CÜMHURİYYƏT GENERALI MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ

CÜMHURİYYƏT GENERALI  MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏCÜMHURİYYƏT GENERALI
MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ
(1865-1944)

Azərbaycan Xalq Cümhiriyyətin tariximizə elə adlı sanlı oğullar bəxş etmişdir ki, onların adları nəinki Azərbaycanda hətta onun hüdudlarından kənarda da yetərincə tanınıb və layiqli qiymətini alıbdır. Bu gün söhbət açacağımız qəhrəmanımız Azərbaycanın ictimai-siyasi tarixinə adını qızıl hərflərlə yazdıran gözəl insan, şərqşünas alim, pedaqoq, hərbçi general-mayor Məhəmməd Sadıq bəy İsmayıl oğlu Ağabəyzadədir.
Sadıq bəy Ağabəyzadə AXC dövründə Azərbaycanın 21 döyüş generallarından biri olmuş, daxili işlər nazirinin müavini vəzifəsini icra edib. Orqanlarda çalışdığı az müddət ərzində o, polis işçi rütbələrinin təsnifat sistemini işləyib hazırlayıb.
1865-ci ildə Göycayda anadan olan Məmməd Sadıq bəy Ağabəyzadə orta təhsilini Bakıda realnı məktəbdə alıb. 1882-ci ildə realnı məktəbi bitirən M.S.Ağabəyzadə, sonradan təhsilini Peterburq Hərbi-Piyada və Artilleriya məktəbində davam etdirir. Hərbi Nazirliyin Baş qərargahının Şərq dilləri üzrə kursunu qiyabi oxuyaraq və 1886-ci ildə bu məktəbini bitirən Sadıq bəy Ağabəyzadə həmin ildə Mixaylovski artileriyya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil olur.
Elmə, biliyə, savadlanmağa böyük marağı olan M.S.Ağabəyzadə aldığı təhsillərlə kifayətlənməyərək, biliyini daha da təkmilləşdirmək üçün təcrübə keçməyin vacib olduğunu anlayır. O, bir zabit kimi xidməti fəaliyyətə başalamağı məqsədəuyğun sayaraq, əvvəl Rusiya ordusunun Qafqazdakı artilleriya bölmələrində, sonra isə Türkistan və Zakaspi vilayətinin hərbi hissələrində xidmət etməyə başlayır.
Podporuçik rütbəsi alan S.Ağabəyzadə 1899-1913-cü illərdə Türkistan (Türkmənistan) diyarının Aşqabad qarnizonunda hərbi xidmət göstərmişdir. S.Ağabəyzadə Sankt Peterburqda Şərq dilləri İnstitutunu bitirir. Hər tərəfli biliyə, intellektual səviyyəyə və təhsilə malik olan Məhəmməd Sadıq bəy Ağabəyzadə sonralar Şərq dillərindən dərs də deyir. Yəni, fars, ərəb, türk dilləri (müasir və qədim osmanlı dilləri), ərəb qrammatikası, islamşünaslıq üzrə fənlərdən, müsəlman paleqrafiyası və epiqrafiyası fənlərini də tədris etmişdir.
Ağabəyzadə “Türkmenskiy dialekt” kitabının müəllifi olub. Bu kitaba görə Buxara əmiri onu xüsusi mükafatla təltif edibdir.
1913-cü ildə M.S.Ağabəyzadəyə general-mayor rütvəsi verilibdir. General- mayor rutbəsini alan Sadıq bəy təqaüdə çıxaraq Göyçaya valideynlərinin yanına gəlir və orada yaşamağa başlayır. O, bir müddət Göyçayda yaşadıqdan sonra orada məktəb açmaq fikrinə düşür. Hazırlıq ərəfəsində qəflətən rus-alman müharibəsinin başlanması Sadıq bəyin arzusunu yarımçıq qoyur. Sadıq bəy 1914-cü ildə təkrar orduya çağrılır.
Sadıq bəy Ağağbəyzadə hərbi andına sadiq qalaraq müharibəyə gedir və Qafqaz döyüşlərində iştirak edir. 1916-ci ildə Ukrayna cəbhəsinə yollanan Sadıq bəy bu müharibə bitdikdən sonra doğma eli Göyçaya qayıdır.
Dörd il ordu da xidmət etdikdən sonra 1918-ci ildə yenidən Göyçaya qayıdan Sadıq bəy təqaüddə olduğu illərini valideynlərinin yanında keçirmək istəyir.
S.Ağabəyzadə 1918-1920-ci illərdə daxili işlər orqanlarının təşkil edilməsində fəallıq nümayiş etdirir və ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak edir. Azərbaycanda hökumət quruldudan sonra o, bu hökumətin daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilir və o, bu vəzifəni 1918-ci ilin 23 oktyabrından 1919-cu ilin dekabr ayına qədər icra edir. Sadıq bəy Ağabəyzadə 1919-cu ilin oktyabrın əvvəllərində yeni hökumətin tapşırığı ilə Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi Ceyms Xarbotu qarşılayır. Oktyabrın 4-dən 10-na kimi prezidentin nümayəndəsini müşayət edərək onu mühafizəçi ilə təmin edir. Bakıda H.Z.Tağıyevin qonağı olan Xarbot onun şərəfinə təşkil olunmuş ziyafətdə Sadıq bəyin şəninə xüsusi tost söyləmiş və Sadıq bəyi yüksək intellektual xüsusiyyətə malik bir insan kimi dəyərləndirmişdir. Baxmayaraq ki, o ziyafətdə Sadıq bəy üzrlü səbəbdən iştirak edə bilməmişdi. Əslində Xarbotun sözlərində bir həqiqət vardı. Belə ki, Sadıq bəy həqiqətən yüksək intellektə malik idi. O, həm də hərçilər arasında yüksək ali təhsilli və nüfuz sahibi olan maraqlı insan olub. O, Sankt Peterburqda hərbi məktəbi oxumaqla yanaşı, eyni zamanda Şərq dilləri institutunu da bitirmişdir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən və bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Ağabəyzadə Turkiyəyə mühacirət edir və bir müddət İstanbulda yaşayır. O, İstanbulda əmisi oğlu Əlibəy Hüseynzadə ilə görüşür. Sadıq bəy 1921-ci ildə Fransaya köçərək orada yaşayır, iki il Sorbon şəhərində fars və türk dillərindən(Şərq dilləri)dərs deməyə başlayır. Alim, Parisdə yaşadığı illərdə sevimli həyat yoldaşı Gülya xanımı itirir və onu Parisin müsəlman qəbristanlığında dəfn etdirdikdən sonra orada qalmaq istəmir. 1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov universitetinə Şərq dilləri fakultəsinə professor kimi dəvər edilir. Lvov şəhərinə köcən M.S.Ağabəyzadə Lvov universitetində 17 il işləyir. O, əvvəl Lvov universitetində fəlsəfə fakultəsində işləyir, az sonra isə Lvov ali ticarət məktəbində türk, fars və ərəb dillərindən dərs deyir və eyni zamanda da polyak və ukrayna dillərini öyrənir. Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqjevski, V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə yaxından iştirak edibdir. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır. Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidməti olub.
Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qramatikasını(fonetika və morfologiya) dərsliyini nəşr etdirmişdi.
Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə Böyük Vətən Müharibəsi zamanında alman-faşist işğalçıları tərəfindən sıxışdırılir. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan zirzəmi tipli evdə yerləşdirirlər. Yaşının ahıl çağında soyuqlayan Sadıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman işğalçılarından azad edildikdən sonra o, gözlərini əbədi olaraq həyata yumur.

CÜMHURİYYƏT GENERALI  MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ Sadıq bəy Ağazadənin həyat yolu keşməkeşli, əzablı olubdur. Sevdiyi xanımını gənc ikən itirən, övladı olmayan, ömrünü elmə, əməli fəaliyyətə bağlayan bu görkəmli şəxsiyyətin həyat və yaradıcılığı o qədər də işıqlandırlmayıb. Ukrayna torpağında Lvov şəhərinin küçələrindən biri Sadıq bəy Ağazadənin adını daşıyır.
Yaradıcılıqla məşğul olan qocaman alim vətəndən uzaqda vəfat edərək qərib yurdun torpağına tapşırılır. Lvov şəhərində dəfn olunan Sadıq bəy Ağazadənin məzarı hal-hazırda həmin şəhərin Liçakovski qəbristanlığının 84-cü sırasındadır Həqiqətən də düz deyirlər ki, dünya yaxşı insanlardan xali deyildir. S.Ağabəyzadə Ukrayna universistetində dərs dediyi zamanlarda onun bir çox sevimli tələbələri olmuşdur ki, onlardan biri də Olqa Bak adlı qız idi. Ömrünün son günlərini yaşadığı vaxtlarda Olqa Bak və onu həyat yoldaşı Sadıq bəy Ağabəyzadənin yanında olmuş, son günlərinə qədər ona qulluq göstərmişlər. Azərbaycanın adını şərəflə qoruyan görkəmli hərbçi, alim, pedaqoq və nəhayət gözəl insan Məhəmməd Sadıq bəy Ağazadənin adı vətəndən uzaq olan Ukrayna torpağında hörmətlə yad edilir. Orada yaşayan azərbaycanlılarla vətənlərinin ləyaqətli övladı general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin məzarını tez-tez ziyarət edir və qəbrini Azərbaycan adından çiçəklərlə bəzəyirlər.Ruhu şad olsun!..

Pərixanım MİKAYILQIZI,
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
Aparıcı məsləhətçi-şöbə müdiri
.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: