“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub Azərbaycan » Naxçıvan 20 Ekim AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin “Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı keçirilib.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti tərəfindən birgə təşkil olunan tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Naxçıvanın tarixi inkişafı və müasir yüksəlişinin təbliği baxımından fundamental nəşrin əhəmiyyətini qeyd edən alim bildirib ki, əsər iki bölmədən ibarətdir. Birinci bölmədə alimin müxtəlif illərdə yazdığı, respublikamızda və onun hüdudlarından kənarda nəşr etdirdiyi çoxsaylı məqalələrindən seçmələr toplanılıb. Məqalələrin böyük əksəriyyəti müstəqil Azərbaycanın xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müstəqillik dövründə ulu öndərin siyasi kursu və bu kursun uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan uğurların əhatəli şəkildə araşdırmasına həsr olunub.Nəşrin ikinci bölməsində isə müəllifin “Naxçıvan tarixi” üçcildliyinin 2-ci cildi üçün “Naxçıvan Rusiya tərəfindən işğalı” və “Naxçıvan XIX əsrdə” adlı irihəcmli bölmələrə yazdığı fəsillər yer alıb.Qeyd olunub ki, kitabda qədim türk-oğuz yurdu olan Naxçıvanın dünya eposunun nadir incilərindən olan “Kitabi Dədə Qorqud” dünyası ilə bağlılığı məsələlərinə nəzər salınır, bu bölgənin ulu keçmişi bir daha diqqət mərkəzinə çəkilir. Əsərdə Rusiya işğalından sonra bölgəyə köçürülmüş ermənilərin əməlləri, müxtəlif vaxtlarda xalqımıza qarşı törətdikləri qanlı qırğınlar fakt və sənədlərin dili ilə verilib.Daha sonra tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın tarixi inkişafına və müasir yüksəlişinə həsr edilmiş qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib.Mərasimdə Naxçıvan Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Hüseyn Həşimli, “Naxçıvan” Universitetinin fakültə dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək yeni nəşri milli tariximizin araşdırılması üçün dəyərli əsər kimi qiymətləndiriblər.Sonda çıxış edən kitabın müəllifi Zəhmət Şahverdiyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirib.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.