Ürəklərdə iz qoyan İNSAN

Ürəklərdə iz qoyan İNSAN Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal müəllimin imzasına orta məktəbin aşağı siniflərində oxuduğum illərdə rast gəlmişdim. Bu, ədibin məşhur və sevilə-sevilə oxunan "Bir gəncin manifesti" əsərindən " Bahar" adı altında dərc olunan bir hissə idi. Balaca Baharın taleyi, üzləşdiyi məhrumiyyətlər biz yeniyetmələrə o qədər təsir etmişdi ki, özümüzə gələ bilmirdik. Bir də Sona arvadın satmaq üçün bazara çıxardığı son ümidi- xalçasını bir ingilisə satmaması " İtə ataram, yada satmaram" ifadəsi dillər əzbəri olmuşdu...

Sonralar yuxarı siniflərə keçdikcə Mir Cəlal müəllimin bir-birindən maraqlı "Bir gəncin manifesti", "Dirilən adam" əsərlərini oxudum.
O əsərlərin çoxu stolüstü kitabıma çevrildi.

Uzun illər keçsə də, böyük ədibin əsərləri yenə də sevilə-sevilə oxunan, oxucularda dərin təəssüratlar yaradan əsərlər kimi gündəmdədir.
Bu cür əsərləri Mir Cəlal müəllim kimi, güclü, xalqına, elinə qəlbən bağlı qələm sahibləri yarada bilərdi.
Mir Cəlal müəllim Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ədiblərdəndir. Qələmə aldığı və ədəbiyyatımızın inciləri sayıla biləcək bu əsərlər bütün dövr nəsillər tərəfindən həmişə maraqla oxunur. Bu isə hər bir qələm sahibinin arzusunda olduğu istəkdir.
Mir Cəlal müəllim təkcə sevimli əsərləri ilə deyil, həm də təcrübəli bir pedaqoq, geniş ürəyə malik bir insan kimi də ürəklərdə daimi iz qoyub. Tələbələri onun mühazirələrini, elmi söhbətlərini indi də sonsuz ehtiramla xatırlayırlar. Böyük ədibin xeyirxah bir insan kimi neçə-neçə imkansız gəncə əl tutması, onlara maddi və mə'nəvi köməkliklər göstərməsi indi də şirin xatirələrə çevrilib.

Bir qədər əvvəl sevimli, xalq şairimiz Nəriman Həsənzadə ilə bir televiziya müsahibəsini izlədim. Nəriman müəllimin, hərbi xidmətdən qayıdıb Bakıda özünə iş axtarması, təsadüfən küçədə Mir Cəlal müəllimlə rastlaşması, " iş axtarıram" deməsi və Mir Cəlal müəllimin müdrik cavabı:
- İş axtarma, adam axtar.
Və bu gün ömrünün müdrik çağını yaşayan Nəriman müəllim ədibin köməkliyi ilə işə düzəlir.

Mir Cəlal müəllimin mə'nalı ömründə belə xeyirxah işlər çoxdur.

Valideyn üçün ən böyük xoşbəxtlik onun övladlarıdır.
Mir Cəlal müəllimin ailəsində göz açan övladları da bu ada, bu ocağa layiq olduqlarını çoxdan təsdiqləyiblər. Bir ziyalı ailəsinin övladları kimi onların hər biri ilə xalqımız fəxr edir. Böyük alim, professor Arif Paşayev, tanınmış ictimai-siyasi xadim, diplomat Hafiz Paşayev bu gün müstəqil ölkəmizin çiçəklənməsinə öz töhfələrini verirlər.

Ürəklərdə iz qoyan İNSAN Bu ocağın yetirmələrindən biri - Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Millət vəkili Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyeva müasir Azərbaycan qadınlarının əsl simvoluna çevrilmişdir. Müdrik Prezidentimizin yaxın silahdaşı kimi Mehriban xanımın respublikamızın tərəqqisinə, Azərbaycanın dünyada tanınmasına verdiyi əvəzsiz töhfələr dünyanın diqqət mərkəzindədir.

Ürəklərdə iz qoyan insanın ömrü əbədi olur.
Böyük ədib, xeyirxah insan Mir Cəlal kimi...


Fuad Biləsuvarlı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Cəsarətli qələm" mükafatçısı


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: