Dolu ziyalı - VİDADİ ORUCOV (1956) Kolleclər, Məktəblər, Başkeçid 4 Mart Haqqında söz açdığım sədaqətli dostum Vidadi Orucov Borçalının yetirmiş olduğu nadir ziyalılardan biridir. Mərifəti, mədəniyyəti, ləyaqəti öz yerində olan, əxlaqi fəzilətlərə tapınan gözəl bir insandır. İnsanlığı isə hər kəs, məlum həqiqətdir ki, həyatda yaxşı əməlinə görə qazanır, yoldaşlara, dostlara, ətrafdakılara münasibətinə görə qazanır. Bu qazancı əldə etdirən fəzil sifətləri çox sadalamaq olar. Hər şeyin fövqündə insanlığı görən gözəl ziyalıdır Vidadi müəllim. Mən onunla dost olduğuma görə fəxarət hissi keçirirəm.Ocağında dövlət daşa, var daşa,Dostun yoxsa kasıblardan kasıbsan -Deyib şair Zeynal Vəfa.Vidadi Ömər oğlu Orucov - 1956-cı il may ayının 12-də Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Qızılkilsə kəndində müəllim ailəsində anadan olub.1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirib. 1998-ci ildə “Karbon və azot atomlarının dəmir-nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti İdarəsində fəhləliklə başlayıb. 1983-cü ildə Bakı şəhər 25 saylı texniki-peşə məktəbinin azad komsomol təşkilat katibi, 1990-cı ildə Nizami rayonu “Bilik” cəmiyyətinin məsul katibi, 1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili İdarəsində mütəxəssis vəzifəsində çalışıb.1997-ci ildən Bakı Sənaye-Pedaqoji kollecinin direktoru vəzifəsinə təyin olunub və 20 il bu təhsil ocağına rəhbərlik edib.2016-cı ildən isə Bakı Dövlət Sosial-iqtisad kollecinə rəhbərlik edir.Çox gözəl həmsöhbətdir Vidadi müəllim. Canında, qanında hərarət, qaynarlıq daim hiss olunur və ətrafdakılara müsbət mənada sirayət edir. Onunla ünsiyyətdə olan adam nə qədər əsəbi, narahat olsa da, təmasdan az sonra ovqatı yaxşılaşır, aurası zənginləşir, əhval-ruhhiyyəsi düzəlir. Öz təcrübəmdən buna bələdəm. Biz - bu yazının qəhrəmanı Vidadi Orucov, içi çölündən duru, çölü içindən saf olan digər gözəl ziyalı eloğlumuz Vidadi Səlimov, bu sətirlərin müəllifi mən Səməndər Məmmədov, tez-tez bir araya gəlir, sonra dostlarımızdan Tacir qağanı, Alı qağanı tapırıq, cəm olub gedirik, Türk dünyasının böyük şairi Zəlimxan Yaqubu ziyarət etməyə, halal süfrədə Allah verən nemətlərdən təam edir, söhbətləşirik.Allah onu var eləsin - dünyamızın böyük şairi Zəlimxan qağa bizləri bir az da doğmalaşdırıb, münasibətlərimizi qırılmaz tellərlə bağlayıb. Bizim birləşməyimizdə, bu dostluğumuzun ana xətti Zəlimxan müəllim özü təşkil edib. Və bizim bu görüşlərimizdə, hərdən asudə nəfəs alıb istirahət edəndə məclisimizi də Vidadi Orucov idarə edir. Çox yaxşı məclis aparmağı var - deyə-deyə, gülə-gülə. Elə bil təpədən dırnağadək güllü-bülbüllü yaz havasıdı, sinədəftərdi, danışanda, maşallah, dilindən dürr tökülür. Sanki elə bil, Borçalının, Başkeçidin bulaqlarının suyunun saflığından, havasının təmizliyindən yığıb çəkib içinə, indi də yavaş-yavaş qədərində xərcləyir.Zəlimxan Yaqubun bir şeiri var:Min ömür uzadıb, ömür üzməyib,Yersiz oynamayıb, yersiz süzməyib,Usta bağlamayıb, zərgər düzməyib,Sənə haqdan gəlib saz, Əmrah dayı.Bu kişiyə də demək-gülmək, sözlərini bir-birinin ardınca cilalayıb qoşmaq qabiliyyəti haqqdan gəlib. Biz hər dəfə Vidadi müəllimlə görüşəndə, telefonla əlaqə saxlayanda dəstəyin o başında, bu başında Borçalı ləhcəsi ilə danışıqlarımıza qulaq asan olsa, eşitdikləri həmin şəxsə sanki gözəl bir poeziya çələngi təsir bağışlayar. Zəlimxan Yaqubdan, digər söz sahiblərinin hikmət xəzinəsindən sitatlar gətirir, şeirlər söyləyirik. Vidadi müəllimin alimliyi, ziyalılığı bir yana dursun, həm də hərdən cuşa gələndə qələmə sarılmağı, Zəlimxan Yaqubun müdrik sözlərinin toplayıb nəşr etdirmək kimi xeyirxah təşəbbüsləri var.Əlbəttə, Vidadi müəllimin alimliyi haqda, elmi-pedaqoji fəaliyyəti haqda məhz alimlərin dilindən eşitdiyimi çatdırmağı məqsədəuyğun sayıram. Uzun müddət Azərbaycan Təhsil Problemləri İnstitutunun direktoru olmuş pedqoji elmlər doktoru, professor Şəmistan Mikayılovun dediklərindən: “Azərbaycan təhsilinin Avropanın təhsil sisteminə inteqrasiya olunmaq perspektivlərini nəzərə alaraq təbiət-riyaziyyat, ictimai-humanitar və praktik elmlərin əsasları üzrə inteqrativ kursların yaradılması, çoxfənlilikdən azfənliliyə keçmək, yəni tələblərə uyğun pedaqoji-psixoloji və texniki təminat yaratmaq problemi ən aktual problemlərdən idi. Vidadi Orucovun əməyinin məhsulu olan və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun rəy verdiyi kitablarda müəllifin gəldiyi nəticələr və verdiyi təkliflər ciddi nəzəri əhəmiyyət daşımaqla, praktik həllinin gözləyən bir sıra yeni ideyaları əhatə etməklə, həmin problemin həllinə müəyyən dərəcədə kömək etməkdir. Vidadi müəllimin müəllifi olduğu fizikanın tədrisi metodikasına dair dərs vəsaitlərində bu sahə üzrə müxtəlif dövrlərdə aparılan elmi-tədqiqat işləri araşdırılmış, müəyyən istiqamətlər üzrə qruplaşdırılmış və onlardan istifadə imkanları açıqlanmışdır. Həmçinin, fizikanın tədrisi metodikası sahəsində əməyi olan Azərbaycan alimlərinin elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verilmiş və məktəb fizika kursunun tədrisinin müasir metodoloji əsasları açıqlanmış, nəzəri və eksperimental metodikası və texnologiyaları işlənmişdir”.Respublikanın Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun dediklərindən: “Yaxşı yadımdadır, fizika metodikasının tarixini araşdırmağa marağını, tədqiqatçılıq bacarığını və müəllimlik təcrübəsini nəzərə alaraq, “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər” mövzusunda əsaslı araşdırma aparmağı fizika-riyaziyyat elmləri namizədi Vidadi Ömər oğlu Orucova həvalə etdik. O, fizika elminin tədqiqat metodlarını və tədris prosesində həmin metodlardan istifadə qaydalarını yaxşı mənimsədiyinə görə, bizim tövsiyəmiz əsasında optimal həll yollarını və araşdırmağa başladı. Vidadi Orucov mövzunu təsdiq olunmuş plan ardıcıllığı ilə tədqiq etdi və doktorluq dissertasiyası səviyyəsində müvəffəqiyyətlə başa çatdırdı. Həmin tədqiqatın bir hissəsi olaraq 2006-cı ildə “Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı” adlı gözəl bir monoqrafiya ortaya qoydu. 2007-ci ildə isə Vidadi müəllimin “Fizikanın tədrisi metodikasının aktual problemləri” adlı növbəti monoqrafiyası işıq üzü gördü. Hərtərəfli pedaqoji-metodiki-tarixi elmi araşdırmaların nəticəsi kimi meydana gəlmiş bu əsər bütün tip təhsil müəssisələrində çalışan müəllimlərin, şagird və tələbələrin, tədqiqatçıların, həmçinin, geniş oxucu auditoriyasının istifadəsi üçün faydalı vəsait hesab olunur. Bütün bunlardan başqa, Vidadi Orucovun ərsəyə gətirdiyi “Fizikanın tədris metodikasının inkişafı” (Bakı, 2011), “Fizikanın tədrisi metodikası üzrə nəzəri və eksperimental tədqiqatların metodikası və texnologiyası” (Bakı, 2012) adlı əsərləri pedaqoji universitetlərin fizika fakültəsinin magistr və müəllimləri üçün əvəzsiz dərs vəsaitləridir”.Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Vidadi Orucov Bakı Sənaye-Pedaqoji Kollecinə rəhbərlik etdikdən sonra burada işlər, dərslərin keyfiyyəti, istər məktəbdənkənar, istərsə sinifdənkənar tədris və tərbiyə işləri yüksək səviyyədə qurulmuşdur. Eyni zamanda, 5 əyani şöbə, istehsalat şöbəsi, 2 qiyabi şöbə fəaliyyət göstərmişdir. Kollecin rəhbərliyi gənclərin məktəbdənkənar və sinifdənxaric tərbiyə işlərinin, asudə vaxtlarını düzgün təşkil etmək üçün təkcə məktəb daxilində deyil, eyni zamanda tarixi yerlərə, şair və yazıçııların ev muzeylərinə tələbələrin səyahətlərini təşkil edir. Kollecdə əlamətdar günlərdə keçirilən tədbirlər respublikamızın müxtəlif informasiya vasitələrində işıqlandırılmışdır. Hərbi-vətənpərvərlik klubunun da fəaliyyət göstərdiyi kollecdə Vətənə, dövlətə sədaqət rəmzi olaraq dövlətin himni, gerbi, üçrəngli bayrağımız barədə məlumatlar verilir, ən başlıcası isə kollecdə bütün dərslər Azərbaycan himnin ifası ilə başlayır.Burada yubiley bayramları xüsusi təmtəraqla keçirilir. Ulu öndər Heydər Əliyevin, dünya şöhrətli oftalmoloq-alim Zərifə Əliyevanın, görkəmli yazıçı Mir Cəlal Paşayevin, dahi mütəfəkkir Həsən bəy Zərdabinin, Xalq şairi Zəlimxan Yaqubun, Kərəm Kürqıraxlının yubileyləri tələbələrə xüsusi zövq vermiş, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Kollecdə elm xadimləri, professorlarla görüşlər tez-tez keçirilir. Professorlarla görüşlər tez-tez keçirilir. Professorlar E.Rüstəmov, Ə.Paşayev və R.Əliyevlə keçirilən görüşlər buna misal ola bilər. Burada keçirilən N.Gəncəvinin. M.Ə.Sabirin, X.B.Natəvanın yaradıcılığına həsr olunmuş poeziya gecələri də tələbələrin estetik zövqünün formalaşmasına böyük təkan verir.Əlbəttə, rəhbərlik etdiyi təhsil müəssəsində belə müsbət tendensiyaların formalaşması Vidadi müəllimin özünün ziyalılığının ifadəsidir.Mən Vidadi müəllimi böyük nüfuz sahibi, qayğıkeş insan, dost və sirdaş, ən başlcası isə həmişə millətinə gərəkli, Vətəninə qəlbən vurğun olan bir şəxsiyyət kimi tanıyıram. Çətin və mürəkkəb illərin eniş-yoxuşlarından inamla keçib, ömrünün mənasını xalqımıza xeyir verməkdə, elmimizin inkişafına töhfələr bağışlamaqda, gənc nəslin təlim-tərbiyyəsində iştirak etməkdə görmüş, bunu özünə ən böyük borc və vəzifə saymışdır. Vidadi müəllim özünə və ətrafdakı insanlara qarşı həm tələbkar, həm də diqqətcil adamdır. Diqqətcil olduğu qədər də səmimidir.Verilən ömrü xeyirxahlıqla, faydalı işlərlə, təmiz adla yaşayan şəxslər həmişə nümunə, örnək olurlar. Geniş qəlbə, insani ülfətə malik olan Vidadi müəllimin dəyərli həyatı yüzlərimizin, minlərimizin gözü qarşısındadır. Həmişə çalışıb ki, insanları məhəbbətə, mehribançılığa sövq etsin. Hər birimiz bunları gözəl bilirik. Sevinirik ki, nə yaxşı belə bir dəyərli insanla yaxın olmuşuq, doğma qardaşlar qədər. Bizim üçün Vidadi müəllim doğrudan da Vətəndir, elimizin-obamızın, bütövlükdə xalqımızın sərvətidir, özü boyda Borçalıdır, özü boyda Başkeçiddir.Onu fərqləndirən bir əsas cəhət də şan-şöhrətə aludə olmaması, yüksək ada-sana, mənsəbə kəsə yolla çatmağa çalışmamasıdır. Ona görə də layiq olduğu mənsəbi, ünvanı heç vaxt dilə gətirən deyil. Onun təvazökarlığını nəzərə alıb arzumuzu ifadə edirik: Qoy, tezliklə Vidadi Orucovu pedaqoji elmər doktoru elmi dərəcəsinə yiyələnməsi münasibətilə təbrik edək. Bax, onda Səməndər Borçalı sinəsinin dağ havasının açacaq, hardasa təbiətin qoynunda bu gözlədiyimiz hadisəni xüsusilə qeyd edəcəyik, İnşallah!Allah Vidadi müəllimi qorusun! Ona həyatda uzun ömür, cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.Səməndər MƏMMƏDOV,"Faxralılar və tarix yaradanlar". II cild. Bakı, 163-167. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.