Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının
dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi ilə
əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.


Maddə 1. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı
1.1. Bu Qanunun məqsədləri üçün "xaricdə yaşayan azərbaycanlılar" dedikdə,
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü
azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:
1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;
1.1.2. əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının
vətəndaşları olmuş şəxslər və onların övladları;
1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun 1.1.1 və
1.1.2-ci maddələrində göstərilmiş kateqoriyalara aid olmayan, lakin etnik, dil,
mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən
şəxslərə və onların övladlarına da şamil olunur.

Maddə 2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri
2.0. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri
aşağıdakılardan ibarətdir:
2.0.1. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq
xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan
azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların
öz milli özgünlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək
göstərmək;
2.0.2. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət
orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və
inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin
iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait
yaratmaq;
2.0.3. xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət
müstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə,
iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına,
habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə
faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək;
2.0.4. beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə
uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və
ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək.

Maddə 3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prinsipləri
3.1. Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət
siyasətini həyata keçirərkən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
prinsiplərinə, o cümlədən insan hüquq və azadlıqlarına hörmət və digər
dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.
3.2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti Azərbaycan
Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.

Maddə 4. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin əsasları
4.1. Azərbaycan Respublikası onun vətəndaşı olan və onun ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat
verir və onlara hamilik edir.
4.2. Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının
ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqlara
malikdir və bərabər vəzifələr daşıyırlar.
4.3. Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı
olmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin
saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas hüqüq və
azadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür.
4.4. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsinə
uyğun olaraq, digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə
yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində olarkən,
qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə
ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə
bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə
yetirməlidirlər.

Maddə 5. Xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələləri
5.1. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması
Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.
5.2. Digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayan
azərbaycanlıların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi və
Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi qaydası "Azərbaycan
Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
5.3. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət
qaldıran xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən
azad edilir.
Maddə 6. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının
iqtisadi və sosial siyasəti

6.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı iqtisadi sahədə dövlət siyasətinin
reallaşması məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı
tədbirləri həyata keçirir:
6.1.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kommersiya
təşkilatları ilə xaricdə yaşayan azərbaycanlıların kommersiya təşkilatları
arasında əməkdaşlığı təşviq edir;
6.1.2. xaricdə yaşayan azərbaycanlıların iştirak etdiyi birgə müəssisələrin
yaradılmasına kömək göstərir;
6.1.3. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının
iqtisadiyyatına investisiya qoymaları və Azərbaycan Respublikasının ərazisində
sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait
yaradır.
6.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə
yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər.
6.3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət
siyasətinin məqsədləri üçün, xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı
edən fiziki və hiiquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər verilə bilər.
6.4. Təbii fəlakətlər, ekoloji və digər qəzalar baş vermiş yerlərdə yaşayan
azərbaycanlılara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada humanitar yardım göstərilə bilər.

Maddə 7. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının
mədəniyyət, dil və təhsil siyasəti

7.1. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan
azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf
etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində
yardım göstərir və bu məqsədlə zəruri tədbirlər görür.
7.2. Azərbaycan Respublikasının dövlət orqanları digər dövlətlərdə yaşayan
azərbaycanlıların milli-mədəni muxtariyyətləri ilə hərtərəfli əməkdaşlıq həyata
keçirir.
7.3. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatını
ödəmək üçün Azərbaycan Respublikasının digər dövlətlərdə olan elm və
mədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir.
7.4. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasında
və inkişaf etdirilməsində yardım məqsədi ilə Azərbaycan Respublikasının dövlət
orqanları aşağıdakı tədbirləri həyata keçirir:
7.4.1. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədənimaarif
təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına,
musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərir;
7.4.2. xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədrismetodik
və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər
üçün kadrların hazırlanmasına yardım göstərir;
7.4.3. xaricdə yaşayan azərbaycanlıların mədəni irsinin öyrənilməsinə kömək
göstərir;
7.4.4. xaricdə yaşayan azərbaycanlılara öz ana dilini qoruyub saxlamaqda, ana
dilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildən
istifadəyə şərait yaradılmasında kömək göstərir;
7.4.5. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan
mədəni irsini öyrənməsinə şərait yaradılmasında onlara kömək göstərir;
7.4.6. xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil
almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli
şərtlərlə yardım göstərir.
Maddə 8. İnformasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək
göstərilməsi

8.0. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan
azərbaycanlılara informasiya sahəsində kömək məqsədi ilə aşağıdakı tədbirləri
həyata keçirir:
8.0.1. xaricdə yaşayan azərbaycanlılara ana dilində informasiya almaqda və
yaymaqda, informasiya vasitələri yaratmaqda, müvafiq xarici dövlətlərlə
Azərbaycan Respublikası arasında informasiya əlaqələrinin qurulmasında və
inkişaf etdirilməsində yardım göstərir;
8.0.2. xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının
dövlət siyasəti haqqında və yaşadıqları dövlətlərdə azərbaycanlıların vəziyyəti
haqqında informasiyanın yayılmasını təmin edir;
8.0.3. Azərbaycan Respublikasından ana dilində televiziya, radio, dövri
mətbuat, internet və digər vasitələrlə informasiyanın yayılması üçün zəruri
şərait yaradır;
8.0.4. xaricdə yaşayan azərbaycanlıların məlumatlandırılmasını həyata keçirən
Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, maliyyə və maddi-texniki
vəsaitlər verir;
8.0.5. xaricdə yaşayan azərbaycanlılara məxsus olan kütləvi informasiya
vasitələrinə yardım göstərir;
8.0.6. diaspor ilə işin təşkil olunması və aparılması sahəsində digər ölkələrin
təcrübəsinin öyrənilməsinə və tətbiq olunmasına yardım göstərir.

Maddə 9. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası
dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi

9.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət
orqanlarının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirililir. Bu vəsaitlərdən
istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
9.2. Azərbaycan Respublikasının yerli özünüidarə orqanları xaricdə yaşayan
azərbaycanlılarla bağlı həyata keçirdikləri tədbirlərin maliyyələşdirilməsi üçün
zəruri olan vəsaitlərin həcmini və onlardan istifadə qaydalarını müstəqil
müəyyən edir.
9.3. Xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardım
edilməsi məqsədi ilə dövlətin, fiziki və hüquqi şəxslərin ödəmələri hesabına
təşkil olunan dövlət fondları və ya ictimai fondlar yaradıla bilər. Dövlət
fondlarının vəsaitlərindən istifadə qaydaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xaricdə
yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının və digər dövlətlərin
fiziki və hüquqi şəxslərinin xeyriyyəçilik fəaliyyəti həvəsləndirilir.
Maddə 10. Xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması
Azərbaycan Respublikasınıın müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayan
azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini və
qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını
təmin edir.


Maddə 11. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata
keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələri
Azərbaycan Respublikasının dövlət orqanları öz səlahiyyətləri daxilində bu
Qanunda göstərilmiş tədbirləri həyata keçirirlər.


Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2002-ci il
№ 413-IIQ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: