Bu yolların bir başında Borçalı... Gürcüstan » Borçalı 7 Ekim Borçalı eli dağ döşündə yuva tikmiş kəkliyə bənzəyir. Nəğməsini dağdan-daşa; düzdən-düzə, eldən-elə yayaraq yaşayır, hüsnünə nəğmələr qoşulur, həm də el sənətkarlarının söz sərvətinin köksündə yaşadır bu oba...... İlin hər fəslində gözəldir Borçalı!... Yazda gələsən Borçalıya, yağışların nöqtə-nöqtə iz açdığı cığırlara, şırıl-şırıl suyu tökülən şırımlara baxasan, ala-tala buludların kişnərtisi səslənə qulağında...... Yayda gələsən Borçalıya... Gül dolu, çiçək dolu dağlarının sinəsini, yamyaşıl meşələrini gəzəsən, diz çökəsən buz bulaqların önündə, suyunu içəsən yarpızlı bulaqların... ... Payızda gələsən Borçalıya – qamətli gözəllər tək səmalara uzanan şamları, sinəsi şimşəklərdən cadar-cadar olmuş palıdların qızılı yarpaqlarının torpağın köksünə necə ahəstə-ahəstə uçduğunun şahidi olasan. Çöllər qızı ceyran-cüyürün qoşa ayaq izlərinin uzandığı cığırlarla «Dardaş» yaylağına gedəsən, ulu Ləlvərin köksünə doğru dırmanasan. Oradan kəndə-kəsəyə elə-obaya, göz işlədikcə uzanan Borçalı çökəyinə, şüşə kimi parıldayan Təvətöy çayına nəzər salasan...... Qışda gələsən Borçalıya. Dümağ qardan ulduz-ulduz çiçək açmış meşələri gəzəsən, ağaclardan yaranmış «şaxta baba»larla «görüşəsən». Gözünü dolandırıb dağlara baxasan, zirvəsi ağlı-qaralı dağlara, sinəsi güllü-çiçəkli, laləli dağlara... Ehey!..Üzü bəri baxan dağlar,Dağlar gəlləm səbr eyləyin.Könlüm yaman pərişandır,Gəlləm yenə dövr eyləyim. Ürəyimdə söz azalır,İllər keçir, yaş sozalır,Bu taledən bir borc alıb,Gəlləm yenə ömr eyləyim. Bənövşələr, tər çiçəklər,Gözəl qızlar, ay göyçəklər,Yal-yamaclar, biçənəklər,Gəlləm sizə sirr söyləyim. Boçalı dağları, kökümüz soyumuz qədər uludur. Adımız, sanımız qədər ucadır.Neçə-neçə sanballı igidlərimiz sinəsində at oynadıb, qılınc çəkib. Dağ vüqarlı igidlərə çöküb dağlarımızın duruşu, əzəməti. Dumduru çeşmə başından gələn mina gərdənli gözəllərimizin yanaqları dağ laləsinə bənzər, yerişi-duruşu ilhama gətirər igidlərimizi. Dindirdinmi, danışdırdınmı büllur lətafətlə dediyi sözlərdən xoş rayihə duyarsan. Dili diləklidir gözəllərimizin, ulularımız tək safdır onların məhəbbəti, sevgisi. Namusumuz, qeyrətimiz, vüqarımızdır onlar. Təbiətin bizə bəxş etdiyi şeiriyyət dünyasıdır gözəllər. Onların da sinəsi ulu torpağımızın hər qarışı tək sirli-soraqlı bir dünyadır. Bu dodaqlar, o qara gözlər, mehriban baxışlar sənə bayatı söyləyər, qoşma deyər, gəlişinə gül döşər, gedişinə kədərlənər.Əzizinəm gözəl dərə,İgid əkə, gözəl dərə.Bizim dağlar, ulu dağlar,Bənövşəni gözəl dərər. Dağlara yolum düşdü. Elə kədərləndim ki... Hanı ötən sənələr, hanı köhlənlərin, səkilli səməndlərin yalmanına yata-yata çapdığımız o günlər. Zəmanəmi dəyişib, yoxsa ki, biz.Ay sinəsi dağlı dağlar,Ay qaralı, ağlı dağlar,Yolları var – bağlı dağlar,Yerindəmi gülün, dağlar! Baş endirim ətəyinə,Ağ çalmalı örpəyinə,Bənövşəli çiçəyinə,Çatmır aman, əlim dağlar! Sinən üstə dərdim kaman,Dar yolların çiskin, duman,Səndən dərdə çarə uman – Mənim obam, elim dağlar!Mənə gəlsin sənin qadan,Dağ döşündən hava udam,Mən ayrılıq dedim müdam,Yandı ağzım, dilim, dağlar! Düşmən bağrı dələn sənsən,Gah ağlayıb, gülən sənsən,Dərd-azarı bilən sənsən -Sirri-sübhan, alim dağlar. Sinən mənə min möcüzə,Çataram mən əlli-yüzə,Gül-çiçəyi üzə-üzə,Qoynunda mən ölüm dağlar. Qulağımıza at dırnaqlarının səsi gəlmir daha. Bu bivec dünyadan nankor insanlar torpaqdan pay uma-uma bizim gələcəyimizə də təpik vururlar. Təbiət də dəyişib, adamlar da. Hərdən nurani üzlü, sözü-söhbəti təsəlli, ümidverici məsləhət dolu kəlmələri yadıma düşür ağsaqqallarımızın, ağbirçəklərimizin. Düşünürəm ki, necə qəribədir bu həyat? Və sinəmdə sonu olmayan bir mahnı yaranır. Bu mahnının müəllifi də mənəm, bəstəkarı da. Ancaq mahnının sətirləri heç yerə yazılmayıb, deyilməyib, lakin mənim daxilimə, ürəyimin dərinliklərinə bələd olsanız, oradakı pıçıltıları eşidərsiniz. Bu pıçıltılar zahirdə sakitdir, ahəstə-ahəstə titrəşən payız yarpaqları kimi səs verir, daxildə isə onun nərəsi, səs-küyü, möhtəşəmliyi böyükdür. Koroğlu hayqırtısı, nəbi nərəsi kimi güclü, qüvvətlidir bu mahnının ürəyimə yazılmış sətirləri. Bu sətirlər Nigar, Həcər, Leyli nəğməsi kimi kövrək, məlahətlidir, könüloxşayan, ilhama səsləyəndir bu pıçıltı!Əzizinəm yaz gecəsi,Şirin olur yaz gecəsi,Yalqız gələn gəlinin,Qələm al yaz gecəsin. - A bala ötən sənələrdə el camaatı bir yerə yığışardı, - deyə el ağsaqqalı Qasım baba söhbətinə belə başladı. Qara, uzun demisini doldurub yavaş-yavaş sümürərdi. El ağsaqqalı ortaya çıxıb nağıl söylər, tapmaca deyər, atmacalar atardı. Gecə yarısına qədər şirin, dadlı, duzlu kəlmələrə diqqət kəsilərdik. Sinədəftər babaların, ağbirçək nənələrin söhbətini, sözünü sinəmizə toplardıq. Bax elə bu yanıltmac kimi, - deyə Qasım baba demisini bir də sümürüb deyərdi:Dörd ağadı,dörd bağbandı,dörd də bağ.Dörd ovçudu,dörd maraldı,dörd də dağ.Dörd xəstədi,dörd ölüdü,dörd də sağ. - Hə, tapın görək nədir, bu, ay uşaqlar, - deyə bizə tərəf boylanardı. Hamı susardı. Qasım baba fikirlərə cumduğumuzu görüb heç nə deməzdi, asta-asta zümzüməylə başlardı:Alagöz ceyranım, ay şirin dillim,Yanıram oduna mən gülə-gülə.Mən bülbüləm, sən də mənim bir gülüm,İnsaf eylə, yol al sən bizim elə.Eh ötən günlər... Borçalı obası aşıqlar meydanına dönərdi. Saz-söz sərrafları burda say seçmələnərdi. Bu elin Ələsgər timsallı Alxasağası, Ağacanı, Şair Nəbisi, Aşıx Sadığı, Xındı Məmmədi, Aşıq Söyünü, Aşıq Əmrahı, Aşıq Kamandarı və daha kimləri var idi. Bu elin batman məclislərində yeddi gün, yeddi gecə dastanlar söylənərdi. Otuzluq lampa işığında görünən üzlərdə sevinc var idi, fərəh var idi, ən başlıcası kişilik, mərdlik var idi, başlarındakı papaqları vüqarla gəzdirərdilər, qonaqpərvərlikləri adnan olardı Borçalı kişilərinin. Sağ olsunlar, adlı-sanlı igidlərimizi, saz-söz sərraflarımızı, ağbirçəklərimizi, ağsaqqallarımızı. Yenə də gözəl ənənələr Borçalı çökəyində yaşamaqdadır. Yenə də məclis qurulur, el-oba saz havasına toplaşır. Sazdır bizi bu günlərə bağlayan. Odur bizi yaşadan. Odur qəm kədərimizi unutduran. Biz bu fani dünyadan köçəcəyik. Təkcə qalan bir saz olacaq, bir də söz. Bizim kökümüz, soyumuz, mayamız sazla tutulub. Dədə Qorqud boylarından gələn və sevincdən kədərimizi unutduran bu ulu saz bizim beşiyimizin başında çalınıb, bu saz bizim şahanə ellərimizin toy-şadlıq məclislərində çalınıb və nəhayət, bu saz həmişə, hər an bizim içimizdə çalınır.Bəlkə ona görədir ki, hamımız-körpədən tutmuş böyüyə kimi saz-söz sorağındayıq.Sazda nifrət də çoxdur, mərhəmət də. O dediyini deyir, qoşmasını qoşur. Sədəf dişlər kimi dəhanı gözəlləşdirir. Oğul gərək ki sazı da, sözü də yaşada! Necə ki ulularımız olan ustadlar yaşatdı bu sənəti! Necə ki, Xəstə Qasım, Qurbani, Aşıq Alı, Aşıq Ələsgər, Dədə Şəmkir, Xındı Məmməd, Söyün Saraşdı, Dədə Əmrah, Aşıq Kamandar yaşatdı bu sazı, bu sözü!Bu saz mənim ozan babam,Tariximi yazan babam,Nər döyüşdə Qazan babam. Bu saz mənim ümid yolum,Bu saz mənim vuran qolum,Bu saz mənim uğur yolum. Bu saz mənim axan çayım,Bu saz mənim günüm, ayım,Bu saz mənim ömür payım,Ömür payım, ömür payım... Və bu saz torpağa səpilən bir ovuc dən kimi cücərəcək, yaşıllaşacaq və boy atacaq. Səmadan süzülüb gələn yaz yağışları onu sulayacaq, kimin bəxtinə bu sazı kim çalacaq, ya bəxt kim qalacaq bu fani dünyada! Və bu fani dünyanın kədərini, qəmini duya-duya Borçalıma bu şeri həsr elədim:Bu yağış torpağa çoxmu yağacaq,Bu yağış kimlərə nə cücərdəcək.Hər kəs səpdiyinin xeyrin görəcək,Mən nə götürəcəm torpaqdan, Allah!Ürəyim dağ boyda olacaqmı bir,Ürəyim nə deyir, soruşur nəyi,Rəngim özümdədir,Dilimdə nəğmə,Çalır dağ döşündə çoban tütəyi, Nə deyir, nə deyir,Soruşur nəyi?Rəngim özümdədir, ağır ellərim,Yenə köç eyləyir o ulu yurda.Avazım şirindir, dilim şirindir,Qocalmaq istərəm bu gözəl yurdda. Uludur, uludur ölüm də burda.Yağış səpələyir...Yağış ki, nurdur,Bu yağış kimlərə xeyir verəcək,Sazın səsi gəlir, ay Əmrah əmi,Polad qollarını gərib ölüm də – Kimin bağçasından ömür dərəcək,Kimin bağçasına dolu yağacaq,Kimlər boğçasını dolu yığacaq,Kimdədir bu günah, bilmirəm, Allah,Səbrim, qərarım da tükənib, vallah,Yağışmı günahkar, toxummu, Allah,Kimin toxumundan nə cücərəcək,Kimlər nə yığacaq, nə toplayacaq,Yağış bu torpağa çoxmu yağacaq,Uludur, uludur ulu yağış da,Yağacaq, yağacaq...• • •Bismillahir-Rəhmanir-Rəhim!Arzulayırdım ki, Borçalıya həsr etdiyim yazımı bu kəlamlarla başlayım. Çünki bizi O yaradıb, təbiəti O yaradıb, bütün varlığı O yaradıb. Biz onun yaratdıqlarından-təbii gözəllikdən ilham almışıq, gözəl nemətlərindən bəhrələnmişik, ürəyimizə, gözlərimizə nur axıb Allah kəlamlarından! Biz ömrümüz boyu Ona borcluyuq. Və sənin də belə gözəl, əsrarəngiz təbiətə malik olmağın da böyük Yaradanın mübarək əlinin işidir, Borçalım mənim!Dünya bərqərar olandan sən varsan, a yurdum, doğma torpağım. Sinəndə min illərin sirri, sehri yatır. Bu sirrə, sehrə, söz boğçasının dərinliklərinə qəvvas kimi baş vurmaq üçün neçə-neçə oba gəzdim, neçə-neçə el gəzdim. Hər yerdə dilimin şirinliyini, dadlı-duzlu olduğunun şahidi oldum. Hər evdə, hər ocaqda dinimi gördüm. Yetmiş ilin bizə vurduğu əzabın, zərbənin izini gördüm. Hər qocanın, hər ağbirçəyin yaddaşlarında pərçimlənib qalmış müqəddəs Allah kəlamlarının yetmiş ildən sonra necə ahəstə-ahəstə süzüldüyünün şahidi oldum. Və əlimi o göylər şahın – uca, müdrik və böyük, mehriban Allahın səcdəgahına uzadıb Borçalıma daha xoş günlər, firavan həyat bəxş etməyini arzuladım.Ey Pərvərdigar, Sən ulular ulusu, sən böyüklər böyüyü, sən pakların ən pakısan. Sənin ətəyinə sığınan kəslər nicat tapırlar. Sənin adını dilində söyləyənlər xoş məramlı, müqəddəs kəlmələr sahibi olurlar. Və onların yaşadığı məkanlar da müqəddəs olmalı, Allahın gözəl nemətlərinin bolluğu könülləri şad etməli, yaşamağa, yaratmağa həmişə istənilən imkanı verən qadir Allahın o böyük adını bəxtiyarlıqla çəkməlidirlər.Sabahın nurlu olsun, Borçalı!Dilin şirin olsun, a Yurdum!Səndə şer də var, bayatı da, yanıltmac da var, qoşma da, saz da. Sənin gözəlliyinə, əsrarəngiz təbiətinə, ağır ellərinə vurğunam!Yurdum mənim, sənsən mənim ağır gündə gərəyim, sənsən mənim gözəl dünyam, söz dünyam, saz dünyam, ulu dünyam!..Sənin hər qarışını, hər bucağını gəzmişəm, ancaq hələ səndən doymamışam. Qocalarınla, ağbirçəklərinlə, ağsaqqallarınla, küştü tutan cavanlarınnan çox görüşmüşəm. Söhbətimizin yönü yenə saza-sözə çıxıb. Mən Borçalıda hələ deyilməmiş, hələ yazılmamış dastanlara, bayatılara, qoşmalara rast gəlmişəm. Hər dəfə də bu şirin kəlamları eşidəndə və bu deyimləri ürəyimə damla-damla süzəndə yadıma ixtiyar qoca Qasım babanın şirin-şirin söhbətləri düşüb. Rəhmətliyin hər kəlməsi şeir idi. Dinəndə sazdan, sözdən danışardı. «Əsli və Kərəm» dastanından şirin-şirin qoşmalar söylərdi. Mən bu qoşmaları kitablarda çox gəzdim, amma tapa bilmədim. Belə qoşmalardan çox eşitmişdim ondan. Elə bil ki, Kərəmin eşqi düşmüşdü sinəsinə. Saatlarla Əslidən danışardı... qoyun-quzunun uzağa getməsinə məhəl qoymayaraq dirsəkləndiyi göylükdən qalxmazdı. Əl ağacını saz edib sinəsinə sıxar, Kərəm məhəbbətini, Əsli eşqini alışdırardı...Ağlaya-ağlaya düşdüm yollara,Axdı didəm yaşı döndü sellərə,Bir namə yazaram sizin ellərə,Ellər, Əslim bu diyara vardımı?Yerdə Kərəm sızlar, göydə ulduzlar,Yar-yarı görəndə sümüyü sızlar,Sizə qurban olum, yığılan qızlar,Qızlar, Əslim bu diyara vardımı? Mən Kərəməm, ahu kimi mələrəm,Bir ah çəksəm, dağı-daşı dələrəm.Xan Əslimi deyin nə vaxt görərəm,Çökür dağlar üstə duman, ağlaram. Və Kərəm eşqini alışdırandan sonra Əsli eşqini oyadardı. Yaxar yandırardı... Şirin ləhcəsiylə ürəkləri kövrəldərdi...Qızılgülün dörd qönçəsi xar olsun,Namus olsun, qeyrət olsun, ar olsun,Lələ, görüm dilciyəzin lal olsun,Necə qıydın, dedin: -Kərəm gəlmədi.Qırmızıdır bizim yerin lalası,Mənə gəlsin xan Kərəmin bəlası,Toydu, bəs hanı əlinin xınası?Necə qıydın, dedin: -Kərəm gəlmədi. Anası Məryəmdi, Məlik atası,Axır məşhər günü divan tutası,Xan Əslidi, xan Kərəmin butası,Sataşırdım, dedim: -Kərəm gəlmədi.Heç bilirsiz, Borçalının nə gözəl obaları, oymaqları var. Burda bulaq başına enən gözəllərin ismətli baxışları da gözəldir. Onların danışığını, söhbətini, yerişini, duruşunu gördünmü ürək titrəyir, sözlər bir-bir düzülür eşqsayağı dodaqlara:Obaları oymaq-oymaq gəzəsən,Toy-mağarda qoşa-qoşa süzəsən,Tellərinə gül-çiçəyi düzəsən,Qəmi ala, verə sənə sevinci.Bu yurdda kimin qapısını döysən, səni qonaq qəbul edər. Duz-çörəkli olur bu yurdun adamları. Qonaqpərvərlik bizə Dədə Qorqud boylarından miras qalıb. Borçalıda fikri işıqlı adamlar yaşayır. Burda hamı ürəyində torpaq qeyrəti, torpaq məhəbbəti yaşadır. Babam həmişə deyərdi ki, gərək torpağa məhəbbət canında, qanında ola, a bala! Bir də bizdə belə bir məsəl də var, deyiblər: acdınsa, torpağa yıxıl, o səni ayağa qaldıracaq... Və nəhayət, gərək torpağı seviyin kimi, onu qorumağı da bacarasan, duz-çörəkli olduğun kimi, açıq və təmiz ürəyin də olmalıdır. Bax, bizi belə böyüdüblər babalarımız. Ürəkli, qəlbiaçıq, təmkinli...• • •Azərbaycanlılar heç vaxt kəsdikləri duz-çörəyə arxa çevirməyiblər. Onlar çətin məqamda dolanmağı da bacarıblar, dost-yoldaşa kömək əli uzatmağı da. Dədə və babalarımız ağır olublar, onları hər söz-söhbətnən tərpətmək olmazmış. Təmkinli, vüqarlı görünüşləri ilə məclislərin yaraşığı olublar. Onların çoxu savadsız idi, qələm-kağız nə olduğunu bilmirdi. Lakin Borçalıda əsrlərlə birgə yaşamış gürcü və azərbaycanlıların qədim və ulu dostluğunu həmişə çörək təki ulu tuturdular. Onlar bilirdilər ki, hər iki millətin adət-ənənələri illərin süzgəcindən süzülüb gələ-gələ büllurlaşıb.Bu gün Borçalıda hava başqa cürdür. Bu gün hər ağızdan bir avaz gəlir. Bu gün bəzi nankor adamlar bizi torpaqlarımızdan didərgin salmağa çalışırlar. Və bir də ən başlıcası, gürcülər də , azərbaycanlılar da bilməlidirlər ki, bu torpaqda yaşayan,yeni nəsil tərbiyə edib böyüdən iki dost millətin saf və büllur adət-ənənələrinə xələl gətirmək olmaz. Tarix göstərir ki, yadelli işğalçılar Gürcüstan torpağına hücum edəndə bu torpaqda yaşayan azərbaycanlılar sipərə dönmüşlər. Bu torpağın hər qarışı uğrunda gürcü və azərbaycanlılar birgə vuruşmuşlar. Bir vaxt Borçalı igidlərinin adı, sanı təkcə Azərbaycan, Gürcüstan deyil, eləcə də Türkiyə, İran və digər ölkələrdə məşhur idi. Qarı düşmən ellərimizə basqın edəndə, talan salanda Borçalı cəngavərləri at belinə qalxardılar.Bizim elin, obanın duz-çörəkli olması və dosta-dost gözü ilə baxması – bax, o vaxtlardan qanımıza, canımıza hopub. Belə ulu adət-ənənələrimiz bizi xeyirxah işlər görməyə səsləyir, bir də ki, dədə-babalarımızın ulu və saf dostluğunu qorumağa!Və ən başlıcası, məni bu gün kövrəldən bir məsələ var. Çox ağzıgöyçəklər «Bakı, Bakı» deyib camaatı yerindən-yurdundan eyləyir, cavanlar bu ulu torpaqdan, gözəl şahanə ellərdən uzaq düşürlər.Mən bir dəfə babamla söhbət edəndə eldə, obada cavan da azalıb, ay baba,-dedim –gedirlər uzaq-uzaq şəhərlərə, oxuyurlar, işləyirlər… sənət qazanıb elimizə, obamıza qayıtmaq istəmirlər.-Çəkib gətirmək lazımdır onları, - dedi babam,- qoy o şəhərlərdə gördükləri işləri burda – ocağımızın başında görsünlər, a bala! O qədər yarımçıq qalmış işlərimiz var ki… Yalçın qayalardan süzülüb gələn bulaqlarımızın suyu da quruyub daha. Ortaya çıxıb qolunu çırmayan bir kişi yoxdurmu? İndi adamlar nə üçünsə savab işlər görməkdən çəkinirlər. Əl tutmaq Əlidən (ə) qalıb, deyirlər. Savab işlər görmək də Allahın buyurduqlarını sözsüz həyata keçirməkdir. Kişilər var idi ki, körpü salmışdılar, yol çəkmişdilər, acizlərin qolundan tutmuşdular, kəndin başbiləni idilər, ad-san qoyub getdilər o kişilər. Bir ucu gəlimli, bir ucu gedimli dünya onları da çox gördü bizə. Eh, nə deyim, a bala, indi qeyrət dəmidi…Mən bu sözləri soyuq qış axşamlarının birində yazmışam. Düşünüb-daşındığım sözləri hüsnünə yaraşdırmaq üçün ağ vərəqə ilmələr düzmüşəm, Borçalım mənim!Könlüm yenə qəhərlənir səndən yazdıqca, səni vəsf etdikcə. Canımdan çox səni sevirəm, torpağım mənim. Bilirəm ki, son məqamım, son həsrətim, son ümidim sənsən, ən axırda mən də milyonlardan biri kimi sənin sərin, rahat, yumşaq qoynuna gömüləcəyəm, torpağım mənim – həsrətim mənim! Bu arzu, bu həsrət dünya üzünə gələndən bəri ürəyimdə baş qaldırıb. Ömrümüzü və ölümümüzü içimizdə yaşada-yaşada kədərlənmişik, gülmüşük. Və bilməmişik ki, bu ölüm nə vaxtsa içimizi yiyəcək, taleyimizi əbədi səninlə bağlayacaq yurdum mənim, yuvam mənim!Gəlməyəcəyəm, dünya, sənin üzünə,Gəlməyəcəyəm sənə salam verməyə.Gəlməyəcəyəm dağlar, salamat qalın,Gəlməyəcəyəm döşdə gülün dərməyə!Daha da çiçəklən, gözəlləş, Borçalım! Ürəyimdən gələn və bəlkə də illərlə məni narahat edən sözlərin bəzilərini hörmətli, qədirbilən oxucularımıza, Borçalı övladlarına söylədim. Onu da bildirim ki, səni yaşatmaq biz övladların əbədi borcudur. Hər dərdin, kədərin – bizim kədərimizdir, hər sevincin, hər şadlığın bizim şadlığımızdır. Həmişə şad olasan, Borçalım!…Eheyy!!! Dədəm Qorqud, qopuzunu çalginən! Bu yolların bir başında yenə Borçalı durur. İgidlər yenə at belindədir. Şirin dilli, ismətli, dağ laləsinə bənzər gözəllərimiz yenə süfrə açıb, duz-çörək qoyub. Duz-çörəklidir bizim ellər, düz ürəklidir bizim ellər. Yaşa, ucal, Borçalım! Nizami MƏMMƏDZADƏ, Jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.