldi. Bu yer adamla dolu idi. Özünə yer tapıb
oturdu, qaranquşa oxşar oğlanlardan biri yaxınlaşdı,
sifarişi gözlədi. Novruzəli də biclik işlətdi, - hamı
nə yeyirsə, maa da ondan gətir-dedi. Ofisiant
məsələni anladı, Novruzəliyə şaurma, yanında da
ayran gətirdi.
Novruzəli yeyib toqqanın altını bərkitdi. Aldığı
şey-şüyə nəzər saldı, qalan qəpik-quruşunu vərləvürt
edirdi ki, onu tər basdı. Şəxsiyyət vəsiqəsi yoxa
çıxmışdı. Güzgü aldığı yerdə qoymuşdu, amma o
yer hara idi? Öldürsələr də, Novruzəli o yeri yadına
sala bilməzdi. Bəs neyləsin? İmdad diləyən baxışlarla
ətrafa boylandı.
İki kişi yanakı oturacaqda durmadan danışırdı.
Biri o birinə deyirdi, nə işin olsa, Asan xidmətə get,
pulsuz-parasız bir anda düzələcək. İndi hamı dərdini
ora deyir. Novruzəli eşitdiklərinə inana bilmirdi.
Asan xidmət sözünü bir-iki dəfə ürəyində təkrarladı
ki, yadından çıxmasın. Yerindən qalxıb düşdüyü
pilləkənləri tapıb yuxarı - yerin üstünə qalxdı.
Qabağına çıxan ilk adama:
- Asan, lənət sənə kor şeytan, sonrası yadımdan
çıxdı. Deməzzsən, ora necə gedim, - dedi.
Adam qarşısındakı kişiyə məhəl qoymayıb
başını yelləyə-yelləyə çıxıb getdi. Növbəti adam
Novruzəlinin nə demək istədiyini havadaca aldı.
- Hə, Asan xidməti istəyirsən.
- Oranı istəyirəm, dədə, necə gedim ora?
-Yaxıınlaş, bax ordakı taksi şoferinə söylə, səni
istədiyin yerə aparacaq, - dedi.
Novruzəli:
- Allah canını sağ eləsin, balalarını saxlasın, -
deyib güzgü qoltuğunda, yükü əlində taksiyə yaxın -
laşdı. Taksi şoferi arif adam idi. Novruzəli ağzını
açan kimi “otur” - dedi.
Şəhəri xeyli fırlanandan sonra taksi bir yerdə
dayandı. Sürücü pulunu alıb Novruzəliyə yaraşıqlı
binanı göstərdi.
Novruzəlini birinci mərtəbədən ikinci mərtəbəyə,
ordan da üçə göndərdilər. Qoltuğunda güzgü, əlində
bağlama olan Novruzəli ətrafa boylandı. Adamlar
bir kənarda səliqə ilə oturmuşdular. Novruzəli özünə
yer tapıb yükünü yerə qoydu, yüngülləşdi. Arada
nömrə deyirdilər, adamlar da pəncərələrə yaxınlaşıb
nə isə deyir, sonra da şad-xürrəm çıxıb gedirdilər.
Bu yerin rahatlığında, sakitçiliyində Novruzəli xeyli
mürgü döydü. Aradabir başını qaldırıb baxırdı ki,
görsün onu çağırıb eləmirlər ki, amma çağıran yox
idi, adamlar da bir ucdan azalmaq əvəzinə çoxalırdı.
Bunun sirrini öyrənmək üçün Novruzəli yerində xeyli qurcalandı. Sonra özündə təpər tapıb pəncərəyə
yaxınlaşdı.
- Dədə, məni niyə çağırmırsız?
Cavan oğlan nəzakətlə:
- Nömrəniz neçədi? - soruçdu.
- Nə nömrə?
- Yaxınlaşın ora, sizə nömrə verəcəklər.
Novruzəli başıalovlu göy paltarlı qıza yaxınlaşdı.
- Bacıqızı, nömrə neçəyədi?
Qız əvvəl başa düşmədi.
- Nömrə istəyirsiz?
Novruzəli əlini cibinə salıb şax beşlik çıxardı.
Qızı gülmək tutdu, “nömrə pulsuzdu” - dedi.
Novruzəli sevindi, bərk sevindi, gözləri yaşardı,
axı bu şəhərdə hər şey pulnan idi. Dünyanın işinə
bax, indi ona pulsuz nömrə verirdilər.
Novruzəlinin növbəsi çatanda pəncərəyə
yaxınlaşdı. Şəxsiyyət vəsiqəsini itirdiyini dedi.
Rayonunun, kəndinin adını, dedi, öz adına çatanda
duruxdu:
- Məmədhəsənov Novruzəli Pirverdi oğlu.
Qardaşoğlu, gəlsənə adımı da dəyişək? - dedi.
- Niyə, adınız xoşunuza gəlmir?
Novruzəli dişlərini bir-birinə sıxdı:
- Çııı...
- Adınızı dəyişmək üçün başqa sənədlər də
lazımdı.
Novruzəli istər-istəməz oğlanın dedikləri ilə
razılaşdı. Guya adını dəyişsələr, nə olacaqdı, elə
Novruzəlidir ki Novruzəlidir. Novruzəli təzə şəxsiyyət
vəsiqəsini alanda uşaq kimi sevindi. Amma yerindən
qımıldanıb durmadı. Səsini qısıb:
- Bəs Xudayarın məsələsi necə olsun?! - dedi.
- Hansı Xudayarın? - oğlan təəccüblə soruşdu.
- Kəndçimiz Xudayarı deyirəm, o vurğun
vurmuşu. Balalarıma sosial yardım verməyən o
köpək oğlunu deyirəm.
- O məsələyə biz baxmırıq, - oğlan tələsik
dilləndi.
Novruzəli peşmanladı:
- Keşkə baxaydınız... neynək, Allah köməyiniz
olsun, - deyib geri döndü.
Novruzəli güzgünü qoltuğuna vurub şey-şüylərini götürdü. Asan xidmətdən çıxıb yüklü-yüklü şəhəri
xeyli dolaşdı, limon satandan iki lumu aldı. Cibində bircə yolpulu qalmışdı.
Yol maşınıyla geri dönəndə Novruzəli qanad açıb uçurdu. Səfəri uğurlu keçmişdi. Pəncərədən
yazın qoxusu gəlirdi. Novruzəli get-gedə dirçəlirdi.
Arabir ağlından keçirirdi ki, görən Qönçəgül inəyin
alafın verib, ya yox?..

MÜHARİBƏ, CƏRÇƏ
VƏ ÜMİD


Doqquzmərtəbəli binanının yeddinci mərtə -
bəsində yaşayan Nənə balkonlarında yuva salmış
boz sərçəyə sığınıb uzun illər yaşadı...
... Mən onu, yalan olmasın, 20 ildir, tanıyıram.
Bir binada, bir blokda, eyni mərtəbədə yaşayırıq.
Onlar bizim binaya pənah gətirəndə birinci sinfi
yenicə bitirmişdim. Bir gün atam dedi ki, yeni
qonşumuz gəldi. Qaçqındırlar. Yadımdadır, qaçqın
sözünü eşidəndə anam daş atıb başını tutdu. Dedi
ki, görəcək günlərimiz varmış, indi də yolçularla
bir yerdə yaşayacağıq? Atamın üstünü kəsdirdi ki,
JEK-ə gedib xəbər eləsin, gəlib bu zir-zibilləri
burdan rədd eləsinlər. Atam anamın üstünə bozardı,
dedi ki, İvan inişil evində tək-tənha öldü, onları bu
yiyəsiz evə elə JEK özü yerləşdirib.
O axşam atam bərk əsəbiləşdi, “Xalxın evi
dağılıb, başına od ələnib, canlarını götürüb qaçıblar,
burdan hara getsinlər bu evi yıxılmışlar? - deyib
siqaret çəkmək üçün balkona çıxdı...
O söhbətdən sonra anam bir müddət sussa da,
uzun illər qapıbir qonşumuza salam belə vermədi.
Mənsə onların nə günah işlətdiklərini hələ də başa
düşə bilmirdim. Amma nağıllardakı nənəyə oxşayan
qadın hər dəfə məni balkonda görəndə baxışları
ilə salamlayar, fürsət düşəndə “Mənim göyçək
balam ” - deyə pıçıldayardı. Onun səsindəki doğmalıq
qulaqlarımdan ürəyimə axar, anamın qonşumuza
olan pis münasibəti, sərt baxışları Nənəyə olan
sevgimi bir cimdik də azaltmazdı.
Bir dəfə anam paltar sərəndə heykəl kimi
balkonda dayanıb fikrə gedən Nənəyə gözgörəti
söz atdı: “Elə bil çöllükdə yaşayır, şalı başında,
qaloşu ayağında, bircə çomağı çatmır! Şəhər üçün
ölürmüş bu yolçular!”
Nənə qorxacaq halda geri çəkilib balkonda yox
oldu...
... Həmin ilin payızı soyuqlar vaxtından
xeyli əvvəl düşdü. Küləkli bir gecədə dörd
yaşlı qardaşım qəfildən bərk xəstələndi,
hərarəti qalxdı, atam-anam əl-ayağa
düşdülər. Xeyri olmadı, qardaşım
sudurqa keçirdi, anam var gücü ilə
qışqırıb qonşuları köməyə çağırdı.
Səsə qonşular gəlsə də, heç kim
irəli durmadı. Qaçqın qon -
şumuzun nimdaş paltarlı qaraşın
qızı qapıdan işəri keçib zəhmli
səslə “çəkilin” deyib özünü qardaşıma yetirdi. Mən onun nə etdiyini görməsəm
də, bir azdan qardaşımın ağladığını eşitdim. O,
çatma qaşlı qaraşın qız evdən çıxıb, bir azdan əlində
balaca həkim çantası ilə geri döndü. Qonşulardan
kimsə “Heç bilmirdik ki, blokumuzda tibb bacısı
yaşayır” - deyə kinayə ilə dilləndi.
Qaraşın qızın mülayim səslə:
- Mən tibb institutunu bu il bitirmişəm, - dedi.
Qonşular müəmmalı şəkildə baxışdılar. Bu
qaraşın qız qardaşıma iynə vurdu, bir azdan qardaşım
sakitləşib şirin yuxuya getdi.
Qaçqın qonşumuzsa kağıza nə isə yazıb, anamgilə
verdi və bərk-bərk tapşırdı ki, sabah bu dərmanları
mütləq alsınlar. O gedəndən sonra evimizə qəribə
sakitlik çökdü...
Bunları ona görə xatırlayıram ki, Nənəni çoxdan
tanıdığıma inanasınız.
Mən böyüyəndən sonra bildim ki, qaçaqaçda
Nənənin əri oğlu ilə birlikdə şəhid olub, heç meyitləri
də ələ gəlməyib. Amma bu illər ərzində mən Nənənin
bir dəfə də ağladığını görmədim. O, saatlarla ey -
van da dayanıb blok yuxarı qalxan tut ağacına, bir az
da başını uzadanda buludlu, buludsuz səmaya uzunuzadı
baxardı. Mən bu ağbəniz, gümüşü saçlı, yayqış
başı şallı Nənəyə illərlə beləcə tamaşa elədim.
20 il necə keçdi, xəbərim olmadı. İndi 26 yaşım
var. Konservatoriyanı bitirmişəm. Bəstəkaram. Bu
il gənc bəstəkarların müsabiqəsində iştirak edib
üçüncü yeri qazanmışam. Bəlkə də, inanmayacaqsınız,
mən hər dəfə evdə pianinonun arxasına keçəndə,
ilk musiqini Nənə üçün çalıram. “Qaragilə”ni,“Sarı gəlin”i çalanda bilirəm ki, Nənə balkonun
bir küncünə sığınıb mənə qulaq asır.
Söhbətdən yayınmayaq, yaz gələndə hərdən
səhərlər balkona çıxıram. Bir neçə il bundan əvvəl
balkonda oturub asetonla dırnaqlarımın lakını
silirdim. Birdən qulağıma Nənənin səsi gəldi.
Kiminləsə şirin-şirin danışırdı.
- Harda qalmışdın, səhərdən balalarının gözü
yoldaydı. Hara getsən, tez qayıt gəl, onnarın səndən
başqa kimi var? Bir də belə eləmə, başına dönüm,
Nənə də narahat olur. Qocalmışam, dərd belimi
əyir, ürəyim də əski kimidir, bir himə bənddir ki,
uça...
Cavab eşitmədim. Ehtiyatla başımı qaldırdım.
Boz bir sərçə balkondan uçdu. Yenə ağlıma bir şey
gəlmədi. Amma sonralar dəfələrlə şahidi oldum ki,
Nənə ovcunda çörək ovxalayıb sürahinin üstünə
səpir. Boz sərçə də çörəyi dimdikləyib ağacdakı
yuvasına daşıyır.
Bir gün isə həyatım boyu unuda bilməyəcəyim
bir söhbətin şahidi oldum. O ərəfələrdə Nənənin
həkim qızı anama demişdi ki, anamın vəziyyəti
yaxşı deyil. Özünə qapanır, heç kimlə kəlmə kəsmir.
Elə bil, bütün dünyadan küsüb...
... Balkonda idim. Yenə Nənənin həlim səsini
eşitdim. “Bax, səni and verirəm balalarının canına,
qanadlarını bərkit, uç get mənim vətənimə. Dağların,
meşələrin, gül-çiçəyin arasında balaca bir kənd
görəcəksən. Ermənidən qorxub eləmə, Allah
vurmuşdu onnarı, o kənd bizim kəndimizdir. O
kəndin üstündə bir dövrə vur, doyunca nəfəs al,
imkanın olsa, bulaqların birindən bir dimdik də su
iç, de ki, Nənə bütün dərdlərini unutdu, amma o
torpağı unuda bilmədi. Get başına dönüm, axır ki,
o yerlərdən mənə bir xəbər gətir. Bunu səndən
başqa heç kim eləməyəcək...”
Sərçə sürahinin üstündə hoppana-hoppana sanki
Nənənin dediklərini yaddaşına yazırdı.
Sükutu yenə Nənənin səsi pozdu:
“Yuvandan nigaran qalma, Nənə öz yuvasını
qoruya bilmədi, amma kimsə sənin yuvana toxuna
bilməz. Di tələs, vaxtıma az qalıb, dayanma, uç...”
Sərçə Nənənin tapşırığını alandan sonra bir
xeyli yuvasının həndəvərində qanad çalıb, sonra
uç ub gözdən itdi. Nənə tələsik içəri keçib bir kasa
su ilə geri döndü. Suyu sərçənin dalınca atanda
yaylığı başından sürüşüb çiyinlərinə düşdü, gümüşü
saç ları ağ buluda oxşadı. Nənə məni görməsin deyə,
sivişib evə keçdim. Və ürəyimə çökən bu kədərin
ağırlığı altında “Sərçə, son ümid və müharibə”
süitasını yazdım. O hadisədən sonra bir də boz
sərçəni Nənənin balkonunda görmədim. Nənə isə
hələ də yay-qış balkona çıxıb sərçənin yolunu
gözləyir...

ÇOLAĞIN
ZƏRİF UÇUŞU

Oyun başa çatandan sonra stadion birdən-birə boşaldı. Yerdə alqışlardan başını itirən boş meydança,
hələ istisini itirməmiş oturacaqlar, məğlub olmuş tərəfin inamsız ayaq izləri, əsəbi-əsəbi çırtlanmış
tum qabıqları, boş pivə qabları, qəzet cırıqları və bir də havaya hopmuş nəmiş tər qoxusu qaldı.
Oyundan qalmış izləri, xatirələri, tör-töküntüləri silib-süpürmək süpürgəçilərin işidi. İndi də stadionun
oyunçuları onlar idi. Deyinə-deyinə, söyə-söyə oturacaqların arasındakı zir-zibili təmizləyirdilər.
Bircə çolaq süpürgəçi deyinmirdi. Əksinə, nəşəli görünürdü, elə bil, udan komandanın məşqçisiydi.
Sevdiyi komandanın vurduğu üç uğurlu topdan sonra taytax ayağıyla meydançanın başına dolanırdı.
Növbəti su qabını əyilib götürəndə küncdə gizlənmiş top maqnit kimi onu özünə çəkdi. Çox
güman ki, oyundakı toplardan biri idi, gözdən yayınıb küncdə gizlənmişdi. Əlindəki kisəni yerə
qoyub ehtiyatla topu götürdü və qəribə hisslər keçirdi. Sanki içindəki köhnə hisslər dirildi. Bu
hiss onu meydana tərəf sürüklədi. O da çolaq ayağı ilə atlanıb düşə-düşə gedib meydançanın tən ortasında
- ekvator xəttinin üstündə dayandı. O yerdə dayandı ki, o yerdən oyun başlayırdı. Topu xəttin üstünə
qoyanda duyğuları illərin o üzünə qaçdı.
...Onda 12 yaşı vardı. Məhəllədə tək yaşıdlarından yox, hamıdan yaxşı top-top oynayırdı. Başqalarından
yeganə üstünlüyü də bu idi. Yetim uşaq başqa necə fərqlənə bilər ki?
O, top oynamırdı, topla rəqs edirdi, süzürdü, göz qırpımında topa ürək sözlərini deyirdi, ondan
məsləhətlər istəyirdi və bu xoşbəxt anlarında arzuları qanad açıb top kimi göyə uçub onu iri
futbol meydançalarına səsləyirdi.
Bu səsin ardınca uçurdu. 14 yaşı olanda hamı onu gələcəyin Pelesi sayırdı, 15 yaşı olanda hamı
futbolun gələcəyini onda axtarırdı. 16 yaşı olandasa uçuş başa çatdı, o, futbolla biryolluq vidalaşdı.
Maşın qəzasında sağ ayağı xıncım-xıncım oldu.
Həkimlərin səyi çolaq ayaqla nəticələndi.
O, futboldan ayrıldı, amma stadiondan, futbolun
nəşəsindən, səs-küyündən, nəfəsindən ayrıla bilmədi.Çolaq ayağı ilə ilk dəfə stadiona gələndə məşqçisi
onu həmişəki təbəssümlə yox, soyuqqanlılıqla qarşıladı, dodaqlarını bir-birinə sıxıb bir xeyli susdu.
Ardınca “futbolun gələcəyinə” dedi:
- Burda sənə görə münasib iş yoxdu, stadionda xadimə yeri boşdu, əgər istəsən...
O gecə gözündən futbol topu boyda iri yaşlar axıb balıncının içindəki qaz tüklərinin arasında
gizləndi, səhərsə gözünün yaşını silib məşqçinin təklifini qəbul etdi.
Uğultu, havada uçan top, alqış, həyəcan, qol!- dan sonra ilk dəfə işə stadionun mərkəzindən yox,
stadionun küncündən başladı. Yola küncdən başlamaq o deməkdir ki, mərkəz sənlik deyil, nahaqdan ora
can atırsan, ömür itkisindən başqa qazancınolmaycaq. O vaxtdan nə az, nə çox, 25 il keçirdi...
... Mərkəz xəttinin üstündəki topa baxa-baxa uğultu eşidirdi, hardansa alqış səsləri gəlirdi,
rəngbərəng toplar havada rəqs edirdi. Ayağının ucuyla topa zərbə vurdu, elə bil bədəni quşa döndü,
rəqs edə-edə qapıya yaxınlaşdı. Həyəcanlı idi. Çolaq ayağı ilə qapını nişan aldı. Ha istədi ki, topu qapıya
vursun, vura bilmədi, çolaq ayaqla topa toxunmağa ürəyi gəlmədi. Əslində, topa qıymadı, qıyammadı,
topu yerdən qaldırıb dodağına yaxınlaşdırdı, doğma balası kimi bağrına basdı. O, hələ də bir möcüzə
nəticəsində çolaq ayağının sağalacağına, meydançada külək kimi uçacağına, heç kimin xəyal belə eləmədiyi
topları qapıdan keçirəcəyinə inanırdı. Boş futbol meydançası, boş oturacaqlar və bir də, bir də sinəsinə
sıxdığı futbol topu, hər şey fırlanırdı...
(ULDUZ.-2016.-Oktyabr.-S.9-19)

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: