AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB Elm, Humanitar elmlər, Folklor, Ədəbi əlaqələr, Turan, Orta Asiya, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı 10 октября 2026 66 0 1 2 3 4 5 2026-cı il oktyabrın 8-10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Əməkdar mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə təşkil olunan konfransın Plenar iclası 2026-cı il oktyabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında öz işinə başlayıb. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Gürcüstan Elmlər Akademiyasının, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin, Erzincan Binali Yıldırım Universitetinin, Bursa Uludağ Unuversitetinin, Erdahan Universitetinin, Özbəkistanın Kokand Universitetinin, eləcə də, Almaniya, Bolqarıstan, İran və Orta Asiya respublikalarının görkəmli alimləri də iştirak ediblər.Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Akademiyanın humanitar elmlər sahəsində milli-mənəvi dəyərlərin, ədəbiyyatın, mədəniyyətin və Azərbaycan dilinin azərbaycançılıq ideyası əsasında daha dərindən öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyət göstərdiyini bildirib.Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-da folklor sənətinin inkişafına elmi dəstək verilməsi məqsədilə son illərdə bir sıra layihələr həyata keçirilib. Bu layihələrdə klassik folklor ənənələri ilə yanaşı, XX əsrdə yaşamış, yaradıcılıq məktəbləri formalaşdırmış sənətkarların həyatı və yaradıcılığının öyrənilməsinə xüsusi diqqət yetirilir.AMEA rəhbəri vurğulayıb ki, elmi tədqiqatların məqsədi yalnız folklor nümunələrini öyrənmək, nəşr etmək və kitablaşdırmaqla məhdudlaşmır. Əsas vəzifələrdən biri də tədqiq olunan sənət sahəsinin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə elmi dəstək verməkdir.Akademik İsa Həbibbəyli bildirib ki, konfransın əsas məqsədlərindən biri aşıq yaradıcılığının müasir folklorşünaslığın tələbləri səviyyəsində araşdırılması və elmi dövriyyəyə gətirilməsidir. Akademiya rəhbəri, eyni zamanda Borçalı aşıq mühitinin Azərbaycan və Gürcüstan üçün ortaq mədəni dəyər olduğunu diqqətə çatdırıb. O, Borçalı aşıq mühitinin Azərbaycan-Gürcüstan mədəni əlaqələrində xüsusi yer tutduğunu deyərək, Azərbaycan aşıq sənətinin gürcü aşıq sənətinin formalaşmasına təsir göstərdiyini vurğulayıb.Bir sıra xarici ölkə alimlərinin konfransa qatılmasının tədbirin geniş coğrafiyanı əhatə etdiyinin göstəricisi olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan, Gürcüstan və Anadolu aşıq məktəblərinin ortaq xüsusiyyətlərinin araşdırılmasının bu sənətin bütövlüyünü və qarşılıqlı əlaqələrini bir daha nümayiş etdirdiyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.Elmi konfransda Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Aşıq Hüseyn Saraçlının yaradıcılığının Azərbaycan aşıq sənəti tarixində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, belə bir tədbirin keçirilməsi, ilk növbədə, ustad sənətkara və onun mənsub olduğu aşıq sənəti silsiləsinə ehtiramın ifadəsidir.Akademik Nizami Cəfərov vurğulayıb ki, Aşıq Hüseyn Saraçlı öz yaradıcılığında özünəməxsus baxış və ifadə tərzi ilə seçilib. Onun xüsusilə dastanları canlı, epik və eyni zamanda yumorla zəngin təhkiyə üslubunda təqdim etdiyini deyən akademik Nizami Cəfərov bu sənətkarlıq xüsusiyyətlərinin ayrıca öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.Mərkəz direktoru aşıq sənətinin yalnız folklor irsinin qorunmasında deyil, Azərbaycan ədəbi dilinin inkişafında və yenilənməsində də mühüm rol oynadığını bildirib, aşıqların xalqın canlı dilini, ifadə imkanlarını və düşüncə tərzini ədəbi-mədəni dövriyyəyə gətirməklə ədəbi dilimizin zənginləşməsinə və yenilənməsinə xüsusi töhfə verdiklərini qeyd edib.O, çıxışının sonunda bildirib ki, Aşıq Hüseyn Saraçlının yaradıcılığının araşdırılması yalnız ayrı-ayrı sənətkarın irsinin öyrənilməsi baxımından deyil, XX əsr Azərbaycan aşıq sənətinin inkişaf xüsusiyyətlərinin, onun xalq dili və ədəbi-mədəni proseslərlə əlaqələrinin üzə çıxarılması baxımından da önəmlidir.Daha sonra Aşıq Hüseyn Saraçlının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.Konfransda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev ustad sənətkar Aşıq Hüseyn Saraçlının yaradıcılığının müasir folklorşünaslığın yeni nəzəri-metodoloji yanaşmaları əsasında öyrənilməsi məsələlərinə həsr olunmuş məruzə ilə çıxış edib.Hikmət Quliyev bildirib ki, Aşıq Hüseyn Saraçlının irsi, ilk növbədə, formalaşdığı Borçalı aşıq mühitinin tarixi-mədəni xüsusiyyətləri kontekstində araşdırılmalıdır. Bununla belə, Borçalı aşıq mühiti təcrid olunmuş ənənə kimi deyil, Gəncəbasar, Urmiya, Qars və digər aşıq arealları ilə tarixi-mədəni əlaqələr şəraitində formalaşmış sənət sistemi kimi nəzərdən keçirilməlidir. Bu yanaşma həm sənətkarın fərdi yaradıcılıq xüsusiyyətlərini, həm də onun mənsub olduğu ənənənin daha geniş mədəni əlaqələrini müəyyənləşdirməyə imkan verir.Alim Azərbaycan aşıq sənətinin tarixi qaynaqlarının türk mifoloji dünyagörüşü və qədim inanc sistemləri (tanrıçılıq, şamanizm), təkkə-təsəvvüf ədəbiyyatı, orta əsrlərin yazı mədəniyyəti və klassik ədəbi ənənələrlə əlaqəli şəkildə öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Ozan-aşıq transformasiyası, sənətin fəlsəfi-kulturoloji və ideoloji funksiyaları və missiyası, eləcə də, müxtəlif tarixi mərhələlərdə dəyişən ifaçılıq formaları və mədəni təsirlər Azərbaycan aşıq sənətinin təşəkkül və inkişaf mexanizmlərinin araşdırılması baxımından mühüm elmi istiqamətlərdir.Hikmət Quliyev qeyd edib ki, Azərbaycan aşıq sənətinin türk xalqlarının ənənəvi sənət formaları ilə müqayisəli tədqiqi də yeni elmi perspektivlər açır. Ozan, aşıq, baxşı, akın və jirau ənənələrinin müqayisəsi ortaq mədəni yaddaşın xüsusiyyətlərini, tarixi əlaqələri və regional fərqləri müəyyənləşdirməyə imkan verir. Bu müqayisədə ortaq cəhətləri üzə çıxarmaqla yanaşı, hər bir ənənənin özünəməxsus inkişaf yolunu və ifaçılıq xüsusiyyətlərini də nəzərə almaq vacibdir.Məruzədə Borçalı aşıq mühitinin ifaçılıq yönümü ayrıca vurğulanıb. Alimin fikrincə, bu mühitdə saz ifaçılığı və dastan söyləmə ənənəsi xüsusi mövqeyə malikdir. Aşıq Hüseyn Saraçlının irsi də məhz bu baxımdan diqqətlə araşdırılmalıdır. Onun aşıq şeirinin müxtəlif şəkillərindəki yaradıcılığı ilə yanaşı, saz ifaçılığı, özünəməxsus dastan söyləmə texnikası və xüsusilə “Koroğlu” dastanının ifası sənətkarın fərdi yaradıcılıq üslubunu və Borçalı aşıq ənənəsinin səciyyəvi cəhətlərini öyrənmək üçün əhəmiyyətli materialdır.Hikmət Quliyev aşıq sənətinin yalnız şeir mətnləri və ədəbi yaradıcılıq nümunələri əsasında təhlilinin onun mahiyyətini tam əhatə etmədiyini bildirib. Müasir sosial-antropoloji folklorşünaslıq bu sənətə canlı kommunikasiya və performans hadisəsi kimi yanaşmağa imkan verir. Belə tədqiqatlarda söz və sazla yanaşı, ifaçının fərdi üslubu, auditoriya ilə münasibəti, ifanın baş verdiyi sosial-mədəni şərait və dinləyicilərin iştirakı da nəzərə alınır. Folklor mətninin mənası yalnız sözlərin məzmununda deyil, həm də onun necə, harada, kim tərəfindən və hansı şəraitdə ifa olunmasında meydana çıxır.Məruzədə ustad-şəyird münasibətlərinin mədəni yaddaşın ötürülməsindəki rolu da diqqətə çatdırılıb. Bu münasibətlər vasitəsilə yalnız repertuar və ifaçılıq bacarıqları deyil, həm də sənət etikası, davranış normaları, ənənəyə münasibət və kollektiv mədəni təcrübə nəsildən-nəslə ötürülür. Borçalı aşıq mühitində ustad sənətkarın nüfuzu və sənət məktəbi ətrafında formalaşan əlaqələr aşıqlıq ənənəsinin davamlılığını təmin edən mühüm amillərdəndir.Hikmət Quliyev Aşıq Hüseyn Saraçlının irsinin müasir elmi-texnoloji imkanlardan istifadə edilməklə araşdırılmasının vacibliyini də vurğulayıb. O, Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Dövlət Radiosunun arxivlərində qorunan audio-video materialların, eləcə də sənətkarın Gürcüstanda yaşadığı evdə saxlanılan materialların sistemli şəkildə öyrənilməsini perspektivli tədqiqat istiqaməti kimi dəyərləndirib.Alim qeyd edib ki, həmin materialların toplanması, elmi təsnifatı və rəqəmsallaşdırılması Aşıq Hüseyn Saraçlının yaradıcılığının yalnız bioqrafik və poetik tərəflərini deyil, həm də ifaçılıq xüsusiyyətlərini, repertuarını, sənət mühitini və auditoriya ilə əlaqələrini araşdırmağa imkan verə bilər. Rəqəmsal arxivlər bu baxımdan keçmişin materiallarını sadəcə qoruyan saxlanc deyil, folklor nümunələrinin sosial-mədəni kontekstini və performativ xüsusiyyətlərini təhlil etməyə imkan verən elmi yaddaş məkanı kimi əhəmiyyət daşıyır.Məruzənin əsas qənaəti ondan ibarət olub ki, Hüseyn Saraçlının irsinin müasir folklorşünaslıq çərçivəsində öyrənilməsi sənətkarın yaradıcılığını daha geniş elmi kontekstdə dərk etməyə, Borçalı aşıq mühitinin özünəməxsusluğunu müəyyənləşdirməyə və Azərbaycan aşıq sənətinin canlı ənənə kimi davamlılığını təmin edən mexanizmləri üzə çıxarmağa şərait yaradır. Aşıq sənəti keçmişdən qalan mətnlərin məcmusu deyil, sözün, sazın, ifanın, auditoriyanın və mədəni yaddaşın hər yeni performansda yenidən məna qazandığı dinamik mədəni sistemdir.Elmi konfransda, həmçinin görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin direktoru professor Ketevan Sixarulidze, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin əməkdaşları - professor Ömər Solak, dosent Samet Doykun və b. çıxış ediblər. Çıxış edənlər aşıq sənətinin Azərbaycan xalqının mədəni irsindəki əhəmiyyətindən danışıb, onun formalaşması və inkişaf mərhələləri, görkəmli sənətkarların yaradıcılıq irsi, habelə aşıq ənənələrinin müasir dövrdə qorunması və inkişaf etdirilməsi məsələlərinə toxunublar.Konfransın məsul katibi - filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı “AZƏRBAYCAN AŞIQ SƏNƏTİNİN İNKİŞAFINDA USTAD AŞIQ HÜSEYN SARAÇLININ ROLU” mövzusunda məruzə edib. O, öz məruzəsində XX əsr Azərbaycan Aşıq sənətinin ən məşhur məktəblərindən olan Borçalı aşıq məktəbinin ən böyük nümayəndələrindən olan, görkəmli saz-söz ustadı, Gürcüstan Respublikasının Əməkdar mədəniyyət işçisi, Ustad Aşıq Hüseyn Saraçlının (1916-1987) mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, Qafqazın ən gözəl guşələrindən biri olan qədim Borçalı mahalı tarixən saz və söz ustaları ilə məşhur olmuşdur. Heç də təsadüfi deyil ki, hələ neçə əsrlər öncə qoşma üstündə çalınan “Borçalı” saz havası bəstələnmiş və dillər əzbəri olaraq bu günədək gəlib çatmışdır. Ötən yüzilliklərdən bəri çağdaş günümüzədək boylanan sazlı-sözlü dünyamız Borçalının hər qarışına, hər küncünə hakim kəsilmiş, ayaq açıb el-el, oba-oba dolanmış və dolanmaqdadır. Elə bunun nəticəsidir ki, Dədə Qorqudla köklənmiş sazımız, qanadlanan sözümüz ötən əsrin birinci yarısında “avazın loğmanı” Aşıq Xındı Məmmədin, “binadan bac verməyən” Şair Nəbinin, Hüseyn Alxasağanın, Şair Ağacanın, Aşıq Goraninin, Aşıq Novruz Təhləlinin, Həsən Məcruhun, Mühəqqərin, Aşıq Musa Qaraçöplünün, Aşıq Teymurun, “aşıqlığın xanı” Sadığın, “könüllər bəzəyən, dillər dolaşan” Quşçu İbrahimin... nəfəsilə isinmiş, Ozan dünyamızın azman qoşa qanadı - “sazin şahı” Dədə Əmrahın və Ustad Aşıq Hüseyn Saraçlının səsilə rövnəqlənmiş, “qartal qanadlı” Aşıq Kamandarın sazı ilə yüksək zirvələri fəth etmişdir. Müşfiq Borçalı diqqətə çatdırıb ki, Ustad Aşıq Hüseyn Saraçlının altı övladı, on dörd şəyirdi olmuşdur. Ustad öz şəyirdlərinin heç birini doğma övladlarından ayırmamışdı. Onlardan Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Nürəddin Qasımlı, Sədi Ulaşlı, Aşıq Murad və b. el içində xüsusilə sayılıb seçilmişlər. Məruzəçi onu da xüsusi olaraq vurğulayıb ki, Aşıq Hüseyn Saraçlı təkcə gözəl saz çalıb-oxuması, şeirlər, nəğmələr qoşması ilə deyil, həm də yeni saz havaları və dastanlar yaratmaqda, eləcə də, həmin havaları ifa etməkdə və dastan danışmaqda da Azərbaycan aşıq sənətində əvəzsiz idi. O, «Qızıl dastan», «Kərəm Burcoğlu» dastanlarını, «Bağdat dubeyti», «Qürbəti-Kərəm» və s. saz havalarını yaradıb. «Koroğlu» dastanının «Zərnişan xanımın Çənlibelə gətirilməsi» və «Bolu bəy və qoç Koroğlu» qolları ilk dəfə məhz Aşıq Hüseyn Saraçlı söyləməsində qələmə alınıb. Aşıq Hüseyn Saraçlı doğma Borçalımızın dünənini və bu gününü, sevincini və kədərini, acrı və acılarını, burada yaşayan yurddaşlarımızın, vətənpərvər və qonaqpərvər soydaşlarımızın tarixi qəhrəmanlıqlarını böyük bir poetik ustalıqla qələmə alıb, sanki bir rəsam fırçası ilə Borçalımızın əsrarəngiz gözəlliklərinin rəsmini çəkib. Klassik aşıq poeziyasında olduğu kimi, Aşıq Hüseyn Saraçlıda da sevgi, məhəbbət motivləri güclüdür. Məhəbbətsiz həyatın boş və mənasız olduğunu başa düşən sənətkar həmişə öz dinləyicilərini sevgi, məhəbbət yolunda hər cür əzab-əziyyətə qatlaşmağa çağırardı. Onun «Gəlmədin» müxəmməsində, eləcə də, «Yenə», «Gələrəm», «Gəlmədin» və s. kimi qoşmalarında daim insanı ucaldan məhəbbət duyğuları aydın görünür. Aşıq Hüseyn Saraçlı ömrü boyu sağlam ünsiyyətli, dəyanətli, etibarlı dost harayında idi. O, hər yetənə dost deməzdi. Dostluğu çox müqəddəs saydığından dostu seçərkən, onu taparkən insanları ağıllı və tədbirli olmağa çağırırdı.Bütün ilhamını xalqdan alan, el-obanın adət-ənənəsi ruhuna qonan mərhum sənətkar Aşıq Hüseyn Saraclı adamın gözündə bir folklorçu aşıq kimi də canlanır. Onun yazdığı gəraylıların («Qocalığım», «Dədə Şəmkir», «Bulaq», «Elə gedər» və s.) ruhunda xalq yaradıcılığı gözəl duyulur. Sadə və oynaq dildə yazdığı «Dağlarda» adlı gəraylısında xalqın dağ-aran köçü, yaylaq ovqatı, el məclisləri çox gözəl göstərilib.«Ustad kürəsi»ndə bişmiş Aşıq Hüseyn Saraçlının kitabında özünə yer tapmış dörd qaravəlli də («Keçəlnən kosa», «Dəvə, tülkü, bir də keçi», «Təhnə də qalaylanarmı?» və «Fil sağaltmaq»), deyişmələri kimi, bir-birindən maraqlı, gülməli və düşündürücüdür. Müşfiq Borçalı qeyd edib ki, Hüseyn Saraçlı aşıq yaradıcılığında geniş yayılmış dastan janrına da həmişə böyük maraq göstərmişdir. O, yaxşı bilirdi ki, toy nişan məclislərində, ağır el yığnaqlarında xalqın bədii zövqünü oxşamaq, onun tarixi qəhrəmanlarından, ulu keçmişindən söhbət açmaq üçün dastan söyləmək daha uğurlu yoldur. Buna görə də, Hüseyn Saraçlı qədimdən bəri olan qəhrəmanlıq və məhəbbət dastanlarımızı - «Əsli və Kərəm», «Koroğlu», «Yusif və Züleyxa», «Qaçaq Nəbi» və s.-ni dərindən mənimsəmiş, onların mahir ifaçısına çevrilmişdi. Dastan danışmaqda, məclis aparmaqda Aşıq Hüseyn Saraçlı bənzərsiz sənətkar idi. O, elə güclü sənətkar idi ki, bildiyi dastanları heç vaxt olduğu kimi danışmazdı. Həmişə dastanın dilini şirinləşdirməyə çalışar, hətta yeri gələndə bəzən ona gözəl əlavələr də edərdi. Bir sözlə, Ustad Aşıq Hüseyn Saraçlı, sözün əsil mənasında, yaradıcı aşıq, istedadlı şair və nəğməkar sənətkar idi. Azərbaycan aşıq sənətinin inkişafında onun böyük rolu olmuşdur.Daha sonra Müşfiq Borçalı konfransın məsul katibi olaraq, konfrans haqqında iştirakçılara ümumi məlumat verib. Bildirib ki, Aşıq yaradıcılığı, söz, saz və sənət vəhdətini özündə birləşdirən aşıq sənəti Azərbaycan xalqının əsrlər boyu formalaşmış, min illər boyu cilalanmış, saflaşmış və hafizələrə, milli təfəkkürümüzə əbədi həkk olunmuş tarixi yaddaşını, zəngin mənəvi-mədəni irsini, mənəvi dəyərlərini, adət-ənənələrini və dünyagörüşünü nəsildən-nəslə ötürən ən mükəmməl və ən mühüm mədəni hadisəsi olmaqla yanaşı, həm də, ən qiymətli və dumduru xalq yaradıcılığının nümunəsidir. Bu yaradıcılıq sahəsi özündə həm poeziyanı, həm musiqini, həm də ifaçılıq məharətini birləşdirərək milli kimliyimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayır. Aşıq sənətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması Azərbaycan mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Aşıq ənənəsi Azərbaycanla yanaşı, digər türk xalqlarının da folklor və ədəbi mühitində mühüm yer tutur. Qəhrəmanlıq, məhəbbət, vətənpərvərlik, humanizm kimi ümumbəşəri ideyaları özündə əks etdirən aşıq yaradıcılığı türk dünyasının mədəni əlaqələrinin, ortaq ədəbi dəyərlərinin və milli kimliyinin qorunub saxlanılmasında mühüm rol oynayır. Bu baxımdan aşıq sənətinin öyrənilməsi Türk xalqları ədəbiyyatının tarixi inkişaf mərhələlərinin və qarşılıqlı mədəni təsirlərinin araşdırılması üçün geniş imkanlar yaradır.Elə buna görə də, Azərbaycan aşıq sənətinin inkişafında Ustad Aşıq Hüseyn Saraçlının rolu, Aşıq Hüseyn Saraclının lirik və epik yaradıcılığının semantik strukturu və semiotik-sinergetik sistemi, Azərbaycan aşıq mühitində Borçalı məktəbinin mövqeyi: Aşıq Hüseyn Saraçlının ustadlıq fenomeni, Hüseyn Saraçlının dastan yaradıcılığı, Azərbaycan aşıq sənətində aşıq Hüseyn Saraçlının yeri, Sazın və sözün borçalı zirvəsi: Aşıq Hüseyn Saraçlı, Aşıq Hüseyn Saraclının yaradıcılığında Borçalı toponimləri, Aşıq Hüseynin həyat və yaradıcılığı, Aşıq Hüseyn Saraçlı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Aşıq Hüseyn Saraçlı: milli sənət ənənəsinin ustad daşıyıcısı, Aşıq Hüseyn Saraçlının yaradıcılığında dil, üslub və folklor motivləri, Aşıq Hüseyn Saraçlı yaradıcılığında dastan sənəti: ənənə və novatorluğun sintezi və s. kimi bir-birindən maraqlı mövzularla yanaşı, həm də, Azərbaycan aşıq mühiti; inkişaf yolu, xarakter və çağdaş durumu, Azərbaycan aşıq mühitində Borçalı aşıqlarının rolu, Azərbaycan aşıq məktəbləri və onların nümayəndələri, Azərbaycan aşıq sənəti və estetik düşüncə tərzi, Çağdaş ustad aşıqlar, Aşıq yaradıcılığı və aşıq sənətinin araşdırılması məsələləri, Türk xalqlarında aşıq sənəti və onun təzahür formaları, Türk xalqları aşıq yaradıcılığında oxşar və fərqli cəhətlər, Dastan yaradıcılığını inkişafında aşıqların rolu, Milli-mədəni irsimizin yaşadılmasında aşıq sənətinin mövqeyi, Aşıq yaradıcılığı və sənətinin elmi-nəzəri konteksti, Aşıq yaradıcılığının janr və formaları, Aşıqlarımızın dili, Aşıqlarımızın əsərlərinin leksik-linqvistik xüsusiyyətləri, Aşıqlarımızın yaradıcılığında onomastik vahidlər və s. mövzuların əhatə etdiyi Beynəlxalq Elmi konfransda 100-dən çox məruzənin dinlənilərək müzakirə olunacağını diqqətə çatdıran Müşfiq Borçalı, konfransın Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Gürcüstanın Əməkdar mədəniyyət işçisi, Ustad Aşıq Hüseyn Saraçlının 110 illik Yubileyinə həsr edilən “Aşıq yaradıcılığı: Təşəkkülü, İnkişaf Mərhələləri və müasir İstiqamətləri” adlı Beynəlxalq elmi konfransın keçirilməsi ilə bağlı hələ ötən ilin sonunda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, çox hörmətli akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Təşkilat komitəsi yaradılıb. Bu barədə elanlar - Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, Folklor İnstitutunun, Dilçilik İnstitutunun rəsmi saytlarında, eləcə də, respublika mətbuatında, “Xalq qəzeti”ndə, “Elm və təhsil”, “Şərqin səsi”, “Borçalı” və s. mətbuat orqanlarında, həmçinin Tbilisidə nəşr olunan “Gürcüstan” qəzetində, bir çox internet resurslarında, o cümlədən, ZiM.Az, Zia.Az, Ziya.info.az, Zirve.info, Zirve.info.az, Turan.info.az, Yurd.info.az, Zefer.info.az, Dostluq.info.az, Nur.info.az, Borcali.org, Bolnisi.az, Bakı-xeber.com, mustaqil.az və s. saytlarda yayımlanıb.Müşfiq Borçalı daha sonra qeyd edib ki, konfransa 200-dən çox tezis təqdim olunub. Onlardan 120-i bəyənilib və konfransda iştirak etmələri məqsədə uyğun hesab edilib. Konfransa 115 məqalə təqdim olunub. Onlardan 109 nəfəri bu gün bölmə iclaslarında çıxış edəcəklər.Konfransa təqdim edilən məruzələrin stastik göstəricilərini diqqətə çatdıran M.Borçalı bildirib ki, konfransa Azərbaycandan 93 nəfər, Türkiyədən 6 nəfər, Gürcüstandan 7 nəfər, Cənubi Azərbaycandan - Təbrizdən 2 nəfər, Özbəkistandan 1 nəfər, Alamniyadan 1 nəfər, Bolqarstandan 1 nəfərə məqalə göndərmişdir.Azərbaycandan, o cümlədən, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan 9 nəfər, AMEA Folklor İnstitutundan 8 nəfər, AMEA Nəsimi adına Dilçilik İnstitutundan 2 nəfər, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundan 2 nəfər, AMEA Fəlsəfə və Sosiologiya İnstitutundan 1 nəfər, AMEA Rəyasət Heyətindən 2 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 6 nəfər, ADPU-nun Şamaxı filialından 2 nəfər, Bakı Dövlət Universitetindən 5 nəfər, BDU-nun Qazax filialından 2 nəfər, Bakı Slavyan Universitetindən 4 nəfər, Azərbaycan Tibb Universitetindən 3 nəfər, Azərbaycan Texniki Universitetindən 3 nəfər, Gəncə Dövlət Universitetindən 3 nəfər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən 2 nəfər, Azərbaycan Aşıqlar Birliyindən 2 nəfər, Turan İnformasiya Mərkəzindən 2 nəfər, Xəzər Universitetindən 2 nəfər, Azərbaycan Milli Konservatoriyasınadan 1 nəfər, Milli Azərbaycan Tarixi Muzeyindən 1 nəfər, Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən 1 nəfər, Bakı Mühəndislik Universitetindən 1 nəfər, H.Əliyev adına Hərbi İnstitutdan 1 nəfər, Azərbaycan Polis Akademiyasından 1 nəfər, Şəki şəhərinin 14 nömrəli tam orta məktəbindən 1 nəfər, İmişli rayonunun Xoşçobanlı kənd tam orta məktəbindən 1 nəfər, həmçinin, Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutundan 3 nəfər, Gürcüstan Elmlər Akademiyasından 1 nəfər, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetindən 1 nəfər, Türkiyənin Çanakkale Onsekiz Mart Üniversitetindən 2 nəfər, Türkiyənin Erzincan Binali Yıldırım Universitesindən 1 nəfər, Özbəkistanın Kokand Universitetindən 1 nəfər və başqaları konfransımızda iştirak edirlər. Müşfiq Borçalı onu da bildirib ki, Cənubi Azərbaycandan iki nəfər, Aimaniyadan 1 nəfər, Bolqarstandan 1 nəfər və başqaları isə konfransa onlayn olaraq qoşulacaqlar.Sonda Müşfiq Borçalı bütün konfrans iştirakçıları və eləcə də Ustad Aşıq Hüseyn Saraçlı sevərlər adından belə br möhtəşəm beynəlxalq elmi konfransı yüksək səviyyədə təşkil etdiyi üçün, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, çox hörmətli akademik İsa Həbibbəyliyə təşəkkür edib və öz dərin minnətdarlığını bildirib.Həmçinin, konfransın yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələn köməkliyi əsirgəməyən Təşkilat Komitəsinin bütün üzvlərinə, o cümlədən, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərova, Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Qulievə, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənliyə, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovaya, eləcə də, Təşkilat komitəsinin yarandığı elə ilk gündən konfransın yüksək səviyyədə keçirilməsi üçün daim maddi və mənəvi köməklik göstərən, tanınmış ictimai xadim, sabiq millət vəkili, İctimai Televiziya və Radio Yayımları Şirkətinin qurucusu və ilk baş direktoru, Əməkdar incəsənət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İsmayıl Ömərova və konfransın yüksək səviyədə keçirilməsi üçün yaratdığı şəraitə, göstərdiyi diqqət və qayğıya görə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynova təşəkkür edib və öz dərin minnətdarlığını bildirib.*** Daha sonra tədbir çərçivəsində konfransın məsul katibi - filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının “Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. (Beşinci nəşr)” kitabının təqdimatı keçirilib. Bildirilib ki, ilk nəşri 2011-ci ildə işıq üzü görmüş kitabda müəllif görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verir, aşığın böyük oğlu İsfəndiyar Həsənovdan əldə etdiyi «Aşıq Hüseyn Saraçlının Yaylaq səfəri» adlı bir dastanını, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun «Aşıq Hüseyn Saraçlı» və şair Nizami Saraçlının Ustad aşığa həsr etdiyi «Yalan ola ayrılıq!» poemalarını müəlliflərin dilinə toxunmadan oxuculara təqdim edir. Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilən kitabın elmi məsləhətçisi - AMEA-nın prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, redaktoru Əməkdar incəsənət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İsmayıl Ömərov, rəyçiləri isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya elmləri doktoru Şakir Albalıyevdir.Biz də, inanırıq ki, unudulmaz sənətkarımızın bir çox dastanları kimi, bu kitabın ilk nəşrinədək heç yerdə çap olunmamış həmin dastanı da, eləcə də, Ustad aşığın 95 illik yubileyinə həsr olunmuş həmin kitabın yeni nəşri bütövlükdə, Ustadın 110 illik yubileyi ərəfəsində oxucular tərəfindən rəğbətlə qarşılanacaq.***Daha sonra konfrans öz işini 8 bölmə üzrə iclaslarla davam etdirib.3 gün davam edən beynəlxalq elmi konfransda 100-dən çox məruzə dinlənilib və müzakirə olunub. Sonda məruzəçilərə Sertifikatlar təqdim olunub.ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.