Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan Firidun bəy Köçərlinin çox da uzun olmayan həyat yoluna nəzər saldıqda, onun qısa olan ömründə böyük əməllərinin nə qədər qürurverici və yaddaşlara həkk olunduğunu görürük.

Mən Firidun bəy Köçərlinin tədqiqatçısı olaraq, hər xırda detallara xüsusi həssaslıqla yanaşmağa çalışıram və bütün bunları mətbuat səhifələrində işıqlandırmağı özümə borc bilirəm. Buna görə də bu dəfə mənə olunan müraciətlərə görə, yazıda ilk olaraq görkəmli ədibin adının Firidun və yaxud Firudin olması məsələsinə toxunmaq istəyirəm.


Azərbaycanın orfoqrafik şəxs adlarında bir çox isimlərin müxtəlif yazılış formaları vardır. Firidun adının yazılışına istər ədəbiyyatda, istərsə də həyatda iki cür formada rast gəlinir. Bəzi mənbələrdə Firidun, bəzi mənbələrdə isə Firudin kimi yazılmış adlara rast gəlmək mümkündür. Lakin, mən Firidun bəy Köçərlinin tədqiqatı ilə məşğul olduğum üçün akademiklərimizdən: Məmməd Arif, Teymur Bünyadov, Feyzulla Qasımzadə, Bəkir Nəbiyev, Kamal Talıbzadə, professorlarımızdan: Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Şamil Vəliyev və başqalarının əsərlərinə istinad edərək “Ümmətdən-Millətə doğru” irihəcmli monoqrafiyanı meydana gətirmişəm. Yuxarıda adlarını qeyd etdiyim alimlərimizin əsərlərində məhz Firidun bəy Köçərlinin adı Firidun kimi, arxiv sənədlərində isə “Фиридун Бек Кочарлинский” kimi qeyd olunmuşdur. Bunu açıqlamaqda məqsədim, Firidun bəyin adının düzgün yazılışını nəzərə çatdırmaq idi. Qeyd edim ki, Firidun bəyin adında iki “i” hərfi vardır.

Firidun bəy Köçərlinin yanvarın 26-da anadan olduğu gündür. Bu yazını ədibin ruhuna hörmət olaraq dərc etdirirəm.

Firidun bəy Köçərli elə bir şəxsiyyətdir ki, hələ bundan sonra da aparılacaq tədqiqatlarda, onun Azərbaycan xalqı üçün necə böyük işlər gördüyü aşkar ediləcəkdir. Zamanında baş verən repressiyanın qurbanı olmuş dəyərli pedaqoq, gözəl folklorşünas, ədəbiyyatşünas alim, hər zaman Azərbaycana düşmənçilik siyasəti yürüdən erməni ekstrimistlərinin əli ilə qətlə yetirilmişdir. Firidun bəy Köçərlinin şəxsi arxivinin izlərinin çox hissəsini yandıraraq məhv etsələr də, tarixdən, sənədlərdən silsələr də, ürəklərdən silə bilmədilər. Firidun bəy Köçərlini sevənlər, onun tədqiqatı ilə məşğul olanlar, illərlə damla-damla müxtəlif arxivlərin sənədlərindən, insanların xatirələrindən materiallar toplayaraq, əsərlər meydana gətirdilər və bu gün Azərbaycan oxucuları F.b. Köçərli haqqında olan bu əsərləri sevə-sevə oxuya bilirlər.

1863-cü ilin 26 yanvar tarixində Qarabağın dilbər guşəsi Şuşada dünyaya göz açan Firidun bəy Əhmədağa oğlu Köçərli, 1920-ci ilin 4 iyun tarixində Gəncədə repressiyanın qurbanı oldu. Məzarının yeri məlum olmayan ədib, könüllərdə, ürəklərdə özünə əbədi məskən saldı. F.Köçərli haqqında yazılan əsərlərdə, onun sözün əsl mənasında gözəl bir insan, əsl ziyalı və əsl dəAzərbaycan kişilərinə xas olan ciddi xasiyyətinin olduğunu, əslində isə qəlbən çox kövrək biri olduğunu görmək olur. Firidun bəyin həyatda öz övladı olmasa da, tale bəxtinə Badisəba kimi gözəl bir xanımı yazmışdı.

Badisəba xanım Azərbaycan xanımlarına məxsus xanım-xatınlığından, Firidun bəyin qulluğunda bir uşaq kimi durmağından, qayğısını çəkməyindən və sədaqətli ömürgün yoldaşı olmağından əlavə, həm də onun ən yaxın dostu, sirdaşı idi. Firidun bəyin ailəsi Şuşada adlı-sanlı bir ailə olduğu kimi, Badisəba xanımın da ailəsi, ümumiyyətlə nəsli Qazaxda sayılıb-seçilən nümunəvi ailələrdən-Vəkilovlardan idi. Nə yaxşı ki, Firidun bəylə Badisəba xanımın taleləri Allah tərəfindən qoşa yazılmışdı. Bu gözəl insanlar sanki bir-biriləri üçün dünyaya gəlmişdilər. İlk sözdən, ilk baxışdan, ilk kəlmədən bir-birilərini anlayan həm Firidun bəy, həm də Badisəba xanım yaşadıqları müddətdə övladları olmasa da bir-birilərinə qarşı mehribançılığı və hörməti qoruya bildilər.

Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir. O, pedaqoji fəaliyyəti dövründə Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmiş, təsəvvürümüzdə yaratdığımız əsl müəllim obrazının canlı nümunəsi olmuşdur. F.b.Köçərli müəllimlik peşəsini təkcə dərs deməklə bitmiş hesab etmirdi. O, dərsdən sonra da öz şagirdlərinə nəzarət edir, bəzi hallarda onların yaşadıqları evlərinə gedir və şagirdlərinin həyat tərzi, sosial vəziyyətləri və təlim-tərbiyəsi ilə də maraqlanırdı. Firidun bəy istər dərs zamanı, istərsə də dərsdən kənarda şagird və tələbələrinə eyni münasibəti, mehribanlığı, göstərirdi. O, bunu özünün vətəndaşlıq, eyni zamanda da müəllimlik borcu hesab edirdi. Firidun bəy azərbaycanlı tələbələrin sanki bir qoruyucusu, müdafiəçisi idi. Bu onun Vətəninə, millətinə olan məhəbbətindən irəli gəlirdi.

Çarizmin, Azərbaycana olan mənfi münasibəti tarixdən məlumdur. F.b. Köçərli Qori Müəllimlər Seminariyasında təhsil alan qeyri millətlərin tələbələri ilə, Azərbaycan türklərinin (Azərbaycan tatarları da deyirdilər-P.M) tələbələrinə qarşı olan soyuq münasibətin, ayrıseçkiliyin fərqini görürdü. Bütün bunlar Firidun bəyi daxilən incitsə də, o ehtiyatlı olmağa, daim bu ehtiyatı qorumağa çalışırdı. Lakin, bəzi hallarda səbəbsiz yerə cəzalandırılan azərbaycanlı tələbələrin müdafiəsinə qalxırdı. Bu cür xüsusiyyətləri onu təkcə tələbələrin və valideynlərin deyil, elə bir çox müəllimlərin də sevimlisinə çevirmişdi. Firidun bəyi qəlbən sevən dostları, həmkarları çox idi, o hamı ilə necə davranmağı gözəl bilirdi. Lakin, elə qüvvələr var idi ki, Firidun bəyi gözləri götürmürdü, onun hər bir hərəkətini, danışığını izləyir və onu daim nəzarətdə saxlayırdılar. Hətta bəzi hallarda onun haqqında “millətçi” sözünün dillərinə gətirir və onu siyasi arenaya çəkməyə çalışırdılar. Bütün bunları görən Firidun bəyin ağlı, düşüncəsi, kamilliyi onu bu şərli işlərdən qurtulmasına kömək edirdi. Firidun bəy Köçərli hələ gənc yaşlarından müdrik insanlara xas olan ağıllı davranışı ilə seçilirdi.

F.Köçərli yorulmaq bilmədən çalışan, daim mütaliə edən, başqa məktəblərdə olan yenilikləri öyrənən bir pedaqoq, ziyalı idi. Çox təəssüf ki, repressiya qurbanı olan alimin məhv olmuş arxivi, onun zəngin təsəvvürünün, gələcək planlarının üzə çıxmasına deyil, məhv olmasına səbəb oldu. Nə yaxşı ki, ədib sağlığında tələbələrinə bilik verməklə yanaşı, millətə, vətənə sevgi hislərini də aşılaya bilmişdir və ürəklərdə xatirələrini yaşadaraq, iz qoya bilmişdir. Biz, müxtəlif materiallarda önun tələbələrinin xatirələrində öz dəyərli müəllimləri haqqında deyilmiş gözəl sözlərə rast gələ bilirik. Ədibin dahiyanə söyləmiş olduğu kəlamlar bu gün də dillər əzbəridir. Firidun bəy çox düzgün olaraq qeyd edirdi ki, “Bir milləti məhv etmək istəyirsənsə onun müəllimini savadsız, həkimini kəmsavad et, biri onun ağlını, biri isə canını məhv eləsin”. Onun müsəlmanlara müraciət edərək: “Ey insanlar oyanın, ümmətdən-millətə keçin” deməsi və yaxud “Müəllim yanan bir çırağa bənzəyir, onun şöləsi isə şagirdləridir, çıraq yanır, şöləsi isə ətrafı işıqlandırır” və.s. bu kimi dəyərli sözləri bu gün də öz aktuallığını qorumaqdadır.

Firidun bəy Köçərli şərəfli ömür sürmüş, çox uzaqgörən bir insan olmuşdu. O, gələcəyin həkimi, müəllimi, mühəndisi ola biləcək uşaqları elə hazırlayırdı ki, sonradan da onlarla fəxr edə bilsin. Bu gün biz fəxr edə bilirik ki, Azərbaycan təhsilinin Firidun bəy kimi müəllimləri olmuş və bu gün də məktəblərimizdə müəllim şərəfini qoruyan, peşəsinə qəlbən bağlı olan dəyərli müəllimlərimiz vardır ki, onlar da bu ənənəni davam etdirərək, Firidun bəy Köçərli kimi müəllimlərin yolunu gedirlər.

Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən gözəl hədiyyəsi onun yaratdığı əsərləri olmuşdur. Xüsusilə də Azərbaycan şairləri haqqında yazdığı “Azərbaycan Türklərinin ədəbiyyatı” adlı əsəri mədəniyyətimizin incilərindən hesab edilir. Minbir əziyyətlə yığıb topladığı bu əsər, sonradan bir qədər artırılmış və “Azərbaycan ədəbiyyatı” adı ilə nəşr olunmuşdur. Bu kitabın nəşri sovetlər dönəmində, Firidun bəyin ölümündən bir neçə il sonra Badisəba xanımın zəhməti ilə ərsəyə gəlmişdir. Nə yaxşı ki, Firidun bəy Azərbaycanın klassik şairləri, Nizami Gəncəvidən tutmuş M.Ə.Sabirə qədər olan şairlərimiz haqqında dəyərli məlumatları zamanında ədəbiyyatımız üçün topladı və bu gün biz klassiklərimizi tanıyır, ən əsası isə kimliyimizi bilirik. Nahaq demirlər ki, Azərbaycan ədəbiyyatını F.b.Köçərli yaratmışdır.

Firidun bəy bütün peşələri sevib, rəğbət bəsləsə də, müəllimlik peşəsini bütün peşələrdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Firidun bəyin təbirincə desək, “pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”. Görkəmli ədib şagirdlərinə Vətənə sonsuz sevgi aşılayaraq, qeyd edirdi ki, “Vətən təkcə sənin doğulub boya başa çatdığın şəhər, qəsəbə, kənd deyildir. Vətən sənin anandır, Vətən bütövlükdə bir məmləkətdir. Bu məmləkət isə Azərbaycandır. Azərbaycanı sevmək üçün məmləkətini, onun bütün bölgələrini sevmək gərəkdir”.

Firidun bəyin yaradıcılığını nəzərdən keçirdikdə cəhalətə narazılığını, haqsızlığın qəbulolunmazlığını da görürük. Ədibin ən böyük cəhalət hesab etdiyi məsələlərdən biri isə kiçik yaşlı qız uşaqlarının erkən ailə qurması məsələsi idi. O, hər çıxışında bu məsələyə toxunur, qızların təhsilə cəlb edilməsini ön plana çəkirdi. Görkəmli pedaqoq, təhsilli qadının gələcəkdə övladlarını da təhsilli böyüdəcəyini nəzərə çatdırırdı.

Firidun bəy Köçərli eyni zamanda Qurani-Kərimin gözəl bilicisi idi. Dininə hədsiz hörmət bəsləyən ədib, hər zaman mövhumatın, xürafatın əleyhinə olmuşdur. O, islamı düzgün təbliğ etməyənləri tənqid edirdi. Bu əksər hallarda dindarlar tərəfindən yaxşı qarşılanmırdı. Dindarların məktəb üçün apardıqları siyasətin düzgün olmadığını görən Firidun bəy, onlarla açıq-aşkar mübarizə aparırdı. F.b.Köçərli el arasında çox böyük nüfuza sahib olduğundan, onu bu cür mübahisəli məslələrdə müdafiə edənlər də olurdu. Hətta, uşaqlarını məktəbə vermək istəməyən valideylərlə apardığı söhbətlərdən sonra onlar uşaqlarını özləri məktəbə gətirirdilər.

F.b.Köçərli eyni zamanda gözəl ədəbiyyatşünas, həm də qərəzsiz tənqidçi idi. O, zəif yazılmış əsərləri tənqid edərək, bu cür əsərlərin Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəniyyətində heç bir tərbiyəvi əhəmiyyət daşımadığını qeyd edirdi. O, hətta, öz qələm dostlarını da tənqid etməkdən çəkinmirdi. Azərbaycanın ictimai-siyasi xadimi Nəriman Nərimanov öz məqalələrinin birində qeyd etmişdi ki, “Əgər Firidun bəy mənim “Nadanlıq” əsərimi qamçılamasaydı, bu gün “Nadir Şah” kimi əsər meydana gəlməzdi”. Bəli, tənqid qərəzsiz olanda nəticəsini görmək olur.

Firidun bəy dilimizin qorunmasına daha çox diqqət edirdi. O, qələm sahibi olanlardan xahiş edirdi ki, Azərbaycan lüğətinə yabançı-yad sözləri gətirməsinlər. Bizim dilimiz sadə, axıcı və zəngindir, gərəkdir ki, dilimizi qoruyaq.

F.b.Köçərlinin yaradıcılığı və həyatı haqqında yazılmış əsərləri nəzərdən keçirdikdə, onun Azərbaycan ədəbiyyatına, mədəniyyətinə çox boyük töhfələr verdiyini görürük. Yaşadığı dövrün necə çətin bir dövr olduğunu nəzərə alsaq, istər təhsil baxımından, istərsə də dini baxımdan uşaqları məktəbə cəlb etmək, kitab nəşr etdirmək və qəzet buraxdırmaq işinin nə ağır olduğunu, qızların təhsilə cəlb edilməsi məsələsinin mümkünsüzlüyünü anlamaq olar. Qızların təhsil alması məsələsinə gəlincə, bəzən öz həyatlarını təhlikədə qoyan digər ziyalılarımız kimi, Firidun bəy Köçərlinin də həyatı üçün təhlükə yaranırdı. Belə bir dövrdə, yəni 1912-ci ildə Firidun bəy Köçərli uşaqların təhsilə cəlb edilməsində müəyyən formada təbliğat aparmağı bacarırdı. Belə ki, o, kiçik balalarımız üçün “Balalara hədiyyə” adlı nağıl, təmsil və tapmacalardan ibarət kitabı nəşr etdirir. O, bu yolla kitaba olan həvəsin artmasını, orada yazılanlara marağın oyanmasını nəzərdə tutaraq balaca balalarımızı sevindirə bilmişdir.

Firidun bəy Köçərlinin düşmənlərimizin əli ilə qətlə yetirilməsindən artıq 100 il ötməsinə baxmayaraq, bu dahi şəxsiyyətin həyat və yaradıcılığı bu gün də oxunur və araşdırılır.

Biz də öz növbəmizdə görkəmli şəxsiyyət Firidun bəy Köçərliyə Allahdan rəhmət diləyir, harada dəfn olunmasını bilməsək də, qəbru nurla dolsun deyirik.


Pərixanım Mikayılqızı,
AJB-nin üzvü, F.Köçərlinin tədqiqatçısı,
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
şair-publisist.



ZiM.Az



..
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: