Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Əliyeva son mənzilə yola salınıb

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Əliyeva son mənzilə yola salınıb Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85-ci ilində vəfat etmişdir.

Rəfiqə Əliyeva - 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində almışdır.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. O, 2001 ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdir. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini vermişdir.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur.
Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilmişdir.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!..


Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Əliyeva son mənzilə yola salınıb Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli kimyaçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva ilə vida mərasimi keçirilib.

Vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.

Akademik A.Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, böyük elm fədaisinin ölkəmizdə kimya elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb.

Alimin elmi məktəb yaratdığını, bütün mənalı ömrünü kimya elminə həsr etdiyini vurğulayan AMEA rəhbəri qeyd edib ki, Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur.

Qeyd olunub ki, Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdir. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini vermişdir.

AMEA-nın rəhbəri vurğulayıb ki, 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Elmi və pedaqoji fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilən R.Əliyeva Azərbaycan elmi və təhsilinin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan R.Əliyevanın zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Vida mərasimində akademiklər Abel Məhərrəmov, Dilqəm Tağıyev, Vaqif Fərzəliyev və İsa Həbibbəyli alimlə bağlı xatirələrini bölüşüb, onun zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

Mərhumun ailəsi adından çıxış edən qızı Fəxriyyə Xələfova alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: