Böyük qələbənin parolu

Böyük qələbənin parolu

İsa HƏBİBBƏYLİ,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik


Cocuq Mərcanlı - Dağlıq Qarabağın sabahı,
Aprel zəfəri - Şuşayadək davam edəcək
qalibiyyət yoludur!


Müstəqil Azərbaycan Respublikasında cəmiyyət həyatının bütün sahələrinin yüksək səviyyədə və böyük templərlə inkişaf etdirilməsi müasir dövrün reallığıdır. Ölkəmizin beynəlxalq aləmdə qazandığı mühüm strateji mövqe və dövlətlərarası münasibətlərdə əldə etdiyi nəticələr dövlət müstəqilliyimizin böyük nailiyyətidir.
Bütün yönləri ilə inkişaf etdirilmiş, xalqımızın milli iftixarı olan müstəqil Azərbaycan dünya birliyinin fəal və etibarlı üzvüdür, beynəlxalq miqyasda söz və əməl sahibidir.

Ərazi bütövlüyümüzü qorumaq və itirilmiş torpaqlarımızı geri qaytarmaq Azərbaycan dövlətinin dönməz strategiyası, xalqmızın haqqı və arzusudur. Bu mənada aparılmış məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizdə yaradılmış güclü ordu müstəqil dövlətimizin mühüm nailiyyətidir.


Böyük qələbənin parolu Böyük qələbənin parolu Böyük qələbənin parolu Böyük qələbənin parolu Dağlıq Qarabağ uğrunda aparılan çoxillik mübarizənin hər addımı Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın böyük iradəsinin ifadəsidir.

Bədii ədəbiyyatda, dərsliklərdə, tədqiqat əsərlərində Aprel döyüşlərinin özünün real əks-sədasını tapması, obyektiv qiymətini alması üçün ciddi işlər həyata keçirilməkdədir. Bu istiqamətdə elmi və ədəbi mühitdə real proseslərin getdiyi artıq müşahidə olunur. Azərbaycan ədəbiyyatı və elmi-ictimai fikri Böyük Qələbəyə xalqın sarsılmaz inamının və vətənpərvərlik ideallarının siyasi-ideoloji əsaslarını hazırlayır, gələcəyə dərin inam yaratmağa xidmət edir.

Hərb tariximizin ən parlaq səhifələrindən biri olan 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun Ali Baş Komandana dərin sədaqətinin təsdiqidir. Aprel şəhidlərinin son mənzilə yolasalma mərasimlərində xalq tərəfindən səslənən, şəhid ataları-anaları tərəfindən deyilən “Vətən sağ olsun!” sözləri ordu ilə xalqın və müstəqil dövlətin birliyinin canlı və əyani əks-sədasıdır. Bunlar ölkəmizdə ərazi bütövlüyü ideyasının ümummilli ideyaya çevrildiyini real şəkildə nümayiş etdirir.

Aprel zəfəri Azərbaycan Ordusunun tarixində şərəfli bir səhifədir. Bu döyüşlər Azərbaycanda Böyük qələbəyə dərin inam yaratdı. Bununla süni şəkildə yayılmış erməni mifi dağıdıldı, düşmənin gücsüzlüyü açıq-aşkar göründü.

Dünya təcrübəsində olduğu kimi, Azərbaycan ədəbiyyatında da müharibə ilk olaraq poeziyanın və publisistikanın gur səsini meydana çıxarmışdır. Artıq Qarabağ davasının ilk romanları da yaranmışdır. Dağlıq Qarabağ mövzusunda ilk filmlər də ictimaiyyətə təqdim olunmuşdur. Bununla belə, fikrimcə, müharibə mövzusu artıq bədii axtarışlar dövrünü yaşayıb arxada qoymuşdur. Prosesin bundan sonrakı mərhələsi Qarabağ müharibəsi və ətrafındakı hadisələrin əsl böyük romanını, kinoepopeyasını doğurmalıdır.

Azərbaycan elmində də Qarabağ mövzusu ön cəbhədə dayanır. Milli Elmlər Akademiyasının ayrı-ayrı tədqiqat institutlarında yeni dövrün elmi Qarabağnaməsi yaradılır. Tarix İnstitutunda Azərbaycan, ingilis və rus dillərində yazılmış “Qarabağ” kitabı beynəlxalq miqyasda yayılmışdır. Folklor İnstitutu artıq 10 cildlik “Qarabağ folkloru” antologiyasını tamamlamaq üzrədir. Ədəbiyyat İnstitutunda müxtəlif janrlar üzrə Qarabağ mövzusunun bədii həllinə həsr edilmiş elmi əsərlər yazılır, doktorluq və namizədlik dissertasiyaları müdafiə olunur. Memarlıq və İncəsənət İnstitutu işğal olunmuş ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı ermənilər tərəfindən törədilmiş vandalizm hallarını əks etdirən əsərləri ictimaiyyətə çatdırmaqda davam edir. Milli Azərbaycan Tarixi Muzeyi “Qarabağ elektron portalı”nın geniş təqdimatını keçirmişdir. Düşünürəm ki, bütün bunlar Azərbaycan elminin daha dərindən və əsaslı şəkildə yaradılacaq yeni və ümumiləşdirilmiş “Qarabağnamə”sini də meydana çıxaracaqdır.

Aprel döyüşlərinin nəticəsi kimi düşmənlə üzbəüz Cocuq Mərcanlıda möhtəşəm bir qəsəbənin salınması və inkişaf etdirilməsi işğaldan azad ediləcək Dağlıq Qarabağın yenidən qurulmasının Azərbaycan modelidir.

Cocuq Mərcanlıya qayıdış - Böyük Qələbənin ilk marşıdır.

Cocuq Mərcanlı - düşmənə göz dağıdır, Böyük Qayıdışın ilk uşağıdır.

Cocuq Mərcanlı - fəth olunmuş Lələtəpənin önüdür. Doğma ocaq sevgisinin göy qurşağıdır.

Cocuq Mərcanlı - Dağlıq Qarabağın sabahıdır!

Aprel zəfəri - Böyük Qələbənin birinci paroludur.

Aprel zəfəri - Azərbaycan Ordusunun Şuşa qalasınadək davam edəcək qalibiyyət yoludur.

Aprel döyüşlərində fəth edilmiş yüksəkliklərdən zəfər gününün reallıqları və üfüqləri açıq-aydın görünür.



"Azərbaycan" qəzeti, 01 aprel 2018-ci il.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: