Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyasının bu günkü ilk iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyasının bu günkü ilk iclasındakı çıxışı: "Hər birinizi salamlayıram. İnanıram ki, Milli Məclisin payız sessiyası da səmərəli keçəcək.
Mən də öz növbəmdə ölkəmiz üçün böyük hadisə olan ümumxalq səsverməsinin uğurla başa çatması münasibəti ilə xalqımızı təbrik edirəm. Referendumda Azərbaycan xalqı böyük dəyişiklərə gedən yola səs verdi. Bu yol dərin islahatlar yoludur. Ölkəmizi işıqlı gələcəyə aparasn yoldur.
Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə jurnalist həmkarlarım adından təşəkkürlərimizi bildirirəm. Yadınızdadırsa, çıxışlarımda medianın ƏDV-dən azad edilməsinin vacibliyini vurğulamaşdım. Dövlət başçısı jurnalistikanın bu məsələdən itkisiz çıxması üçün çox böyük addım atdı. Onun sərəncamı ilə yayda milli mətbuatın yubileyi ərəfəsində mediaya 1 milyon manatlıq yardım ayrıldı. Bu məbləğ ölkənin aparıcı kütləvi informasiya vasitələri arasında bölüşdürüldü. Hesab edirəm ki, nəticədə əlavə dəyər vergisinin tətbiqi ilə yaranmış çətin durum aradan qalxdı. Belə təşəbbüslərin davamlı olacağına inanıram. Çünki cənab İlham Əliyevin şəxsində Azərbaycan dövləti hər zaman mediaya, jurnalistlərə diqqət və qayğı ilə yanaşıb.

İndi müzakirə etdiyimiz Azərbaycan Respublikasının Milli Məclisinin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər dolğundur. Mən ona səs verəcəm. Ancaq burada bəzi vacib məsələlərə toxunmaq istərdim.

Ötən çıxışlarımda informasiya təhlükəsizliyi məsələsindən bəhs etmişdim. Bir daha vurğulayım ki, bu, son dərəcə vacib məsələdir. Doğrudur, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da var. Ancaq hesab edirəm ki, bu məqamlar ümumi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsinə ayrıca konseptual yanaşma zəruridir. Təklif edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində bunu əsas götürsün.
Daha bir diqqət yetirmək istədiyim məsələ diffamasiyadır. Bir daha vurğulayım ki, vaxtilə Mətbuat Şurası diffamasiya ilə bağlı qanun layihəsi hazırlamışdı. Həmin layihə cəmiyyətdə, xüsusən də media ictimaiyyətində kifayət qədər müzakirə olunmuşdu. Cənab Prezidentin də bildirdiyi kimi, diffamasiya məsələsində faktiki olaraq moratorium qeydə alınıbdır. Yəni hazırda diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb edilən jurnalist yoxdur. Bununla belə hesab edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində diffamasiya məsələsinə həssas yanaşmalıdır. Bu sahədə qanunvericilik təşəbbüsü qaldırılmalıdır.

Diqqət etmək istədiyim növbəti məsələ internet medianın maliyyələşməsidir. Bu məsələ internet medianın hüquqi münasibətlər sistemində yer tapmasını zəruriləşdirir. Bilirsiniz ki, hazırda medianın maliyyələşməsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən reallaşdırılır. O da məlumdur ki, internet medianın cəmiyyətdəki rolu artır və ictimai münasibətlər sistemində özünə yer tutur. Buna görə də onların da dövlət vəsaitindən bu və ya digər şəkildə bəhrələnmələri vacibdir. Bunun üçünsə bu tip media orqanlarının hüquqi statusu müəyyənləşməlidir. Hesab edirəm ki, Milli Məclis üzvləri olaraq bizlər qarşıdakı müddətdə bu məsələyə xüsusi diqqət yetirməliyik.

Daha bir məqam mediada reklamların yerləşdirilməsi məsələdir. Bilirsiniz ki, mediada xüsusən də mətbuatda və elektron mediada reklamlar azlıq təşkil edir. Əlbəttə, burada reklam verənlərin iradəsi də önəmlidir və nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, hansısa şəkildə balans da yaradılmalıdır. Çünki medianın iqtisadi durumu reklamdan asılıdır. Hazırda onun reklam gəlirləri çox aşağıdır. Doğrudur, dövlət dəstəyi var və buna görə də qəzetlərimiz ayaqda qalırlar. Ancaq gəlin razılaşaq ki, bu dəstək hər zaman davam edə bilməz. Media iqtisadi müstəqilliyini özü qazanmalıdır. Bu müstəqillik isə reklam gəlirlərindən asılıdır. Düşünürəm ki, bunu təmin etmək də imkanlarımız daxilindədir.
Deyəcəklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm".

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: