TARİXÇİ ALİM MƏŞƏDİXANIM NEMƏTOVA VƏFAT EDİB

TARİXÇİ ALİM MƏŞƏDİXANIM NEMƏTOVA VƏFAT EDİB Azərbaycan elminə
ağır itki üz verib...


Tanınmış tarixçi alim,
"Şöhrət" ordenli, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova
2016-cı il dekabr ayının 26-da
ömrünün 92-ci ilində vəfat edib.


Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Səədulla qızı Nemətova - 1924-cü il yanvarın 5-də Bakıda anadan olmuşdur.
1941-ci ildə orta məktəbi, 1948-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir.
1954-cü ildə fəlsəfə doktoru, 1968-ci ildə isə elmlər doktoru elmi dərəcələrini almışdır.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2009-cu ildə “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.

M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini – indiki Ermənistan, Dağıstan və Gürcüstanı addım-addım gəzərək, ərəb qrafikasının çətin oxunan kufi kitabələrini araşdırıb oxumuş və onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. İqtisadi-siyasi, sosial-mədəni, tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi – sufizm, toponimika, etnogenez və s. bu kimi problemlərə dair külli miqdarda yeni, bəzən hətta yeganə dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir.

M.Nemətova Zəngəzurun Urud abidələrinə əsasən azərbaycanlıların Cənubi Qafqazın aborigen xalqı olduğunu və alban mədəni irsinin varisi olduğunu sübuta yetirmişdir. Məşədixanım Nemətova İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların Əlibəy Şami (Suriya) övladları olmalarını sübut etmişdir.
M.Nemətova Azərbaycanın tarixi ərazisi olmuş Cənubi Dağıstanın Dərbənd daxil olmaqla, epiqrafik abidələrini tədqiq etmiş və buna əsasən Azərbaycanın Samur çayına qədər tarixi ərazisini müəyyənləşdirmişdir. Zəngəzur, Laçın, Kəlbəcərdə, Gürcüstanda Armazisxevidə, Qobustan tərəfdəki Qarabağ və başqa qəbirstanlıqlarda aşkar etdiyi XIV-XIX əsrlərə aid at və qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın tarixi ərazisini müəyyənləşdirmişdir. O, XIII-XIV əsrlərə aid Abşerondakı (Buzovna, Şağan, Yeni Suraxanı) üç xristian abidəsi əsasında xristian Suriya nəsranilərinin Abşeronda yaşamalarını, türkləşmələrini və Azərbaycan xalqının təşəkkülündə iştirak etmələrini sübut etmişdir.

M.Nemətova elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiya, 200 elmi məqalə, o cümlədən, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”-nu nəşr etdirmişdir.

Şərəfli ömür yolu keçmiş Məşədixanım Nemətovanın xatirəsi onu tanıyanların qəlbində
daim yaşayacaqdır.

Allah rəhmət eləsin!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: