Nailə Mirzəyeva: Adəm övladlarına “ilahi nida”... AzTU, Ədəbiyyatşunaslıq, Ədəbiyyat 3 Nisan Nailə MİRZƏYEVA, AzTU-nun müəllimi, filologiya elmləri namizədi.Müasir kompüter, internet, informasiya bolluğu şəraitində bədii əsərlərə marağın azalması danılmaz həqiqətdir. Lakin hər bir zaman insanın üzərində düşünə biləcəyi, həllini tapmağa çalışdığı problemlər olmuş və daima olacaqdır. Zaman keçdikcə bu problemlər şüurlu canlıların- bizlərin mövcudluq göstəricisinə çevrilir. Belə ki, cəmiyyətdə yalqız, çarəsiz vəziyyətdə qalan şüurlu varlıq özünü problemlərdə tapır, kiməsə kömək etmək, nəyinsə uğrunda mübarizəyə qoşulmaq həyat amalına çevrilir insanın. O, daim nə isə yeni bir hadisə, əhvalat, macəra axtarışındadır. Gah ömrünü Ulu Tanrı ilə müsahibəyə, gah təbiətlə mübarizəyə, gah da amansız düşmənlə- başqa bir insan övladı ilə müharibəyə həsr edir. Ancaq bu dediklərimizdə bizi birləşdirən bir məxrəc var: hamımız Adəm övladıyıq və bunu unuda bilmərik. Bu bir həqiqətdir ki, son zamanlarda kitab yazanların sayı, kitab oxuyanların sayını üstələyib. Bunu yazarlarımızın kifayət qədər sanballı əsərlər yazmaması kimi qələmə versək, həm nasir və şairlərimizə, həm də dəyərli oxucularımıza həqarət etmiş olarıq. Çünki Azərbaycan ziyalısına gün kimi aydındır ki, son dövrlərdə istər tarixi, istərsə də digər mövzularda çox dəyərli əsərlər yazılmış və ictimaiyyətə təqdim olunmuşdur. Təbii ki, söz əhlini sözlə, daha dəqiq desək, M.İbrahimov, İ.Əfəndiyev, Ə.Məmmədxanlı, H.Abbaszadə, C.Əmirov, Ə.Hacızadə və digər tanınmış yazarlarımızı mütaliə etmiş ziyalını köhnə motivlərlə heyrətləndirmək qeyri- mümkündür. Belə bir ajotaj, heyrət yaratmaq o zaman mümkün olar ki, oxucuya yeni fikir, yeni ideya təqdim olunsun. Bu yaxınlarda sözün əsil mənasında yazıçı adı daşımağa layiq bir şəxslə- Səxavət Talıblı ilə tanışlığım baş tutdu. Söhbət zamanı Səxavət Talıblının tək nəsr əsərləri deyil, eyni zamanda gözəl qəzəllər müəllifi olması da üzə çıxdı. Mən özüm üçün yeni “söz, ifadə mənbəyi” tapdığıma sevindim. Bəli, yanılmamışdım. Müəllif özünün “Adəmin övladları” adlı romanını oxuyub rəy bildirmək üçün mənə təqdim etdi. Əsərin adı ilk baxışdan bir qədər dini xarakter daşıyırmış kimi görünsə də, qələmə alınmış əsərin mövzusu, hadisələrin ardıcıllığı, romanın obrazlar sistemi bizi bu günə: milyonlarla qaçqını olan, sinəsində Qarabağ göynərtisi daşıyan Azərbaycan reallığına, öz yaltaq və oğru xisləti ilə nəinki el-obamıza, elə ürəyimizə də yol tapmış hiyləgər düşmənlə ideya səngərinə qaytarır. Öncə qeyd edək ki, burada əsərin fəsillərə bölünməsi fərqli xarakter daşıyır. Belə ki, klassik roman nümunələrində, adətən, əsərin hissələri “fəsil” adlandırılır. Müəllif, doğru olaraq, çox maraqlı bədii fənd işlətmiş, iki fəsildən ibarət olan romanın hissələrini “Rükət” adlandırmışdır. Deyərdim ki, belə bölgü əsərin daha çox maraq yaratmasına səbəb olan amillərdəndir. Əsərdə bir-birindən maraqlı obrazlar var. Romanın personajlar truppasını xarakterləri, həyata, insanlara münasibətləri və fəaliyyətləri baxımından üç hissəyə ayırmaq olar. I dəstəyə müharibənin canlı şahidləri: Səməd, Rəşid, Xəlil, Rasət, Şahmar, Sergey, Mohammad, Ramzan, Tacəddinov, İvanov, Sokolov; II dəstəyə onların cəbhədən qayıtmalarını böyük ürək çırpıntısı və həyəcanla gözləyən: Əhməd, Züleyxa, Dilarə, Qalya, Dara, Səfurə qarı, Əvəz və digərləri aiddirsə, III qrupa düşmən obrazları Şamo, Rudik, Denis və erməni cəlladları ilə əməkdaşlıq edən rus zabitləri daxildir. Əsərin qəhrəmanı Səməd əslən Azərbaycanın İmişli bölgəsindəndir.Tale elə gətirir ki, o, iki ədalətli: əfqan xalqının illər boyu sovet imperiyasına qarşı və Azərbaycan xalqının rus və erməni qəsbkarlarına qarşı apardığı müharibələrin iştirakçısı olur. Arzu etmədiyi hadisələrin şahidi olan Səməd sosialist rejimində yaşamasına baxmayaraq, müharibənin törətdiyi fəlakətlərin, qırğınların canlı şahidinə çevrilir. Birinci hadisədə-Əfqanıstan müharibəsində Səməd bir vasitədir, rus ordusunun əlində hazır tutduğu ölüm saçan silahın lüləsində öz atılmaq növbəsini gözləyən milyonlarla “qurbanlıq güllələrdən” biridir. Onsuz da bu müharibəyə istəməyərəkdən göndərilən qəhrəman tezliklə zənnində yanılmadığına bir daha əmin olur. Çıxış yolu isə yoxdur: geri çəkilmək, qaçmaq “fərari” adı qazanmaqla yanaşı, “xalq düşməni” damğası daşımaq və hərbi tribunal, irəli getmək günahsız insanları qırmaq və hərbi cinayətlərin iştirakçısına çevrilmək demək idi. Ancaq cəllad Sokolovun əmri ilə döyüş tapşırığını yerinə yetirməyə gedərkən gözləmə-diyi bir hadisə ona, onsuz da qəbul edə bilmədiyi bu döyüşün mahiyyətini açır. Günörta vaxtı “Zöhr namazı”na düzülən əfqan döyüşçüləri sanki ona öz-özünə “burada nə etdirsən, namaza duran müsəlman qardaşlarına güllə atacaqsanmı?” suallarını verməyə vadar edir. Yazıçı Səmədin gözü önünə doğma babası Adəmin dizini yerə qoyub əllərini Tanrı dərgahına açaraq namaz qılmaq səhnəsini gətirir və ona elə gəlir ki, əfqan döyüşçülərə atılan güllə onun uşaqlıq xatirələrinə, babalı günlərinə, müqəddəs kəlamlara tuşlanıb. Əfqanlara güllə atmaq istəyən rus Sergeyə, erməni Şamoya bu imkanı vermir. Hətta əsir alınanda, döyüşçü dostlarının onu parçalamağa hazır olduqları zaman belə, özünü günahkar saymır, “axı, onlar namaz qılırdılar” deyə yoldaşlarına izah etməyə çalışır. Romanda cərəyan edən hadisələrin sonrakı axarı onu vicdani borcunu qaytarmağa- əfqanlar tərəfindən öldürülən Sergeyin bacısı Dara ilə evlənməyə məcbur edir. Üç oğul atası olan, uzun müddət vətəndən uzaqlarda yaşayan Səməd, hər bir qeyrətli Azərbaycan övladı kimi I Qarabağ müharibəsi başlayanda vətənin müdafiəsinə qalxır. Təcrübəli zabit kimi döyüş bölgəsinə, səngərə yollanır. Hadisələri əlaqəli şəkildə canlandıran müəllif həm Əfqanıstanda, həm də Qarabağda gedən döyüş səhnələrini ustalıqla sıralayır. Sanki qürbətdə yaşadığı dövrdə onu düşünməyə vadar edən çarpışmalar doğma mübarizəsi üçün bir mayak rolu oynayır. Onun bacarıqlı, əsgərlərin mənafeyini hər zaman öz mənafeyindən üstün tutan komandir kimi yetişməsini şərtləndirir. Müəllif bununla zabit heyətinə göstərmək istəyir ki, döyüşçülər belə bir komandirlə ölümə belə getməyə hazırdırlar. Bunu “Andranik paşanın” doğum günü üçün qurban kəsiləcək Xəlil də, Vətən müharibəsinin (Qarabağ müharibəsi belə adlandırılsa, daha doğru olar) cəsur döyüşçüləri Rəşid və Rasət də dəfələrlə sübut edirlər. Müəllif Səmədin xarakterinin açılmasını müxtəlif situasiyalara düşməklə açır. Qəhrəman əsərdə həm el-obasını dərin məhbbətlə sevən döyüşçü, həm “külfət başçısı”, həm qayğıkeş övlad, həm də milli-mənəvi dəyərlərimizin keşiyində duran bir obraz kimi səciyyələndirilir. Oxucular onun oğlu Ruslanın qaçırılma səhnəsini oxuyanda mənimlə razılaşmaya bilərlər, bu təbiidir. Lakin Səməd “köhnə kişi”lərdəndir. O, dərdini, nə qədər ağır olsa da, heç kəsə açmadan tək çəkməyi bacarır. Müəllif Azərbaycan-şərq kişilərinə məxsus bütün gözəl xüsusiyyətləri öz qəhrəmanında cəmləməyə müvəffəq olmuşdur desək, heç də yanılmarıq. Əsərdə zəngin obrazlar toplusu vardır. Onlardan bir qismi müsbət qəhrəmanın ətrafinda cərəyan edən hadisələrin fəal iştirakçısı olduqları halda, digərləri epizodik xarakter daşıyırlar. Lakin onlardan biri-Şamo haqda ətraflı danışmaq lazımdır. Romanda, deyərdim ki, müsbət qəhrəmanla daban-dabana addımlayan, inkişaf edən xətlə irəliləyən erməni Şamo surəti diqqəti çəkir. Bu obraz da Səmədlə eyni vaxtda, Əfqanıstanda “basmaçılar”a qarşı mübarizənin lap ilk günlərindən meydandadır. Əvvəl özünü Səmədə dost kimi göstərən bu “Sumqayıt uşağı”, azacıq təhlükə qarşısında ondan nəinki vaz keçməyə, hətta onu öldürməyə belə hazır olur. Yazıçı burada erməni ikiüzlülüyünü, yaltaqlığını, onların heç nə olmamış kimi mövqe dəyişkənliyini çox ustalıqla göstərməyə müvəffəq olmuşdur. Əsərdə iştirak edən Tacəddinov və digər bu kimi obrazlar məcburiyyət üzündən əfqanlarla işləməyə razılıq versələr də, Şamo hətta H.Ben Ladenin də yanına yol tapmış havadarlarının köməyi ilə bunu heç düşünmədən qəbul edir. I Qarabağ müharibəsi illərində Azərbaycana “qardaşlıq köməyi” məqsədilə gəlmiş əfqan döyüşçülərini bilərəkdən azərbaycanlılar üzərinə göndərən, onların erməni olduqları yalanını uyduran Şamo, günahın kimdə olduğunu, özünün kimlərin ucbatından ailəsindən ayrı düşdüyünü, azərbaycanlıların da bu böyük oyunun qurbanı olduğunu dərk edir. Lakin erməni-tülkü xisləti onun bu həqiqəti açmasına imkan vermir. Sona qədər Səmədi özünün bütün müsibətlərinin səbəbkarı kimi görür. Yeri düşdükcə ona, ailəsinə yamanlıq etməkdən çəkinmir. Özünü gah Şamo, gah Şamil Basayev kimi qələmə verən mənfi qəhrəman, oxucunun gözü qarşısında cılızlaşır. Çünki o, şəxsi ambisiyaları üçün uşaq oğurluğundan belə çəkinmir. Qeyd etmək lazımdır ki, Şamo obrazı bədii tutumuna görə heç də Səməd surətindən geri qalmır, hətta bəzi məqamlarda ondan daha maraqlı olur. Təbii ki, belə riyakar, qorxunc düşmənə qarşı mübarizə aparmaq, onu ifşa etmək ancaq güclü düşmənin, yəni Səməd kimi qəhrəmanın bacaracağı işdir. Sonda Dara və Qalyanın evinə soxulan, imkan düşən kimi murdar ideyalarının daşıyıcısı olacaq Surenlərin dünyaya gəlməsinə rəvac verən Şamo, onu özünə dost sayan Sergeyin də ailəsinə xəyanət edir. Öz sələfi Sureni və evin pullarını da götürüb aradan çıxır. Demək lazımdır ki, müəllif əsərdə bir-birindən maraqlı personajlar qalereyası yaratmağa nail olmuşdur. Burada Səməd və Şamo kimi monumental obrazlarla yanaşı, qismən kiçik və epizodik surətlər də böyük ustalıqla qələmə alınmışdır. Səmədin atası Əhməd , anası Züleyxa, Dilarə, milliyyətini və sənədlərini dəyişmiş Arəstə, onun əri və oğlanları 80-ci illərin sonu üçün ən xarakterik obrazlar kimi yadda qalır. Ən diqqətçəkən məqam el ağbirçəyi Safurə qarı obrazının canlan-dırılmasıdır. Xalqımız hər zaman ağsaqqal, ağbirçək nəsihətinə, məsləhətinə hörmətlə yanaşmışdır. Safurə qarının uzaqgörənliyi əsərdəki bir çox çətin məqamlardan çıxış yoluna işıq salır(Səmədin oğluna onun anası, qardaşları haqda həqiqəti deməsi, Əfqanıstandan gələn bir çox ölüm xəbərlərinin yalan olduğunu söyləməsi ). Bu qadın bir növ xalq müdrikliyinin mücəssəməsi kimi təqdim olunur ki, bu da əsəri daha oxunaqlı edir. Demək yerinə düşər ki, əsər zamanında və lazımlı mövzuda yazilmışdir. Qarabağ müharibəsinə aid bir çox əsərlər yazılmışdır, lakin vətənimizdə gedən müharibənin dünya siyasətinin tərkib hissəsi kimi qəbul olunması, bir çox siyasi gedişlərin məhz Qarabağla əlaqələndirilməsi, dünyada baş verən hadisələrə Qarabağ prizmasından nəzər salınması, son zamanlarda Azərbaycanın Qafqaz regionunda aparıcı dövlətə çevrilməsi kimi məsələlər əsərin sambalını daha da artırır. Demək istərdik ki, romanın tez bir zamanda digər dillərə tərcümə olunaraq yayılması, şübhəsiz ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm addım olacaqdır. Yuxarıda deyilənləri nəzərə alaraq, demək istərdik ki, heç şübhəsiz S.Talıblının “Adəmin övladları” əsəri geniş oxucu auditoriyasının rəğbət və məhəbbətini qazanacaq. Azərbaycan oxucusu, xüsusən də gənclərimiz yalnız maraqlanmaqla kifayətlənməyəcəklər. Əsər hər bir Azərbaycanlının stolüstü kitabı çevriləcəkdir. Müəllifə isə yaradıcılıq uğurları arzulayaraq, “axarıncı olsun ” deyirik. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.