Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah dövrünü yaşayır

Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah dövrünü yaşayır Azərbaycanın geniş ərazilərində mövcud olan ilk yaşayış məskənlərindən biri kimi Naxçıvan çətin və şərəfli çoxəsrlik yol keçmişdir. Arxeoloji materiallar göstərir ki, təxminən 5 min il bundan əvvəl salınmış Naxçıvan protoşəhərində indiki azərbaycanlıların qədim əcdadları yaşamışlar. “Kitabi-Dədə Qorqud” dastanlarındakı toponimlər və süjetlər Naxçıvanın oğuzların qədim məskənlərindən biri olduğuna şahidlik edir. Bütün tarixi-coğrafi və arxeoloji mənbələr, hətta əsatirlər, əfsanələr, toponimlər Naxçıvanın Azərbaycanın qədim tarixə malik ərazilərindən biri olduğunu göstərir. Qazma paleolit düşərgəsi, Kültəpə neolit abidəsi, Ovçular eneolit dövrü istehkamları burada yaşayan protoazərbaycanlıların qədim tarixi köklərindən xəbər verir. Sonrakı tarixi inkişaf mərhələlərində də Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmişdir.

XX əsrin əvvəllərində Naxçıvan əhalisi ermənilərin və onların havadarlarının ölkəmizin ərazi bütövlüyünə qarşı yönəldilmiş bütün cəhdlərinin qarşısını almış, bu qədim Azərbaycan torpağına kimsənin sahib çıxmalarına imkan verməmişlər. Fikrimizcə, təxminən bir əsr əvvəl meydana çıxmış Naxçıvan ərazisinin muxtariyyat statusu ideyası da, hər şeydən əvvəl, bu regionda Azərbaycan xalqının milli mənafeyini və dövlətçilik maraqlarını qoruyub saxlamaq və daha da möhkəmləndirmək niyyətindən irəli gəlmişdir. XIX əsrdə ermənilərin İranın Səlmas-Xoy ərazilərindən Naxçıvana və Dağlıq Qarabağa köçürülüb yerləşdirilməsi, tədricən erməni nümayəndələrinin çar Rusiyasının hakimiyyət dairələrində özlərinə müəyyən yer tutması onların Qafqazda, xüsusən də Azərbaycan ərazisində özlərinə dövlət yaratmaq iştahlarını artırmışdır. XX əsrin əvvəllərində ermənilərin Bakı şəhərində və Azərbaycanın digər ərazilərində, o cümlədən Naxçıvanda törətdikləri qanlı cinayətlər onların çar hökumətinin məkrli siyasəti nəticəsində Ermənistan dövləti yaratmaq niyyətlərinin təzahürləri idi. Hətta 2 dekabr 1920-ci il Gümrü müqaviləsinə görə Naxçıvan ərazilərinin Ermənistana verilməsinin nəzərdə tutulması da süni şəkildə Ermənistan dövləti yaratmaq səylərindən doğmuşdur. Belə gərgin hərbi-siyasi şəraitdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyat statusu uğrunda mübarizə aparmaqdan başqa çıxış yolu yox idi.

İkincisi, 1919-1920-ci illərdə çar Rusiyasının köməyi ilə ermənilər Zəngəzur qəzasını işğal etməklə Naxçıvanın ana vətən Azərbaycanla əlaqələrinin kəsilməsinə nail ola bilmişlər. Naxçıvan regionda təklənmiş və çətin vəziyyətdə yaşayıb mövcudluğunu qorumaq məcburiyyətində qalmışdır. Həmin dövrdə özü də çətin şəraitdə olan Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvana lazımi səviyyədə hərbi-iqtisadi köməklik etmək imkanında olmamışdır. O zaman Naxçıvan Araz-Türk hökumətinin yaradılması da Naxçıvanın öxzünün müdafiə etmək zərurətindən doğmuşdur. Zəngəzur hadisələri Naxçıvanın muxtariyyatı ideyasını daha da gücləndirmişdir.

Üçüncüsü, 29 noyabr 1920-ci il tarixdə bolşeviklərin tarixi Azərbaycan torpaqlarında süni şəkildə olsa da Ermənistan Respublikası yaratmağa nail olmaları və dərhal ərazi iddiaları ilə çıxış etməsi də qonşu ərazidə yerləşən Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi mövcudluğunu qoruya bilməsi və fəaliyyətini davam etdirəməsi ideyasını qüvvətləndirmişdir. Eyni zamanda, bolşevik Rusiyasının, xüsusən Stalin-Orconikidze-Mikoyan xəttinin təsiri ilə Azərbaycan sovet hökumətinin Naxçıvanı Ermənistana güzəştə getmək haqqında 1 dekabr 1920-ci il tarixdə qərar qəbul etməsi də bu ərazidə muxtar respublika yaradılmasının tezləşdirilməsinə təkan vermişdir.

Nəhayət, Azərbaycanın tərkibində olmaqla Naxçıvanda muxtar idarəetmə qurumunun yaradılması üçün yerli əhali arasında 1921-ci ilin yanvar ayında keçirilmiş referendum həlledici əhəmiyyət kəsb etmişdir. Naxçıvan əhalisinin doxsan faizi həmin referendumda böyük qətiyyətlə Ermənistan SSR-in tərkibinə daxil olmağa yox cavabı vermiş, Azərbaycanla birlikdə olmağı qəti şəkildə təsdiqləmişlər.

Bundan başqa, Azərbaycan SSR-in Ədliyyə komissarı və Azərbaycan SSR-in RSFSR-də Fövqəladə və səlahiyyətli səfiri Behbud ağa Şahtaxtınskinin Sovet Rusiyasının rəhbərləri Bladimir Leninlə yazışmaları, İosif Stalinlə və Georgi Çiçerinlə apardığı danışıqlar regionda Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikasının yaradılmasına ciddi təsir göstərmiş, ermənilərin iddialarının qarşısını almışdır. Onun Leninə və Çiçerinə ünvanladığı 13 avqust 1920-ci il tarixli məktubunda deyilirdi: “Bu diyarın (Naxçıvan ərazisi nəzərdə tutulur – İ.H.) daşnaklara verilməsi xalqların özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını açıq şəkildə pozur. ...Naxçıvan diyarının xalqı... ağlına gətirməzdi ki, Sovet Rusiyası əhalinin iradəsinə qarşı çıxacaq, diyarı daşnaklara verəcəkdir. Çünki onların hakimiyyəti altında nəinki sovet quruluşu məhv edilir, həmçinin daşnak Ermənistanının ərazisində yüzlərlə müsəlman kəndlilərinin başına gəldiyi kimi əhalinin fiziki mövcudluğuna açıq-aydın təhlükə yaranır.”

Naxçıvanın muxtariyyat statusu qazanmasında xüsusi əhəmiyyətə malik olan Moskva və Qars müqvilələrinin hazırlanmasında və imzalanmasında da Behbud ağa Şahtaxtınskinin böyük rolu olmuşdur. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtınskinin səyləri nəticəsində 16 mart 1921-ci il tarixdə Rusiya ilə Türkiyə arasında imzalanmış dostluq və qardaşlıq haqqındakı Moskva müqaviləsində Naxçıvanla əlaqədar aşağıdakı müddəalar özünə yer almışdır: “Razılığa gələn hər iki tərəf bu müqavilənin əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.”

Moskva müqaviləsindən cəmi 6 ay 27 gün sonra, yəni 13 oktyabr 1921-ci il tarixdə Behbud ağa Şahtaxtınskinin iştirakı ilə Türkiyənin Qars şəhərində Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan tərəflərinin imzaladıqları müqavilənin üçüncü maddəsində həmin müddəa bir daha təsbit olunmuşdur. Yalnız bütün bu gərgin mübarizələrdən sonra, nəhayət, 9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi zərurətdən doğmuş və ilk növbədə qədim Azərbaycan torpaqları olan Naxçıvan diyarı ərazilərinin başqa dövlətin əlinə keçməməsi üçün atılmış mühüm addımdır. Bu isə öz növbəsində Naxçıvan Muxtar Respublikasının timsalında Azərbaycanın cənub-qərb sərhədlərinin toxunulmazlığının da təmin edilməsi deməkdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi kimi beynəlxalq müqavilələr əsasında yaradılması bu muxtar qurumun siyasi-hüquqi statusuna tam təminat verir. Bütün hərbi-siyasi və coğrafi əhəmiyyəti ilə bir sırada Moskva və Qars müqavilələri Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasının toxunulmazlığına dair cavabdehliyini təmin edən Saziş kimi də əhəmiyyətlidir. Həm də Qars müqaviləsinin “müddətsiz” imzalanması bu beynəlxalq sazişin regionda sülh və təhlükəsizlik üçün təminat verən sənəd kimi faydalı olduğunu bir daha təsdiq edir.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası ilk növbədə eksklav ərazi prinsipi ilə yaradılmışdır. Qeyd etmək lazımdır ki, Rusiyada və Avropa ölkələrində də eksklav və anklav ərazi prinsipləri əsasında yaradılmış muxtar qurumlar mövcuddur. Ümumiyyətlə, unitar dövlətlərin tərkibində muxtar qurumların olması təcrübəsi geniş yayılmışdır. Deməli, nə anklav-eksklav ərazi prinsipləri ilə muxtar qurumların yaradılması, nə də unitar dövlətlərin tərkibində muxtariyyat subyektlərinin təşkili beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil etmir. Həmçinin Qars müqaviləsi beynəlxalq statusa malik olduğuna görə həmin çoxtərəfli müqavilə ayrılıqda tərəflərdən hər hansı birinin iddiası ilə, yaxud da kimlərinsə arzusu ilə ləğv oluna bilməz.

Bütün bunlar Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılmasının ölkəmiz və xalqımız üçün mühüm tarixi əhəmiyyətə malik hadisə olduğunu göstərir. XX əsr boyu Ermənistanın və ermənipərəst qüvvələrin Naxçıvana qarşı ərazi iddiaları baş qaldırdıqda Naxçıvanın muxtar respublika statusu və onu təsdiq edən beynəlxalq müqavilələr regionda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından fayda vermişdir. Ermənistan-Rusiya hərbi birləşmələri tərəfindən 19 yanvar 1990-cı ildə Şərur rayonunun Kərki kəndi işğal edildikdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələni müzakirə edərək, Qars müqaviləsinin şərtləri pozulduğu üçün Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması haqqında qəbul etdiyi qərar Sovetlər İttifaqında və beynəlxalq aləmdə erməni təcavüzkarlarına və onların tərəfdarlarına verilmiş ən kəskin cavab kimi səslənmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Ozalın və Baş nazir Süleyman Dəmirəlin dəvəti ilə Ankarada rəsmi səfər çərçivəsində 24 mart 1992-ci il tarixdə “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq Protokolu”nu imzalayarkən bir daha beynəlxalq statusa malik olan və müddətsiz bağlanmış Qars müqaviləsini yenidən siyasi mühitin gündəliyinə gətirməklə beynəlxalq ictimaiyyətə və qarşı tərəfə zəruri mesajlarını çatdırmışdır.

Qeyd edilənlər göstərir ki, Naxçıvanın muxtariyyat statusu eksklav ərazi prinsipinə (ölkənin əsas ərazisindən ayrı düşmə prinsipinə - İ.H.) istinad edilməklə əldə edilsə də, həm də mühüm siyasi xarakter daşıyır. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılması və fəaliyyəti Azərbaycanın Türkiyə, Rusiya və Gürcüstanla əlaqələrinin formalaşdırılması və inkişafında, ərazi bütövlüyünün qorunmasında, regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Moskva və Qars müqavilələri ilə Naxçıvan Muxtar Respublikasının ərazilərinin müəyyən edilməsi burada ərazi mübahisələrinə son qoymuş, tərəflərə öz sərhədlərini konkretləşdirmək imkanı yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin aşağıdakı fikirləri Naxçıvanın muxtariyyat statusunun əhəmiyyətini çox dolğun şəkildə ifadə edir: “Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.”

Bütün bunlara görə, hazırda Azərbaycanda dövlət müstəqilliyimizin inkişaf edib daha da möhkəmləndiyi bir şəraitdə müəyyən şəxslər tərəfindən beynəlxalq statusa malik olan Qars müqaviləsinin müddəalarını və Naxçıvan Muxtar Respublikasının yaradılmasını şübhə altına almaq, bu müqaviləyə və onun əsasında yaradılmış muxtar quruma keçici bir razılaşma qismində yanaşmaq siyasi cəhətdən də, elmi baxımdan da qətiyyən obyektiv reallığı əks etdirmir. Müstəqilliyimizin başlanğıc illərində AXCP-Müsavat cütlüyünün Naxçıvanın muxtariyyat statusunun ləğv edilməsi haqqındakı bəyanatları siyasi savadsızlıqdan başqa, həm də Naxçıvanda ulu öndər Heydər Əliyevin çətin şəraitdəki məqsədyönlü siyasəti sayəsində yaradılmış sabitliyə və inkişafa qarşı paxıllıq, qısqanclıq meyillərinin ifadəsi idi. Ermənistan tərəfinin vaxtaşırı Qars müqaviləsinin ləğv edilməsi haqqında səsləndirdiyi bəyanatların kökündə isə Naxçıvana qarşı əsassız ərazi iddiaları dayanır. İstənilən halda, xüsusən də Ermənistanla müharibə apardığımız indiki çətin şəraitdə özümüzdə Naxçıvanın muxtariyyat statusuna şübhə ilə yanaşmaq, onun əhəmiyyətini azaltmağa, beynəlxalq müqavilələrin müddəalarını başqa səmtə yönəltməyə cəhd göstərmək anlaşılmaz və qəbuledilməzdir.

Kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi haqqında səsləndirilən fikirlər də gerçəklikdən uzaqdır. Çünki hər kəsə yaxşı məlum olduğu kimi, muxtar respublikada ali vəzifəli şəxsin hansı qurumun rəhbərinin yerinə yetirməsi ayrı-ayrı şəxslərin arzusu ilə deyil, Konstitusiya ilə müəyyənləşdirilir. Məsələn, Acarıstan Muxtar Respublikasında bu hüquq Konstitusiya ilə hökumətin başçısına şamil edilmişdir. Ayrı-ayrı ölkələrdə fərqli təyinatlar, seçkilər nəzərdə tutulur. Statusu həmin vəzifəni daşıyan şəxs yox, ölkənin və ya muxtar respublikanın referendum yolu ilə qəbul edilmiş Konstitusiyası, yaxud da ona bərabər tutulan hüquqi sənədlər, məsələn, ölkə qurultaylarının qərarları və sair müəyyən edir. Naxçıvan Muxtar Respublikasında da ali vəzifəli şəxsin Naxçıvan MR Ali Məclisinin sədri olması Azərbaycan Respublikası Konstitusiyasının 136-cı maddəsi ilə müəyyənləşdirilmişdir. Ölkəmizin Əsas Qanununda həmçinin Naxçıvan MR Ali Məclisinin tərkibi, müəyyən etdiyi ümumi qaydalar və həll etdiyi məsələlər də 137, 138 və 139-cu maddələrdə ifadə olunmuşdur. Naxçıvan Muxtar Respublikası da öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin siyasəti və Konstitusiyanın yartadığı təməllər üzərində qurmaqla, yolunu uğurla davam etdirməkdədir.

Məlumat üçün deyək ki, Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Respublikasına fərqli qurumlar rəhbərlik etmişlər. Belə ki, Naxçıvan Muxtar Respublikasının yaradılması haqqındakı tarixi qərar Naxçıvan Diyar Komitəsinin 27 fevral 1923-cü il tarixdə çağırılmış üçüncü qurultayında qəbul olunmuşdur. Naxçıvan Muxtar Respublikasının fəaliyyətə başladığı 1924-cü ildə isə muxtar respublikaya Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri rəhbərlik etmişdir. Təxminən XX əsrin otuzuncu illərindən etibarən Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi olmuşdur. SSRİ-də 1990-cı ildə prezidentlik institutu tətbiq edildikdən sonra kommunist partiyası arxa plana keçdiyi üçün muxtar respublikada da hakimiyyət seçki yolu ilə formalaşan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti tərəfindən idarə edilmişdir. Məlum olduğu kimi, on ikinci çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 17 noyabr 1991-ci il tarixli iclasında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçən rəsmi yığıncaqda ulu öndərin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin dağılmasından on bir ay qabaq muxtar respublikanın adındakı “Sovet Sosialist” sözləri çıxarılmış, “Ali Sovet” sözləri isə “Ali Məclis” sözləri ilə əvəz edilmişdir. Xalq deputatı Heydər Əliyevin təklifi əsasında Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi haqqındakı tarixi qərar da ölkəmizin istiqlalına muxtar respublika statusunun yaratdığı imkanlar zəminində bəxş edilmiş mühüm nailiyyətdir.

Ona görə də Naxçıvan Muxtar Respublikasına hansı dövlət qurumunun rəhbərlik etməsi konstitusiya ilə tənzimlənir. Burada hər hansı bir ölkənin tətbiq etdiyi modeli olduğu kimi təkrarlamaq və ya başqa format seçmək ölkənin daxili işidir. Belə məsələlər haqqında hər hansı bir şəxsin, xüsusən də siyasətçinin öz variantına dair qənaətlərində israrlı olması heç cür məntiqli deyildir.

Naxçıvan Muxtar Respublikasının hazırkı mərhələdəki sosial-iqtisadi və mədəni inkişaf səviyyəsi haqqında isə təkcə onu qeyd etməyi lazım bilirəm ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, özünü enerji və ərzaqla təmin edən bu diyar 2017-ci və 2018-ci illərdə rəqabətədavamlı inkişaf göstəricilərinə görə iki dəfə ölkə üzrə birinci yeri qazanmışdır.

Türkdilli Ölkələrin Dövlət Başçıları Sammitinin 2009-cu uldə Naxçıvanda keçirilməsi, Naxçıvan şəhərində İslam Ölkələrinin Mədəniyyət paytaxtı tədbirlərinin 2018-ci ildə yüksək beynəlxalq səviyyədə təşkil edilməsi hadisələri muxtar respublikadakı hərtərəfli inkişafı əyani surətdə təsvir etməyə imkan yaradır. Naxçıvan Muxtar Respublikasındakı müasir tipli kənd mərkəzləri kompleksləri, çoxsaylı məktəblər, geniş miqyaslı sosial obyektlər və açılan çoxsaylı daimi iş yerləri buradakı yeni həyat ritmlərini diqqət mərkəzinə çəkir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaratdığı Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində böyük əraziləri işğaldan azad etməsi və mühüm strateji əhəmiyyətə malik mövqeləri ələ keçirməsi böyük iftixar hissi yaşamağa əsas verən tarixi hadisədir.

Naxçıvanın inkişaf etmiş universitetlər və Akademiya şəhərinə çevrilməsi, Naxçıvan teatrının davamlı sənət ənənələri diyarda ümumi mədəni səviyyənin və milli ziyalılığın inkişafını təmin edir.


Bütün bunlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə
ölkə miqyasında qazanılmış böyük nailiyyətlərin mühüm göstəricilərindəndir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yorulmaz fəaliyyəti,
yüksək cavabdehlik hissi, müstəqil dövlətçilik ideallarına dərin sədaqəti də bu diyarın bütün istiqamətlər üzrə
yenidən qurulmasına və yeni tarixi mərhələnin yaradılmasına uğurla xidmət edir.
Bu gün müstəqil Azərbaycan dövləti, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikası və bütün regionlarımız sözün həqiqi mənasında özünün
yeni intibah dövrünü yaşayır. Düşünülmüş proqramların uğurla həyata keçirilməsi hesabına
qazanılmış bu böyük nailiyyətləri və ölkəmizdəki möhkəm ictimai-siyasi sabitliyi qoruyub saxlamaq,
daha da inkişaf etdirmək üçün möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı ardıcıl və
müdrik siyasəti ürəkdən dəstəkləmək, həmin ali siyasətin uğurla həyata keçirilməsinə
dərin vətəndaşlıq borcu ilə və məsuliyyətlə xidmət etmək hər bir azərbaycanlının borcudur.


İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: