ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır..."

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır..." MİLLƏT VƏKİLİ,
AZƏRBAYCAN MƏTBUAT
ŞURASININ SƏDRİ
ƏFLATUN AMAŞOVUN
MİLLİ MƏCLİSİN
10 MART 2017-Cİ İL TARİXLİ
PLENAR İCLASINDAKI
«İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Qanunlara təklif olunan dəyişikliklərlərlə
BAĞLI ÇIXIŞI:


"Mən həm «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», həm də «Telekommunikasiya haqqında» Qanunlara təklif olunan dəyişikliklərlərlə bağlı fikrimi bildirmək istərdim.
Hörmətli Bahar xanım, öz çıxışında ətraflı danışdı.
Doğrudan da İnsan Hüquqları Komitəsində bu məsələ çox ciddi müzakirə edildi.


Burada isə bir sıra məqamlara toxunmaq istərdim.
İlk növbədə onu da deyim ki, həm ölkə daxilində, həm ölkədən kənarda bir sıra şəxslər, qurumlar bu dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar. Onların fikirlərinə rast gəlirik. Halbuki məsələ belə deyil. Dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir. Bu o deməkdir ki, internet məkan virtuallıqdan reallıq müstəvisinə daxil olub. Nəticədə şübhəsiz konkret məsuliyyət növləri də müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə, müəyyən məsələlər var ki, onları mübahisələndirmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanın da tənzimlənməsi zəruridir.
Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyildir. Kimlərsə məsələyə spekulyativ çalarlar gətirib cəmiyyəti çaşdırmamalıdırlar. Problemə obyektiv yanaşılmalıdır, tələsik qiymət verilməməlidir.
Obyektiv yanaşma isə bundan ibarətdir ki, hər iki layihə bir-birini tamamlayır, ümumən internet məkanımızda tənzimləmə aparmağa xidmət edir. Dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir, ona dövrün tələbindən irəli gələn anlayışlar gətirir. İnternet informasiya ehtiyatı, internet informasiya ehtiyatının sahibi, domen adı, domen adının sahibi, internet provayder, host provayder və sair bu kimi anlayışlar yaranır. İnformasiyanın mülkiyyətçisi ilə yanaşı onun sahibi məsələsi də hüquqi münasibətlər sisteminə daxil edir.
Mən bu dəyişikliklərə media ictimaiyyətinin yanaşmasını da obyektiv qiymətləndirirəm. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar cəmiyyətlə daha yaxındırlar. Fəaliyyətlərinin mənfi və ya müsbət tərəfləri cəmiyyətə daha çox təsir göstərir. Mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya ünvanlanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır.

Konkret olaraq «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» qanuna əlavələrdə internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələləri çox vacibdir.

«Telekommunikasiya haqqında» qanunda dəyişikliyə gəlincə, burada internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması, operatorların və provayderlərin vəzifələrinin dəqiqləşdirilməsi, həmçinin telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət dairəsinin genişləndirilməsi kimi vacib məsələlər var.

Hesab edirəm ki, bu dəyişikliklər mediamızın inkişafına müsbət təsir edə biləcək başqa dəyişikliklər üçün də əsas ola bilər. Nələri demək istəyirəm?
Bildiyiniz kimi, internet media orqanlarının sayı artıb. Ancaq gəlin görək, internet media özü müstəqil şəkildə, təkrar edirəm, müstəqil şəkildə hüquqi münasibətlər sistemində təmsil olunurmu? Olunmur. İnternet mediaya sözün tam mənasında kütləvi informasiya vasitəsi deyə bilirikmi?
Tam mənada yox. Yəni qanun buna imkan vermir. MMC olaraq qeydiyyatdan keçmək hüquqi baxımdan KİV demək deyildir.
Belə olduqda bu təşkilatların fəaliyyətinin KİV kimi mübahisələndirilməsi də çətinləşir.

Əminəm ki, bu gün dəyişiklikləri qəbul edəcəyik. Deyək ki, kimsə uçot və digər tələbləri yerinə yetirərək özünə internet resurs yaratdı. Həmin şəxs hansısa məlumatı paylaşacaq. Bu paylaşım əsas verəcəkmi ki, onun yaratdığı quruma kütləvi informasiya vasitəsi deyək? Kütləvilik hansı meyarla ölçüləcək? Hesab edirəm ki, belə məqamlara da hüquqi baxımdan aydınlıq gətirilməlidir. Bu isə internet medianın özünün müstəqil şəkildə hüquqi münasibətlər sistemində təmsilçiliyindən asılıdır. Əlbəttə, qeyd etdiyim məqamlar müzakirəyə açıq mövzudur. Ancaq məncə, cox vacibdir.

Vaciblik ən başlıcası onunla əsaslandırılır ki, media ictimaiyyəti məhz bu gün – reklamın olmadığı bir məqamda internet medianın qəzetlərimiz kimi dövlətdən maliyyələşməsinin zəruriliyini irəli sürür. Bu, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından da son dərəcə vacibdir. Ancaq maliyyələşmə necə aparılsın? Burada da problem məhz ona görə yaranır ki, internet media hüquqi baxımdan kütləvi informasiya vasitəsi deyil. Göründüyü kimi, məsələ həssasdır. Çox istərdim ki, bu gün müzakirə edilən qanun layihələri qeyd etdiyim istiqamətdə də müvafiq tədbirlərin görülməsi üçün baza rolunu oynasın.
İnanıram ki, belə də olacaq.

Diqqətinizə görə təşəkkür edirəm!"



ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: