Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!.. Azərbaycan, Nekroloqlar 25 Haziran Respublikamızda saylıb-seçilən qabaqcıl meşəçilərdən biri, Azəbaycan Respublikasının Əməkdar meşəçisi Bəhrəm Bəy oğlu Tarverdiyev 30 may 2015-ci ildə 81 yaşında dünyasını dəyişmişdir. O, 1934-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur. 1951-ci ildə Qalınçaq kənd orta məktəbini bitirdikdən sonra Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olmuş və 1956-ci ildə institutu əla qiymətlərlə bitirərək, təyinata əsasən İsmayıllı Meşə Təsərrüfatı Idarəsində meşə mühafizəsi müfəttişi təyin olunmuşdur. O, bu vəzifədə 1975-ci ilə kimi işləmişdir.1975-ci ildə mərhum təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə İsmayıllı rayonunda dövlət qoruğu yaradılmışdır. Bundan bir az sonra H.Əliyevin təklifi ilə İsmayıllı Meşə Təsərrüfatına rəhbərlik Bəhrəm Tarverdiyevə tapşırılmışdır. Bəhrəm Bəyoğlu bu vəzifədə 2001-ci ilin may ayına kimi işləmişdir. 2001-2011-ci illərdə İsmayıllı Meşə Təsərrüfatı İdarəsində meşə mühafizəsi mühəndisi vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə Bəhrəm Tarverdiyev təbiəti qorumağı, yeni meşə sahələri salmağı, ölkənin meşə ehtiyatlarını zənginləşdirməyi özünə vəzifə borcu saymışdır. İşlədiyi illər ərzində 3000 hektardan artıq yeni meşə və bağların salınmasında yaxından iştirak etmişdir. O cümlədən Qalınçaq meşəbəyliyində 650 hektardan çox sahədə Moskva Layihə İnstitutunun meşəçi mütəxəssislərinin planı əsasında qoz bağları salınmışdır. Hazırda bu bağlardan yerli əhali gen-bol istifadə edir Təbiəti qorumağı vəzifə və vətəndaşlıq borcu bilən Bəhrəm kişi təbiətin sirini pillə-pillə öyrənib, 64 min hektarlıq İsmayıllı meşəsini həm piyada, həm də atla meşələrin sultanı, şahı kimi gəzib-dolaşıb, təbiətin keşiyini çəkib. Dağları, meşələri özünə arxa sanıb, dayaq bilib. Təbiət vurğunu olan bu insanın söhbətini dinlədikcə elə bil nağıllar aləminə düşürdün. Onun hər kəlməsi, hər sözü təbiətin gözəlliyi ilə başlayır, onunla da qurtarır. Bu diyarda nəsli kəsilməkdə olan ağacların qorunub saxlanılması məhz Bəhrəm kişinin adı ilə bağlıdır. Talalarda boş qalan sahələrə minlərlə ağac əkib .Onun sayəsində meşələrin sahəsi, barı-bərəkəti də artıb. O, təkcə İsmayıllıda deyil, həm də digər bölgələrdə də ağsaqqal meşəçi Bəhrəm Bəyoğlu kimi tanınırdı. İsmayıllı Meşə Təsərrüfatı İdarəsinə ixtisaslı meşə işçilərini cəlb etmişdir. Bəhrəm müəllim direktor işlədiyi illərdə İsmayıllı Meşə Təsərrüfatının adı on il keçmiş SSRİ-nin Meşə Komitəsində divar lövhəsində qabaqçıl meşə təsərrüfatı kimi nümayiş olunmuşdur.Onun qabaqcıl iş təcrübəsi o dövrdə Azərbaycanın meşə təsərrüfatında dəfələrlə qeyd olunmuşdur. Bəli,tanınmış meşəçi Bəhrəm Bəy oğlu Tarverdiyev əməkdə göstərdiyi xidmətlərinə görə 1988-ci ildə “Əmək Veteranı”, 1990-ci ildə isə Azəbaycan Respublikası Prezidentinin 22 avqust tarixli fərmanı ilə Əməkdar meşəçi fəxri adlarına layiq görülmüşdür. Bəhrəm müəllimin fəaliyyətini, qabaqcıl iş təcrübəsini ayrı-ayrı illərdə, dövlət qəzet və jurnalları geniş işıqlandırmışdır. Bəli, Əməkdar meşəçi Bəhrəm Bəy oğlu Tarverdiyev respublikamızda saylıb-seçilən qabaqcıl meşəçilərdən biri idi. O, 30 May 2015-ci ildə İsmayıllı şəhərində dünyasını dəyişmişdir. Bəhrəm müəllimin əziz xatirəsi onu tanıyan və sevən insanların qəlbində əbədi olaraq yaşayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin! ƏLLƏZ ORMEŞƏNLİ, KƏRƏM ƏSƏDOV, MAHMUD XƏLİLOV, ƏLİ ORUCOV, ƏLƏDDİN MƏMMƏDOV, HESEYN BƏDƏLOV, AĞABƏY HƏSƏNOV, TOFİQ BAYRAMOV, HƏMZƏ MƏLİKOV, MƏHƏMMƏDƏLİ ƏFƏNDİYEV, ARZU AXUNDOVBəhrəm Bəy oğlu Tarverdiyevin vəfatından kədərləndiklərini bildirir və mərhumun bütün yaxınlarına, xüsusilə dəoğlanlarına dərin hüznlə başsağlığı verirlər. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.