BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008) --- 8 Kasım REDAKSİYAMIZIN ARXİVİNDƏN:BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)Dəryeynur Məmmədbağır oğlu Allahverdiyev 1937-ci il sentyabr ayının 24-də qədim Qarayazıda - indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı Soğanlıq (indiki Ponicala) kəndində anadan olub. (Sənədlərdə isə 1937-ci il yanvarın 1-i yazılıb).1959-cu ildə orta təhsilini həmin kəndin orta məktəbində başa vurub.1962-ci ildən Tbilisi altıncı avtomabil dəstəsində Sovetlər dağılana kimi baş mühasib vəzifəsində işləyib. Sonra Fərdi təqaüdə çıxıb. Üç oğlu, iki qızı, on iki nəvəsi var. Hələ kiçik yaşlarından şeir yazmağa başlayan, daha dəqiq desək 1948-ci ildən Yaradıcılığa qədəm qoyan Dəryeynur özünün ilk şerini 11 yaşında olarkən qələmə almışdır. Belə ki, yuxuda Adəm Peyğəmbər ona bir ovuc torpaq vermiş və həmin gündən şeir yazmağa başlamışdır. Şeirin tarixçəsini şair sonralar özü belə vəsf edirdi:"Bizim evin yanı dərədi. Mən 11 yaşında idim bir gün yatarkən yuxuda gördüm ki, dərədə bir neçə uşaqla oynayıram, bu vaxt bir qara araba gəldi arabanın üstü qara parça ilə örtülmüş və iki at qoşulmuşdu qəflətən araba palçığa batdı və atlar çəkə bilmədilər. İçindən uzun ağ saqqalı olan bir kişi düşdü, məni çağırdı salam verdi və əlini cibinə salaraq cibindən bir ovuc torpaq çıxarıb mənə verib dedi al bu xəzinəni. Mən cavabında: - Axı, bu xəzinə deyil torpaqdı, - dedim. Kişi cavab verdi: - Sonra bilərsən. Soruşdum ki, sən kimsən? Dedi: -Mən Adəm Peyğəmbərəm. Arabada üzü örtülü bir qadın vardı. Dedim: - Bəs, o kimdir? Dedi: O Fatimədir. Bu vaxt qiblə tərəfdən iki at gəldi arabaya qoşuldu və araba gözümdən itdi və yuxudan oyandıqda ilk şerimi qələmə aldım." "Gördüm" sərlövhəli şeir belədir: Yatmışdım əcabi qəflətdə,Fatimeyi Zəhranı gördüm.Yükü ağır arabadaAdəmi Həvvanı gördüm.Xudamın gözəl bəndəsi,Mənə dəydi xoş nəfəsi, Yüklənmişdi kəcavəsi,O qoca sultanı gördüm. Dəryeynuram, söz deməyə,Dilim gəlmir düz deməyə,İki at gəldi köməyə, Oldular pünhanı gördüm.Daima Haqdan ilham alan şair Dəryeynurun şeirləri 1962-ci ildən Gürcüstanda çıxan bütün Azərbaycan dilli qəzetlərdə, jurnallarda, almanaxlarda dərc olunub. 1970-ci illərdən isə Qarayazıda və eləcə də bütün Borçalgda şair-aşıq kimi tanınmağa başlayaıb. O hətta yeri gəldikcə öz sazını sinəsinə basıb onu məharətlə dilləndirib. “Divani”, “Dilqəmi”, “Dübeyti”, “Borçalı”, “Yurd yeri”, “Kərəmi”, “Sarı tel” və s. el havalarını özünəməxsus ustalıqla ifa edib.Dəryeynur Allahverdiyevin şeirləri sonralar “Çeşmə” (1970), “Dan ulduzu” (1987, 1988, 1990), “Ağır elli Borçalı” (1990), “Addımlar” (1996, 1997) toplularında, “Azad Azərbaycan”, “Ziya”, “Təhsil”, “Şərqin səsi” və s. qəzetlərdə işıqüzü görüb. O, dəfələrlə yerli radio və televiziya verilişlərində çıxışlar edib. Və nəhayət, 1996-cı ildə fizika-riyaziyyat elmləri doktoru, professor Vüqar Əliyevin təşəbbüsü ilə şair Dəryeynurun «Min tilsimli dünya» adlı ilk şerlər kitabını toplayıb nəşr etdik. (Nəşrə hazırlayanı, redaktoru və ön sözün müəllifi: Müşfiq ÇOBANLI.)2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Dəryeynur Allahverdiyevin 70 illik yubileyi ərəfəsində - 2007-ci ildə "Borçalı" nəşriyyatında “Əsərləri”nin üç cildliyini nəşr etməyə başladıq. Qısa bir vaxtda I cild nəfis şəkildə işıqüzü gördü. (Nəşrə hazırlayanı, redaktoru və ön sözün müəllifi: Müşfiq ÇOBANLI.)Təəssüflər olsun ki, "Əsərləri"nin 2-ci və3-cü cildlərini görmək şair Dəryeynura nəsib olmadı.Özünün nəsihət dolu şeirləriylə insanların qəlblərini fəth etməyi bacaran böyük el şairi Dəryeynur 2008-ci il noyabr ayının 28-də həyatdan gözlərini əbədi olaraq yumdu. Allahın rəhmətinə qovuşdu... Allah rəhmət etsin. Amin!..İndi şair Dəryeynur cismən aramızda olmasa da, mənən bizimlədir! Qədir bilən Soğanlıq camaatı, eləcə də bütün Borçalılılar və poeziyasevərlər onun əziz xatirəsini həmişə öz qəlblərində yaşadacaqlar... Müşfiq BORÇALI,"ŞƏRQİN SƏSİ" qəzeti,dekabr, 2008-ci il.P.S.:Tanınmış jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu Gürcüstan radiosunda işləyərkən 1999-ci illərdə Dəryeynurun öz ifasında bir neçə şeirini lentə almışdır. İndiyədək onu şəxsi fondunda qoruyub saxlayan Mirzə Məmmədoğlu şair Dəryeynurun əziz xatirəsini yad edərək həmin lent yazısını bu günlərdə Yutuba yerləşdirirk poeziyasevərlərə təqdim etmişdir. Biz də bu xeyirxahlıq üçün hörmətli Mirzə müəllimə təşəkkür edir, həmin lent yazısını aşağıda Zim.Az/Tv -nin dəyərli ziyarətçilərinə təqdim edir, şair Dəryeynura isə Allahdan rəhmət diləyirik. Yeri behişt olsun!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.