Azərbaycan elminin böyük himayədarı Azərbaycan, Naxçıvan, "Zirvə" 3 Mayıs Tarixin bütün inkişaf mərhələlərində elmin cəmiyyətin inkişafında mühüm faktorlardan biri olduğu həmişə etiraf olunmuşdur. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinin ölkəmizin inkişafında xüsusi tarixi mərhələlərə çevrilmiş hər iki mərhələsində (1969-1982 və 1993-2003-cü illər) cəmiyyətin bütün yönləri ilə yeniləşdirilməsi, daha da möhkəmləndirilməsi yollarında elm faktoruna böyük diqqət göstərməsi bu zərurətin obyektiv reallıqların isbat olunmuş ifadəsi olduğunu sübut etmişdir. Bu mənada Heydər Əliyevin müasir cəmiyyətin inkişaf etdirilməsində və elm amilinin hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti ölkənin ümummilli dirçəlişi və inkişafının mükəmməl modelidir. Heydər Əliyevin ölkəmizdə dövlət hakimiyyətinə rəhbərlik etdiyi illərin məsuliyyətli və şərəfli tarixi təcrübəsi bu gerçəkliyin obyektiv reallıq olduğunu isbat etmişdir.Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda çoxəsrlik ənənəsi olan elmin yenidən inkişaf etdirilməsinin əsas istiqamətlərini müəyyən etmiş, möhkəm təməllərini yaratmışdır. Hakimiyyətinin birinci mərhələsində o, ilk növbədə Azərbaycan elminin inkişaf etdirilməsinin xalqın milli-mənəvi özünüdərketməsinin əsas faktorlarından biri olduğunu diqqət mərkəzinə çəkmişdir. Bu siyasət yalnız elm tarixinin öyrənilməsi, yaxud ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsi ilə məhdudlaşmayıb, geniş mənada çoxəsrlik tariximizin və müasir cəmiyyətin elmi əsaslarla araşdırılaraq xalqa obyektiv şəkildə çatdırılması konsepsiyasını özündə cəmləşdirmişdir. Heydər Əliyevin həmin tarixi mərhələdə Azərbaycan Elmlər Akademiyasının inkişafına göstərdiyi diqqət bütün elm sahələrinin tarixi ənənələr əsasında inkişaf etdirilərək ölkəmizin inkişafına istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. XX əsrin 70-80-ci illərində özünün inkişafının “qızıl dövr”ünü yaşayan Azərbaycan Elmlər Akademiyası respublikanın inkişafına xidmət edən elmi ideyaların, ixtiraların və kəşflərin əsas mərkəzinə çevrilmişdir. Bu illərdə Azərbaycanda yeni elmi məktəblər yaranmış, adlı-sanlı böyük elmi simalar meydana çıxmışdır. Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi və elmimizin baş qərargahı olan bu mötəbər qurumun “Xalqlar dostluğu” ordeni ilə təltif olunması elm tariximizin parlaq hadisələrindən biridir. Eyni zamanda, ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə - xalq yazıçıları Mirzə İbrahimov və Süleyman Rəhimov, xalq şairləri Rəsul Rza və Süleyman Rüstəm, böyük bəstəkar Qara Qarayev, məşhur müğənni Rəşid Behbudov, xalq rəssamı Tahir Salayevlə birlikdə görkəmli elm xadimlərindən Mustafa Topçubaşova və İsmayıl İbrahimova dövrünün ən yüksək fəxri adı olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Azərbaycanda milli ziyalılığın daha da inkişaf etdirilməsi ilə bərabər, həm də elm amilinə marağı və diqqəti daha da qüvvətləndirmək məqsədi daşımışdır. SSRİ Ali Sovetinə Azərbaycandan seçilmiş deputatların sıralarında “fəhlə-kəndli hökuməti”nin nümayəndələrindən çox ölkəmizin yaradıcı ziyalılarının, o cümlədən tanınmış alimlərin təmsil olunmasının təmin edilməsi respublikamızın rəhbərinin elmə və alimə münasibətini aydın surətdə ifadə edirdi.Təəssüf ki, Azərbaycanda keçid dövründə yüksəkixtisaslı peşəkar kadrlar, elita əvəzinə, bolşevik hakimiyyətinin ilk dövründə olduğu kimi, “sıravilər”in ali hakimiyyət orqanlarında təmsil olunması halları yenidən üstünlük təşkil etmişdi. Buna görə də 1989-1992-ci illərin həm şərəfli, həm də xaosla dolu olan məsuliyyətli vaxtlarında sosializm quruluşunun dağılması fonunda Azərbaycan cəmiyyətində yeni hakimiyyətə gəlmiş qüvvələr Elmlər Akademiyasını dağıtmaq, Yazıçılar İttifaqını ləğv etmək şüarları ilə çıxış etməklə kütlələrin gözündə ucalmaq yolunu tutmuşdular. Lakin Mirzə Ələkbər Sabir demikşən, “çalxalandıqca, bulandıqca zaman nehrə kimi”, yağı yağ üstə tökmüş, ayranı ayranlıq olmuşdu. Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycanda dövlət rəhbərliyinə qayıdışı ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ümumi inkişaf üçün xüsusi əhəmiyyətə malik olan elm və təhsil istiqamətində də hər şey özünün əsl məcrasını tapmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdən etibarən elmi mühitdə və təhsil sferasında müstəqil Azərbaycan dövlətinin yeni tarixi epoxadakı inkişaf prinsiplərinə uyğun olaraq yenidən dirçəlişə başlamışdır. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimindəki nitqində dediyi uzaqgörən fikirlər hələ dövlət müstəqilliyinin bir ilinin yenicə tamam olduğu dövrdə sovet sosialist prinsiplərindən təzəcə qopmağa başlamış gənc Azərbaycan Respublikasında elm və təhsilin sonrakı inkişaf yoluna istiqamət vermək baxımından mühüm əhəmiyyətə malik idi: “İndi Azərbaycan bir müstəqil dövlət kimi dünyanın hər bir dövləti ilə, hər bir ölkəsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz ölkəsinin, öz dövlətinin gələcək inkişafı üçün istifadə etməyə malik olan bir ölkədir. Bu baxımdan Naxçıvan Dövlət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun ...əlaqələrini inkişaf etdirməyə daha da əlverişli şərait var və eyni zamanda dünyanın bütün ölkələri ilə, orada olan ali məktəblərlə, elm mərkəzləri ilə, elm ocaqları ilə əlaqə saxlamağa imkanları çoxdur... İndi artıq siz keçmiş Sovet İttifaqının çərçivəsində olan təcrübəni yox, bütün dünya təcrübəsini gərək mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə təşkil edəsiniz”. Böyük dövlət xadimi Heydər Əliyevin 21 sentyabr 1993-cü ildə Bakı şəhərində respublika ziyalıları ilə tarixi görüşündə Azərbaycan Elmlər Akademiyasının əhəmiyyəti və xidmətləri haqqında söylədiyi aşağıdakı fikirlər cəmiyyətin inkişafında elmin roluna dair obyektiv qənaətləri ifadə edir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrlərdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, ...ancaq ümumən götürdükdə, şübhəsiz ki, elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq çox asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə yox! ...Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir... Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər. Azərbaycan elmi inkişaf etməlidir... Biz bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən də ali təhsilimiz... inkişaf edəcəkdir”. Böyük uzaqgörənliklə bəyan edilmiş bu müdrik və qətiyyətli fikirlər bu gün də müasir Azərbaycan Respublikasında elmin müstəqil dövlətçilik dövrünün prinsipləri əsasında inkişaf etdirilməsinin əsas tezislərini özündə əks etdirir. Müstəqilliyin sonrakı illərindən bugünə qədər Azərbaycan elminin, Elmlər Akademiyasının keçdiyi çətin və şərəfli yol ulu öndərin ideyalarının böyük uğurla həyata keçirildiyini və ölkəmizdə elmin inkişafına böyük töhfələr verdiyini bütün aydınlığı ilə təsdiq edir. Yeni quruluşun xarakterini, özünəməxsusluğunu nəzərə alan Heydər Əliyev Elmlər Akademiyasının müstəqil dövlətin prinsiplərinə uyğun statusda fəaliyyət göstərməsi üçün əhəmiyyətli addımlar atmışdır. Hər şeydən əvvəl, ölkə rəhbəri Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası statusu verilmişdir. Bu, akademiyanın fəaliyyətinin keçmiş sovet ideoloji prinsiplərindən tam uzaqlaşaraq, ölkənin və bütünlükdə təmsil etdiyi xalqın milli mənafelərinə və dövlətçilik maraqlarına xidmət etməsinin təmin olunmasına geniş imkanlar açmışdır. Ölkəmizin əsas elmi qurumuna Milli Elmlər Akademiyası adının verilməsi Azərbaycanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyəti arasında olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 ynavar 2003-cü il tarixli fərmanı əsasında Milli Elmlər Akademiyasının statusu və əhatə edəcəyi fəaliyyət sahələri müəyyənləşdirilmiş, ölkə üzrə bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat işlərinin əlaqələndirilməsi işi akademiyaya həvalə olunmuşdur. Mühüm tarixi əhəmiyyətə malik olan həmin fərmanla Milli Elmlər Akademiyasının çoxillik fəaliyyəti dövründə ilk dəfə olaraq bu quruma geniş səlahiyyətlərin verilməsi təmin edilmişdir. Qeyd edilən fərmanda deyilirdi: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respubilkasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.Məhz bu fərmandan sonra ölkədə Azərbaycan Respublikası üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası təsis edilmiş və bu quruma bağlı olan problem şuralarında yalnız Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının deyil, bütövlükdə ali məktəblərdə və sahə elmi müəssisələrində aparılan tədqiqat işlərinin, xüsusən də fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə mövzuların müəyyənləşdirilməsi məsələləri müzakirə olunmuş və təsdiq edilmişdir. Bu, ölkə miqyasında aparılan elmi tədqiqatların vahid qaydada əlaqələndirilməsinə, təkrarçılığın, paralel mövzuların işlənməsinin qarşısının alınmasına, aparıcı elmi istiqamətlərin müəyyən olunmasına və həyata keçirilməsinə şərait yaratmışdır. Əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə 14 iyun 2016-cı ildə geniş müzakirələrdən sonra qəbul edilmiş “Elm haqqında” qanunun tətbiq edilməsi barədəki 9 avqust 2016-cı il tarixli fərmanında Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına daha geniş səlahiyyətlər verilməsi respublikamızda həmin siyasətin uğurla davam etdirildiyini göstərir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunundakı “Elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi” adlandırılan 22-ci maddədə bu qurumun fəaliyyət dairəsinin aşağıdakı redaksiyada verilməsi həmin davamlı prosesin yeni tarixi mərhələdəki ifadəsidir: “Elmi Tədqiqatların Əlaqələndirməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir”. Funksiyalarının genişliyi və aparacağı işlərin məsuliyyəti nəzərə alınmaqla Prezident İlham Əliyevin “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair 9 avqust 2016-cı il tarixli 271-VQ nömrəli fərmanının 1.1.5-ci bəndində müəyyən edilmiş səlahiyyətlər Elmi Tədqiqatların Əlaqələndirməsi Şurasının və ona bağlı olan ayrı-ayrı elm sahələri üzrə problem şuralarının daha yüksək statusla elmi fəaliyyətin istiqamətləndirilməsinə, təhlil edilməsinə və proqnozlaşdırılmasına cavabdehlik daşımasına təminat verir. Milli Elmlər Akademiyasının bütün tarixi ərzində ilk dəfə olaraq 2015-2016-cı illərdə ümumi yığıncaqda akademik elmi qurumlarla yanaşı, ölkəmizin, demək olar ki, bütün ali təhsil ocaqlarının və sahə elmi-tədqiqat institutlarının hamısının hesabatlarının tam halda təqdim olunması ölkədə uğurla davam etdirilən elm siyasətinin mühüm nəticələrini meydana qoyur. Müstəqillik illərində Azərbaycan elmi struktur-təşkilati cəhətdən də yeniləşir, təkmilləşdirilir və inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyasının yeni bölmələrinin, elmi-tədqiqat institutlarının, beynəlxalq statusa malik laboratoriyaların yaradılması və inkişaf etdirilməsi müstəqil dövlətimizin elm siyasətinin inkişafında elm faktorunun daha da güclənməsinə təkan verir. Naxçıvan Bölməsinin və Gəncə Bölməsinin təşkili, Lənkəran Regional Elmi Mərkəzinin fəaliyyətə başlaması, Humanitar və İctimai Elmlər bölmələrinin müstəqil bölmələrə çevrilməsi müasir elmin ölkə miqyasında inkişaf etdirilməsinə, yeni ziyalı mərkəzlərinin formalaşdırılmasına meydan açır. Elmi potensialına və əldə etdiyi mühüm elmi nəticələrə görə ölkə rəhbəri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı əsasında yaradılmış AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin əsas elmi mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarında hazırlanan çoxcildlik nəşrlər, monoqrafik tədqiqatlar, sanballı ensiklopedik ədəbiyyatlar, antologiyalar və lüğətlər vətən elminin daha da inkişaf etdirilməsinə və zənginləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 14 mart 2014-cü il tarixli sərəncamı ilə təsis edilmiş Gəncə Bölməsi elmin müxtəlif sahələri üzrə əldə etdiyi nəticələrlə yanaşı, nizamişünaslığın əsas mərkəzlərindən biri kimi də diqqəti cəlb edir. Heydər Əliyevin siyasi fəaliyyətinin birinci dövründən - 1972-ci ildən fəaliyyət göstərən Şəki Regional Elmi Mərkəzində diyarşünaslıq və ipəkçilik üzrə aparılan tədqiqatlar regionun inkişafına kömək edir.Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illərdə yeni yaradılmış elmi-tədqiqat institutları ölkə elminin ən mühüm istiqamətlər üzrə inkişafında mühüm rol oynayır. Bu elmi-tədqiqat ocaqları: Molekulyar Biologiya və Biotexnologiya, Biofizika, Qafqazşünaslıq və Elm Tarixi institutlarında aparılan tədqiqatlar həm ölkə elminin inkişafına yeni töhfələr verir, həm də dünya elmi ilə inteqrasiya şəraitində beynəlxalq elmi proseslərdə alimlərimizin fəal iştirakına yol açır. Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, demək olar ki, mütləq əksəriyyətində yeni şöbələr, sektorlar təşkil olunmuş, elmi jurnallar təsis edilmişdir. Azərbaycan Respublikasının ali məktəblərində də müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni açılmış ixtisaslar, öz növbəsində, təzə fakültələrin və kafedraların təşkil edilməsi ilə yüksəkixtisaslı mütəxəssis hazırlığı ilə birlikdə həm də elm sahələrinin genişləndirilməsinə, müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə təkan verir. Bu gün müstəqil Azərbaycanda çevik və universal ali məktəb elmi inkişaf etməkdədir. Respublika səviyyəsində ayrı-ayrı nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları da məzmunca olduğu kimi, struktur və forma etibarilə də dəyişir, yeniləşir və modernləşdirilir. Hələ sovet hakimiyyətinin ən çətin dövrlərində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında təsərrüfathesablı tədqiqatların aparılmasına başlanılmışdı. Həmin dövrdə Elmlər Akademiyasında səmərəli şəkildə fəaliyyət göstərmiş təcrübə konstruktor büroları bu qurumda elmyönlü sahibkarlıq fəaliyyətləri ilə məşğul olmağa imkan yaratmışdı. Ölkə rəhbərliyinin yaratdığı bu yeni elm-istehsalat mühiti iqtisadi səmərə gətirməklə yanaşı, həm də əldə olunmuş mühüm elmi nəticələrin tətbiq olunmasına, sınaqdan çıxarılmasına imkan yaratmışdı. Təəssüf ki, bu proses akademiyada sovet hakimiyyətinin süqutundan sonra dağıdılmışdır. Lakin Elmlər Akademiyasında həmin ideyalar yaşadılmış, yenidən bərpa edilməsi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin alimləri qarşısında qoyduğu elmin yeni cəmiyyət quruculuğunda və iqtisadi inkişaf proseslərində fəal iştirak etməsi tələbi müasir mərhələdə Milli Elmlər Akademiyasında həmin ənənənin təsərrüfathesablı konstruktor bürosundan Təcrübə-Sənaye Zavodu səviyyəsinə yüksəldilməsinə gətirib çıxarmışdır. Dövlət rəhbərimizin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə Milli Elmlər Akademiyasının tərkibində elmyönlü texnoparkın yaradılması bu istiqamətdə böyük dönüşə və inkişafa ciddi təkan verir. Bütün bunlar akademiya elminin ölkənin iqtisadi-təsərrüfat həyatına yaxınlaşmasında mühüm rol oynayır. Hazırda akademiyanın texnoparkında beynəlxalq təcrübə və ölkə resursları əsasında elm-innovasiyayönlü istehsalat proseslərinin təşkili və inkişaf etdirilməsi istiqamətində aparılan genişmiqyaslı işlər akademik elmin geniş tətbiq imkanlarını meydana qoyur. Artıq Milli Elmlər Akademiyası Dövlət Neft Şirkəti ilə bağlanmış müqavilələr əsasında müvafiq elmi-tədqiqat institutlarının qurudakı neft yataqlarının yenidən qurulmasına və istehsalın səmərəliliyinin artırılmasına dair elmi layihələrini və təkliflərini tətbiq etmək imkanı qazanmışdır. Bunun ardınca Daşkəsən filiz yataqlarının yenidən istismarında Milli Elmlər Akademiyası alimlərinin iştirakına yol açan daha bir kompleks müqavilə imzalanmış, axtarış-kəşfiyyat və texnoloji proseslərin müasir elmi üsullarla yenidən qurulması işlərinə start verilmişdir. Naftalan məhlulundan kimyəvi maddələrin və tibbi dərmanların alınmasına dair elmi ideyalar və layihələr də istehsalatda öz yerini tapmağa başlamışdır. Hazırda Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi-tədqiqat institutlarının alimləri Sumqayıtda yeni kimya kompleksinin yaradılmasında, respublika kənd təsərrüfatının inkişafına, aqrar sahədə nailiyyətlər qazanılmasına xidmət edən təbii gübrə istehsalının təşkil edilməsində elmi layihələrlə iştirak edirlər. Respublika üzrə yerli təbii xammal əsasında dərman bitkilərindən tibbi məqsədlər üçün istifadəyə aid elmi layihələr və təkliflər Səhiyyə Nazirliyinin ali təhsil və elmi-tədqiqat müəssisələri ilə birlikdə hazırlanıb həyata keçirilməkdədir. Bundan başqa, ölkəmizdə yüksək informasiya texnologiyalarının tətbiqi vasitəsilə avtomatik elektron idarəetmə sistemlərinin təşkili, istehsalın ayrı-ayrı sahələrinin proqram təminatı və təchizatı üzrə elmi layihələr də respublikamızın ayrı-ayrı dövlət qurumlarında və sənaye sahələrində, özəl şirkətlərində həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyası respublikamızda həyata keçirilməsi davam etdirilən “Elektron hökumət” proqramının əsas icraçılarından biridir. Bundan başqa, Milli Elmlər Akademiyasında fəaliyyət göstərən Təcrübə-Sənaye Zavodunda elmi işçilərin konkret olaraq ölkədə rəqabətədavamlı məhsul istehsalı ilə məşğul olmaları elmdə yeni innovasiya və sahibkarlıq mühitinin formalaşmasına kömək edir. Artıq Təcrübə-Sənaye Zavodunun 30-dan çox adda məhsul istehsal etməsi, daxili bazara çıxarması, xaricə çıxmaq üçün müqavilələr bağlayıb razılaşdırmalar əldə etməsi akademiyada əsası vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş təsərrüfat müqavilələri işlərin inkişaf etdirilərək hansı səviyyəyə gəlib çatdığını aydın surətdə göstərir.Zamanın və müasir inkişafın tələbi kimi meydana çıxan bu ideyalar və real addımlar ümummilli lider Heydər Əliyev ideallarının işığında Azərbaycan elminin yeni cəmiyyətin daha da inkişaf etdirilməsi və modernləşdirilməsində daha yaxından və fəal surətdə iştirakına yol açır. Buna görədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində müasir cəmiyyətin yüksək inkişafında elm faktorunun roluna və əhəmiyyətinə xüsusi diqqət yetirərək demişdir: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmi səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə ifadə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır....Bu gün biz iqtisadiyyatın yeni modeli haqqında düşünürük... Çox istərdim ki, alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər”.Milli Elmlər Akademiyasının yenidən qurulması, burada genişmiqyaslı islahatların həyata keçirilməsi və mühüm nəticələrin əldə olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Prezident İlham Əliyevin qayğısı ilə Şamaxı Astrofizika Rəsədxanası yenidən qurularaq maddi-texniki təchizat cəhətdən möhkəmləndirilmiş və müasirləşdirilmişdir. Ölkə rəhbərinin 2011 və 2013-cü illərdə iki dəfə Şamaxı Astrofizika Rəsədxanasında olması, burada keçirdiyi görüşlər, verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı nəticəsində hazırda Şamaxı Astrofizika Rəsədxanası dünya miqyaslı elmi mərkəzlərdən birinə çevrilmişdir.Milli Elmlər Akademiyasında Elektron Kitabxananın yaradılıb istifadəyə verilməsi alimlərin, xüsusən gənc doktorantların dünya kitabxanalarına çıxışının təmin edilməsində mühüm rol oynayır. Rəsmi açılışı Prezident İlham Əliyev tərəfindən 5 may 2013-cü il tarixdə keçirilmiş Mərkəzi Elmi Kitabxananın - ən müasir elektron resurslara malik kitabxananın fəaliyyəti akademik elmin dünya elminə intqrasiyasının genişlənməsinə böyük yol açır. Prezident İlham Əliyevin 2013-cü ildə Milli Elmlər Akademiyasında Milli Ensiklopediya Mərkəzi üçün yeni binanı açaraq xidmət üçün istifadəyə verməsi elmin inkişafına böyük təkandır. Bütün bunlar Azərbaycan elminin dünya elminə inteqrasiyasını uğurlu hərəkat səviyyəsinə çatdıran böyük amillərdir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 2016-cı ildə qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat verir. Bütövlükdə 7 fəsil və 40 maddədən ibarət olan “Elm haqqında” qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır. Bu, müstəqillik dövrü Azərbaycan elminin mükəmməl nizamnaməsidir. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu vətən elminin milli dövlətçilik maraqları və bəşəri meyarlar əsasında inkişaf etdirilməsinə geniş üfüqlər açır. Ən son statistikaya əsasən, Azərbaycan Respublikasında elmin ən müxtəlif sahələri üzrə 2495 nəfər elmlər doktoru, 11874 nəfər isə elmlər namizədi çalışmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilər ölkəmizdə akademiklərin və müxbir üzvlərin də yeni nəslinin formalaşmasına təminat verir. İndi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri müxtəlif elm sahələrində uğurla fəaliyyətlərini davam etdirirlər. Son illərdə elmin ən yeni və müasir istiqamətləri üzrə elmi dərəcələrə malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanması Azərbaycanın dövlət müstəqilliyinin mühüm nailiyyətidir. Ölkəmizin alimləri beynəlxalq miqyasda keçirilmiş elmi konfranslarda, simpoziumlarda, qurultaylarda Azərbaycan elmini layiqincə təmsil edirlər. Eyni zamanda Azərbaycan Respublikasında davamlı olaraq beynəlxalq səviyyəli forumlar və simpoziumlar keçirilir, müasir dünyanın və respublikamızın, xalqımızın, regionun ən aktual problemləri dünya elmi ictimaiyyəti ilə birlikdə geniş müzakirə olunur. Azərbaycan alimlərinin elmin ən mühüm nəticələrini və nailiyyətlərini əks etdirən əsərləri dünyanın ən nüfuzlu nəşriyyatlarında və impakt faktoru jurnallarında çap edilir. Artıq Azərbaycanda da beynəlxalq standartlara cavab verən bir neşə impakt faktorlu elmi jurnalın nəşrinə nail olunması son illərin mühüm elmi nailiyyətlərindən biri sayılmağa layiqdir. Bakı Dövlət Universitetində, Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda və Xəzər Universitetində çap olunan impakt faktorlu elmi jurnallar ölkə elminin mühüm göstəriciləri sırasında dayanır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının bütün sahələrinə göstərdiyi böyük qayğı hazırda akademiyada gənc alimlərin və mütəxəssislərin daha da inkişaf etmələrinə böyük şərait yaradır. Bundan başqa, akademiyanın inkişaf tarixində ilk dəfə olaraq 2014-cü və 2016-cı illərdə böyük uğurla Bakı elm festivallarının keçirilməsi elmin nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan alimlərinin Birinci Qurultayının keçirilməsi elm tariximizin mühüm hadisəsi olmaqla bərabər, həm də müasir dövrdə elmin inkişafının yeni üfüqlərinə işıq salır. Müstəqil Dövlətlər Birliyi Elmlər akademiyalarının ictimai və humanitar elmlər bölmələrinin rəhbərlərinin iştirakı ilə 19-21 dekabr 2016-cı il tarixdə Azərbaycanda keçirilmiş “Müasir şəraitdə elmi əlaqələrin inkişaf etdirilməsi: Dialoq və əməkdaşlıq” beynəlxalq simpoziumu Milli Elmlər Akademiyasının beynəlxalq nüfuzunu və istiqamətverici funksiyaya malik olmasını nümayiş etdirir. Həmçinin 17-18 aprel 2017-ci ildə Qafqazşünasların Birinci Beynəlxalq Elmi Forumunun keçirilməsi Azərbaycan akademik elminin regionun böyük elmi mərkəzinə çevrilməsindən xəbər verir. Prezident İlham Əliyevin Qafqazşünasların Birinci Beynəlxalq Elmi Forumu iştirakçılarına ünvanladığı müraciət Milli Elmlər Akademiyasının və ümumən Azərbaycan alimlərinin müasir şəraitdəki vəzifələrini diqqət mərkəzinə çəkir.Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi yeni tarixi mərhələdə ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyən edir. Müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinə, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına, dünya birliyində xalqımızın və ölkəmizin tanıdılmasına, milli və dövlətçilik maraqlarımızın müdafiə olunmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət ölkə elmini və Milli Elmlər Akademiyasını yeni və daha müasir inkişafa, böyük uğurlara doğru aparır. Ölkəmizdə qazanılan mühüm elmi nailiyyətlər müstəqil dövlətimizin inkişafına, xalqımızın daha işıqlı gələcəyinin təmin edilməsinə xidmət edir.İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin Elm və təhsil komitəsinin sədri"Azərbaycan" qəzeti, 3 may, 2017-ci ilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.